143 yaşlı Azərbaycan mətbuatı:
Şərəfli və məsuliyyətli tarix
22 iyul tarixində Azərbaycanda Milli Mətbuatının
yaranmasının 143-cü ildönümü qeyd edildi. Azərbaycan
milli mətbuat tarixi 1875-ci ildə Həsən bəy Zərdabinin
əsasını qoyduğu "Əkinçi" qəzeti
ilə başlayır.
"Əkinçi" nəşri Azərbaycanda
jurnalistika sistemini və nəslini formalaşdırdı,
peşə prinsiplərini yaratdı, Azərbaycan dilini rəsmi
statusda öz fəaliyyətinin əsasına çevirdi. Maarifçilik
ideyasının daşıyıcısı olan bu qəzet
milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində
böyük tarixi xidmətlər göstərdi.
Milli mətbuat
tariximizin "Əkinçi"nin nəşri
ilə bağlanması tarixi reallıqları özündə
əks etdirir. "Əkinçi"
özündən sonra bir sıra milli mətbu nümunələrin
nəşrinə cığır açdı. Ünsizadə qardaşlarının
yaratdıqları "Ziya" ("Ziyayi-Qafqaziyyə"),
"Kəşkül" kimi nəşrlər
"Əkinçi" ənənələrindən bəhrələnərək
mətbuatın inkişafına təkan oldu. 1918-ci il may ayının 28-də yaranan Azərbaycan
Xalq Cümhuriyyəti 23 ay yaşamasına baxmayaraq, üzərinə
götürdüyü çətin tarixi vəzifəni
imkanlarının ən son həddində
çalışaraq, şərəflə yerinə yetirdi. Bu dövrün reallıqları mətbuat səhifələrində
işıqlandırıldı və cəmiyyətin
informasiya tələbatının ödənilməsi
üçün mühüm addımlar atıldı. Tədqiqatlar göstərir
ki, bu dövrdə 100-ə yaxın müxtəlif adda qəzet
və jurnal çapdan çıxıb.
Ümumiyyətlə, ötən müddət ərzində
Azərbaycan mətbuatı çox şərəfli, keşməkeşli
bir yol keçib. Mətbuat hər zaman cəmiyyətin
aynası olub, bu gün də öz rolunu ləyaqətlə
davam etdirir. Azərbaycan ikinci dəfə
müstəqillik əldə etdikdən sonra ölkəmizdə
medianın rolu daha da artmağa başladı. Xüsusilə, ulu öndər Heydər Əliyevin
hakimiyyətə qayıdışından sonra, digər sahələr
kimi, Azərbaycan mətbuatının inkişafında da
keyfiyyətcə yeni mərhələ başlandı. Həmin dövrdən etibarən azad, müstəqil
mətbuatın inkişafı istiqamətində davamlı addımlar
atıldı, inkişafa mane olan süni maneələr aradan
qaldırıldı, qanunvericilik bazası
formalaşdırıldı və KİV-lərin maddi-texniki
bazasının yaxşılaşdırılması
yönümündə mühüm tədbirlər həyata
keçirildi. Belə ki, Heydər Əliyevin 6 avqust
1998-ci il tarixli "Azərbaycan
Respublikasında söz, fikir və mətbuat
azadlığının təmir edilməsi sahəsində tədbirlər
haqqında" Fərmanı ilə mətbuatın üzərindən
senzura götürüldü.
Təbii ki, senzuranın mövcudluğu mətbuatın
işinə, müstəqil fəaliyyətinə problemlər
yaradırdı. Bu vacib qərar yeni müstəqil
medianın fəaliyyəti üçün geniş imkanlar
açdı. Bundan sonra, qəbul edilən
mətbuatın inkişafında yeni mərhələnin əsasını
qoydu. KİV-lərin maddi-texniki şəraitinin
yaxşılaşdırılması üçün Tədbirlər
Proqramı təsdiqləndi, həmçinin, "Kütləvi
İnformasiya Vasitələri haqqında", "Məlumat
azadlığı haqqında" qanunlar qəbul olundu, qəzetlərin
"Azərbaycan" nəşriyyatına borcları
donduruldu.
Heydər Əliyevin hər addımında azad mətbuatın
inkişafına verilən önəm diqqəti xüsusilə
cəlb edir.
Milli mətbuatımızın yubileylərinin keçirilməsi,
qəzet redaktorları ilə mütəmadi görüşlərin
keçirilməsi, onları narahat edən məsələlərlə
yaxından tanış olub, aidiyyəti
qurumlara göstərişlər verilməsi də həmin
dövrün mühüm addımları
sırasındadır. Ümummilli lider jurnalist əməyini
belə dəyərləndirirdi: "Jurnalist əməyi
qeyri-adi əməkdir. Böyük səy, zəhmət,
cəsurluq, hünər, fədakarlıq və öz peşəsinə
vurğunluq tələb edən əməkdir".
Ümummilli lider Heydər Əliyevin mətbuata göstərdiyi
diqqət və qayğı, hər zaman mətbuatın yanında
olması onun 2002-ci ildə "Jurnalistlərin dostu"
mükafatına layiq görülməsi ilə nəticələndi.
Prezident
İlham Əliyevin hakimiyyətdə olduğu 15 il ərzində də mətbuata diqqət hər
zaman ön sırada olub. Mətbuatın
maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalist
peşəkarlığının və məsuliyyətinin
artırılması istiqamətində həyata keçirilən
tədbirlər, KİV-lərə birdəfəlik maddi
yardımların verilməsi və digər tədbirlər
davam etdirilib. Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu
yaradılıb, jurnalistlərin mənzil şəraitinin
yaxşılaşdırılması üçün dövlət
hesabına mənzillər inşa olunur. Hazırda
255 mənzilli üçüncü binanın tikintisi
aparılır. Bu günlərdə yenidən çap mətbuatına 1
milyon manat ayrılması da bu qayğının yeni parlaq təzahürüdür.
Milli mətbuatın 130, 135 və 140 illik yubileylərinin
dövlət səviyyəsində qeyd edilməsi, 2005-ci ildə
"Əməkdar jurnalist" fəxri adının bərpası,
yüzlərlə jurnalistin yüksək fəxri adlara, təltiflərə
layiq görülmələri və digər mühüm tədbirlər
ölkə rəhbərinin mətbuata qayğısını
əyani şəkildə nümayiş etdirir.
"Bakı
Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev
deyib ki, Azərbaycan mediası çox böyük inkişaf
yolu keçib, ölkə mediasının hazırkı vəziyyətini
143 illik inkişaf yolunun zirvələrindən biri saya bilərik.
A.Quliyev bildirib ki, bu illər ərzində Azərbaycan
mediası yüksək peşəkarlıq göstəriciləri
əldə edib: "Jurnalistlərin sosial vəziyyəti
yaxşılaşıb, onların mənzil probleminin həlli
yönündə əməli və böyük addımlar
atılıb. Mediamızın beynəlxalq
inteqrasiya yönümündə fəaliyyətində
böyük nəticələr əldə olunub. Mediamızın peşəkarlıq səviyyəsinin
artırılması istiqamətində böyük nailiyyətlər
var".
Baş
redaktor vurğulayıb ki, hazırda mətbuatımızın
dövlətçilik mənafeləri və vətənpərvərlik
prinsiplərini mənimsəməsi yüksək səviyyədədir:
"Bir cümlə ilə ifadə etsək, mediamızın
bu illər ərzində inkişaf nəticələri
qürurvericidir. Ən böyük nəticə
isə mediamızın dövlətçi media
olmasıdır. Çünki heç
zaman Azərbaycan mediası indiki kimi dövlətçi
olmayıb. Təbii ki, bu da görülən
işlərin nəticəsidir".
A.Quliyev
qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin konseptual
olaraq həyata keçirdiyi media siyasəti nəticəsində
media orqanlarının maddi texniki durumu möhkəmlənib:
"Ölkə başçısının sərəncamları
ilə bu sahəyə maliyyənin ayrılması, jurnalistlərin
mənzillərlə təmin olunması, fərdi yazı
müsabiqələrinin keçirilməsi, ehtiyacı olan
jurnalistlərə sosial yardım istiqamətində dəstəyin
verilməsi ilk növbədə mediamızın dövlətçi
mediaya çevrilməsində böyük rol oynayıb".
Baş
redaktor əlavə edib ki, görülən işlərlə
yanaşı, digər tərəfdən Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun həyata keçirdiyi tədbirlər nəticəsində
mediamızla icra hakimiyyəti orqanları arasında
işgüzar əlaqələr möhkəmlənib: "Təbii
ki, sadalananlar Azərbaycan mediasının keçdiyi
inkişaf yolunun yalnız müəyyən ümumi mənzərəsi
idi. Deyilən hər fikrin arxasında çox
sayda element və detallar var".
"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev
deyib ki, Azərbaycan Milli Mətbuatı keçən dövr ərzində
böyük inkişaf yolu keçib. Xüsusilə də
Azərbaycan müstəqilliyini yenidən elan edəndən
sonra müstəqil medianın formalaşması istiqamətində
silsilə addımlar atılıb və medianın
qanunvericilik bazası formalaşdırılıb. Həmçinin, müstəqil media
resurslarının texniki bazasının gücləndirilməsi
istiqamətində işlər görülüb.
Onun
sözlərinə görə, bütün bu görülən
işlərin nəticəsi olaraq bu gün Azərbaycanda
formalaşmış müstəqil, dövlətçi media
institutu mövcuddur: "Bu illər ərzində jurnalistlərin
peşəkarlığının artırılması ilə
bağlı silsilə tədbirlər həyata keçirilib. Onlar artıq uğurlu nəticələrini verməkdədir.
Azərbaycanın müstəqil
mediasının formalaşmasında dövlətin dəstəyini
də xüsusi vurğulamaq lazımdır. Bildiyiniz kimi, Azərbaycanda Kütləvi
İnformasiya Vasitələrinin inkişafı ilə
bağlı Dövlət Konsepsiyası qəbul edilib. O Konsepsiya əsasında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondu (KİVDF) yaradılıb və fəaliyyətə
başlayıb. Artıq 10 ilə
yaxındır ki, Fond fəaliyyətdədir. Xüsusilə də yazılı medianın ayaqda
qalmasında, özünü qoruyub saxlamasında Fond müstəsna
rol oynayır. Bu Fond vasitəsilə
jurnalistlər arasında fərdi jurnalist yazıları
müsabiqəsi keçirilir. Jurnalistlər
ildə minimum üç dəfə Fond tərəfindən
maddi dəstək alırlar. Bundan əlavə,
KİVDF vasitəsilə Azərbaycan mediasının dövlət
strukturları ilə əlaqələrinin yaradılması
istiqamətində işlər görülür və
müxtəlif tədbirlər keçirilir. Bir növ media ilə dövlət strukturları
arasında körpü yaradılır.
Həmçinin, Azərbaycan dövləti jurnalistlərin
mənzil-məişət şəraitinin
yaxşılaşdırılması ilə bağlı
addımlar atır. Azərbaycan Prezidenti cənab İlham
Əliyevin imzaladığı sərəncamla dövlət vəsaiti
hesabına artıq iki bina inşa olunub jurnalistlərin istifadəsinə
verilib. Xeyli sayda jurnalistin mənzillə təminatı
həyata keçirilib. Hazırda
üçüncü binanın da tikintisi sürətlə
davam etdirilir. 2020-ci ilin iyul ayında da yeni
bina inşa olunaraq jurnalistlərin ixtiyarına veriləcək.
Bütün bunlar Azərbaycanda medianın
inkişafda olduğunu göstərir. Azərbaycan
mediasının özünütənzimləmə mexanizmi
mövcuddur. Azərbaycan Mətbuat
Şurası vasitəsilə jurnalistlər öz rəhbərlərini
seçirlər. Eləcə də
jurnalistika sahəsindəki bütün məsələləri
özləri müzakirə edərək qərarlar qəbul
edirlər. Düzü, Mətbuat
Şurasının qəbul etdiyi qərarlar ictimai qınaq
xarakteri daşıyır, amma bu da sirr deyil ki, son illərdə
Mətbuat Şurası xeyli nüfuz qazanıb. Media müstəvisində meydana çıxan
problemlər, cari olaraq rastlaşdığımız məsələlər
Mətbuat Şurası müstəvisində müzakirə
olunur və qərarlar qəbul edilir. Amma
bütün bunlar Azərbaycan mediasının problemlərinin
həll olunması demək deyil. Təbii
ki, bizim problemlərimiz də mövcuddur. Xüsusən
jurnalistlərin sosial durumu ilə bağlı vəziyyət
bizim istədiyimiz səviyyədə deyil. Eləcə də peşəkarlıqla bağlı
müəyyən nüanslar var ki, qarşıdakı
dövrdə onlar aradan qaldırılmalıdır. Biz uzun illərdir ki, "Reket jurnalistikası" məsələsini
müzakirə edirik. Bu, Azərbaycanı mediasını
hörmətdən salır. Qarşıdakı
illərdə bu problemin aradan qaldırılması ilə
bağlı ciddi addımlar atılmalıdır".
“İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə vurğulayıb ki, Azərbaycan jurnalistikası 143 il ərzində böyük, şərəfli, eyni zamanda, məsuliyyətli yol keçib. Son illər bu sahəyə kifayət qədər önəm verilir. Prezident İlham Əliyevin bu yaxınlarda çap mediasına birdəfəlik yardımla bağlı imzaladığı sərəncam mətbuata göstərilən qayğının bariz nümunəsidir. Dövlət başçısının çap mediasının maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində imzaladığı son sərəncamın mətbuatın inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən baş redaktor söyləyib ki, ümumiyyətlə, dövlətimizin mətbuata göstərdiyi diqqət müstəqil mətbuatın daha da inkişaf etməsinə geniş imkanlar açır. Bu gün Azərbaycanda güclü nətbuat orqanlarının formalaşdığını deyən V. Rəhimzadə əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata göstərdiyi qayğı nəticəsində yüzlərlə jurnalist yeni mənzillərlə təmin olunub: "Buna yalnız sevinmək lazımdır".
Əlavə edib ki, söz azadlığı ölkəmizdə tam təmin edilib. Heç bir məhdudiyyətdən söhbət gedə bilməz. Ölkə əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. İnternetin azad olduğu ölkədə hansısa məhdudiyyətdən danışmaq qeyri-mümkündür: "Müharibə şəraitində yaşayan ölkə olduğumuzu nəzərə alsaq, bu günümüzün əsas tələblərindən, çağırışlarından, ən əsası, yazılı və elektron KİV-lərdən gözləntilərimiz informasiya təhlükəsizliyini qorumaq, dövlətin maraqlarını öndə saxlamaq, vətənpərvərlik, obyektivlik və qərəzsizlik prinsiplərinin vəhdətliyini təmin etməkdir. Ulu öndər Heydər Əliyevin uğurlu gələcəyimizə hesablanmış düşünülmüş və məqsədyönlü siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində günbəgün güclənən, qüdrətlənən Azərbaycan hər birimizin qürur mənbəyinə çevrilərək, bu inamı da ifadə etməyə əsas verir ki, cəmiyyətimizin güzgüsü olan mətbuat zamanın tələbinə uyğun daha da təkmilləşəcək, cəmiyyətin informasiya tələbatını dolğun şəkildə təmin etməklə davamlı inkişafa öz töhfəsini verəcək".
PƏRVANƏ
525-ci qəzet.-2018.- 24 iyul.- S.5.