İctimai televiziyada yeni peşəkarlıq
axtarışları
Beynəlxalq aləmdə və eləcə də Azərbaycanda
ictimai teleradio ayrıca tipoloji xarakterə malikdir.
Təsadüfi deyil ki, ictimai
teleradionun məqsəd və vəzifələrini, digər
TV kanallarından fərqli xüsusiyyətlərini nəzərə
alan Avropa Şurasının Nazirlər
Kabineti vaxtilə bu media nümunəsinin açar qanununu
yaratmışdır. Azərbaycan Avropa
Şurasına qəbul zamanı üzərinə
götürdüyü öhdəliklər sırasında ilk
növbədə İctimai teleradio haqqında bu Qanunu milli
xüsusiyyətlərə uyğun şəklə salıb qəbul
etmiş və 2005-ci ilin avqust ayından belə bir qurumun fəaliyyətinə
nail olmuşdur. Əslində, vaxtilə
dünyada özəl-kommersiya teleradiolara alternativ
yaradılmış İctimai teleradionun Avropa ölkələrində
maraqlı nümunələri meydana çıxdı. Azərbaycan Respublikası da ölkədə
demokratik dəyərlərin formalaşmasında ciddi önəm
kəsb edən belə bir media qurumunun yaradılmasında
heç də gecikmədi. Artıq fəaliyyətinin
on üçüncü ilini tamamlamaqda olan Azərbaycan
İctimai teleradiosu peşəkarlığın
üçüncü mərhələsini yaşamaqdadır.
İctimai
teleradionun xalqımızın milli-mənəvi dəyərlərinin
qorunması və zənginləşməsi, ölkədə
demokratik dəyərlərin formalaşdırılması,
informasiya faktlarının tərəfsiz, qərəzsiz,
balanslı, dəqiq işıqlandırılması, ucuz
sensasiyalardan, bir sıra digər telekanallarda özünü
göstərən şit və məzmunsuz şoulardan uzaq
olması, jurnalistikanın məlumatlandırmaq, maarifləndirmək,
əyləndirmək kimi fundamental funksiyalarına
bağlılığı ilə tamaşaçı hörmətini
qazanmışdır.
Əlbəttə, ictimai teleradionun peşəkarlıq
baxımından fəaliyyəti tamaşaçını
heç də həmişə qane etməmişdir. Fəaliyyətinin
ilk dönəmində İctimai teleradionun Qərb modellərinə
xeyli yaxın olan bu qurum sonralar bəzi hallarda İctimai
teleradio tipinin müstəqillik xarakterinə etinasızlıq
məqamlarına da yol vermişdir. Bəlkə elə
ona görədir ki, bir az bundan əvvəl
İctimai teleradionun rəhbərliyində əsaslı kadr dəyişikliyi
oldu və bu qurumun Yayım Şurası demokratik müsabiqə
şəraitində teleradioya yeni Baş direktor seçdi. Yeni Baş direktor Balakişi Qasımov bizə ictimai
xadim kimi yaxşı tanışdır və ən azı o,
beynəlxalq lisenziyalı "Nə, harda, nə vaxt" kimi
intellektual bir teleproqramı Azərbaycan teleməkanına tətbiq
etməyi ilə tamaşaçıların rəğbətini
qazanmışdır. Mükəmməl təhsilə və
xeyli dərəcədə teletəcrübəyə sahib
Balakişi Qasımov İctimai teleradioya Baş direktor
seçilənədək "Game TV-az" prodüser mərkəzinin
rəhbəri olub, bir sıra brend proqramların ali mükafatlarına layiq görülüb. B.Qasımov indiki vəzifəsində İctimai
teleradioda peşəkarlığı yüksəltmək, bu
teleradionun tipoloji xarakterini lazımi səviyyədə
formalaşdırmaq üçün daxili kadr dəyişikliyi
prosesinə başlamışdır. Teleradionun obyektiv
xarakterli əməkdaşlarından öyrəndiyimiz kimi,
buradakı kadr dəyişikliyi iki əsas prinsipə əsaslanır:
birincisi, müəyyən səbəblər üzündən
şirkətə yol tapmış bir sıra qeyri-peşəkarların
buradan uzaqlaşdırılması, ikincisi, peşəkarlığın
yüksəldilməsi naminə bu sahədə media ictimaiyyətinin
yaxşı tanıdığı bəzi telejurnalistlərin
işə cəlb edilməsi. Bu sırada məsələn,
televiziya tamaşaçılarının yaxşı
tanıdığı, hətta, bir vaxtlar telejurnalist kimi Ermənistan
prezidenti Sarkisyanı öz sualı ilə yerində
oturtması ilə tanınan Murad Hüseynovu ayrıca qeyd etmək
istərdik. Bu gənc və peşəkar telejurnalist
Baş direktorun müavinidir və hiss olunur ki, onun televiziya
informasiya proqramına yeni baxışı
"Carçı"nın informasiya
siyasətindən tutmuş yaradıcılıq üslubunadək
hər şeydə yeni nəfəs, yeni kontent meydana
qoymaqdadır. İstər informasiya təqdimatında,
istərsə də digər maarifləndirici proqramlarda və
bəlkə də bütövlükdə İctimai
televiziyanın proqram siyasətində izlədiyimiz bəzi
yeni peşəkarlıq məqamları üzərində
dayanmaq istərdik.
Aydın məsələdir ki, hər bir media qurumunun fəaliyyət
prinsiplərini müəyyən edən ilkin və əsas
göstəricilərdən biri informasiya siyasətidir. Əlbəttə,
jurnalistikada "informasiya siyasəti" anlayışı qətiyyən
siyasi məzmun daşımır. Bu
anlayış qəzetin, teleradionun - KİV nümunəsinin
ünvanlandığı auditoriyaya yönəltdiyi
informasiyanın əsas istiqamətini, hansı xəbərlərə,
proqram formatlarına daha çox üstünlük verməsini
nəzərdə tutur. Hər hansı bir
Kütləvi İnformasiya Vasitəsinin tipoloji xarakterini ilk
növbədə onun seçdiyi auditoriya və bu auditoriyaya
ünvanlanan informasiya siyasəti formalaşdırır. İctimai televizaya bütün cəmiyyətə,
ictimaiyyətə ünvanlanır və onun informasiya siyasətini
reklam bazarı deyil, sırf ictimai və milli maraq müəyyənləşdirir.
Ona görə də, yəqin
tamaşaçılar təsdiq edə bilərlər ki,
İctimai televiziyanın özəyini təşkil edən
"Carçı" xəbərlər proqramı heç
vaxt sensasiya ardınca qaçmayıb. Bir
tərəfdən ona görə ki, ictimai teleradio
yarandığı gündən dövlət tərəfindən
maliyyələşir və onun reytinq dalınca
qaçmağa əsası yoxdur, digər tərəfdən
bu teleradio haqqında Qanun onun maarifçilik, milli-mənəvi
dəyərlər sisteminə münasibətlə
bağlı xüsusi tələblər irəli sürür.
Ona görədir ki, ictimai televiziya istər
informasiya, istər analitik və istərsə də əyləncəli
proqramlarda milli maraqlar, ictimai maraqlar və bu aspektdə
maarifçilik missiyasını öndə tutur. Lakin o da var ki, tamaşaçı maarifçilik
proqramlarına yalnız yüksək peşəkarlıq
rakursundan yanaşır - belə bir keyfiyyət yoxdursa, həmin
verilişlərə maraq azalır. İctimai
teleradionun yeni rəhbərliyi məhz bu keyfiyyəti yüksəltmək
məqsədini hədəfə almışdır. Və bu hədəfdəki reallıqlar
özünü daha çox "Carçı"da göstərməyə
başlayıb. İndi bizim qeyd edəcəyimiz
bu göstəricilər ilk baxışda adi də
görünə bilər. Lakin bu
"adiliyin" doğurduğu reallıqlar həm yenidir, həm
də tətbiq olunmağı ilə uğur qazanmaqdadır.
Hər şeydən əvvəl onu qeyd edək ki,
"Carçı" informasiya proqramının fəaliyyətində
güclü bir dinamika var. Və əslində, bu dinamika
özündə bir sıra maraqlı peşəkarlıq
keyfiyyətlərini birləşdirir. Məsələn,
proqramın mövzu arealı. Əvvəllər
"Carçı", nə gizlədək, daha çox
yaxın ərazidəki hadisələrə üstünlük
verirdi. Yəni paytaxt hadisələri
dominantlıq təşkil edirdi. Son vaxtlar,
ən adi tamaşaçının da hiss etdiyi kimi,
"Carçı" nəinki Azərbaycanın
bütün regionlarına, habelə xarici ölkələrə
də öz müxbirlərini ezam etməkdədir. Təkcə bu günlərdə Rusiyada keçirilən
futbol üzrə dünya çempionatı zamanı bu ölkənin
müxtəlif şəhərlərində xaricdən
axışıb gələn azarkeşlərin Bakı, Azərbaycan
haqqında emosional sinxronlarının birbaşa hadisə
yerindən xüsusi reportajlarla təqdimi çox yaddaqalan
oldu.
Adi
görünə biləcək bir detala diqqət edək:
"Carçı"nın istisnasız
olaraq bütün reportyorları hadisə yerindən xəbəri
jurnalistlərin "stand-up" dedikləri bir
görüntü ilə başlayıb, onunla da bitirirlər. Belə bir peşəkarlıq məqamı onunla
şərtlənir ki, tamaşaçı reportyorun hadisə
yerində olduğuna inansın və bununla da təqdim olunan
informasiya inandırıcı təsir
bağışlasın. Bu gün
"Carçı"nın
reportyorları stand-up elementini çox uğurla həyata
keçirməkdədirlər.
Yaxud
hamının yaxşı yadındadır ki,
"Carçı"nın
reportyorları informasiyanı adətən konstatasiya etməklə
- yəni yalnız hadisəni qeyd etməklə kifayətlənirdilər.
İndiki halda isə reportyorlar baş vermiş hadisə ilə
bağlı ortaya çıxa biləcək niyə, nə
üçün, nə səbəbə, bu hadisə hansı
nəticələr verə bilər və s. kimi suallara ekspert
rəyləri, yaxud da hadisə barədə məlumatı
olan, cavabdeh olan kompotent adamların fikirlərini təqdim edirlər.
Belə bir analitik prinsipi gerçəkləşdirmək
üçün reportyor bir neçə məkanda olur və
operativ şəkildə hadisəyə, fakta aydınlıq gətirir.
Telemüxbirlərin Göyçayda körpünün
dağılması və onun səbəbləri barədə
reportajları, TANAP-la bağlı reportajlar,
Bakı-Şamaxı yolundakı təmir işlərindən
məzmunlu analitik materiallar, istilərlə bağlı
reportaja cəlb
edilən həkim və onun məsləhəti, təcili
çağırış məntəqəsindən,
açıq havada işləyənlərin iş yerindən
və bunlara aid hava bürosunun məlumatına qədər
neçə məkanda olması və bütün bunları
operativ çatdırması maraq doğurdu.
"Carçı" hadisələrə tənqidi
münasibətini artırmaqdadır. Bir az əvvəl Bakı-Sumqayıt
yolundakı təmir işlərində zamanla bağlı
narahatlıq, Sumqayıt-Novxanı yolunda dənizkənarı
torpaqların zəbt edilməsi və dənizin
"hasarlanması", Bakı şəhərində mənzil
bahalığının səbəbi, Nəsimi rayonu Cəlil
Məmmədquluzadə küçəsində yol
çökməsinin səbəbi ilə bağlı rayon
icra hakimiyyəti rəhbərliyinin jurnalist
sorğularını cavablandırmaması, dayanacaqlarda
yığılan pulların müəmmalı itməsi, ali məktəblərdə
təhsil haqqının əsassız artırılması və
s. faktları qeyd etmək olar.
Mingəçevir
Elektrik Stansiyasındakı qəza və bunun nəticəsində
ölkədə işıqların keçməsi hadisəsinin
sosial şəbəkələrdə şişirdilməsi
zamanı "Carçı"nın bir
təhlili reportajı çox yerinə düşdü. Proqramda dünyanın iri şəhərlərində
baş vermiş elektrik enerji qəzaları nətıcəsində
yaranmış zülmətlərlə bağlı maraqlı
faktları göstərən reportaj camaatı panikaya
salmağa cəhd göstərən bir sıra saytların əksinə
olaraq hadisələrdən ən güclü dövlətlərin
belə sığortalanmadığını nümayiş
etdirdi.
"Carçı" bu gün nəinki
mövzularını, habelə informasiya məkanını da
genişləndirib. Proqramın reportyorunun Moskvada Vladimir
Jirinovski ilə müsahibəsi bu qəbildən oldu. Bu yerdə Rusiya siyasətçisinin Ermənistan rəhbərliyini
lağa qoyması lap yerinə düşdü.
"Çarçı" informasiya proqramı hadisələrə,
hətta sosial şəbəkələrdə müzakirəyə
çevrilən hadisələrə operativ münasibətilə
də diqqət çəkir. Bu günlərdə
sosial şəbəkələrdə qolu yaralanmış qoca
bir qadının guya yaralı halda belə küçə
süpürməsini əks etdirən foto geniş müzakirəyə
səbəb oldu. İctimai televiziya bu faktla bağlı
həmin qadının iş yerinə gedərək "Foto -
hadisə"ni araşdırdı və
belə bir həqiqəti ortaya çıxardı ki, qolu
sarıqlı həmin qadın heç də fotoda iddia
edildiyi kimi işə cəlb edilməmişdir. Qadın səmimi şəkildə vəziyyəti
izah etdi və həmin fotonun mahiyyəti təhrif etdiyini
bildirdi. İctimai televiziyanın bu reportajından belə
məlum oldu ki, həmin qadın evsiz-eşiksizdir və onun
dövlət qayğısına ehtiyacı var. Reportaj efirə
gedəndən dərhal sonra Dövlət Sosial Müdafiə
Fondu həmin qoca qadının taleyi ilə maraqlanmış,
onun sosial yardımla təmin olunacağı ilə
bağlı araşdırmaya başlamışdır. İctimai televiziyanın reportyoru bu faktı da izləmiş
və bununla bağlı maraqlı bir reportajı
tamaşaçılara təqdim etmişdir. Ümumiyyətlə, ayrıca qeyd etmək istərdik
ki, İctimai televiziya sosial problemlərə xüsusi diqqət
yetirməkdədir.
İctimai televiziyanın digər proqramlarında da
yenilik var. Bu proqramlarda yaradıcılıq
axtarışları genişlənir. Anar Yusifoğlu Azərbaycanın
inkişafı və Ümümilli liderimiz Heydər
Əliyevin siyasi fəaliyyəti barədə yüksək səviyyəli
tədqiqatlar aparmış və kitablar nəşr
etdirmiş britaniyalı yazıçı Qrin Uilsonu
"Aktual mövzu" proqramına dəvət etməklə
tamaşaçını ölkəmizin həqiqətlərinin
geniş arealda təbliğinə dair yeni faktlarla məlumatlandırdı.
Ümumiyyətlə, analitik proqramlara
günün prioritet hadisəsini işıqlandırmaqla
bağlı yeni ekspertlər dəvət olunması əvvəlki
stereotiplərdən uzaqlaşma təsiri
bağışlayır.
İctimai televiziyanın dünya birinciliyi uğrunda
Rusiyada keçirilən oyunları ilə bağlı fəaliyyətini
xüsusi qeyd etmək istərdik. Əvvəla onu deyək
ki, ciddi ictimai maraq kəsb edən bu tipli hadisələrin məhz
bu TV-də təqdim olunması ictimai teleradio haqqında Qanunda
təsbit edilmişdir. İkincisi, onu qeyd
edək ki, ictimai televiziya bir ay sürən bu futbol
zamanında çox maraqlı idman proqram formatları ilə
efirə çıxdı. "Bolfutbol"
rubrikasının özü yaradıcı heyətin bir ədəbi
tapıntısı idi və bu proqramda istər futbol şərhçiləri,
istərsə də əməkdaşlar yaddaşlarda qalan
peşəkarlıq nümunələri göstərdilər.
Yuxarıda da qeyd etdiyimiz kimi, bu proqramda İTV-nin loqosunu əks
etdirən mikrofonları canlı bağlantılarla çox
iş gördülər.
"Bolfutbol"un çempionatın
final yarışında oynayan Fransa və Xorvatiya səfirliyinin
nümayəndələrini oyunu birgə seyr etməyə dəvət
etməsi, daha sonra səfirlərin fikirlərini onların
yarışı seyr etdikləri məkandan canlı
bağlantı və canlı sinxronları İTV-nin peşəkarlıq
uğurlarından hesab olunmalıdır.
İctimai televiziyanın "Yeni gün" səhər proqramının yeri gəldikcə paytaxtımızın ayrı-ayrı tarixi abidələri qarşısından milli memarlıq incilərimiz haqqında canlı reportajları da yenilik kimi qəbul olunmalıdır. Bu məqamlarda reportyorun canlı bağlantıları maraq doğurur. Bir məqamı da qeyd edək ki, İTV-nin bazar günləri səhər-səhər xeyli vaxtdan bəri efirə çıxardığı "Sabahınız xeyir" proqramı da bu gün yeni nüanslara imza atmaqdadır. Proqramın bu yaxınlarda ippadrom ərazisindən efirə canlı çıxan (bu proqram efirə həmişə canlı çıxır) "Sabahınız xeyir"ə dəvət etdiyi qonaqlarla, Azərbaycan atlarına sevgilərin ifadəsi ilə, milli dəyərlərimizə bağlı söhbətlərlə bir nümunə olaraq maraq doğurdu.
Bir çox proqram formatlarında, o cümlədən, "Biri var imiş, biri yox imiş" uşaqlar üçün verilişdə, musiqi proqramlarının mahnı və müğənni seçimlərində də yeni peşəkarlıq məqamları var.
İndi belə bir məsələ də gündəmdədir ki, İctimai teleradionun texniki avadanlığı xeyli köhnəlibdir, yeni dövrün tələblərinə cavab vermir. İndiki rəhbərlik teleradionun yeni avadanlıqlarla təmin olunması, studiyaların müasir səviyyədə qurulması kimi əməlli-başlı maliyyə vəsaiti tələb edən problemlər üzərində də iş aparmaqdadır. Əlbəttə, İctimai televiziya yaradıldığı gündən başlayaraq bir çox yeniliyə imza atmışdır. Bu teleradio həmişə öz fəaliyyətində milli və ictimai maraqlara xüsusi diqqətlə yanaşmışdır. Ancaq indiki məqamda bu diqqət həm də peşəkarlıqla müşayiət olunmaqdadır. İctimai teleradio öz fəaliyyətində Azərbaycan, azərbaycançılıq, milli-mənəvi dəyərlər sisteminə məhəbbət ruhunda fəaliyyət göstərir. Bu yolda ona yeni uğurlar arzulayırıq.
Efirdən hiss olunur ki, dünyanın
telekanallarında olduğu kimi, İctimai televiziya da proqram
siyasətini yay istirahətinə uyğun qurmuşdur. Bir azdan
yay tətilləri bitəcək və İctimai televiziyada biz
bir çox yeni peşəkarlıq faktları ilə
rastlaşacağıq. Bu yolda İctimai Teleradionun kollektivinə
uğurlar arzulayırıq.
Nizami CƏFƏROV
525-ci qəzet.-2018.- 24 iyul.- S.5.