Mübariz Qurbanlı fransız yazıçı ilə görüşdü

 

Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı fransız yazıçısı, "Beynəlxalq Reyn Dərnəyi"nin prezidenti Jerar Kardon ilə görüşüb.

Görüş zamanı Mübariz Qurbanlı ölkəmizdəki tolerant və multikultural mühit barədə söz açıb. O bildirib ki, bu gün dünya miqyasında demokratik dəyər kimi təbliğ olunan tolerantlığa xalqımız təkcə hüquq yox, həm də mənəvi dəyər prizmasından yanaşır. Komitə sədri ölkəmizdə dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquqlarının qanunla qorunduğunu vurğulayıb. Azərbaycanda bütün dini azadlıqların təmin edildiyini deyən M.Qurbanlı qonağı ölkəmizdə 2250 məscid, 14 kilsə, 7 sinaqoqun olması, 31-i isə qeyri-islam olmaqla 835 dini icmanın dövlət qeydiyyatına alınması barədə məlumatlandırıb.  O, Ümummilli lider Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində bünövrəsini qoyduğu siyasətin onun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Azərbaycan Parisin ürəyində" adlı layihə çərçivəsində Parisdə həyata keçirilən "Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti" mövzusunda keçirilmiş konfransı məmnunluq hissi ilə xatırladan M.Qurbanlı ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasına və təbliğinə böyük həssaslıq nümayiş etdirildiyini qeyd edib.

Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan M. Qurbanlı vurğulayıb ki, Azərbaycan torpaqlarının iyirmi faizinin Ermənistan tərəfindən işğalı nəticəsində bir milyondan çox soydaşımız öz doğma yurdlarından didərgin düşüb, dini-tarixi abidələr, o cümlədən, məscidlər, ziyarətgahlar erməni vandalizminə məruz qalıb.

Azərbaycana hər səfərində davamlı inkişafın şahidi olduğunu vurğulayan fransız yazıçısı ölkəmizdəki tolerantlıq mühitini təqdirəlayiq hal kimi qiymətləndirib. Jerar Kardon xalqımızın zəngin milli-mənəvi dəyərlərinə, onun tərkib hissəsi olan dözümlülük və birgəyaşayış ənənəsinə bağlı olduğunu dilə gətirib.

Görüşdə Azərbaycanda dini icmalara göstərilən diqqət və qayğı, eləcə də Azərbaycan-Fransa dostluq əlaqələri haqqında qarşılıqlı fikir mübadiləsi aparılıb.

 

S.QARAYEVA

525-ci qəzet.-2018.- 24 iyul.- S.3.