İvan
Draçın xatirəsinə
Əziz
dostum İvan Draçın ölümündən çox
gec xəbər tutdum, vəfatından azı bir ay sonra
“Literaturnaya qazeta”dan bildim.
Rusiyanın bir əyalət yazarına bütöv səhifə həsr edən qəzet Ukraynanın ən böyük çağdaş
şairinə bir neçə sətir ayırmışdı. Bu xəsis məlumatın içində də şairi məzəmmət
edən cümlələr
vardı. Demə, İvan
Draçın günahı
çətin vaxtda öz vətənindən
üz döndərməməsi,
dövlətinin yanında
olması, xalqının
təəssübünü çəkməsində imiş.
İvan Draç qədim, yaxın və çox etibarlı dostum idi. 1962-ci ildə
Moskvada Ssenari kurslarında tanış
olmuşduq. Bizim nəslə mənsub olsa da, o, müdavimlər
arasında artıq hamıdan çox tanınan qələm sahibi idi. Tək Ukraynada yox, onun hüdudlarından
kənarlarda da adı
məşhur idi. Müdavimlərin siyahısında onun adını görəndə məmnun
oldum. Bir neçə şeiriylə
tanış idim və onlar
marağıma səbəb
olmuşdu. İlk gün kurslara
daxil olan gəncləri bir-bir gözdən keçirərkən
onlardan hansının
İvan Draç olduğunu təyin etməyə çalışırdım.
Bəlkə bu hündür
boylu oğlandı Draç, hamıya elə bil yuxarıdan
aşağı baxır
ki “siz hara,
mən hara”. Ya heç kəsə macal vermədən əl qol ata-ata danışan,
dəblə geyinmiş
cavan? Tənəffüs
zamanı sadə geyimli, orta boylu,
eynəkli bir oğlan mənə yanaşdı: - Siz Anarsız? - dedi,
- dünən “Literaturnaya
qazeta”da yazınızı
oxudum - əlini uzatdı - İvan Draç.
Belə
tanış olduq və elə tanışlığımızın ilk anındaca necə deyərlər, qanımız
bir-birinə qaynadı,
dərhal atalar sözünü xatırladım,
barlı budaq başını aşağı əyər.
Həqiqətən istedadlı adamlar həmişə olmasa da, əksər hallarda təvazökar və sadə olurlar. İvanın simasında bu
həqiqət mənimçün
bir daha təsdiq olundu. Heç bir hərəkətiylə,
davranışıyla, danışığıyla
özünün kimdənsə
üstün olduğunu,
daha çox tanındığını göstərmirdi,
yeri gəldi gəlmədi uğurlarından
söz açmırdı.
Kurslarda
oxuduğumuz illərdə
İvanla çox yaxın dost olduq və bu dostluq
əlaqələrimiz Kurslardan
sonra da kəsilmədi. Dəfələrlə
Moskvada, Bakıda, Kiyevdə görüşürdük,
məktublaşırdıq.
Onun poeziyası da özünə oxşayırdı,
özü kimi sadə və eyni zamanda müdrikdi,
bir az
kədərliydi, bir az nikbindi... İnsan kimi İvan
ən yüksək keyfiyyətlərə malikdi
- cəsurdu, əyilməzdi,
prinsipialdı...
Yəqin elə bütün bunlara görə ən gənc yaşlarından Ukrayna ədəbiyyatının iftixarı
oldu. İlk gənclik çağından
Ukrayna ictimaiyyəti İvan Draçı milli dəyər kimi qəbul etdi. Çox gənc olanda
da daha yaşlılar
ona etinasızlıqla
yanaşmırdılar, tənqidçilər
başına ağıl
qoymağa çalışmırdılar.
Sanki “ağıl yaşda
olmaz başda olar” məsəlini azərbaycanlılar
yox, ukraynalılar yaratmışdılar.
Məhrəm söhbətlərimizdə o mənə
Ukraynanın bəlalarından
danışırdı. “Hamınız rus dilini gözəl bilirsiniz, Ukrayna dilində niyə danışırsız?” kimi
rəsmi təlimatlardan
ürək ağrısıyla
söz açırdı.
Mən də onu bizim
problemlərimizdən, Güney
Azərbaycan nisgilimizdən,
37-ci ilin yaralarından
agah edirdim. Moskvada kirayə qaldığımız evdə
qonaq olurdu, onu Yusif və
Vaqif Səmədoğlularla,
Fikrət Qocayla tanış etmişdim. Kursları bitirdiyimizdən bir
müddət sonra Vaqifin mənim ona verdiyim şeirlərini
Ukrayna dilinə çevirib “Jovten” jurnalında çap etdirdi.
1981-ci ildə atamla
anamı itirəndə
Draçdan çox səmimi və təsirli məktub aldım.
Böyük bir imperiya - SSRİ dağıldı, respublikalarımız müstəqil dövlətlər oldu. Moskvada Kurs illərində İvanla xısın-xısın danışaraq belə bir xoşbəxtliyi əlçatmaz xülya sayırdıq. Şəxsən mən bu məsələdə daha bədbin idim, haçansa Azərbaycanın azad və müstəqil yaşayacağına əmin olsam da, ömür sürdüyüm illərdə, sağlığımda bunu görəcəyimə inanmırdım. İvan bu məsələdə mənə nisbətən daha nikbin idi. Özü öz nikbinliyini onunla izah edirdi ki, mənim ziyalı genlərimdən fərqli olaraq onun möhkəm kəndli kökləri var. Mən bu sözləri zarafata salırdım: elə danışırsan ki - deyirdim, - sanki özün haqqında gələcək monoqrafiyadan sitat gətirirsən - “möhkəm kəndli kökləri” filan... İvan təkrarsız xəfif təbəssümüylə gülümsünürdü.
Arzularımızda yaşatdığımız müstəqillik xalqlarımıza nəsib oldu, amma fərəhlə və qürurla bərabər saysız bəlalara da düçar olduq... Azərbaycan erməni təcavüzüylə rastlaşdı, Qara yanvar müsibətini, Xocalı faciəsini yaşadı. Ukrayna bu sınaqlara bir neçə il sonra məruz qaldı.
Hadisələr hər ikimizi istər-istəməz siyasətə cəlb etdi. Eyni zamanda, ikimiz də SSRİ Xalq deputatları kimi Moskvada qurultaylarda, sessiyalarda görüşürdük, dərdləşirdik.
70 illiyim qeyd olunanda İvanın dəvətsiz filansız uçub Bakıya gəlməsi mənimçün gözlənilməz və çox xoş sürpriz oldu. ÜNS teatrında yubiley gecəsində çıxış edib mənim barəmdə səmimi sözlər dedi.
Bundan sonra da Kiyevdə “Sərhədsiz yazarlar” toplantısında, Düşənbədə Cəlaləddin Ruminin yubileyində görüşdük, 2014-cü ildə İvanı yazıçılarımızın Qurultayına dəvət etdim. Həmişəki kimi prinsipal, cəsarətli çıxış etdi, ölkəsinin ağrılı problemlərindən açıq danışdı. Çıxışı bəzi moskvalı qonaqlarımızın narazılığına səbəb olmuşdusa da, onu təkləməyə qoymadıq, həmişə yanında olduq. Azərbaycana son səfərlərindən birində rəsmi proqramı pozaraq İvanı Qubaya, Qəşrəşə apardım, unudulmaz bir gün yaşadıq.
Nəsildaşlarımın, illah da dostluqlarıyla qürur duyduğum adamların dünyadan getmələri mənə çox ağır təsir edir. Hamısıyla sanki yaşanılmış həyatımın böyük bir parçası gedir.
Bəzənsə mənə elə gəlir ki, Vaxt yoxdur, aşıq demiş “vaxtın yox zamanıdır”
Vaxt
sanki müəyyən dəqiqələrdə donub qalıb və
1962-ci ilin donub qalmış dəqiqələrində Moskva
Kino evinin foyesində orta boylu, eynəkli bir oğlan mənə
yanaşır: - Siz Anarsınız? - deyə soruşur və əlini
uzadır: - İvan Draç.
19 iyul 2018
ANAR
Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin sədri
525-ci qəzet $g 2018.- 21 iyul.- S.9.