Hərb və dövlətçilik
tariximizdəki aydın izlər: Cəfərqulu xan Naxçıvanski-Kəngərli
Naxçıvanın Kəngərli süvarilərinin
hərb tarixi olduqca qədimdir. Onlar bütün
yüzilliklərdə döyüş
bacarıqları və
hünərləri ilə
hərb tariximizə qəhrəmanlıq səhifələri
yazmışlar.
Bu nəsil xalqımıza dünya şöhrətli
altı general bəxş
edib: I Ehsan xan, II Kalbalı xan, İsmayıl xan, Hüseyn xan, III Kalbalı xan və Cəmşid
xan. Bu generalların
hər birinin nəsillər üçün
rəşadət timsallı
hərbi fəaliyyəti
olub. Son illərdə çəkilən
kinoxronikalarda, sənədli
telefilmlərdə bunlar
haqqında geniş söhbət açmağa
çalışırlar. Və bu hərbçi xan nəsli barədə nə qədər deyilsə də, yazılsa da azdır.
Müasir gəncliyə hərb tariximiz, əvvəlki kimi dar, məhdud
çərçivədə yox, geniş izah olunmalıdır. Bunun üçün
istər Bakıda, istərsə də Naxçıvanda çox
gözəl şərait
yaranıb. Bir o qalır
ki, tarixçilər,
tədqiqatçılar, yazıçılar
və kinossenaristlər
bütün varlıqları
ilə bu işə girişsinlər.
Hər şey dərinləşdirilsin
və dəqiqləşdirilsin.
Bu gün yaxın,
uzaq xarici ölkələrdə bədxahcasına
çəkilən kinofilmlər,
yazılan kitablar hamımızı səfərbər
etməlidir. Bir daha ciddi-cəhdlə
axtarışlar aparmalı
və yeni-yeni sənədlərlə Azərbaycan
tarixinin ən parlaq Naxçıvan səhifələrini zənginləşdirməliyik.
Bu, bizim vəzifəmizdir,
borcumuzdur.
Yerindəcə qeyd edək ki, XIX əsrin əvvəllərindən başlayaraq
XX əsrin əvvəlinədək
Kəngərli xan Naxçıvanskilər və
onların varisləri
Azərbaycan və Rusiya hərb tarixində silinməz iz qoymuşlar. Daha dəqiq
desək, onlar həm də Rusiya hərb tarixində aparıcı rola malik olmuşlar.
Belə hərbçi varislərdən
biri Cəfərqulu xan II Kalbalı xan oğlu Naxçıvanski-Kəngərlidir.
Qeyd etmək
yerinə düşər. Cəfərqulu xan Naxçıvanski haqqında ilk dəfə naxçıvanlı yazıçı
Əli Səbri Qasımov məlumat verib. Sonralar unudulmaz tarixçi
Ə.Əliyev, dəyərli
gündəliklər-salnamələr yazan Əziz Şərif də bu hərbçi haqda məlumat veriblər.
Azərbaycan müstəqilliyini bərpa
edəndən sonra bu sətirlərin müəllifi ilk dəfə
Cəfərqulu xanın
Rusiya Dövlət Hərbi-Tarix Arxivində saxlanılan arxiv işini çap etdirib (2004-cü ildə). Sonralar rusiyalı
tədqiqatçılardan F.Nağdəliyev
(2006) və Rudolf İvanov
(2007) yazdıqları kitabda
Cəfərqulu xan haqqında da söhbət açıblar.
Amma Cəfərqulu xanın XX
əsrin ilk 20 ilində
Naxçıvandakı fəaliyyəti
öyrənilməmiş qalır.
Biz təkrarən bu mövzuya qayıtmaqla Cəfərqulu
xanın həm də ictimai-siyasi fəaliyyətindən və
xeyriyyəçilik missiyasından
da söhbət açmaq arzusundayıq.
Görkəmli hərbçi, ictimai
və siyasi xadim Cəfərqulu xan II Kalbalı xan oğlu Naxçıvanski
5 fevral 1859-cu ildə Naxçıvan şəhərində,
indiki Xan sarayında doğulmuşdur.
Amma həmin arxivdə 1885-ci ildə
43-cü Tver draqun polkunun ştabs-rotmistri (süvari hissənin hərbi zabiti) Cəfərqulu xana aid tərtib edilən xidmət kitabçasında
onun doğum tarixi 17 fevral 1860-cı il kimi qeyd olunub. Bu
məsələyə yazının
axırında aydınlıq
gətirəcəyik.
Cəfərqulu xanın atası Rusiya imperiyasının ən igid generallarından
biri idi. Onun göstərdiyi
igidliklərə görə
adı Moskva Kremlinin Georgi salonunda mərmər lövhəyə qızıl
hərflərlə yazılmışdır.
II Kalbalı xan Naxçıvanski özü
də Sankt-Peterburqdakı
paj korpusunda təhsil alıb. Özü
də paj korpusda təhsil alan ilk azərbaycanlıdır.
Bu səbəbdən də o, 30 iyul 1867-ci ildə oğlu Cəfərqulu xanı paj korpusunda oxumağa göndərmişdir.
Cəfərqulu xan
1871-ci il 23 iyunda
ümumi sinifdən xüsusi sinfə köçürülmüş və 1874-cü ilin 29 avqustunda hərbi xidmətə başlamışdır.
O, 1876-cı ilin 29 noyabrında
kamer-paja aparılmışdır.
Cəfərqulu xan Naxçıvanskiyə
10 iyun 1877-ci ildə saray qvardiyasının Ulan
polkunun korneti (kiçik zabiti) rütbəsi verilmişdir.
Cəfərqulu xanla bağlı axtarışlar zamanı məlum oldu ki, o, çox bacarıqlı, cəsarətli,
həmişə öndə
vuruşmağı sevən
süvari olub. Belə bir
həvəsi görən
cavabdeh hərbçilər
gənc korneti 3 avqust 1877-ci ildə ehtiyat eskadrona hərbi xidmətə dəyişdirirlər.
Gənc
Cəfərqulu xan isə Qafqaz ordusunda hərbi xidmətə can atdığından,
həmin ordunun tərkibində olan 15-ci draqun Tver polkuna
dəyişilir. Bu haqda hərbi əmr 18 aprel 1877-ci ilə aiddir. Onun yüksək hərbi biliyini və bacarığını görən
komandanlıq onu yeni hərbi rütbəyə təqdim
edir və elə həmin ildə ona poruçik
rütbəsi verilir.
Qeyd edək ki, əlahəzrət
Rusiya çarının
əmrləri o vaxtlar
rəsmi və populyar hərbi qəzet olan "Russkiy invalid"də çap olunurdu. Cəfərqulu xana da verilən hərbi rütbə həmin qəzetin 88-ci nömrəsində
çap edilib. Cəfərqulu xan xidmət etdiyi qraqun polkunun tərkibində 1878-ci il iyunun 1-dən sentyabrın 6-dək Ərzurum
şəhərində olmuşdur.
Qeyd edək ki, o vaxtlar Ərzurum rus qoşunları tərəfindən işğal
olunmuşdu. Poruçik hərbi
rütbəsini ona Ərzurumda olarkən təqdim etmişlər.
1877-1878-ci
il Rusiya-Türkiyə
müharibəsində iştirak
edən Cəfərqulu
xan Rusiyanın həmin illər üçün təsis etdiyi tünd bürünc xatirə medalı ilə təltif edilir.
Cəfərqulu xan Naxçıvanski
general-adyutant Lazarevin dəstəsində 1879-cu il 5 mayda 14 oktyabradək, 1880-ci il 22 iyuldan 1881-ci il 31 mayadək Axaltəkin ekspedisiyasının tərkibində
Orta Asiyada olub.
Gördüyümüz kimi, o, iki dəfə
ekspedisiyada olmuşdur
(1879, 1880-1881-ci illərdə). Bu hərbi ekspedisiyanın yürüşü zamanı
Cəfərqulu xan müsəlmanlar üçün
təsis edilmiş
3-cü dərəcəli Müqəddəs
Stanislov ordeni ilə təltif edilmişdir (bant və qılınclarla).
24 mart 1881-ci ildə Cəfərqulu
xana, döyüşlərdə
fərqləndiyinə görə
ştabs-kapitan hərbi
rütbəsi verilmişdir. Bu hərbi rütbəni alanda onun 22 yaşı vardı.
Bu mükafat da
ona döyüş cəbhəsində təqdim
edilib.
Gənc naxçıvanlı süvarinin
cəsur döyüşləri
onu 4-cü dərəcəli
(bantla və qılınclarla birlikdə)
Müqəddəs Vladimir ordeninin
də kavaleri edir (17.06.1881). Qeyd edək ki, bu ordenin də
işarələri qeyri-xristianlar
üçün hazırlanmışdı.
Cəfərqulu xan bu
hərbi yürüşün
zəfərinə təsis
olunmuş "12 yanvar
1881-ci ildə Göytəpə
qalasının hücumla
alınması" gümüş
medalı ilə də təltif olunmuşdur.
Gənc döyüşçünün göstərdiyi qəhrəmanlıqlar
ona daha iki orden də
qazandırır.
1 mart
1882-ci ildə Cəfərqulu
xan hərbi ekspedisiyada göstərdiyi
döyüş şücaətinə
görə 3-cü dərəcəli
Müqəddəs Anna (bant
və qılınclarla),
8 iyul 1882-ci il
tarixdə 2-ci dərəcəli
Müqəddəs Stanislav
(qılınclarla və
bantla) ordenləri ilə təltif edilir.
1885-ci ildə Cəfərqulu
xana ştabs-rotmistr rütbəsi verilir.
16 yanvar 1885-ci ildə polk məhkəməsinin
üzvü olan Cəfərqulu xan ona tapşırılan işlərin öhdəsindən
bacarıqla gəlir.
Cəfərqulu xan Naxçıvanski çox gənc ikən gərgin döyüş yolu keçib. 1879-cu il 1 iyundan 6 sentyabradək Ərzurumda həmin ilin 5 mayından 14 oktyabra qədər, həmçinin, 1880-ci ilin
9 noyabrından 1881-ci ilin
2 mayınadək Axaltəkin
hərbi ekspedisiyasında
iştirak edib.
Arxiv sənədlərinə
görə yara və kontuziya almayıb. Cəfərqulu xan 1885-ci ilin
12 sentyabr 1885-ci ilədək
2 ay yarımlığa Qafqazın
mədən sularına
müalicəyə göndərilir.
O, 16 yanvar 1885-ci ildə
xidmət etdiyi polkun məhkəmə üzvü təyin edilmişdir.
Cəfərqulu xan Naxçıvanski
müalicədən qayıtdıqdan
sonra ona ştabs rotmistr rütbəsi verilir. Amma hərbi arxivdə saxlanılan sənəddən
məlum olur ki, həkimlər onun orduda hərbi
xidmətdə olmasını
məsləhət bilmirlər.
Məsələnin ciddiliyini görən 29 yaşlı Cəfərqulu xan birbaşa Rusiya çarına müraciət edir. O, ərizəsində yazır: "Sağlamlığım, hədsiz dərəcədə kəskinləşən xəstəliyim və ailə vəziyyəti imkan vermir ki, Siz İmperator Həzrətlərinə xidmətimi davam etdirim. Ona görə də xahiş edirəm ki, yuxarıdakı səbəblər üzündən xəstəliyimə görə mənim ordudan tərxis edilməyimə icazə verəsiniz".
Ştabs-rotmistr Cəfərqulu xan Naxçıvanski
30 sentyabr 1885-ci il
Çarskiye Kolodçı
Maraqlı haldır ki, hərbçi Cəfərqulu xan ordudan tərxis edilərkən hökumətə zəmanət də verib. Arxiv sənədlərində bu sənəd "Revers" adlanır: "Əgər məni ordudan təyin olunmuş qaydalarla tərxis edərlərsə, onda mən heç bir yerdə əlavə əmək haqqı xahiş etməyəcəyəm. İstefada olduğum vaxt yaşayış yerim İrəvan quberniyasında olan Naxçıvan şəhəri olacaqdır".
Bu revers də 30
sentyabr 1885-ci ildə yazılıb.
Çox gənc ikən hərbi xidmətləri yüksək qiymətləndirilən
Cəfərqulu xan Naxçıvanski Rusiya çarının icazəsi
ilə 1885-ci ilin 22 dekabrında ordudan tərxis edilir. Ona verilən hərbi əmrdə deyilir: Xəstəliyinə görə
43-cü Tver Dragun polkunun süvarisi ştabs-rotmistr Cəfərqulu
xan Naxçıvanski
rotmistr hərbi rütbəsində və
mundiri həmişə
geymək icazəsilə
ordudan tərxis edilir.
Qeyd edək
ki, o vaxtlar Rusiyanın hərbi əmrləri ordunun populyar qəzeti, "Russkiy İnvalid"də
nəşr olunurdu. Cəfərqulu xana verilən əmr də həmin qəzetin 24 dekabrında çap edilib (№ 280).
Musa RƏHİMOĞLU (QULİYEV)
AMEA
Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və
Arxeologiya İnstitutunun
böyük elmi işçisi, tarix üzrə fəlsəfə
doktoru
525-ci qəzet.-2018.- 25 iyul.- S.6.