Ağdam həsrətimiz
25 yaşında
Qarabağsız Azərbaycanla yaşıdam. Etiraf edim
ki, bundan çox utanıram. Bəli, 25 yaşım var. Mən doğulana qədər çoxdan olan olub, ermənilərin torbası Azərbaycan torpaqları ilə dolmuşdu. Bəs mən niyə özümü günahkar
hiss edirəm?
Dünən, yəni iyulun 23-ü Ağdamın işğal
günü idi. Ağdam həsrətimizin
düz 25 yaşı tamam oldu. Deyirəm, təqvimdəki günlərimiz
də "başını
itirib" artıq.
Bir günümüz bayram olanda o biri günümüz
"qara gəlir".
İyulun 22-si ilk Azərbaycan
dilli "Əkinçi"
qəzetinin 143 illiyi, yəni Milli Mətbuat və Jurnalistika günü idi. Sevindirici haldır ki,
təkcə jurnalistlər,
media işçiləri deyil,
hər kəs bu günü bayram edirdi. Amma di gəl ki,
növbəti gün bayramımız "boğazımızda
qaldı". Ağdamı
xatırladıq... Onunla
bərabər, sadəcə
həyatın axarına
uyub yaşamağa məcbur olduğumuz halda əsla və əsla unutmadığımız o 20 faiz
torpaqları...
Hər dəfə
hansısa rayonun işğal tarixində, ya da lap elə
hardasa Qarabağdan söz düşəndə
susuram, öz varlığımdan utanıram. Sanki mən doğulmasam bunların heç biri yaşanmayacaqmış,
Qarabağ hələ
də ölkəmizin
nəzarətində olacaqmış
kimi hiss edirəm.
"Ayağı ağır",
"qədəmi nəhs"
deyərlər ha, bax
o cür...
Əslən, nəslən qarabağlı
deyiləm. Qarabağla olan-qalan əlaqəm
anamın məktəb
vaxtı iki dəfə Şuşaya səfəri qədərdir.
Vəssalam! Ancaq qəribədi, hər
dəfə Qarabağdan
danışanda mənasını
anlamadığım hisslər
yaşayıram. Hər dəfə
içimdə nəsə
bir şey qırılır və mən o qırılan hər nəyinsə yerə, ayağımın
altına düşəcəyini
gözlədiyim vaxt,
o qalxıb düz boğazımdaca dayanır.
Bax, onda boğuluram, yerin-göyün
havası az
gəlir mənə. Elə bilirəm həmin an ancaq heç vaxt üzünü görmədiyim
Qarabağın heç
zaman udmadığım
havası kömək
ola bilər
mənə...
lll
Mənim üçün nədir müharibə?!
Biz "92-92-lər" müharibənin
övladlarıyıq. Birimiz az, birimiz
çox, amma hamımız mütləq
şəkildə yaşamışıq
o zəhrimar müharibənin
acısını, ağrısını.
Mən təzə
doğulan vaxtlarda atam həm universitetdə
oxuyur, həm də işləyirmiş. Müharibə
ucbatından aylarla maaş verilməzmiş.
Mənim
üçün müharibə
düyü, vermeşil
supudur, pul qazanmaq, ailəsini dolandırmaq üçün
səhərlər dərsə,
günortadan gecəyə
kimi işinə getsə də, gecələr hələ bir tələbələr
üçün ödənişlə
çertiyoj da işləyən atamın
qan rəngli yorğun gözləridir.
Mənim üçün müharibə
oynamağa oyuncağı
olmayan bir qızcığazın boğazında
qalan kitab vərəqləri, ata-anasının
yazılmış, cızılmış,
cırılmış şəkilləri,
albomlarıdır.
Mənim üçün müharibə
atası da, anası da işə
getməyə məcbur
qalan səkkiz aylıq körpənin səhərdən axşamacan
bağlı qapı arxasında içib yatdığı, durub içdiyi bir şüşə kəmşirin
çay, islaq paltarlarıdır.
Mənim üçün müharibə
nəfərlərlə uzanan
çörək, su növbələridir.
Mənim üçün müharibə
bir günü ac keçirən körpəsini
doyurmaq üçün
qonşunun bir kisə kartofundan bircə kartof götürüb körpəsinə
yedirən anadır.
Mənim üçün müharibə
dadsız, duzsuz suda bişən kartofu yeyə bilməyib dili ilə tüpürən, təzədən aclıqdan
ağlayan körpədir.
Mənim üçün müharibə
olmayan uşaqlıq şəkillərimdir.
Mənim üçün müharibə
yaşanmamış körpəliyim,
itkin uşaqlığımdır.
Mənim üçün müharibə
yaşadığımız yataqxanaya sığınan
məcburi köçkünlərdir. Mən onların
Qarabağ dərdi ilə birgə böyüdüm o dar yataqxana divarları arasında. Torpaq dərdi, el-oba
nisgili azmış kimi, çəkdikləri
maddi sıxıntıların,
gündəlik qarşılaşdıqları
çətinliklərin də
canlı şahidinə
çevrildim uşaq ağlımla.
lll
Universitetin birinci kursunu bitirərkən "Folklorşünaslıq"
fənnindən təcrübə
keçməli idik. Vəzifəmiz ayrı-ayrı şəxslərdən,
nənələrdən, babalardan,
yəni əsasən yaşlı nəslin nümayəndələrindən ağızdan-ağıza keçən
folklor nümunələri,
ya da hansısa
bölgənin adət-ənənələrini
toplamaq idi. Çoxları daha asan olsun deyə, öz bölgələrini
seçmişdilər. Mən isə müsahiblərim olaraq Qarabağdan məcburi köçkün
gəlmiş yurddaşlarımızı
seçdim. Onları hardan
tapa bilərdim? Əlbəttə ayrı-ayrı yataqxanalardan.
O cür də elədim. Onlardan həm eşitdikləri
hansısa folklor nümunələrini, həm
də öz ellərinə aid adət-ənənələrini
öyrənib bir dəftərə yazırdım.
Qəribədir ki, bizi heç tanımadıqları
halda qapısını
döydüyümüz hər
kəs böyük mehribalıqla, sevgiylə qarşılayır, öz
bildiklərini bizimlə
bölüşməyə həvəs göstərirdilər.
Bilirdim, onların da ürəkləri dolu idi. Görürdüm danışmaqla bitirə
bilmirdilər vətənləri
Qarabağı.
Adətən, müsahiblərim Ağdam,
Füzuli, Cəbrayıldan
olardılar. Ona görə də
artıq bu rayonlara aid demək olar ki, hər
şeyi bilirdim. Təcrübə işimin sonunda
iki böyük dəftər həcmində
(təcrübə işimdə
bir dəftər nəzərdə tutulsa da) Qarabağ folkloru, xeyir-şər, Novruz adətləri, inancları ilə bağlı bilgilərim vardı. Hər dəfə o dəftərdəkiləri
oxuduqca Qarabağın
hələ də bizdə olduğuna, istədiyimiz vaxt gedib görə biləcəyimizə inanıram.
Sonrakı illərdə
isə təəssüf
ki, yaşlı müsahiblərim ürəklərindəki
Qarabağ nisgilini, dərdini də götürüb bir-bir bu dünyanı tərk edirlər və mən hər dəfə onların ölüm xəbərləri ilə
bu itgini daha dərindən hiss edirəm...
lll
Heç sevmədiyim sualdır
"haralısan?" sualı. Həmişə qaçmışam bu mənasız və yersiz sualdan. Düzü, əvvəllər nə cavab verəcəyimi bilmirdim. Onda da "atan haralıdır?" sualı
ilə qarşılaşırdım,
mənim haralı olmağım çox da vacib imiş
kimi. "Borçalı" desəm
tanımamaq ehtimalları
çox olduğundan
"Gürcüstandan" deyirəm. Hazır olun, bir əsəb
pozucu sual da gəlir düşmən
gülləsi kimi:
- Gürcüsən?
Təəssüf ki, Gürcüstanın
müəyyən hissəsinin,
xüsusən Borçalının
bir zamanlar Azərbaycan torpağı
olduğunu unudub indi pafosla "Qarabağ Azərbaycanındır"-
deyənlərimizin çoxu...
Tək odurmu? Azərbaycan bəlkə
də yeganə ölkədir ki, hər tərəfdən öz torpaqları ilə sərhədlənib.
Necə ki, təbrizliyə, ərdəbilliyə,
urmiyalıya iranlı
və ya fars, dərbəndliyə
rus, irəvanlıya erməni deyiriksə, bu da onun
kimi...
Qorxuram,
çox qorxuram... Bir zaman da
"Qarabağdanam" deyənlərə
"ermənisən?" sualı
verilməyindən qorxuram!
Şahanə MÜŞFİQ
525-ci qəzet.-2018.- 24 iyul.- S.7.