Sözün Məhərrəmi
- Sazın Orxan Paşası...
Alim iki gözüynən gördüyündən
danışır.
Şair
üçüncü göznən
gördüyündən!
Azərbaycan Aşıqlar Birliyinin
sədri, Dövlət
mükafatı laureatı,
professor Məhrrəm Qasımlı - şair Orxan Paşa belə alim-şairdir.
Övliyalar övliyası Fəridəddin
Əttar deyirdi ki, Əslim, həqiqətim könüldən
ibarətdir. İki aləm nədir?
Bir dəniz, adı da könül. Yüz aləm olsa, yüzü də könüldə gizlənir!
Alim də aləm sözündəndir.
Elə ona görə də həmişə alimlərin
də yeri könüldür.
Elə ona görə bu alimin də (şairin də) həmişə yeri könüldür.
Neçə vaxtdır ki, TRT-1 ekranında hər həftənin cümə
günü maraqlı
bir film göstərilir
- Paytaxt Abdulhamid. Filmdə
belə bir kadr var: Uzun
iş günündən
sonra Bidar Sultan öz ərini - Osmanlı hökmdarı Abdulhamidi gecə saatlarından birində saraydakı emalatxanasında
tapır. Soruşur:
Hünkarım, hələ iş
başındasınızmı?
Əvət! Lakin bu dəfə könlümdən
ötəri!
Bunu deyən
hökmdar maraqlı bir antikvar düzəldəcəyi
ağac parçasını
yonmaqda davam edir.
Dostum Məhərrəm
Qasımlı - Orxan Paşanın gördüyü
bütün işlər
də mühüm əhəmiyyətlidir, könüldən
ötəridir. O da könül işi ilə məşğuldur.
Elmdə də, obasında, elində də, tutduğu yolunda da.
Alim Məhərrəmin də,
şair Orxan Paşanın da bircə məqsədi-məramı
var:
Könüllərdə təsvir,
Günəş batmaz devir...
O gəlsin! (N.F.Qısakürək)
O könül sahiblərinə
keçmiş zamanlarda
könül sultanları
deyirdilər.
Elə dövrdə
yaşayırıq ki,
hər şeyin bəni-adəmlər getdikcə
axırına çıxmaqdadırlar.
Axırımız xeyir olsun!
Bu yaxınlarda yuxumda
Aşıq Ədaləti
gördüm. Dedim ki, burda (yəni
yerdə) nağayrırsan?
Dedi: - Necə ki?!
Dedim: - Sən hələ Ora (yəni göylərə) getməmisən?
Dedi: - Gedə bilirəm ki?!
Dedim: - Niyə?
Dedi: - Oraları da korlayıblar! (yəni
bu bəni-adəmlər)
Bu, adi yuxu deyil. Bir mesajdır, icmarıcdır.
Belə yuxuları başqa yuxulardan ayırmalıyıq.
Ayılmalıyıq!
Alimlər haqda bir hədis var. Onu belə təqdim edirlər: Bir saatlıq elm altmış
saatlıq ibadətdən
üstündür. Hər şeyi
korlayanlar bu hədisin də əsl mənasını zədələyiblər. Elm
və ibadət sahiblərini xeyli çaş-baş sala biliblər. Çoxu elmmi üstündür,
dinmi? - dilemması
ilə üz-üzə
qalıb. Halbuki o hədisin əsli belədir: Bir saatlıq elm Qiyamətdə yüz
illik ibadətə bərabər tutulacaq.
Bax, bu başqa məsələ!
Bax, elə
Məhərrəm Qasımlı
- Orxan Paşa da alim kimi,
şair kimi əsl həqiqətlərin
üzə çıxması
üçün mücadilədədirlər. Könül
davasındadırlar!
Mən könül
adamlarını sevirəm. (Yox, açığı mən onlardan ötrü ölürəm.)
Mən tək adamları, təklənən
adamları sevirəm. Çünki onlar Dərvişmisaldırlar.
(Yox, elə
Dərvişdirlər!)
Könül olan təklənir.
Könlü olan təklənər və təklənə bilir. (Buna keçmişdə
inzivaya çəkilmə
deyirdilər.)
Könül adamının, könülün
təklənməyi dünənin,
srağagünün söhbəti
deyil.
Mən Məhərrəm
Qasımlının şair
Orxan Paşanın qulağına nə pıçıldadığını yaxşı bilirəm. Görürəm
ki, nə deyirsə, düz deyir:
Elə bil yüz ildən
qalıb,
Könül təklənə-təklənə!
Məhərrəm Qasımlı Sözün
sazını çalır.
Orxan Paşa Sazın sözünü deyir...
Orxan Paşaya
görə Sazın səsi haqq səsidir.
Məhərrəm Qasımlıya görə
Sözün səsi də!
Və hər iki səs:
Mərd
gözündə mehir
bağlar,
Dərd görəndə niyaz saxlar.
Koroğlunu oyaq saxlar,
Ər səsi,
qoçaq səsidir.
O çırağım, həm
də butam,
Ətəyindən gərək tutam.
Dərgaha bağlıdı müdam,
Ölümsüzdü - sağ
səsidir.
Bu, saz haqda şeir olsa da, həm də
şair Orxan Paşanın öz səsidir.
Durnalardan
nəmər gəlsə,
Bəsindi bir lələk,
sazım!
Aşığın nəməri pul, muştuluğa tələsən
çaparınkı yaylıq,
sazınkı durna lələyi imiş.
Saz ötə-ötə (oxuya-oxuya)
Durna lələyi yığırmış, sən
demə! Qanadlanıb uçmaq üçün!
Bizi də qanadlandırıb uçurmaq
üçün! Aşıq
Veysəl düz deyirmiş: Durnadanmı aldın səsini, sazım?!
Və mən hesab edirəm ki, sazın səsi doğrudan da durna səsidir. Başının
üstdən qaqqıldayıb
durna keçməyən
Tut ağacından saz
çıxacağına da
inanmıram!
İnanıram ki, göydən
durna səsi gəldikcə, yerdən saz səsi kəsilməyəcək!
lll
Məhərrəm Qasımlının elmində,
Orxan Paşanın könlündə sazla söz qol-boyundurlar. Bu iki adam bir
adamdır. Bu bir adam iki...
üç... beş...
on adamdı bəlkə?!
Və iki (bir!) adamın özündən də, sözündən də övliyalıq yağır. Üzündən alimlik, şairlik, aşıqlıq (aşiqlik!)
tökülür. Hamıya,
hər şeyə, yerə-göyə çox
yaxındırlar, çox!
Sevdiyi ilə, sevdikləri ilə hər an, hər gün bir yerdədirlər, baş-başadırlar.
Mən Orxan Paşayam, çox yaxındayam,
Yanıram oduna, bax, yaxındayam.
Getdiyin yolların ayağındayam,
Gəldiyin yolların başında,
hər gün!
Bu, Qurbanininmi şeiridir?
Yox!
Abbasındır?
Yox!
Xəstə Qasımındır?
Yox!
Vaqifə məxsusdur?
Yox!
Aşıq Ələsgərindir?
Yox, yenə də yox!
Məhərrəm Qasımlının qımışığından
soruşsana!
Orxan Paşanındır!
Bax, sənət
budur, nəsildən nəsilə keçən
tel budur. Ruhani,
Dilqəmi, Sarıtel
budur.
Və bu havalar təkcə saz havalarının adı deyil. Məndə, səndə, onda qırılmayan, yaşayan,
ölməyən teldir.
Əslində, xalq ruhunun telidir. El arasında
Telli Quran deyilən müqəddəs bir alətin - əmanətin telidir!
lll
C.Rumi əvvəllər
alim idi. Şəms Təbrizi
ilə rastlaşandan sonra şair oldu. Daha sonra aşiqlik
zirvəsinə qalxdı.
M.Qasımlı da alimdir. O.Paşayla baş-başa
verəndən şair
olduğunu da unutmadı. (Unutdurmadı.)
Üzü aşiqliyə doğru yol başladı.
lll
Abbas Tufarqanlı deyirdi: Sözüm dərəcəyə
çatdı.
Bu gün deyə bilərik: Sazımız da dərəcəyə çatıb!
Azərbaycan sazı daha bir intibah dövrünü
yaşamağa şanslıdır. Əlbəttə ki, həm dövlət
qayğısı, həm
də Aşıqlar Birliyinin düzgün rəhbərliyi sayəsində.
Bu yolda ən böyük zəhmətə
qatlaşan, öz zəhmətini Saza, Sözə (Elmə, Eşqə!) halal eyləyənlərdən biri
də Məhərrəm
Qasımlı - Orxan Paşadır!
Alim budu, şair budu, aşıq bu,
Dəli
Kürtək, Xan Araztək daşıb bu.
Hamı
elə aşiqliynə
aşiqdi,
Məhərrəm Qasımlı - Orxan
Paşanın!
Millət
sazı elə basıb döşünə,
Gəlir daim elin-günün xoşuna.
Qurban olum, özüm dönüm başına,
Məhərrəm Qasımlı - Orxan
Paşanın!
Söhbət edir, söhbətinə
mehmanıq,
Heyrət edir, heyrətinə heyranıq.
Qeyrət
edir, qeyrətinə qurbanıq,
Məhərrəm Qasımlı - Orxan
Paşanın!
Soyu Dədə Qorqud soyundan gəlir,
Hayı Koroğlunun hayından gəlir.
Suyu Dəli Kürün suyundan gəlir,
Məhərrəm Qasımlı - Orxan
Paşanın!
Həmişə belə xoş sədasın alım,
Cam verim, nuş etsin, badəsin alım!
Alanda qoy özüm qadasın alım,
Məhərrəm Qasımlı - Orxan
Paşanın!
Ruhunu, eşqini saz edənə bax,
Allah, adam saza,
saz adama bax!
Bax, budu ömrünü uzadanı, bax,
Məhərrəm Qasımlı - Orxan
Paşanın!
Bülbüldür, onun da meyli güldədir,
Ruhu, danışığı
eyni dildədir.
Hələ də ürəyi
Leyligildədir,
Məhərrəm Qasımlı - Orxan
Paşanın!
Saz telləri ürəyinin simidi,
Söz elə bil, imanıdı,
dinidi!
Bitə
bilməz, ömrü
dastan ömrüdü,
Məhərrəm Qasımlı - Orxan
Paşanın!
lll
Sazlarıyla, sözləriylə, özləriylə
qol-boyun bu kişilər gəlib çatıblar 60 yaşına.
60 yaşında olan
hansıdır?
Məhərrəm Qasımlımı, Orxan
Paşamı?
60-ı iki yerə
bölək bəlkə?
Hərəsinə nə düşür?
30 yaş.
Elə beləcə də vardırlar!
30 yaşındadı hər ikisi.
Hələ də gənc!
Hələ də güclü!
Sözün Məhərrəmi, sözün
köhnə kişisi
- Azərbaycanın böyük
ziyalılarındandır.
Sazın Orxan Paşası nəfəsi tərtəzə, cavan, gözəl şairlərimizdəndir...
Bir-birilərini çox yaxşı başa düşürlər, tamamlayırlar.
Bir-birilərini heç vaxt qısqanmırlar. Bir yerdə sevinirlər,
qubarlanırlar.
Bir-biriləriylə öyünürlər, quvarlanırlar.
Nəyə görə köhnə olduqları qədər də təzə-tər, ahıl olduqları qədər də cavandırlar?
Çünki hələ də
könülləri özlərindən
irəlidədir!
Haydı,
gənclər, Sizi görüm Dədə Qorqud demişkən,
üç otuz, on yaşayasınız!
Barat VÜSAL
525-ci qəzet.-2018.- 21 iyul.- S.18.