BDU-nun gənc
filoloqlarının yeni uğuru
Dünyanın nüfuzlu ali məktəbləri sırasında
yer alan Türkiyənin İhsan Doğramacı Bilkənd Universitetinin Bölgə Ölkələri üzrə
Kurs Proqramları Direktorluğu artıq 23 ildir ki, türkologiyanın
aktual məsələləri,
o cümlədən, Türkiyə
türkcəsinin öyrədilməsi
istiqamətində "Hizmet
içi yaz eğitim kursları"nı
həyata keçirir.
2-20 iyul 2018-ci il tarixlərində baş tutmuş "Türkiye Türkçesi Öğretim
Kursu" və "Türkiye Türkçesi
Hizmet İçi Eğitim Kursu"na 2 ölkənin - Azərbaycan
və İraqın müxtəlif universitetlərinin
və orta ümumtəhsil məktəblərinin
müəllimləri, eləcə
də ali məktəb tələbələri
daxil olmaqla, ümumilikdə 90 müdavim
qatılıb.
Yay məktəbində Bakı
Dövlət Universitetini
"Türkoloji araşdırmalar"
Elmi Tədqiqat Laboratoriyasının əməkdaşları
Pərvin Eyvazov, Ramil Bayramov və Anar Fərəcov,
Filologiya fakültəsi
Tələbə Elmi Birliyinin üzvləri Murad Əmənov, İntizar Əlizadə, Arzu Hüseynova və Minayə Camalova uğurla təmsil ediblər.
Kurslarda
müdavimlərə türkologiya
istiqamətində müxtəlif
fənlər: "Səs
bilgisi", "Türk
xalq ədəbiyyatı",
"Əski türk ədəbiyyatı", "Dil
və mədəniyyət",
"Yaşayan türk
dilləri", "Yazılı
və şifahi nitqdə normanın pozulma halları",
"Yeni türk ədəbiyyatı", "Ədəbiyyat
bilgiləri", "Mətnin
oxunması və təhlili", "Özəl
tədris metod və üsulları",
"Bilgi texnologiyası
və material hazırlama"
və b. tədris olunub.
Hər gün saat 08:40-dan 16:40-a kimi davam edən
dərsləri Türkiyənin
tanınmış dilçi
və ədəbiyyatşünas
alimləri - Rasim Özyürek, Necati Demir, Şükrü Haluk Akalın, Hamza Zülfükar, Hayal Zülfükar, Abide Doğan, Abdürrahman Güzel, Ayşegül Çelepoğlu, Ermağan
Ateşkan, Muammer Yıldız, Zühal Yüksel, Mehmet Fatih Kirişçioğlu,
Meltem Kılıç
və başqaları
aparıb.
Kursun ilk həftəsinin
istirahət günü
qonaqların Ankara şəhəri
ilə tanışlığı
baş tutub. Türkiyə Cümhuriyyətinin qurucusu
Mustafa Kamal Atatürkün
və Bilkənd Universitetinin yaradıcısı,
professor İhsan Doğramacının
məzarları ziyarət
edilib. "Anıtkabir" və
"Təbiət tarixi"
muzeyləri ilə tanışlıq da yadda qalan məqamlardan
olub. Həmçinin, azərbaycanlı müdavimlər bu müddətdə Azərbaycan
Xalq Cumhuriyyətinin qurucusu, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin
Rəsulzadənin məzarını
da ziyarət ediblər.
Kursların başa çatmasına bir neçə gün qalmış bütün iştirakçılar test imtahanı veriblər. İmtahanın nəticəsinə görə, 50 sualdan 40-dan çoxuna düzgün cavab verməklə ən yüksək nəticəni BDU təmsilçiləri əldə edib. Anar Fərəcov isə ən yüksək balla müdavimlər arasında qrup birincisi olub.
Sonda yay məktəbinin başa çatması və sertifikatların təqdim olunması ilə əlaqədar bağlanış mərasimi keçirilib. Mərasimdə yüksək nəticə göstərmiş müdavimlərə beynəlxalq səviyyəli başarı sertifikatları və məzun bukleti təqdim olunub.
Həmçinin tədbirdə bakalavriat pilləsində təhsil alan müdavimlər adından BDU-nun Filologiya fakültəsinin II kurs tələbəsi Minayə Camalovanın çıxışı maraqla qarşılanıb. BDU təmsilçiləri adından çıxış edən Pərvin Eyvazov təşkilatçılara təşəkkürünü bildirib və Universitet rəhbərliyi adından Bilkənd Universitetinin rektor yardımçısı, professor Kürşad Aydoğana və professor Rasim Özyürəkə xatirə hədiyyələri təqdim edib.
Qeyd edək ki, ciddi dərs sistemi və mükəmməl tədris prosesini həyata keçirən Bilkənd Universitetinin Bölgə Ölkələri üzrə Kurs Proqramları Direktorluğu 20 gün müddətində müdavimlərin yaşayış, yemək, sağlıq və digər ehtiyacılarını yüksək səviyyədə təmin edib.
Beləliklə,
BDU filoloqlarının builki Bilkənd səfəri uğurla
başa çatıb.
525-ci qəzet.-2018.- 25 iyul.- S.8.