"Kafkas kocakları" bədii roman dili ilə
Tanınmış alim və təcrübəli pedaqoq
professor-doktor Ali Kafkasyalını Azərbaycanda Türkiyədəki
qədər yaxşı tanıyırlar.
Onun Azərbaycanın
sənət və elm adamlarının yaradıcılıq və
pedaqoji fəaliyyəti üzərinə onlarca məqalələri,
eyni zamanda, Azərbaycan qadınlarının həyat və
yaradıcılıqlarına aid edilmiş monoqrafiyaları
(Çağdaş Azerbaycan Kadın Sanatcıları, Ankara
1989, Azərbaycanın Alim Qadınları, Ərzurum, 1991)
söylədiklərimizi sübut edir. Maraqlıdır
ki, Ali bəyin son əsəri olan "Kafkas
Koçakları" romanı da əslində, yenə də
Azərbaycanla əlaqədardır və burada yer almış
hadisələr əsasən keçən əsrin əvvəllərindən
etibarən bu əsrin 30-cu illərini əhatə edir. Müəllif ictimai və ideoloji baxımdan olduqca
mürəkkəb bir dövrün ziddiyyətlərini,
qarşıdurmalarını, minlərlə, milyonlarla
insanların acı taleyini, onların düşüncələrini,
haqsızlıqlara qarşı mübarizələrini və
barışmaz davranışlarını yansıtmağa səy
göstərməkdədir.
1917-ci il
Oktyabr inqilabından sonra əski Sovetlər dövründə
onun nəzdində olan milyonlarla insanların, eyni zamanda, bir
çox xalqların ictimai-mədəni həyatında baş
verən haqsızlıqlar, insan mənliyi və hüququnu
ayaqlar altına atan qanunlar, çoxsaylı sürgünlər,
ədalətsiz hökmlər və sairə Ali bəyin bu yeni
monoqrafiyasında bütün çılpaqlığı ilə
öz əksini tapa bilmişdir.
Müəllif qeyd etdiyimiz qlobal (kürəsəl) hadisələri
real nümunələr və canlı bədii obrazlar vasitəsilə
ortaya çıxara bilir. Onun əsərində yer almış surətlərin
demək olar ki, hamısı həqiqətən də vaxtilə
həyat sürmüş insanlardır. Müəllif bu insanların
həyatı, yaşayış tərzi, mövcud sistemə
qarşı mübarizələri və sairə dərindən
araşdırmasından dolayı o dövrün
insanlarının bədii surətlərini, istək-arzularını,
düşüncələrini və sairə ifadə edə bilmişdir.
Maraqlıdır ki, əsərdə yer
almış şəxslərin qəhrəmanlıqları, cəsurluqları,
haqq və ədalət uğrunda mücadilələri uzun illərin
keçməsinə baxmayaraq, bu günə kimi yaddaşlardan
silinməmişdir. Əsərin əhəmiyyətli tərəflərindən
biri də odur ki, burada əksini tapmış hadisələr
Azərbaycanda vaqe olmasına baxmayaraq, əslində,
çoxmillətli bir super dövlət olan Sovetlər Birliyində
vaxtilə baş vermiş ictimai haqsızlıqları, təqibləri,
sürgünləri əks etdirməkdədir. Əsərdə
hadisələr və qəhrəmanların fəaliyyət
göstərdikləri coğrafi ərazi Azərbaycanın
Qazax bölgəsi, Gürcüstan və Ermənistanla sərhəd
xətti olan onun İkinci Şıxlı kəndidir.
Maraqlıdır
ki, əsərin qəhrəmanları
əsasən bu kənd əhalisidir. Dəfələrlə
Azərbaycanda olmuş Əli bəy bu coğrafi ərazini,
eyni zamanda, onun sakinlərinin həyat tərzini, təsərrüfat
(iqtisadiyyat) vəziyyətini, kolxozlaşma və sovxozlaşma
müddətində kənd əhalisinin acınacaqlı və
dözülməz vəziyyətlərini olduqca dərindən
öyrənmiş və əsərində onların real
olaraq ifadə olunmasını ortaya qoya bilmişdir. Əsərdə adları keçən demək olar
ki, bütün iştirakçıların real həyatda
prototiplərinin olmasını söyləmək
mümkündür. Hətta bu sətirlərin müəllifi
əsərdə bir çox qohumlarının
adlarının, həyat və fəaliyyətlərinin yer
almasının şahidi ola bildi. Məsələn,
romanda II Şıxlı kəndinin ağsaqqallarından,
müdrik şəxslərindən sayılan, 3-4 xarici dil bilən,
dünya və xüsusilə, Şərq ədəbiyyatı
incilərindən xəbərdar olan, gözəl şeirlər
yazan Şərif Şikəstə Əfəndinin surətinin
realist (gerçəkçi) bir şəkildə əks
etdirilməsi dediyimizə misal ola bilər.
Belə ki, Şərif Şikəstə bizim ailəyə
yaxınlığı, təbii ki, onunla əlaqədar məlumatların
bizlərə çatması o qədər də təəccüb
doğurmamalı idi. Odur ki, Ali bəyin əsərində
onunla əlaqədar söylədiklərinin bir daha nə qədər
gerçək olmasına inanmalı oluruq. Sovetlər Birliyinin keçən əsrin 70-ci illərindən
başlayaraq, xüsusilə də N.S.Xruşşov
dövründə ideoloji buzların əriməsi, təzyiqlərin
bir qədər azalması dövründə Şərif bəyin
övladlarının vətənə geri dönmələri,
evimizə qonaq gəlmələrini yaxşı
xatırlayıram. Anamın dayıları
sayılan Cavad və Mürsəl bəylərin hər ikisi
ucaboylu, şux qamətli, uzun müddət Sibirdə
sürgünlük keçirmələrinə baxmayaraq,
öz qürur və qamətlərini itirməmiş şəxsiyyətlər
olduqlarını hiss etmək mümkün idi. Ataları Şərif Şikəstə isə
onlardan əvvəl Sibirə sürgün edilmiş, orada da
gülləyə qurban getmişdir. Bu qəbildən
olan və insanlara yaxşılıq gətirməkdən
başqa heç bir günahı olmayan insanların fiziki
baxımdan məhv edilməsi o dövrün KQB və
Çekasının əsas vəzifələrindən idi.
Əsərdə bunun səbəbini müəllif bu təşkilat
üzvlərinin öz dilləri ilə ortaya
çıxardıqlarını izah etmək üçün
səy göstərir və bir daha izah etməyə
çalışır ki, onlar Şərif Şikəstə
kimi ziyalıların insanlar arasında hörmət və
sevgiyə sahib olduqlarından ötəri hakimiyyətdə
olan dövlət adamlarının ideoloji istəklərinə,
suveren ideoloji fikirlərin reallaşmasına mane ola bilər fikrində
idilər.
Buzların bir qədər əriməsiylə vətənə
dönən dayılarım Dövlət (iqtisadçı
idi) və Camal dayım hərəsi bir yerdə
çalışmağa başladılar (elmlər doktoru Camal
dayım isə bir fizikçi kimi olduqca qabiliyyətli idi və
hətta doktorluq dissertasiyasında bir ixtiraya belə imza ata
bilmişdir).
Bu ailə, hətta anaları Səltənət
nənəm belə, sürgünə göndərilmişdir.
Əsərdə Sədi (Səltənətin həyat
yoldaşı) babanın və qardaşı Əmiraslanın
adları da yer alır. Onlar məcburi
olaraq Türkiyəyə keçib canlarını qurtara
bilmişdilər.
Əsərdə
prototipi olan insanlar az deyil və onların qohumları, varisləri
bu gün də Qazax
bölgəsində, xüsusilə də İkinci
Şıxlı kəndində həyat sürməkdədirlər.
Lakin
romanda Əli bəyi düşündürən heç də
yalnız zikr etdiyimiz coğrafi ərazidə yaşayan
insanların ictimai-mədəni həyat tərzi, xüsusilə
də kənd insanlarının o dövrlərdəki
acınacaqlı həyatı və istək-arzuları deyil,
o, eyni zamanda, bu insanların yaşadıqları torpaqların
gözəlliyi, füsünkarlığı, florası və
faunası haqqında da öz fikirlərini oxucuları ilə
bölüşmək istəyir. Bu baxımdan əsərdə
adı keçən onlarla dağ, çay, meşə,
köç yerləri, köhnə yaşayış məkanlarının
və sairə bu gün də toponomik, tarixi və ideoloji səbəblərlə
olduqca aktualdır. Unutmamaq lazımdır
ki, vaxtilə Azərbaycanca çağırılan bu yer
adları zaman keçdikcə müəyyən səbəblərə
görə və təbii ki, ifrat milliyyətçilik məqsədi
ilə qonşu xalqların öz dillərində səslənməyə
başlamışdır. Əsər qəhrəmanlarının
Türkiyə sərhəddinə çatmaq üçün
keçdiyi yollar boyu müəllif dağların, meşələrin,
çayların, kəndlərin, yamacların və sairə
adını dəqiq olaraq qeyd edir, bir növ bu yerlərin xəyali
xəritəsini də çəkmiş olur.
Əsərin əsas qəhrəmanları Aloy Hacı və
başqalarını müəllif təsadüfi deyil ki, fərqləndirir
və onları Qafqaz qoçaqları olaraq oxucularına təqdim
etməyə çalışır. Onları fərqli edən
isə xalqının iradəsinə, istəyinə zidd olan,
onları kölə halına gətirmək istəyən
qüvvələrin, Çeka və Enkevede kimi təşkilat
üzvlərinin vandalizmi və vəhşiliklərinə
qarşı verdikləri amansız mücadilələrdir.
Romanda bu qəhrəmanların bu qədər mərhəmətsiz
və düşmənlərinə qarşı bu qədər
qəddar və rəhmsiz olduqlarının səbəbi isə
canlı və bədii nümunələrlə oxuculara izah
edilir. Bir daha göstərilir ki, bu xalq
düşmənləri öz fərdi maraqları
üçün hər cürə çirkin əxlaqi sifətlərə
girir, yaltaqlıq, ikiüzlülük, vəzifəsindən
sui-istifadə etmək və sairə bu kimi keyfiyyətlər
müsbət mənəvi keyfiyyətlərdən çox
uzaqdırlar. O dövrün hakim əxlaq prinsiplərinin
qurbanı sayılan bu qəbildən olanlar öz xalqına,
ziyalılarına, ixtiyar qocalara, qadın və körpələrə
belə acımadan son dərəcə qəddarcasına
davranır, onların sürgünə göndərilməsinə,
zindanlarda çürüməsinə, ölümlərinə
belə səbəb olmaqda idilər və təsadüfi deyil
ki, bütün bu səbəblərə görə əsərin
qəhrəmanları (qoçaqlar) tərəfindən də
heç bir zaman əfv edilmirlər, çünki onların
günahlarının bağışlanması minlərlə
insanların talelərinə qara ləkə vurmuş bu quldur
dəstəsinin yox edilməməsi bu insanların ruhları
qarşısında günaha batmış sayıla bilirdi.
Bununla belə, müəllif qoçaqların zəngin
daxili aləmini, yüksək ideallar uğrunda, vətəninin,
xalqının hürr, azad və müstəqil
yaşamaları naminə mübarizə vermələri və
bu yolda öz həyatlarından belə keçməyə
hazır olduqları kimi bir gerçəyi də maraqlı
misallarla oxucularına çatdıra bilir. Düşmənlərinə
qarşı amansız olan bu qoçaqlar ailələrinə,
övladlarına, yaxınlarına, ümumiyyətlə
xalqına nə qədər bağlı olduqları, harada
olurlarsa olsun, hər zaman onları düşündükləri,
onlara edilən haqsızlıqların cavabını vermək
fikri ilə yaşadıqlarını əsərdə
açıq bir şəkildə his edə bilərik.
Eyni zamanda, müəllif təbiidir
ki, qəhrəmanların davranışlarına, söhbətlərinə
əsaslanaraq, qoçaqlar dinindən, dilindən, milliyyətindən
asılı olmayaraq heç bir zaman ayrı-seçkilik
fikrində olmadıqlarını, xalqdan olan zəhmət
adamları ilə dostluq tellərini qoparmadıqlarını,
erməni çobanları, gürcü dostları ilə
xoş təmaslarını davam etdirdiklərini əks etməkdədir.
Qoçaqlar bəzən çətin vəziyyətdə
olduqları zamanlar onların yardımlarına belə
müraciət etmələri, onlardan faydalana bildikləri də
əsərdə öz ifadəsini tapmaqdadır. Məsələn,
Bakıdan 1-2 km uzaqlıqda Xəzər dənizində yerləşən
və ölüm adası sayılan Nargin adasında əhəmiyyətli
sənədlərlə fərarilik etmiş Qəhrəman bəy
Paşazadənin sonralar Tiflis zindanından xilas olması
üçün onların gürcü dostu olan Kapitan Vasonun
köməyini dilə gətirən müəllif bir daha bunun
dostluq münasibətlərinin simvolu rolunu oynadığı
gerçəkliyini dilə gətirə bilir. Əsərdə,
qoçaqlar ən çətin vəziyyətlərdə belə
hər zaman birlikdə hərəkət etmələri,
sözlərinə, əhdlərinə sadiq qalmaları,
lazım olsa xalq işi üçün faydalı olan kəsləri
qurtarmaq yolunda həmişə birlikdə hərəkət
etmələri (Qəhrəman Paşazadənin
qurtarılması kimi) romanda olduqca realist bir şəkildə
ifadə olunmuşdur. Müəllif eyni zamanda,
belə bir birliyin, ayrılmaz dostluğun səbəbini bu
insanların sarsılmaz əqidə və fikir birliyi ilə
izah etməyə çalışır və
qoçaqların davranışları və söhbətlərindən
belə bir fikir həmrəyliyinin pozulmaz olmasına oxucusunu
inandıra bilir.
Qəhrəmanların Türkiyə istiqamətində keçdikləri yollara (Həm Ermənistan, həm də Gürcüstan əraziləri daxil olmaqla) nəzər salan müəllif, eyni zamanda, qarşıya çıxan bölgələr, maddi-mədəni abidələr, şəhərlər, kəndlər və sairə haqqında maraqlı tarixi, arxeoloji bilgilər verə bilir. Məsələn, Tiflis şəhərini təsvir edərkən müəllif şəhərin müəyyən bir bölgəsində vaxtilə Azərbaycan türklərinin kütləvi şəkildə yaşadıqlarını, hətta burada yerləşən "Şeytan Bazarı" adı altında bilinən və bu gün də unudulmayan bir gerçəyi oxucusu ilə paylaşmağı lazımlı bilir. Bu qəbildən olan məlumatlar (müəllif Qars şəhəri haqqında da ilgiverici tarixi, etnoqrafik məlumatlar verir) əsəri daha maraqlı, cazibədar edir və əsərin əsas ideya-mövzusu ilə dialektik bir şəkildə əlaqəli olduğundan onun tərbiyəvi və emosionallıq gücünü də bir daha artırmış olur. Əli Bəy roman qəhrəmanlarını (Aloy Hacı, İsmayıl Bala, Süleyman Lembeli, Həsən Ağa Yırğançaklı, Koçak Nuri, Məhəmməd Matos, Məhəmməd Temenoğlu və b.) daim təqib edən güclərdən xilas olmaq yolunda verdikləri mübarizəni, çıxış yolunu qardaş Türkiyəyə gəlməkdə görür və bu yolda nə (məsələn, bir aya kimi düşmən dairəsində olarkən ormandan çıxa bilmirlər, burada ac-susuz gözləməli olurlar) bu kimi dramatik səhnələri realistcəsinə canlandırarkən belə heç bir zaman Türkiyə Respublikası və insanlarının Azərbaycan xalqına olan dostluq və səmimi münasibətlərini də unutmur.
Romanda qoçaqlar müəyyən çətinliklərlə də olsa Türkiyəyə gələ bilməsi və buradakı insanlarla olan səmimi fikirlərinə və söhbətlərinə də xüsusi bölün ayrılmışdır. Burada müəllif konkret olaraq minlərlə Azərbaycan əsilli vətəndaşın zülm və əsarətdən xilasını Türkiyədə tapdığı, burayı Vətən seçdikləri fikri ağırlıq təşkil etməkdədir. İlgi çəkicidir ki, müəllif bu insanların toplu halında Türkiyənin hansı bölgəsində, şəhərində, hətta kəndində məskunlaşması haqqında belə qiymətli məlumatlar verir. Qars və onun ətraf kəndlərində, Iğdır, Ərzincan, Ərzurum, Sivas kimi bölgələrdə onların məskunlaşması haqqında fikirlərini oxucuları ilə paylaşmağı unutmayıb. Ali Kafkasyalının "Kafkas Kocakları" əsəri Azərbaycan xalqının tarixində dramatik bir tarixi dövrü əks etdirir (1917-1940) və bu səbəblərdən dolayı realist səpkidə yazılmış bir sənədli roman olaraq qəbul edilə bilər. Bu romanın eyni zamanda, müasir Azərbəycan ədəbiyyatının tarixinə daxil edilmiş qiymətli bir mənbə olduğunu da düşünürəm. Arzum budur ki, Professor-doktor Ali bəy Kafkasyalı bu yoldakı araşdırmalarını davam etdirsin, əsərdə yer almış qəhrəmanların irəlidə Türkiyədəki həyatları, buradakı ictimai-mədəni sahədə öz yerlərini tapa bilmələri və sairə kimi hadisələr də öz bədii ifadəsini tapmış olsun.
Babək QURBANOV
Professor
525-ci qəzet.-2018.- 24 iyul.- S.8.