"Azərbaycan kitablarının Türkiyədəki yüksəlişi"

 

Türkiyənin 400 min tirajla çap olunan "Sabah" qəzeti iyul ayının kitab əlavəsində "Azərbaycan kitablarının Türkiyədə yüksəlişi" adlı məlumat dərc edib.

Məlumatda qeyd edilir ki, Mədəniyyət Nazirliyi Türkiyədə fəaliyyət göstərən "Zəngin Yayınçılıq" şirkətinin birgə əməkdaşlığı ilə "Azərbaycan kitabının dünyada tanıdılması" layihəsi çərçivəsində şirkət tərəfindən 20 ay ərzində 13 ədəbi əsər 20 nağıl kitabı türk dilinə tərcümə olunaraq 200 minədək oxucuya çatdırılıb.

Mədəniyyət Nazirliyindən  bildirilib ki, layihənin Türkiyədə icrasına məsul olan şirkətin əsas məqsədi Azərbaycan yazarlarını onların yaratdığı ədəbi-bədii əsərləri bu ölkədə tanıtmaqla iki ölkə xalqının tarixi mədəni əlaqələrini ədəbiyyat sahəsində daha da möhkəmləndirməkdir. Bunun üçün əsas hədəf beş il ərzində Azərbaycan ədəbiyyatını 2 milyon oxucuya çatdırmaqdır.

Qeyd edək ki, böyük sayda kitabsevərlər tərəfindən izlənilən "Sabah" qəzetinin kitab əlavəsi oxuculara kitab seçimində köməklik göstərilməsi çap olunan yeni nəşrlər barədə məlumat verilməsi məqsədilə ayda bir dəfə çap olunur.

 

ŞAHANƏ

525-ci qəzet.-2018.- 25 iyul.- S.7.