Qiyaslıdan
dünyaya...
...Yayın
bir səhəridi. Biz hələ də
buradayıq. Bu balaca, üstüörtülü beş addımlıq həyətdə. Uşaqlar səhər yuxudan elə həvəssiz
oyanır ki, tərpətməsən, heç durmaq istəməzlər.
Əvvəllər
yay aylarında Ağdamdakı doğmaların yanına
gedirdik. Son illər ora gedə bilmirik.
Olanlardan sonra... Mənə nə var. Biz öyrənmişik
güllə səsinə. Amma
uşaqları atası qoymur. O, öyrəşməyib
güllə səsinə...
İndi elə havada, elə ruhdayam ki, sizə ancaq kəndimizin
nağılını danışmaq istəyirəm. Həyat çox qəribədir,
adam vaxtında yaşadıqlarının,
əlində olanların dəyərini anlamır bəzən.
Mən də uşaq idim. Geniş həyətimizdə
gilas ağaclarında quş kimi nəğmə deyə-deyə
böyüdükcə arzularım da
böyüyürdü...
Ağdamın işğal altında olan Qiyaslı kəndində
doğulmuşam. Ailəmizdə düz on bir uşaq
dünyaya gəlib. Bir bacım səkkiz
yaşında vəfat edib. Qalmışıq
yeddi bacı, üç qardaş. Kəndimizdə
8 illik bir məktəb vardı. Piyada
gedirdik. Ağacların, gül-çiçəyin
içiylə oynaya-oynaya... Sinfimizdə 12
oğlan, 7 qız idik. Ən sevimli müəllimim
ədəbiyyatdan dərs deyən Cavan müəllim idi.
O, bizi atamızın adıyla çağırırdı. Dərsə gecikəndə məni saxlamırdı.
Deyirdi sən keç, Rəşidin qızı, sənsə
qal, Məhişin qızı... Bu bizim necə
oxumağımızla bağlı idi. Ailədə
7 bacıdan altıncısı idim. Bir
bacımdan başqa hamımız yaxşı oxumuşuq.
Müəllimlər təəssüflənirdilər
ki, niyə belə uşaqları oxumağa qoymurlar.
Bacım Suqra lap yaxşı oxuyub. Anam
könülsüz aparıb onu imtahana, deyib, təki qəbul
olmasın, elə istəyən kimi də olub. Suqranın həm də gözəl səsi
vardı. Bir ansamblla Bakıya da gəlib oxumuşdu.
17 yaşında ərə verdilər onu.
İndi Baharlı kəndindəki həyətində, evində
hərdən elə "Segah" deyir, nəvələri də
ona baxa-baxa qalır... Ötən illərdə
düşmənin atdığı mərmi gəlib
qonşularına düşüb, qəlpələr isə
onun da evinin pilləkənlərinə dağılıb.
Biz də onlara həsrət qalmışıq...
8-ci sinifi bitirdikdən sonra tam orta təhsil almaq
üçün Söyüdlüqol kənd orta məktəbinə
gedirdik. Anamdan olsaydı, heç getməzdik...Yeni məktəbdə
də ən sevimli müəllimim, yenə ədəbiyyatdan dərs
deyirdi. Heç vaxt unutmadığım Mərdan
müəllimin yumşaq səsi şeir deyəndə daha da
gözəl olurdu. O, ədəbiyyatı sevdirib bizə.
Heç yadımdan çıxmaz, bir dəfə
onun dərsində sinifimizə yoxlama gəlmişdi. Bütün suallara cavab verdim. Müəllim
sonra dedi ki, mənim bir şagirdim varmış sinifdə... Sonra
Mərdan müəllimi Bakıda, "Azərbaycan" nəşriyyatında
gördüm və bir daha görmədim, təəssüf...
Orta məktəbi də bitirdim və anamın istədiyi
oldu. Mən
onun əvəzinə üzüm bağında işləməyə
getdim... Bir gün anamdan xəlvət
böyük bacımla Ağdam Əmək Sarayı yanındakı
makinaçılıq kursuna getdik. Sonra atam məcbur oldu, dedi, heç
olmasa tibb kursuna yazıl. Amma kurslar çoxdan
dolmuşdu. Onsuz da mən hamısına
gecikmişdim. Hamıdan gec getsəm də,
kursu fərqlənmə ilə bitirdim. "Ağdam"
qəzetində yazılarım da çap olundu...
Və bir gün müharibə havası bizim də kəndimizə
gəlib çatdı. Müharibə necə olur görəsən?
Mən onu ancaq filmlərdə görmüşdüm... Həmin gecə kəndin
kişiləri oyaq qaldı. Gündən-günə
xəbərlər böyüdü. Artıq
silah səsləri duyulmağa başladı. Üç qardaşımın üçü də
orduya yazıldı. Biri könüllü
özünümüdafiə batalyonuna, biri polis kimi, o biri isə
əsgər kimi... Polis qardaşım Nəsib
ilk yaralananlardan oldu. Sağalıb yenə
döyüşə yollandı. Kiçik
qardaşım Talib isə 2-ci qrup əlil oldu. Bir qolu hələ də dirsəkdən qalxıb enmir.
Hələ bu harasıdı. Bir gün də atam Ağdam şəhərində
düşmən mərmisinin qəlpəsindən yaralandı
və al qan içində evimizə gəldi. Onda kəndimiz
də od içində idi. Güllə-baran
səsindən qulaq tutulurdu. O qədər şəhid
olan, yaralanan vardı ki... Amma nə bir maşın tapılırdı,
nə də bir həkim.... Sonra atam Gəncə xəstəxanasına,
biz Sabirabada
uzaq qohumun evinə getdik. Bir az
keçmiş evimizə qayıtdıq. Atam bizdən
də əvvəl qayıtmışdı. Şəhid
olmuşdu və onu kənd qəbristanlığında dəfn
elədik...
Bir gün yenə elə bil, göy gurladı. Qaçıb
evimizin birinci mərtəbəsinə sığındıq.
Bir az keçmiş küçəyə
çıxdım. Qonşumuz xanəndə
Şahmalı Kürdoğlunun xanımının
qucağında qana boyanmış balasını
gördüm. Görməz olaydım... Ana qanına bələnmiş
balasını qucağına alıb dəhşət
içində özünü küçəyə
atmışdı... Demə, o göy kimi
guruldayan mərmi gəlib qonşumuza - xanəndə
Şahmalı Kürdoğlunun həyətinə
düşüb. Ata-bala nar yeyərkən
mərmi yanlarında partlayıb. Hər
ikisi şəhid oldu o gün. Xanəndə
oğluna da öz adını qoymuşdu. Ata-bala
Şahmalı o limon bağçalı,
güllü-çiçəkli həyətlərində nar
kimi qırmızı qanına boyandı... Tənqidçi
Vaqif Yusiflinin yaxşı yadındadı o hasarı günbəzlərlə
bəzənmiş limon bağçalı
həyət. Vaqif müəllim bir vaxt səsinə heyran
olduğu Şahmalı Kürdoğlunun əziz qonağı
olmuşdu...
Biz o dəhşətli gecə başqa kənddə gecələdik. Səhər yenə
qayıtdıq... Yenə silahlar susmadı... Amma mərmilərin
uğultusu daha bizə adi gəlirdi... Evimizdə
bir-iki qumbara da vardı. Hələ bir dəfə
çaşıb qumbaranı əlimə də
götürmüşəm, yadıma düşəndə
indi də dəhşətə gəlirəm... Qorxudan bilməmişdim neyləyim, yerə
qoymağa da qorxmuşdum. O qədər uşaq belə
ehtiyatsızlıqdan məhv olmuşdu ki...
Hara getsək, qaçıb yenə evimizə gəlirdik. Anam evdən
ayrıla bilmirdi, bacımla mən də onun yanında.
Ona görə də düz Ağdamın işğalı
günü - 23 iyulda, o dəhşətli gündə
çıxdıq evimizdən və bir daha qayıda bilmədik...
... Bərdədən
o tərəfə keçməyə anamın ürəyi gəlmədi,
dedi buradan kəndin, elin havasını alıram. Neylədiksə, getmədi heç hara.
Qaldıq yayda od tutub yanan, qışda buza
dönən dəmir vaqonun içində. 1998-ci ildə də
anam şəhid oldu, bəli, mən onu şəhid sanıram. Anam
qoca deyildi, onun ürəyi yurd həsrətindən,
dözülməz şəraitdə ağrı-acıdan
partladı.... Üç subay balası
qaldı, qardaşım, bacım, mən. Bizdən
çox nigaran idi... Hə, onu da deyim, sonda deyəsən, məni
oxutmadığına peşman olmuşdu, bütün
qonşular televiziyada qızını görüb anama xəbər
aparmışdılar. Deyirdilər, mən anama çox
oxşayıram... Anam dünyadan köçəndə mən
texnikumu bitirib 26 yaşımda universitetə qəbul
olunmuşdum...
... Bugünlərdə birinci sinifə birgə getdiyimiz
sinif yoldaşım Şahnazla tapmışıq bir-birimizi.
Şahnaz professor, şair Əjdər
Qiyaslının qardaşı qızıdı. Mərdəkanda yaşayırlar. Onunla danışanda elə bil başqa aləmə
düşdüm. Uşaqlaşdım, gəncləşdim,
sanki kəndimiz də, məktəbimiz də
sağ-salamatdı. Sanki bir dərdim
yoxmuş kimi anlar yaşadım. Şahnaz dedi ki, elə
mən də sənin kimi düşünürəm. Hələ
üzünü görməmişəm... Sinif
yoldaşlarımı soruşdum. Bəzilərini
görüb. Mən onlardan ötrü elə
ağlamışam ki... Adam varidatını
qoyub gəlib ağlayır. Mənim də varım sinif
yoldaşlarımdı, qonşularımızdı, o
ağaclar, güllü bağçalar, o Novruz bayramı, o
işıqlı evlərdi...
...
Şahmalı Kürdoğlu oğlu ilə şəhid olanda
uşağın maşını da güllələnmişdi,
ağaclar da yaralanmışdı, evlər də, güllər
də, limon bağçasındakı
limonlar, havada quşlar da... BU, BÜTÜN DÜNYAYA ATILAN
GÜLLƏDİ! Bütün insanlara yönələn
güllədi... Bəs dünya bizim evimiz deyilmi?..
İndi də silahlar susmur, indi də Şahmalı, Fariz, Zəhra
kimi uşaqlarımız qətlə yetirilir, indi də təbiətin
köksünə yaralar vurulur, ağaclar saçlarını
yolur, quşlar ağı deyir... Göy üzünə
çərpələnglər uçurmağa qorxur
uşaqlar, silahlar evlərə, məktəblərə
tuşlanır, dilsiz-ağızsız heyvanlar məhv edilir...
Bir hekayə yazmışam. "Kamilin
arzusu". Balaca Kamilin arzusu dünyanı bütün
insanlara Vətən etmək, "müharibə"
sözünü belə, lüğətdən silməkdi...
Bu o qədər də asan iş deyil. Amma Kamil
böyüdükcə onun kimi insanların sayı o qədər
artır ki, sonunda onlar bütün dünyaya sülh gətirirlər.
Axırda qoca Kamil Şuşaya gedir nəvəsi
ilə. Və bütün dünya onunla bir gülümsəyir...
Yazı "Göyərçin"
jurnalında çap edilib. Yazıçı,
jurnalist Hicran Hüseynova deyir ki, mən bu hekayəyə Nobel
mükafatı verərdim. Sülhü tərənnüm
etdiyi və
dünyanı azad görmək istəyinə
görə. Hicran kosmopolit adamdı. Bir kəndə, bir şəhərə
sığışan deyil. Füzuli
rayonundan didərgin düşüb. Amma "Dünya
bizim evimizdi", - söyləyir... Fəqət nəinki dünya,
heç öz doğulduğumuz kənd, şəhər də
bizim ola bilmir...
Dünyadan
doymayan canavar gözlü harınların, insan qanına
susayan cəlladların, hər yerə sahib olmaq istəyən
yeddibaşlı əjdahaların əlindən... Amma Kamillər
var olduqca Şahmalılar, Farizlər, Zəhralar da yenidən gələcək
dünyaya bəşərin xilası üçün...
Kəndimizə
məktub
Mənim
Qiyaslı kəndim,
De, evimiz necədi?
Kim
çıxır ağaclara
Həyətimiz necədi?
Xallı,
qara, ağ gilas...
Ağacların dururmu?
Söyüdlərin
qoynunda
Quşlar yuva qururmu?
Həyətlərin
xalısı
Bənövşəli, nanəli.
Neçə
rəngdən naxışlı
Zəncirotu, laləli.
Uzanıb
məxmər gülü
Pəncərədən baxırmı?
Bağçamızın
içindən
Sular səssiz axırmı?
Qoynu
gülüstan kəndim,
Sənin qoxun başqadı.
Sənin
göyün, buludun,
Varın-yoxun başqadı.
Güllə
dəydi köksünə
Ağaclar yaralandı.
Yerdə
uşaqlar uçdu,
Göydə
quşlar dayandı...
Görüşdük
qospitalda
Oğlu çox yaralıydı.
Qonşumuz
Gözəl xala
Görən indi hardadı?
Badam xalanın qızı
Xocalıya köçmüşdü.
Şəhid oldu dünyası,
Dərdi dillərə düşdü.
Biz də çöllərə düşüb
Yollar yorğunu olduq.
Əvvəl çadır, vaqonda,
Sonra yataqxanada
Üzünə həsrət qaldıq.
... Gün gələcək, bitəcək
Bu həsrət, bu qüssə-qəm.
Darıxma, gözəl kəndim,
Hələ ölməmişəm mən!
Mina RƏŞİD
525-ci qəzet.-2018.- 25 iyul.- S.8.