Məhmət Nuri bəy
Türkiyə
Elm və Ədəbiyyat Əsəri sahibləri Məslək
Birliyinin - İLESAM təşkilatının rəhbəri,
şair Məhmət Nuri Barmaqsızı bir neçə
ildir, tanıyıram.
Daha
doğrusu, onunla tanışlığımızın
unudulmaz bir tarixçəsi var mənim üçün. 2013-cü
ildə yazıçı və tərcüməçi, Azərbaycan
ədəbiyyatının dostu İmdat Avşar hekayələr
kitabımı Türkiyə türkcəsinə
çevirmiş, kitabı çap üçün
Akçağ nəşriyyatına təqdim etdiyini
demişdi. Bu, Türkiyədə işıq üzü
görəcək ilk kitabım olmalı idi və şübhəsiz,
xeyli həyəcanla gözləyirdim. Kitabın çapı
yubandıqca həyəcan bir az da artırdı, amma həm də
ümidsizlənirdim. Amma elə o zaman Məhmət Nuri
Barmaqsızın sözündə bütöv adam olduğunu
müşahidə etdim, kitab dediyi vaxtda işıq üzü
gördü və Əskişəhərdə keçirilən
Kitab Fuarına göndərildi. Azərbaycanın nüfuzlu qələm
sahibləri - Xalq yazıçısı Anar, Aqil Abbas,
İradə Tuncay və Rəşad Məcidlə bərabər
mənim də imza günümün keçirildiyi o
günü heç unutmuram. Və elə yazımın bu
yerində Məhmət Nuri Barmaqsıza minnətdarlığımı
bildirirəm.
Daha
sonralar Azərbaycanla ədəbi əlaqələrini
genişləndirən, ölkəmizdə İLESAM-ın nümayəndəliyini yaradan Məhmət
Nuri bəy ümumtürk ədəbiyyatı
üçün xeyli faydalı işlər gördü.
İLESAM-la Azərbaycan Yazıçılar Birliyinin
müqaviləsinə əsasən, hər il Türkiyədə
Azərbaycan yazıçılarının kitabları tərcümə
olunub yayımlanır. Həmçinin, Bakıda da Türk
yazıçılarının kitabları tərcümə
edilərək çap olunur, həm Ankarada, həm də
Bakıda imza günləri keçirilir. Eyni zamanda,
“Mahnıdan şarkıya” musiqi layihəsi, “Şairlər
günü” adı altında Azərbaycanın müxtəlif
rayonlarında və paytaxtda keçirilən şeir
bayramları İLESAM və Azərbaycan Yazıçılar
Birliyinin birgə uğurlu işlərindəndir. Bütün
bu birgə işlərin ədəbi əlaqələrin
genişləndirilməsi, şeirin, poeziyanın təbliğatı
baxımından faydası haqqında çox danışmaq,
yazmaq olar. Ancaq bu tətildə Məhmət Nuri bəyin
kitablarını oxuduqca əsas sirrini anladım və
haqqında yazdığım məqalədə məhz bu barədə
fikirlərimi bölüşmək istərdim.
2016-cı
ildə Ankarada Türk Tarix Qurumu salonunda İLESAM-ın təşəbbüsü
ilə Xalq yazıçısı Anarın “Yaşamaq
haqqı” və mənim “Sevdim səni” kitablarımızın
təqdimat mərasimi keçirildi. O günlərdə tədbirdən
tədbirə qaçhaqaçda yaşadığını,
tıxaclardan qurtulmaq üçün sürücüyə “filan yoldan sür, ordan getmə,
tıxacdı” - dediyini görəndə Məhmət Nuri bəydən
“bu qədər işi necə çatdırırsız?” -
deyə soruşmuşdum. “Dəqiqələrlə mübarizə
aparırıq” - demişdi. Bu dəqiqələrlə
mübarizənin uğurlu nəticələri də var, amma
bütün işlərin arxasında böyük sevgi
dururmuş. Məhz hər işə sevgiylə, şövqlə
yanaşdığı üçün
çatdırırmış işləri. Bunu şeir
kitablarından, “Süveydaya məktublar” silsiləsindən,
“Bencileyin sözlər” esselərindən də anlamaq olar.
Məhmət
Nuri Barmaqsızın soyadı həmişə, hər yerdə
müzakirələrə, özünün də
qoşulduğu zarafatlara səbəb olur. Bu yaxınlarda
Şabranda keçirilən Xaqani Poeziya günlərində tədbirə
qatılan oxuculardan biri qonağın əllərinə diqqətlə
baxıb “Axı ona barmaqsız niyə deyirsiz, barmaqları
yerindədi ki” - deyə təəccüblənirdi. Bunu
eşidəndə xeyli gülən Məhmət bəy bu
mövzuda söhbətlərə bir cavab verdiyini dedi:
“Barmaqsız ola bilərəm, amma ürəksiz deyiləm”. Nədənsə
“Süveydaya məktubları” oxuyanda bu sözlər tez-tez
yadıma düşürdü. Axı doğrudan da
bütün faciələr məhz burdan başlayır -
ürəksiz olmaqdan... Ürək isə sadəcə, eşq
yaşamaq, yaxud sevgi şeirləri, eşq məktubları
yazmaqdan ötrü deyil, həyatın hər anında, hər
addımda həlledicidi, əsasdı.
Amma yenə
də ürəyin əsas “işinə”, sevgiyə yönəltmək
istəyirəm diqqəti... Çünki Məhmət Nuri
Barmaqsız şeiriyyatını ayrı yöndən yozmaq yanlış
olar. Çağdaş oxucunu yazılanların
arxasındakı real insan, daha dəqiq desək, qadın
maraqlandırır. Kimə yazılıb bu şeirlər, məktubların
ünvanı kimdir? Məhmət Nuri Barmaqsızın şeirlərini,
məktublarını oxuyanda bu suallar içində
itib-batır oxucu. Hətta məktəblilərlə
görüşlərdən birində şair
oxucularını razı salmaq üçün özündən
sevgi tarixçəsi də uydurubmuş, guya Süveyda məktəbdə
sevdiyi, amma sevgisini etiraf edə bilmədiyi bir qız imiş.
Bütün bu “yer işlərini” kənara qoysaq, Süveyda
eşqin özüdür. Silsiləyə ön söz yazan
professor Nurulla Çetin bunu belə izah edir: “Süveyda
adının mənasında olduqca mühüm bir simvol gizlənir.
Süveyda ürəyin mərkəzində qara bir nöqtə
deməkdir. Qəlbdəki gizli bir günahı ifadə edir. Həmçinin,
qəlbdəki bəsirət və müdriklik yeri deməkdir.
Bu nöqtə möminlər üçün də bəsirət
və idrak yeri hesab olunur. Sonsuzluğu, mübhəmliyi,
qapalılığı ifadə edir”.
Professor
Nurulla Çətinin izahından bu nəticəyə gəlmək
olar ki, sevgi Məhmət Nuri bəy üçün real və
əllə toxuna biləcək bir nəsnə deyil, uzaqdır,
əlçatmazdır və elə bununla da sirlidir. Həm
ürəyinin içindəki gizli bir nöqtədir, amma həm
də min-min kilometrlərlə məsafədə olan əlçatmaz
varlıq. Xəyali bir qadına - Süveydaya 33 məktubdan
ibarət olan kitab epistolyar bir əsər kimi yox, bütöv
süjet xətti olan roman kimi oxunur. Çünki burda zahiri
bir süjet olmasa da, hisslərin dramaturgiyası var. Şair
sevgidən daha öncə doğulan sehrdən başlayır,
eşqin yaxında olduğunu, yaxud tezliklə bu sağalmaz bəlaya
tutulacağını fəhm edir, “Nizamımı pozan və
gözəlliyi qarşısında məni titrədən
gözəl, səndən qorxmuram” - deyir ilk məktubunda.
İlk oxuyanda qəribə gəlir insana, axı burda qorxulu nə
var? Sonrakı məktublarda açılır ki, qorxulu olan elə
sevginin özü imiş. Axı doğrudan da sevgi ucuz bulvar
romanlarının, yaxud xoşbəxt sonluqlu melodramların
göstərdiyi “gülərüz” bir iş deyil. Sevgi Məcnun
əzabı, yaxud Leylinin
çıxılmazlığıdır. Sevgi bütün fəsillərdə
hüzündür. Yayı uzaq məsafələrə,
payızı kədər gətirən
yağışlarına, qışı iliyə işləyən
soyuğuna görə lənətləməkdir. Amma həm də
bütün bu fəsillərdə baharı yaşamaq
bacarığıdır. Məhmət Nuri Barmaqsız sevginin
gətirdiyi gücü də, rahatlığı da, həmişə,
hər yerdə narahatlığı da məktubdan məktuba
daha dərinlərə nüfuz edərək dilə gətirir.
Həm də bütün bunları sevgi və eşq
haqqında ən gözəl şeirləri yazmış Nəcib
Fazilin, Yunis İmrənin, Mövlanənin, Füzulinin
misralarına əsaslanaraq izah edir.
Süveyda
nə qədər İlahi, gözəgörünməz
varlıq olsa da, Günəş kimi, Ay kimi, ulduzlar kimi əlçatmaz
olsa da, şairin sirri, həm də real bir Qadına sevgisi bəzi
məktublardan sezilir. Şair rəqiblərindən - əğyardan
danışdığı yerdə reallıq duyulur. Səni ətrafındakı
bütün adamlardan, bütün heyranlarından daha çox
sevirəm - deyir. Məhz duyğuların bu mərtəbəsindən
həm klassika, həm də müasirlik duyulur. Elə
bütün klassik şeiriyyat da əğyarla mübarizəyə
həsr olunmayıbmı? Yaxud elə çağdaş,
texnika əsrində də, sosial şəbəkələr zəmanəsində
də bunlar aktual deyilmi? Bu mənada “Süveydaya məktublar”
sevginin bütün zamanlar və zəmanələr
üçün dəyişilməz halını ifadə
edir. Həm də bu məktublarda deyildiyi kimi, böyük
eşqin, İlahi eşqin bir insanın varlığı ilə
dərki məsələsi son dərəcə
mühümdür.
Sevginin nəticəsi
olmaz... Yaxud sevgi yalnız sənətə, ədəbiyyata
çevrilincə əbədiləşər.
Görünür, Məhmət Nuri bəyin də bütün
bu duyğuları epistolyar silsiləyə çevirməsinin
səbəbi budur. Elə “Kelebek ömrü” adlı şeirlər
kitabının da arxasında məhz bu ideya dayanır. Real
insan hisslərinin, bəlkə əslində gündəlik
yaşananların, smslərlə yazılanların İlahi
eşq səviyyəsində təqdimatı...
Ötən il Rəşid Behbudov adına Mahnı Teatrında Məhməd Nuri bəyin yaradıcılıq gecəsi keçirildi. Elə həmin gecəyə də şair “Kəpənək ömrü” adını vermişdi. Artıq təkcə Türkiyədə yox, Azərbaycanda da məşhur olan şeir şairin proqram əsəridir əslində:
Hakkın
bizi halk ettiği toprak
ne de
paktır
Herhalde bu
yüzden ki
mezar
taşları aktır
Heyhat!
Kara sevda denilen
yol ne de
dardır
Aşk
bitti mi dünya
kelebek
ömrü kadardır.
Elə həmin
gecə boyu da anladığımız o olmuşdu ki, bu
gözəl misraların müəllifi yer üzündə
sevgidən, eşqdən başqa heç nədə məna
görmür. Sevgisiz dünyanı bir kəpənəyin
ömrü qədər fani, qısa sayır. Və bu da məlum
olur ki, Məhməd Nuri Barmaqsız təkcə dəqiqələrlə
yox, həm də hissləri, duyğuları ilə
çarpışır, onlarla mübarizə aparır. Elə
şeirləri də, “Süveydaya məktubları” da bitib-tükənməyən
mübarizənin nəticəsidir. Amma yaradıcılıq
ondan ötrü sadəcə “eşq etirafı” deyil, son dərəcə
ciddi bir işdir. Əruzun qəliz bəhrlərində
yazması, həmçinin, orijinal qafiyələri buna bariz
nümunədir.
Son illərdə
Bakını da Ankarayla bərabər daimi iş yerinə
çevirən, həm Türkiyədə, həm də Azərbaycanda
böyük layihələrə imza atan Məhmət Nuri
Barmaqsızın görəcəyi çox iş,
yazacağı çox şeir var hələ. “Süveydaya məktublar”,
“Kelebek ömrü”nün müəllifinin sevgisi hələ
uzun illər bu işlərə yetəcək şübhəsiz.
PƏRVİN
525-ci qəzet.-2018.- 21
iyul.- S.15.