"Elçilik"də yaşananlar

 

Qadın-kişi münasibətləri min illərin açılmayan sirli qutusu, haqqında qədər danışılsa, yazılsa da bitib-tükənməyən mövzusudur.

Çexov deyir ki, kişi olmayan cəmiyyətdə qadınlar solğunlaşır, qadın olmayan cəmiyyətdə kişilər axmaqlaşır. Özlərini qoymağa yer tapmadıqda evlənirlər. Çexov demişkən, onun bu ideyaları özünü "Elçilik" hekayəsində göstərir. Qadın-kişi mübarizəsi, toqquşmaları həyat tərzidir, gerçəkliyin normasıdır. Gerçəkliksə bir lətifə üzərində qurulub. Hər kəsin bunu anlaması üçün öz yaşamına nəzər salması kifayətdir. Çexov da qadın-kişi münasibətlərini bir lətifə, ya da bir zarafat üstündə qurub.

Sözügedən hekayənin səhnə versiyasını bu yaxınlarda "Yuğ" Dövlət teatrı hazırladı. Azərbaycan da daxil olmaqla, ayrı-ayrı ölkələrdə teatrların tez-tez müraciət etdiyi hekayəni bu dəfə "Yuğ"un rejissoru Günay Səttar sənhələşdirmişdi. Mövsümün sonlarında premyerası baş tutan "Təklif. Elçilik" bir hissəli zarafatın quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, musiqi tərtibatçısı Əməkdar artist Vüqar Camalzadə, rejissor assistenti Sabir Məmmədovdur.

Qadın kişi münasibətlərindən bəhs edən tamaşada rolları Əməkdar artist Vidadi Həsənov, Zümrüd Qasımova Elgün Həmidov bölüşürlər.

Səhnə əsərini komediya, ya da zarafat adlandırmaq olar. Əsərin sujeti ilk baxışda çox sadə adi həyat hadisəsi üzərində qurulub: iki gənc evlənməlidir. Amma onların evliliyə gedən yollarında qarşılarına müəyyən maneələr çıxır. Daha doğrusu, bu maneələri özləri yaradırlar...

Əsərdə hadisələr rus əyalətlərinin birində baş verir. 35 yaşlı gənc mülkədar İvan Vasilyeviç (Elgün Həmidov) öz yaşlı mülkədar qonşusu Stepan Stepanoviçin (Vidadi Həsənov) evdə qalmış qızı Natalya Stepanovnayla (Zümrüd Qasımova) evlənmək istəyir. Bununçün onlara elçi gəlir. Son dərəcə həyəcanlı olan gənc İvan qızın atasına öz niyyətini necə deyəcəyini bilmir. Qızın atası Stepanoviç isə hər tamahkar mülkədar kimi onun qapısına borca gəldiyini düşünüb qonşusuna çox da fikir vermir. Amma məsələnin mahiyyətini öyrənəndən sonra isə çox sevinir. Biz burada alışdığımız "qız atası" görmürük. Bu qız atası qızına elçi gəlmiş oğlanı sevindiyindən qucağında daşıyır, öpür, iltifat göstərir. Vidadi Həsənovun ifasında komik rol olduqca təbii inandırıcı, həm son dərəcə komik görünür. Hiss olunur ki, aktyor özü obrazına qarşı istehzayla yanaşır, onun dünyasını ən sonuncu zərrəsinə qədər qavradığından tamaşaçıya da rahatlıqla açıb göstərir. Obraz bəzən tamaşaçıda ikrah yaratsa da, çox halda komik planda təsvir olunur.

İvan Vasilyeviçin elçiliyindən son dərəcə məmnun olan ata qızını çağırmaq öz dili ilə desək, xeyir-dua vermək üçün qızının arxasıyca gedir. Oğlanın tək qaldığı bir neçə dəqiqə ərzində onun qədər həyəcanlı olduğu ortaya çıxır. Məsələ o deyil ki, o, Natalyanı sevir. Yox! Sevgi heç onun yadına da düşmür. Sadəcə artıq yaşı 35-i keçən bir kişi evlənmək haqqında ciddi-ciddi düşünməlidir. O özü bunu bilir kim olursa olsun, mən mütləq evlənməliyəm deyir. Yaşadığı əyalətdə ən yaxşı namizəd məhz Natalya Stepanovnadır. Əvvəlcə ona görə ki, o da mülkədar qızıdır, ailəsi varlıdır. Özü az-çox oxuyub. Vəssalam. Deməli, onunla evlənmək olar. Hətta onun evini səliqəsiz toz içində saxlamağı belə İvanı fikrindən döndərə bilmir. İxtisasca həkim olan Çexov insan fiziologiyasını, düşüncələrini, psixikasını da gözəl bilirdi. Bu yaşda kişinin fiziologiyası da qadın tələb edirdi. Eləcə əksinə...

Bir azdan səhnədə Stepan Stepanoviçin qızı Natalya görünür. Aktrisa Zümrüd Qasımovanın ifasında bu obraz əsl evdə qalmış, yaşı ötmüş rus mülkədarının qızı kimi təsvir olunur.

Yeri gəlmişkən, demək lazımdır ki, fikrimizcə, rejissor ilk növbədə aktyor seçiminə görə təbrik edilməlidir. Çünki hər bir obraz istər xarici görünüşü, istərsə obrazlarını daha yaxından duyub, tamaşaçıya təqdim edə bilmək baxımından olduqca uğurludur.

Natalya atası ilə birgə yaşayır, həm təsərrüfat, həm ev işlərilə məşğuldur. Kobud, səliqəsiz, getdikcə qadınlıq təravətini itirmiş (ya da itirməyə məcbur olmuş) qız da qonşusunun əsl niyyətini bilmədən onunla pis davranır. Daha doğrusu, onu saymır. Çünki o, bu anda rahatdır, olduğu kimidir. İvanın isə elçilik zamanı açdığı mənasız söhbətlər onlar arasında mübahisəyə səbəb olur. Hətta Stepanın qarışmağı ilə bir yerdən sonra savaşa da çevrilir.

idi o mənasız məsələlər? Boş, istifadəyə yararsız, "camış bataqlığı" deyilən kiçik bir sahənin hansı ailəyə məxsus olmağı, ya da hansı ailənin ov itinin daha bacarıqlı olması.

Elgün Həmidovun ifasında İvan son dərəcə qətiyyətli sözünün üzərində duran insandır. Amma qadınsızlıq Çexovun dili ilə desək, onu da axmaqlaşdırıb. Hətta o, öz həqiqətlərini evlənmək istədiyi qadının qarşısında belə qətiyyətlə müdafiə edir. Bu üç obrazın içərisində bir az kübarlıq məhz bu oğlandadır. Amma o da hərdən əsəblərini cilovlaya bilmir, özündən çıxır. Son anda isə yenə qadın cazibəsi onu ram etməyi bacarır. Belə ki, o döyülüb, söyülüb, təhqir olunduğu evə ikinci dəfə yenə onu təhqir edən qadınla evlənmək üçün geri qayıdır. Hətta bu, qızın atasını belə təəccübləndirir.

Bütün bunlar dövrün mülkədarlarının necə mənasız, boş işlərlə məşğul olmağını, hansı lüzumsuz söhbətləri böyük problemə çevirməyini göstərir. Bu mülkədarların milyonlarla pulu, böyük torpaq sahələri, onlarla nökərləri olmağına baxmayaraq, onların mənəviyyatı çürüyüb. Əslində, bu obrazları daha kübar, statuslarına uyğun da təsvir etmək olardı. Amma rejissor burada məsələni təkcə qadın-kişi münasibətilə məhdudlaşdırmır. Burada hekayənin dediyimiz ikinci qolu ayrılır.

Burada müəllif qarşı cinslərin bir-biriylə dil tapa bilməməyini, bir-birinə qarşı yanlış davranışlarını onların qarşı cinslə davranış qaydalarını bilməməsi ilə əlaqələndirir. Natalya nə qədər kobud, yöndəmsiz qadın olsa da, ortaya sevgi məsələsi gələndə tamamilə dəyişir, sanki özü də qadın olduğunu xatırlayır. Tamaşada da qarşı tərəflər susarkən bir-birlərinə daha yaxındırlar. Onları erotik bağ bir-birinə yaxınlaşdırır, seksual həyat birləşdirir. Çünki fiziologiyaları bir-birlərini tələb edir. Amma elə ki, ağızlarını açırlar, onda bütün işlər korlanır. Bu, həyatda da belədir. Qadın və kişi daha çox susaraq anlaşırlar.

Məhz bu yaxınlıq və bir-birinə olan ehtiyac onları əbədiyyən birləşdirir və Stepan Stepanoviçin xeyir-duası ilə Natalyayla İvan evlənirlər.

Səhnə əsərinə seçilən musiqilər də ümumilikdə şən əhval-ruhiyyə yaradırdı. Bundan əlavə tez-tez çalınan kilsə zəngləri, saatın zəngi və yanıb-sönən işıqlar, aktyorların bu səslərə və işıqlara uyğun şəkildə ahəngdar davranışları, bir çox hallarda ləngiyən hərəkətlər həm də zaman içərisində zamansızlıq yaradırdı. Sanki hadisələr bu zamandadır, amma əslində, həm keçmişi, həm də gələcəyi ifadə edir.

Bəlkə də heç zaman həlli tapılmayacaq, amma həmişə birlikdə olmağa və dünyanı bu birgəlikdən var etməyə məhkum edilən qadın-kişi münasibətlərinin zamansızlığıdır bu...

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.-2018.- 25 iyul.- S.7.