“Qiyamçı” rəqsi
Son günlər təkrar oxuduğum hekayələrdən
biri də yaradıcılığı ilə
indi-indi tanış
olmağa imkan tapdığım sevilən
yazıçımız Əlabbas
müəllimin “Gözəl”idir.
Hər iki oxuda hekayə mənə çox duyğulu anlar yaşatdı. Əsasən “Köhnə kişi” povesti ilə şöhrət qazanmasına
baxmayaraq, hiss etdiyim qədəri ilə, “Gözəl” ideya və mahiyyətinə görə ondan əsla geri deyil, əksinə, bir sıra cəhətləri
ilə “Köhnə kişi”ni üstələyir.
Müəllif hekayədə böyük
uzaqgörənliklə, bilərəkdən
düşmənin kim olduğunu dilə gətirmir. Bu isə əsərin
dünyaca məşhur
hekayələr sırasında
özünə layiqli
yer tapması üçün geniş üfüqlər açır.
Məsələn, İkinci
Dünya müharibəsi
zamanı alman faşistlərinin işgəncə
və təcavüzünə
məruz qalan rus, polyak, ukrayn,
belarus və digər millətlərin,
müasir dövrdə
isə İŞID terrorçularının
əsirliyində inləyən,
dinindən, dilindən,
milli mənsubiyyətindən
asılı olmadan hər hansı bəşər övladının
taleyinə biganə qalmağı bacarmayan bir kimsənin Gözəlin də (həm hekayə, həm də obraz kiimi) timsalında
insanlığa qarşı
cinayəti lənətləyəcəyi
şübhəsizdir...
Hekayədə ilk növbədə az qala mental dəyərlərimizə qədər
gedib çıxan naqis və qüsurlu
hallar, Azərbaycan qadınının qüruru
və yenilməzliyi, kütlə təfəkkürü
ilə yoğrulmuş
digər çürük
xüsusiyyətlər, o cümlədən,
hələ uşaqlıq
illərindən iliyimizə,
qanımıza işləyən
haqq-ədalət duyğusu,
eyni zamanda, onu boğan, tapdalayan acı həqiqətlər, böyük-kiçik
münasibətləri olduqca
incə şəkildə
təsvir olunub. Yığcam bir hekayədə bir neçə həssas məqamı əlaqəli
şəkildə tərənnüm
etmək müəllifin
ustalıq səviyyəsini ortaya
qoyub.
”... Atamla anam sanki gün-gündən
bu adama qarşı daha qəddar olurdular”. Əslində, müəllif bu
qəddarlığın səbəbinin
amansız əsirlik olduğunu təsvir edir, amma ad çəkmədən.
Hansı
nişanını qaytarmış
qız, boşanmış
gəlin haqqında eldə şayiələr
yayılmır, söz-söhbət
danışılmır? Qalsın ki, erməni əsirliyindən qayıtmış
biri olasan.
“Uşaqsan, get uşaq
qələtini elə...”
ifadəsi ailə və məktəbdəki
yararsız tərbiyə
metodlarının birbaşa
inikasıdır. Kim əsaslandıra bilər ki, Azərbaycanın sosial həyatında bu, bir gerçək deyil? Bu cür
tərbiyə metodu gənc nəslin normal formalaşmasına hansı
təsiri göstərir?
Yazıçının bu hekayədəki
növbəti uğuru
da bax elə
bu ifadə ilə əldə olunub.
Gözəl müdrik bir qadın obrazıdır. O, taleyinə
yazılan ailə faciəsinin bütün ağırlıqlarına mətanətlə
sinə gərdiyi halda, tənələri, dedi-qoduları, şayiələri
həzm etməyi bacarmır. Yenilməz qüruru onu
sınmağa qoymur.
O, bütün bu haqsızlıqlara, cahil münasibətlərə, nadan
psixologiyasına qarşı
öz yenilməzliyi ilə üsyan qaldırır. Əsir düşmək onun günahı
deyil axı. Bir qadın kimi Gözəl Vətənin
bir parçasıdır.
Vətəni qorumaq isə
kişilərin işidir.
Əsir düşüb həyatı
puç olan qadına kin-küdurət
bəsləmək, hikkə
göstərmək çıxış
yolu deyil. Müəllif böyük ədəbi
ustalıqla bütün
bu gerçəklikləri
təbii mənzərələrlə
bir-birinə toxumağı
bacarıb.
Axır nəhayətdə intihar yolunun seçilməsi də tam şəkildə
əsərin məzmunu
ilə uzlaşdırılmışdır. Yeri gəlmişkən,
rəyimə qulp qoymaq fikrində olanlara bəri başdan demək istəyirəm ki, heç bir halda intihar tərəfdarı
deyiləm və təbii ki, onun təbliğini də qəbul etmirəm. Niyyətim bu təlatümlü
dünyada insanlarımıza,
oxuculara nikbinlik təlqin etməkdir.
Əlabbas müəllim Gözəli
məhz ona görə bu yolun sonuna gətirmişdir
ki, onun qələminin məharəti
Gözəl üçün
başqa bir yol saxlamamışdır.
Hər hərəkəti başqaxıncına
çevrilən, hər
addımı dedi-qodu yaradan bu günahsız
qadını bir zamanlar könül mülkünün sultanı
olan insan belə qəbul etmir. Belə olan halda Gözəl başqa hansı yolu seçə bilərdi ki? Gözəl müdrikdir ona görə ki, “getmək” barədə qəti qərar verdiyi ən gərgin psixoloji anda da təmkinini
pozmur, qardaşının
ciyər-parası ilə
son qərarını vermiş
insan kimi davranır, hətta vəsiyyətini
də ona etməyə özündə
qüvvə tapır...
“Vaxtım az olduğu üçün qısa yaza bilmədim” ifadəsi burda da özünü göstərir. Hekayə bədii ədəbiyyatın ən çevik informasiya formasıdır. Onu mükəmməl yazmaq istedadı Allah kəramətidir və hər yazıçıya nəsib olan deyil. Nəhayət, müəllif, belə demək mümkünsə, öz oxucusu ilə də olduqca səxavətli davranıb. Zənnimcə, hekayənin yazıldığı 1992-ci ili, ümumiyyətlə, o ağrılı-acılı illərin ictimai-siyasi qabarmalarını, biri digərindən kəskin fəlakətli cəbhə olaylarını, hakimiyyət uğrundakı bitib-tükənməyən ehtiraslı çarpışmaları göz önünə gətirsək, müəllifin başı qalda olan oxucusunun zamanına qıymamasının, bu qədər əhəmiyyətli və düşündürücü bir mövzunu roman və povest deyil, hekayə janrında təqdim etməsinin nədənləri tamamən üzə çıxar. Yaradıcılıq tamahı şəxsən mənə belə bir mövzunu hekayə yox, heç povest şəkilində yazmağa da imkan verməzdi, ancaq roman haqqında düşünərdim. Zorakılığı və təcavüzü ifşa etmək ən aktual problem kimi bundan sonra da müasir dünyamızın qarşısındakı ciddi məsələlərdən biri olacaqdır. Müəllifin bu həyat gerçəyini nəzərə alaraq məhz elə bu mövzu əsasında sanballı bir roman yazmağa potensialı var və yaxşı olar ki, vaxt itirmədən bunu etsin. Əminəm ki, o, belə bir romanı ortaya çıxara bilər və bu əsər dünya şöhrətli rejissorlar üçün də cəlbedici olar.
Əsərin adı ilə bağlı fikir və mülahizələrimi də bölüşmək istərdim. “Gözəl”. Bu ad ilk baxışdan əsərin oxucuda bir qadının həyatından bəhs olunacağı qənaətini yaradır. Amma ad o qədər uğurla seçilib ki, əvvəlcədən bu əsərin hansı janrda olduğunu heç bir halda düşünə bilmirsən. Bu hekayəni oxuyarkən bir daha əmin oldum ki, müəllifin həmkarlarına, ərki çatan qələm dostlarına istər əsərin, istərsə də obrazların adında diqqətli olmağa etdiyi çağırışlar əbəs deyil. Gözəl adı ilə həm milli, həm də bəşəri faciədə element kimi yeri olan bir insanın taleyini verə bilməyin özü bir tapıntıdır.
... Geniş oxucu auditoriyasına və ədəbi ictimaiyyətə
məlumdur ki, müstəqillik dönəmi
ədəbiyyatımızın ən qiymətli nəsr
nümunələrindən biri də zərif
təsvirləri, kamil xarakterləri və
lirik-psixoloji üslubu
ilə seçilən “Qiyamçı” romanıdır. Mənə elə gəlir ki, müəllif bu romana başqa bir ad da seçə bilərdi. Çünki onun obrazlarının
hamısı elə qiyamçıdır. Götürək
lap elə Şəhrizi,
məgər onun özü də elə bir üsyankar,
qiyamçı deyilmi?
Yeri gəlmişkən, “Gəlin ayaqqabısı”nda elm aləmində
baş verən bəzi nadanlıqlara qarşı qiyamçı
rolunu onun digər bir qadın qəhrəmanı
olan Ülkər oynayır, həm də böyük məharətlə.
Konkret olaraq Gözəl Muraddan məhz ona görə üstündür ki, o, nadanlığı Murad kimi sadəcə olaraq daşlamır, onu dərk etməkdə
kütlə təfəkküründən
bir qarış belə o tərəfi görməyi bacarmayanları
və həyatı qəddar, Allahın belə rəva görmədiyi bir üsulla tərk edir.
Əgər nə vaxtsa Əlabbas müəllimin qəhrəmanlarından ibarət
obrazların rəqsini
ifa edəcək bir ansambl düzəltmək
mümkün olsaydı,
gümanımca, onlar əl-ələ tutub yəqin ki, ancaq “Qiyamçı” rəqsini ifa edərdilər.
Sabir ŞAHTAXTI
siyasi elmlər üzrə fəlsəfə
doktoru, yazıçı-publisist
525-ci qəzet.-2018.- 21 iyul.- S.14.