Prezidentin uğurlu Fransa səfəri:
Azərbaycan-Avropa İttifaqı əlaqələri inkişaf
edir
PARİSDƏ APARILAN
DANIŞIQLAR, İMZALANMIŞ SAZİŞLƏR
MÜNASİBƏTLƏRİN YENİ MÜSTƏVİYƏ
YÜKSƏLMƏSİNƏ STİMUL VERİR
Məlum olduğu kimi, iyulun 19-da prezident İlham
Əliyev Fransaya rəsmi səfər edib.
Fransa prezidenti Emmanuel Makronun dəvəti əsasında
baş tutan səfər çərçivəsində
dövlət başçısı Parisdə yüksək səviyyəli
dövlət rəsmiləri, aparıcı şirkət rəhbərləri
ilə səmərəli görüşlər keçirib,
siyasi və iqtisadi əlaqələrin inkişafı istiqamətində
mühüm danışıqlar aparıb.
Bu mənada,
prezident İlham Əliyevin fransalı həmkarı Emmanuel
Makron, Fransa Senatının sədri Jerar Larşe, Fransa Milli
Assambleyasının sədri Fransua de Rüji, "Bouygues
Travaux Publics" şirkətinin baş icraçı
katibinin müavini Mark Adler, "CIFAL" qrupunun prezidenti Jil
Remi, "IVECO France" şirkətinin prezidenti, "IVECO
Global Bus"un rəhbəri Silvan Blez, "Rothschild and Co"
şirkətinin Müşahidə Şurasının sədri
Devid de Rotşild, "Thales International" şirkətinin
baş vitse-prezidenti Rafael Eskinazi, "Wilmotte & Associ?s
Architectes" şirkətinin icraçı direktoru xanim
Borina Andriye , "SUEZ" qrupunun baş icraçı
direktoru Jan Lui Şassod, "Airbus" şirkətinin Avrasiya
üzrə vitse-prezidenti Silver Delonay, "Total" şirkətinin
sədri və baş icraçı direktoru Patrik Puyane,
"Naval" qrupunun sədri və baş direktoru Erve Giyu ilə
keçirdiyi görüşlər Azərbaycan-Fransa və Azərbaycan-Avropa
İttifaqı əlaqələrinin daha da möhkəmləndirilməsi,
yeni sahələri əhatə edən əməkdaşlıq
formatlarının yaradılması baxımından
mühüm əhəmiyyət kəsb edib. Təkcə
Fransanın yox, Avropa və bütövlükdə
dünyanın aparıcı iqtisadi qurumlarından şirkətlərin
rəhbərləri görüş nəticəsində 2-3
milyard dollarlıq anlaşmalar imzalanıb. Bu anlaşmalar həm Fransanın, həm də Azərbaycanın
iqtisadiyyatına mühüm töhfə verəcək, iki
ölkə arasında, eləcə də Avropa İttifaqı
ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığı
daha da dərinləşdirəcək.
ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi
Fransanın münaqişənin həllində üzərinə
götürdüyü öhdəliklərə uyğun olaraq,
prezident İlham Əliyev fransalı həmkarı ilə
keçirdiyi görüşdə Dağlıq Qarabağ
problemi ilə bağlı Azərbaycanın mövqeyi barədə
ətraflı məlumat verib. Ümidvarlıq ifadə
olunub ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan
Fransanın prezidenti şəxsən bu münaqişənin həllində
fəal iştirak edəcək.
Müzakirələr
zamanı Azərbaycan ilə Fransa arasında ikitərəfli
münasibətlərin siyasi, iqtisadi, energetika, ekologiya, nəqliyyat,
təhlükəsizlik, mədəni və digər sahələrdə
uğurla inkişaf etdiyi bildirilib, Azərbaycanda Fransız
Liseyinin və Azərbaycan-Fransız Universitetinin fəaliyyət
göstərməsindən məmnunluq ifadə olunub.
Söhbət zamanı, həmçinin, Azərbaycan-Avropa
İttifaqı əlaqələri ətrafında fikir
mübadiləsi aparılıb.
Vurğulanıb ki, Fransanın aparıcı şirkətləri
Azərbaycanda fəaliyyətlərini daha da genişləndirməkdə
maraqlıdır.
Dövlət başçısı bu səfər
çərçivəsində Fransanın 11 şirkətinin
nümayəndələri ilə səmərəli
görüşlərin aparıldığını
xatırladıb. Bu görüşlərin ölkələrimiz
arasında iqtisadi əməkdaşlıq üçün
böyük perspektivlərə yol açdığı
vurğulanıb.
Prezident İlham Əliyev deyib ki, Azərbaycan ilə
Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərə
malik müqavilələr imzalanıb. Bu müqavilələr
reallaşdırıldığı təqdirdə onların
həcmi daha da artacaq. Həmçinin, enerji
təhlükəsizliyi məsələsi müzakirə
olunub, "Cənub Qaz Dəhlizi" layihəsinin uğurla
icra edildiyi vurğulanıb. Neft-qaz sektoru,
infrastruktur, nəqliyyat, kosmik sənaye, hava nəqliyyatı,
metro tikintisi, hərbi-texniki sahələrdə əməkdaşlıq
məsələləri də müzakirə edilib.
Eyni zamanda, qeyd olunmalıdır ki, Paris səfəri Azərbaycan
prezidenti İlham Əliyevlə fransalı həmkarı
arasında şəxsi münasibətlərin pozitiv məcrada
dərinləşməsi baxımdan mühümdür. ATƏT-in Minsk qrupunun həmsədri
və Avropanın aparıcı ölkələrindən biri
olan Fransa rəhbərliyinin Azərbaycana və onun rəhbərliyinə
yüksək münasibət bəsləməsi Dağlıq
Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq
hüquq norma və prinsipləri çərçivəsində
həllində önəmli faktor hesab oluna bilər. Fransa Avropa İttifaqının aparıcı ölkələrindən
biridir və bu səfər Avropa İttifaqı ilə Azərbaycan
arasında əlaqələrin daha da inkişaf etdirilməsi
baxımından mühümdür. Səfər
zamanı aparılan danışıqlar, imzalanmış
sazişlər bu əlaqələrin yeni müstəviyə
yüksəlməsinə stimul verir. Bir məsələni
də diqqət mərkəzində saxlamaq lazımdır.
Təsadüfi deyil ki, artıq erməni
mediasında Fransanın Ermənistana xəyanət etməsi,
Azərbaycanla iqtisadi mənafeləri naminə Dağlıq
Qarabağ münaqişəsinə azərbaycanpərəst
mövqe tuta bilməsi haqda əks-təbliğat aparılmaqdadır.
Bu, Azərbaycanın artan nüfuzundan erməni
lobbisinin və Ermənisstanın dərin narahatlıq
keçirdiyini göstərir.
Prezidentin
Fransa səfəri ilə bağlı fikirlərini bildirən
Milli Məclisin deputatı Azər Badamov qeyd edib ki, dövlət
başçısı İlham Əliyevin Fransaya prezident
Emmanuel Makronun dəvəti ilə növbəti səfəri
Azərbaycan-Fransa arasındakı münasibətlərinin
çox yüksək səviyyədə olduğunun göstəricisidir:
"Azərbaycan-Fransa əlaqələri siyasi, iqtisadi, mədəniyyət,
təhsil və sairə sahələri üzrə yüksək
səviyyədə inkişaf edir. Bakıda
Fransız liseyinin və Fransa-Azərbaycan Universitetinin
açılması iki ölkə arasındakı münasibətlərini
daha da yaxınlaşdırıb".
A.Badamov
hesab edir ki, ötən həftə İtaliya prezdentinin
Bakıya səfəri, daha sonra isə dövlət
başçısı İlham Əliyevin Fransaya səfəri
və ümumilikdə Avropa İttifaqının
ayrı-ayrı subyektləri ilə Azərbaycanın dostluq əlaqələrinin
genişlənməsi ölkəmizi Avropa İttifaqına daha
da yaxılaşdırır: "Bu, Azərbaycanı Avropa
İttifaqı üçün Cənubi Qafqazda əvəzolunmaz
tərəfdaşa çevirir".
Deputat Elman Nəsirov isə qeyd edib ki, prezident İlham
Əliyevin Fransa Respublikasına səfəri ölkələrimiz
arasında ikitərəfli münasibətlərin yeni
inkişaf mərhələsinə daxil olmasını şərtləndirir. O, "Azərtac"-a
bildirib ki, həm siyasi dialoqun, həm ticari-iqtisadi münasibətlərin
inkişafı, həm də humanitar sahədə əlaqələrin
bundan sonrakı dinamikası üçün bu səfərin
böyük əhəmiyyəti var: "Hər səfərə
qiymət verərkən, ilk növbədə, müzakirə
olunan məsələlər, əldə edilmiş
razılaşmalar diqqəti cəlb edir. Məsələyə
bu kontekstdə yanaşdıqda Azərbaycan prezidenti İlham
Əliyevin Fransaya səfəri zamanı 11 nəhəng
şirkətin rəhbərlikləri ilə keçirilən
görüşlər diqqəti cəlb edir. Xüsusilə
də "Ümid-Babək" yatağı ilə
bağlı Fransanın nəhəng "Total" şirkəti
ilə aparılan danışıqlar bu baxımdan olduqca əhəmiyyətlidir.
Nəzərə alsaq ki, hələ 1993-cü ildə ulu
öndər Heydər Əliyev Fransaya ilk rəsmi səfəri
zamanı "Total" və "Elf-Aquitaine" şirkətlərinin
Azərbaycan neftinin istismarına cəlb edilməsi prosesinə
nail olub, prezident İlham Əliyev də həmin siyasətə
sadiq qalaraq Fransa ilə enerji sahəsində əməkdaşlıq
məsələlərinə xüsusi əhəmiyyət
verir. Bu nöqteyi-nəzərdən aparılan
danışıqlar böyük iqtisadi və siyasi əhəmiyyətə
malikdir. Bundan başqa, Fransanın
"Rothschild and Co" şirkəti ilə
danışıqlar xüsusi qeyd edilməlidir. Bu şirkətin hələ XIX əsrdə Azərbaycanın
enerji sənayesində çox fəal iştirakı olub və
həmin ənənənin XXI əsrdə də davam etməsinin
şahidiyik. Eyni zamanda, Fransanın nəqliyyat,
kosmik və digər sahələrlə bağlı şirkətləri
ilə də çox mühüm danışıqlar
aparılıb. Söhbət 11
böyük şirkətlə aparılan və dəyəri
2 milyard dollardan çox ölçülən müqavilələrdən
gedir. Bunlar olduqca əhəmiyyətli məsələlərdir.
Eyni zamanda, səfər çərçivəsində Azərbaycan
prezidentinin Fransa Senatının və Milli
Assambleyasının sədləri ilə görüşləri
növbəti dəfə göstərdi ki, bizim əlaqələrimiz
həm də parlamentlərarası əməkdaşlıq sahəsində
kifayət qədər ciddi əsaslara malikdir. Parlament
sahəsində münasibətlərimizin möhkəm
bünövrəsi, yaxşı perspektivləri var. Birinci
vitse-prezident Mehriban Əliyevanın hələ Milli Məclisin
deputatı olarkən Azərbaycan-Fransa parlamentlərarası
dostluq qrupuna rəhbərlik etməsinin uğurlu nəticələri
olub. Məhz Mehriban Əliyevanın sayəsində
parlamentlərarası əməkdaşlığı yeni mərhələyə
daxil olub".
E.Nəsirov
deyib ki, Azərbaycan prezidentinin fransalı həmkarı
Emmanuel Makron ilə danışıqları bir daha göstərib
ki, ölkələrimiz arasında müxtəlif sahələrdə
münasibətlərin inkişafı üçün
geniş imkanlar var: "Makron ilə danışıqlarda Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi
məsələsi də müzakirə olunub. Bu
məsələdə Fransanın rəsmi mövqeyi bir daha bəyan
edilib. Mövqe ondan ibarətdir ki, Fransa bu
münaqişənin beynəlxalq hüquq çərçivəsində
həllini dəstəkləyir. Eyni zamanda,
münaqişənin BMT Təhlükəsizlik
Şurasının məlum qətnamələrı əsasında
tənzimlənməsində maraqlıdır. Bu qətnamələrdə məlum olduğu kimi,
söhbət Ermənistan silahlı qüvvələrinin Azərbaycanın
işğal olunmuş ərazilərindən tamamilə və
qeyd-şərtsiz çıxarılmasından gedir. Faktiki olaraq, Fransa prezidenti rəsmi Parisin
münaqişənin həllində hansı prinsiplərə
üstünlük verdiyini nümayiş etdirib. Makron bir daha qeyd edib ki, o, özü bu tənzimləmə
prosesinin həyata keçirilməsində olduqca maraqlı tərəfdir.
Nəzərə alsaq ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr
dövlətidir, eyni zamanda, Fransa prezidentinin məlum
yanaşması Azərbaycan tərəfinin diplomatik uğuru
kimi də dəyərləndirilə bilər. Xatırladım
ki, Makron prezident seçildikdən sonra 150 ölkədən
olan diplomatlarla görüş keçirib. Həmin
görüşlərdə o, dövlətinin xarici siyasət
prioritetlərini açıqlayıb və əsas 4 istiqamət
üzərində dayanıb: təhlükəsizlik, iqtisadi stabillik,
dəyərlər və ümumi rifah. O, bu prinsipləri
müdafiə edəcəyini bəyan edib. Azərbaycan
həmin sahələrdə böyük nailiyyətlər əldə
edib. Azərbaycan dünyanın ən təhlükəsiz
ölkələrindən biridir. Bu
baxımdan bu, Fransa üçün çox maraqlı məqamdır.
Azərbaycanda iqtisadi stabillik var, bu da Makron
üçün olduqca vacib məqamdır. Dəyərlərə gəldikdə, Azərbaycan
multikulturalizm dəyərlərini təbliğ edir. Multikulturalizm bizim həyat tərzimizdir, dövlət
siyasətidir. Bütün bunları nəzərə
alsaq, Azərbaycan Fransa üçün böyük məna kəsb
edir".
Deputat qeyd edib ki, Azərbaycan meqalayihə olan "Cənub Qaz Dəhlizi"nin reallaşmasında həlledici tərəfdaşdır, təşəbbüskar dövlətdir: "Artıq "Cənub Qaz Dəhlizi" layihəsinin dörd komponentindən üçü reallaşıb. Söhbət "Şahdəniz", TANAP və Cənubi Qafqaz Boru Kəmərindən gedir. TAP layihəsinin reallaşması isə 2019-cu ilin sonlarına planlaşdırılır. Fransa onun fərqindədir ki, həqiqətən də Azərbaycan bu gün Avropa üçün yeni alternativ enerji mənbəyinə çevrilib. Avropanın ildə təxminən 500 milyard kubmetr qaza ehtiyacı var. Onun təxminən 150 milyard kubmetrini Rusiya ödəyir. Azərbaycan yeni alternativ mənbə kimi ilkin mərhələdə 16 milyon kubmetr qaz ixrac etmək istəyir, onun da 10 milyardı məhz Avropa üçün nəzərdə tutulub. Bu nöqteyi-nəzərdən Azərbaycan Avropa üçün çox yaxın tərəfdaşdır. Eyni zamanda, Azərbaycan dövlətinin yürüdüyü enerji siyasəti həm də ona gətirib çıxarır ki, Cənub Qaz Dəhlizi xətti boyu yerləşən müxtəlif dinlərin və mədəniyyətlərin daşıyıcıları bir-biri ilə sıx əlaqədə olur".
E.Nəsirov diqqətə çatdırıb ki, prezident İlham Əliyevin Fransaya səfəri həm də Avropa İttifaqı-Azərbaycan münasibətlərinin bundan sonrakı inkişafı üçün yeni imkanlar yaradır: "Bir sözlə dövlətimizin başçısının Fransaya səfəri bir daha onu göstərib ki, Azərbaycan düşünülmüş, dinamik xarici siyasət həyata keçirir. Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığa söykənən, bir-birinin daxili işlərinə qarışmama prinsipinə əsaslanan siyasət həyata keçirir. Həmin siyasət sayəsində bu gün Fransa ilə münasibətlərimiz inkişaf edir. Azərbaycanla Fransanın əməkdaşlığına dair imzalanan sənədlər bir daha göstərir ki, ölkələrimiz arasında əlaqələr yaxşı perspektivlərə malikdir".
Ceyhun ABASOV
525-ci qəzet.-2018.- 24 iyul.- S.4.