Folklorşünaslığımızın milli kimlik nümunəsi

 

Paşa Əfəndiyev-90

 

 

Ədəbiyyatımızın, milli-mənəvi mədəniyyətimizin görkəmli tədqiqatçısı Əməkdar elm xadimi, professor Paşa Şərif oğlu Əfəndiyev haqqında müxtəlif vaxtlarda qənaətlərimi bölüşməyə çalışmışam.

 Hər dəfə də anlamışam ki, ürəyimdən keçənləri axıra qədər yazıya gətirə bilməmişəm. Düşünmüşəm gələcək yazılarımda digər deyə bilmədiklərimi gərək deyəm. Beləcə yazıdan yazıya körpü salmışam. İndi bu böyük şəxsiyyətin, mənim əziz müəllimimin doxsan yaşı tamam olur. Doxsan il ömür sürmək, həyatın enişli-yoxuşlu yollarını doxsan il əriş-arğac eləmək hər kəsə nəsib olan xoşbəxtlik deyil.

Paşa müəllim elmin yoluna çıxdığı, əlinə qələm aldığı vaxtdan doxsan yaşın tamamına qədər müqəddəs yolda, yazıb-yaratmaqdadır. Onun düşüncəsində olanlar ancaq və ancaq ideallara köklənib, xalqımızın milli-mənəvi sərvətini toplayıb öyrənməkdən və ürəyindəkiləri yazıya gətirməkdən ibarətdir. Təxminən otuz ildir (bəlkə bir qədər də çox) ki, hansı ideallarla yaşamasının, düşüncəsində nələrin oturmasının canlı şahidiyəm. Elə o vaxtdan da onu dərk eləməyə, öyrənməyə çalışmışam. Çünki Ulu Tanrı P.Əfəndiyevin ürəyini sonsuz sevgi, böyük ideallıqlarla doldurubdur. Məhz bunun nəticəsidir ki, bu qədər gərəkli işləri görə bilmiş, heç kəsin gedib çata bilməyəcəyi dərinliklərə gedib çıxmışdır. Azərbaycan folklorşünaslığının repressiya illərindən sonrakı dövrünün bütün ağırlıqlarının mühüm bir hissəsi onun çiyinləri üzərində olmuşdur.

Azərbaycanımızın müqəddəs guşələrindən biri olan Qax rayonunun İlusu kəndində o, sinəsini sözlə, xalqın zəngin mədəniyyəti, əsrarəngiz folklor sərvəti ilə doldurmuşdur. Özü ilə bağlı bütün qeydlərində o kəndin məişəti, məşğuliyyəti, insanların həyat tərzi, kəndin məhlələri, ailələri, nəsli haqqında verdiyi bilgilər böyük bir mədəniyyəti özündə ehtiva edir. Bir qədər publisistik, bir qədər elmi üslubda yazılmış bu qeydlər mahiyyətində xalqımızın əski təsəvvüründən bu yana olan bir zənginliklə, dünyagörüşlə bağlanır. Paşa müəllim hər dəfə uşaqlıq yaddaşında olan maraqlı hadisələri, İlisu kəndi ilə bağlı el ağsaqqallarının dilində söylənən rəvayət, əhvalat örnəklərini, xatirələri, kəndin müxtəlif bayram şənliklərini bir folklor hadisəsi olaraq yazılarında verməyə çalışır. Bu bilgilər onu da əlavə edək ki, təkcə Paşa Əfəndiyevin həyatında olanlarla bağlanmır, böyük əksəriyyəti xalqın böyük mədəniyyətinin, həmin illərdə üzləşdiyinin bir hissəsi olaraq görünür. Çünki Paşa müəllimin şəxsi həyatında olanlardan əlavə hamısı, məsələn, repressiyanın vurduğu yaralar, ikinci cahan savaşının gətirdikləri, eləcə də müharibədən sonranın çətinlikləri hamısı xalqın taleyindən keçibdir. P.Əfəndiyev məhz bunları öz taleyində yaşamış və sonrakı zamanlar üçün qalaq-qalaq tale yazısına çevrilmişdir. Ömrün müxtəlif vaxtlarında, hətta doxsan yaşında da görkəmli alim eyni yanğı ilə həmin illərə qayıdır, onun əriş-arğac epizodlarını vaxtaşırı yazıya gətirir. Hətta vurğulayır ki, Mahmud, bunları mən bilirəm, mən yazmasam, bəs kim yazacaqdır.

Paşa müəllim bütün parametrlərdə canlı ensiklopediyadır. Folklorşünaslığın keçib gəldiyi yolun hansı məzmunla, tarixi dinamika ilə səciyyələnməsini, harada nəyin olmasını onun qədər bilən ikinci bir folklorşünasımız yoxdur. O, yazılarında bəzi məqamlarda vurğulayır ki, mən Azərbaycan folklorşünaslarının çağdaş mərhələdə müəllimiyəm. Məndən böyüyü yoxdur. Bu ifadələri işlədərkən xüsusi olaraq vurğulayır ki, təvəzökarlıq olmasın. Ancaq professor P.Əfəndiyev reallığı, həqiqəti deyir. Həqiqət isə ondan ibarətdir ki, müasir Azərbaycan folklorşünaslığında Paşa müəllim həm yaşda, həm də başda hamıdan böyük olandır. Onun qədər çağdaş mərhələdə Azərbaycan folklorşünaslığına sədaqətlə xidmət edən, əvəzsiz töhfələr verən ikinci bir şəxs yoxdur. Təəssüf ki, belə bir böyük ziyalının qədrini bilmirik. Doxsan yaşı keçir, onun yubiley tədbirini keçirmirik. Halbuki bu cür şəxsiyyətlər xalqın mənəvi yükünü çiyinlərində daşımış və gediləcək yolu müəyyənləşdirmişlər. Son dövrün, müstəqilliyimizin bizə bəxş etdiyi ən böyük uğurlardan birisi xalqın milli mədəniyyətinə sahib durmaq duyğusudur. Bu sahədə görülən böyük işlər bunun nümunəsidir. Azərbaycan Prezidentinin, Azərbaycan dövlətinin uzaqgörənliyi, uğurlu və məqsədyönlü siyasəti nəticəsində Folklor İnstitutu yarandı. Həmin institutun gördüyü işlərin isə dəyəri ölçüyəgəlməzdir. Paşa müəllim uzun illər Folklor İnstitutunda çalışıb, bütün həyatını Azərbaycan Dövlət Pedaqoji Universitetinə bağlayıb. Ali təhsil illəri orada keçib, aspirant olub, namizədlik, doktorluq dissertasiyaları müdafiə edib. Azərbaycan balalarına müəllimliyin sirlərini öyrədib, ədəbiyyatımızı, onun keçib gəldiyi yolu mənimsədib. Azərbaycan Dövlət Pedaqoji Universitetində on altı il Azərbaycan ədəbiyyatı tarixi kafedrasına müdiri olmuşdur. Filologiya fakültəsinin əyani və qiyabi şöbələrinin müxtəlif vaxtlarda dekanı kimi fəaliyyət göstərmişdir. Belə bir örnək ömür yolu keçmiş şəxsiyyətin, alimin doxsan illik yubileyini keçirməmək, diqqətdən kənarda saxlamaq və ya görməməzliyə vurmaq xalqın mənəvi sərvətinə etinasızlıqdır. Bizim öz qədrimizi bilməməyimiz, özümüzə qiymət verməməyimizdir.

Görkəmli ədəbiyyatşünas alimimiz F.Köçərli keçən əsrin əvvəllərində XVIII əsrAzərbaycan ədəbiyyatının görkəmli şairi M.P.Vaqiflə bağlı mülahizələrində bu cür notlar vardı. Təəssüf hissi ilə vurğulayırdı ki, bizim xalqımızda bir qədirbilməzlik, biganəlik var. M.V.Vidadi, M.P.Vaqif kimi böyük şəxsiyyətlər hər hansı bir başqa xalqlarda olsa idi, həmin şəxsiyyətlər onların qürur yerinə çevrilərdi. Azərbaycan prezidentinin, Azərbaycan dövlətinin böyük qayğısı ilə görkəmli Azərbaycan şairi M.P.Vaqifin 300 illiyini dövlət səviyyəsində qeyd edildi. Demək olar, böyük ədəbiyyatşünasımızın yüz il əvvəl söylədiyi narahatçılığın problemini aradan qaldırıldı, 2017-ci il M.P.Vaqif ili elan edildi. Paşa müəllimlə bağlı düşüncələrimi bölüşərkən bunlar ağlıma gəldi. Onun tələbələrlə görüşünü təşkil etmək, öyrəndikləri dərsliyin, kitabların müəllifinin Paşa müəllim olduğunu əyani olaraq göstərmək, canlı bağlantısını yaratmaq böyük savab işidi. Ancaq edilmir və edilməsi də görünmür. Təəssüf.

Professor Paşa Əfəndiyev həmişə böyük-böyük elm və maarif fədailərinin yanında olmuş, onların dediklərini zərrə-zərrə sinəsinə yığmış və bir növ həyat dərsi almışdır. Ə.Seyidov, M.Vəkilov, M.Rəfili, Ə.Dəmirçizadə, F.Qasımzadə, C.X.Hacıyev, Ş.Qurbanov, İ.Şıxlı və b. Bu sıralanmanın başlanğıcında isə Qori Müəllimlər seminariyasında təhsil almış atası Şərif müəllim dururdu. Bunlar hamısı Paşa müəllim üçün həyat dərsi, örnək idi. Əməkdar elm xadimi onların yanında elmi, şəxsiyyət kimi uca olmağı mənimsəmişdi. İlisu dağlarının o əzəməti, bu şəxlərin böyüklüyü ilə qaynayıb qarışmış və Paşa müəllimi formalaşdırmışdı. Ayrı-ayrı yazılarında, məqalələrində, kitablarında bunlar bir örnək, yaddaş hadisəsi kimi özünə yer alır.

O, elmə qədəm basdığı gündən həmişə Azərbaycan folklorşünaslığının köklü problemlərini aydınlaşdırmaq yolunu tutmuşdur. Görkəmli ədəbiyyatşünas alim M.Rəfilinin rəhbərliyi altında Azərbaycan xalqının möhtəşəm abidəsi "Koroğlu" dastanını tədqiq etməyə başlamışdır. Onu da əlavə edək ki, bu, "Koroğlu" dastanının sistemli öyrənilməsi baxımından ilk addım idi. Dastanla bağlı ilkin mənbələri araşdırıb ortaya çıxaran Paşa müəllim, nəşrlərə, yazı variantlarına bütün tərəfləri ilə diqqət yetirmiş və fundamental tədqiqat əsəri ortaya qoymuşdur. İndi artıq həmin araşdırmadan təxminən altmış illik bir zaman ötür. P.Əfəndiyevin tədqiqatından sonra "Koroğlu" dastanı müxtəlif tədqiqatların probleminə çevrilmiş və bir-birindən maraqlı monoqrafiyalar yazılmışdır. Dastanın özünün isə dəfələrlə nəşri olmuşdur. Paşa müəllimin tədqiqatının ayağı sayalı idi. Artıq Azərbaycanda fundamental koroğluşünaslıq formalaşmışdır. Dediyimiz kimi, onun başında isə Paşa müəllimin araşdırmaları dayanır. Bu mənada həmin tədqiqat koroğluşünaslıq üçün mayakdır.

Azərbaycan folklorşünaslığında ən köklü problemlərdən biri folklorşünaslığın tarixini işləməkdir. Bunun isə əziyyəti, ağırlığı bir sonsuzluqla nəzərə çarpır. Hər kəsin işi deyildir ki, bu cür ağır, son dərəcədə gərgin zəhmət tələb edən bir sahəyə girişsin və oradan uğurla çıxa bilsin. Paşa müəllim xalq ədəbiyyatının toplanması, nəşri və tədqiqi tarixini ayrı-ayrı mənbələri, rus dilli mətbuatı, anadilli mətbuatı, cüng və əlyazmaları, topluları izləməklə yazmışdı və bununla folklorşünaslığın tarixini Azərbaycan folklorşünaslarının üzünə açdı. Onun doktorluq dissertasiyası, "Folklorşünaslığın problemləri" seriyasından buraxdığı cildlər, müntəxəbatı, məqalələri və s. bu böyük işin göstəricisidir. "63 il institut divarları arasında" tədqiqatı da həmin araşdırmanın davamı kimi mühüm əhəmiyyət kəsb edir. Çünki bu kitab böyük bir tarixi olan universitetin, pedaqoji məbədin tarixini araşdırmaq baxımından əvəzsizdir. Paşa müəllimin zəngin tədqiqatçılıq təcrübəsi, yaddaşı, gözü ilə görüb şahidi olduqları, müəllimləri və on altı rektorla işləməsi hamısı bu kitabın ortaya çıxması üçün qaynaq funksiyasını yerinə yetirir.

Folklorşünas Paşa Əfəndiyevin araşdırmalarının, özünün dediyi kimi, hamısı məqalədən, hasısa problemin təhlili zərurətindən kitaba doğru böyük inkişaf yolu keçmişdir. "Azərbaycan şifahi xalq ədəbiyyatı" dərsliyi bu baxımdan tipik və həm də olmazın dərəcədə uğurlu dərslik abidəsidir. Təkcə onu demək kifayətdir ki, keçən əsrin 70-ci ilindən bu dərslik filologiya fakültələrinin stolüstü kitabıdır. Ədəbiyyata, folklorşünaslığa ayaq basan hər bir kəsin yolu bundan keçir. Paşa müəllim "Azərbaycan şifahi xalq ədəbiyyatı" dərsliyini o qədər mükəmməlliklə işləmişdir ki, tələbələr onu mənimsəməklə xalq ədəbiyyatının sirlərini, məzmun xətlərini, janr xüsusiyyətlərini, xalqımızın keçib gəldiyi yolun mahiyyətini, folklorşünaslığımızın tarixini bütün təfərrüatı ilə mənimsəyə bilirlər. Onu da əlavə edək ki, Paşa müəllimdən sonra, daha çox isə Azərbaycanın müstəqillik dövründə xalq ədəbiyyatı ilə bağlı bir çox dərsliklər yazıldı, ancaq heç birisi təbii olaraq yaşamaq hüququ qazanmadı. Daha doğrusu, tələbə auditoriyası onu qəbul etmədi. Çünki dərslik yazmaq hər kəsə nəsib olan şey deyildir ki, yerindən duran dərslik yaza bilsin. Bunun üçün bir sıra şərtlər lazımdı ki, uğurlu dərslik ortaya qoya biləsən. Ən mühüm olan isə auditoriyanı bilmək, nəyi çatdırmaq, necə çatdırmaq məsələsidi. Ulu Tanrı P.Əfəndiyevə bunları artıqlaması ilə vermiş və yaxşı müəllim, yaxşı alim olması bu kitabın uğurlu alınmasına şərait yaratmışdır.

Folklorşünas alimin gördüyü böyük işlərdən birisi repressiya yaşamış folklorşünasların yaradıcılığını arxivlərdən, qəzet və jurnal səhifələrindən çıxarması, onların haqqında Azərbaycan mühitinə müfəssəl məlumat verməsidir. F.Köçərli, Ə.Abid, S.Mümtaz, H.Zeynallı, V.Xuluflu, Y.V.Çəmənzəminli, R.Əfəndiyev, C.Əfəndizadə, S.Hüseyn, N.Nərimanov, H.Əlizadə və başqa  folklorşünasların, eləcə də bir qədər əvvəlki ziyalı mühitinin (məsələn, M.F.Axundov, H.Zərdabi, M.Mahmudbəyov və b. folklor sahəsində gördükləri nəzərdə tutulur) haqqında verilən bilgilər öz başlanğıcını P.Əfəndiyevdən götürmüşdür. "Kitabi-Dədə Qorqud", "Koroğlu" kimi möhtəşəm abidələrin, eləcə də məhəbbət dastanlarının dərsliyə gəlişi də folklorşünas alimin adı ilə bağlıdır.

Azərbaycan folklorşünaslığında mühüm problemlərdən birisi yazılı ədəbiyyatımızın görkəmli nümayəndələrinin bu zəngin xəzinədən hansı səviyyədə istifadə məsələsidir. Professor Paşa Əfəndiyev bu baxımdan da görüləcək işlərin istiqamətini düzgün müəyyənləşdirmişdir. N.Gəncəvinin, M.P.Vaqifin, S.Vurğunun, M.Müşfiqin, A.Şaiqin, C.Cabbarlının və başqalarının yaradıcılığında xalq ədəbiyyatından gələnlərin ümumi mənzərəsi haqqında dolğun təsəvvür yaratmışdır. Şifahi ədəbiyyatın yazılı ədəbiyyat üçün bir qaynaq olduğunu bütün parametrləri ilə ortaya qoymuşdur. Eləcə də aşıq ədəbiyyatının əlçatmaz ustadlarından olan Molla Cümənin şeirlərini elmə qədəm basdığı ilk vaxtlardan ta günümüzə qədər toplayıb kitab halına salmış və xalqımıza təqdim etmişdir. Bundan əlavə onunla bağlı "Molla Cümə (həyat və yaradıcılığı)" adında fundamental monoqrafiya yazmışdır. Orada bu ustad sənətkarı şəxsən tanıyanlardan, onunla yaxınlıq edənlərdən tutmuş, ailəsinin, ətrafının söylədiklərinə qədər müxtəlif tipli əhvalatlar, müəmmalar, aşığın özünün əlyazmaları geniş yer alır. Görkəmli folklorşünas alim 90 yaşa bunlarla və deyib çatdıra bilmədiyimiz digər olanları ilə gəlmişdir.

Paşa Əfəndiyevin doxsan yaşında hazırladığı "Folklorşünaslıq məsələləri" kitabı xalqa xidmətin nümunəsidir. Kitabda folklorşünaslığımızın müxtəlif problemləri, folklorşünas alimin həyat və yaradıcılığının bir sıra məqamları, F.Köçərli, M.Mahmudbəyov, R.Əfəndiyev, M.H.Təhmasib, M.Həkimov və s. haqqında qənaətləri müfəssəl şəkildə özünə yer alır. "Mikayıl Rəfili", "Əzəl müəllim", "Şıxəli Qurbanov", "Şərif müəllim" və b. məqalələri folklorşünas alimin həyatının bir hissəsi kimi, avtobioqrafik xarakteri ilə əvəzsiz dəyər kəsb edir və Azərbaycan ziyalı mühitinin hansı ideallarla yaşamasını əyani olaraq açıqlayır. Yeri gəlmişkən bir haşiyəni də əlavə edim, "Mikayıl Rəfili" məqaləsini oxuyanda söhbətimiz zamanı "Kitabi-Dədə Qorqud" dastanları ilə bağlı böyük alimin münasibətini öyrənmək istədim. Çünki keçən əsrin 50-ci illərində dastana hücum başlayanda M.Rəfili də Dədə Qorqudla bağlı tənqidi mövqe nümayiş etdirmişdi. Paşa müəllim maraqlı bir əhvalat söylədi və dedi ki, mən dissertasiya işimi yazarkən tədqiqat işimdə "Kitabi-Dədə Qorqud" dastanları ilə bağlı siyasi mühitdən gələn bir neçə cümləlik fikir söyləmişdim. Elmi rəhbərim professor M.Rəfilinu oxuyan kimi əsəbi şəkildə "sənin "Dədə Qorqud"la işin olmasın dedi və əsəbi şəkildə həmin hissəni qaraladı. Paşa müəllim vurğulayır ki, bu böyük alim (M.Rəfili) "Dədə Qorqud"a hücumun müvəqqəti olduğunu və onun əzəmətinin dərk olunacağını yaxşı bilirdi. Ümumiyyətlə, kitabda türk dastan yaradıcılığı ilə bağlı folklorşünas alimin mülahizələri mükəmməlliyi və istiqamətverici xarakteri ilə səciyyələnir.

"Ayın əfsanəsi və bəşəri düşüncələr", "Mikayıl Müşfiq və xalq yaradıcılığı", "Şəbi-hicran" poeması və xalq yaradıcılığı", "Cavad xan haqqında mahnı", "Mənəviyyat" və s. kitabda yer alan məqalələrin hər birisi problematikası və eyni zamanda, ehtiva etdiyi məzmunla möhtəşəmdir. Bütün bunlar folklorşünas alim, əməkdar elm xadimi Paşa Əfəndiyevin gördüyü böyük işlərin mahiyyətini və doxsan yaşda da eyni şövqlə yolunda davam etdiyini aydınlaşdırır.

 

Mahmud ALLAHMANLI

Filologiya elmləri doktoru, professor

525-ci qəzet.-2018.- 24 iyul.- S.6.