Kainatın insana bəxş etdiyi üç nemət - İdeya, iman və şüur

 

Bu üç elementdən heç birini biz nə görür, nə də hiss edirik. Amma ömrümüzdə bircə dəfə də olsun hansınınsa mövcudluğuna şübhə etməmişik. Çünki həyatımızın və fiziki varlığımızın əsas ünsürləri məhz bu üç amildir.

Qeyri-maddi substansiya olsalar da, bir-birinə bənzəməyən milyardlarla müxtəlif  insanın yaşadığı həyatda var olmaq üçün zəruri olanları məhz ideya, iman və şüurun gücü sayəsində dərk edirik.  Bu üç element vasitəsilə ətraf aləmlə münasibətlərimizi nizamlayırıq.

Ətraf aləmlə münasibətdən söz düşmüşkən, bu, olduqca mürəkkəb prosesdir. Şüur və ya instinktə sahib canlılarla, yaxud da yaddaş proqramının elementləri olan 5 ünsürə diqqət verməliyik: hava, od, su, torpaq və mühit. Bütün bunlar nəinki insanlarla, hətta bitkilərlə də normal ünsiyyət qurmaqdan ötrü gərək onların hər birini yaxından, dərindən, daxildən tanıyıb hiss edə biləsən, xarakterinə bələd olasan. Bu çətin işin öhdəsindən gələ bilməyəndə insanlar arasında və onlarla cəmiyyət arasında konfliktlər yaranır. Bəzən bu anlaşılmazlıq təkcə bir insanın deyil, bütün ailənin, nəslin, millətin, xalqın, bütövlükdə ölkənin həyatına təsir edir. Bu, hamımızın birlikdə yaşadığı cəmiyyətin qanunudur. Bizim hər birimiz kainatın bir parçasıyıq, hərəmizin öz missiyası var. Bəzən qəbul etdiyimiz hansısa qərar təkcə bizim varlığımıza deyil, planetin taleyinə təsir göstərir. Təsəvvür edin ki, insan zəkasının məhsulu olan nüvə silahı bir saniyənin içində bütün bəşəriyyəti alt-üst etməyə qadirdir.

Həqiqətən bütün proseslərin mərkəzində öz ideyaları, imanı, şüuru, zəkası, bütün mənfi və müsbət cəhətləri ilə birgə insan durur. Ağlımızın köməyilə biz həm möcüzələr yarada, həm də yaşadığımız həyatı cəhənnəmə çevirə bilərik. Bəşər övladının yaratdığı texnologiyanı həm faydalı, həm də zərərli işlər üçün istifadə etmək mümkündür. Hər şey bizim seçimimizdən asılıdır. Təəssüflər olsun ki, müasir dövrdə elmin potensialı xeyirli işlərdən çox ziyanlı işlərə sərf olunur. İnsanların xeyli hissəsi israrla sahib olduqları ağlı, şüuru, savadı, biliyi, ideyaları, hətta digər xoş niyyətlilərin yaratdığı texniki yenilikləri belə yalnız kapital artırmaq, varlı və güclü olmaq məqsədilə istifadə edirlər.

Diqqət yetirsəniz görərsiniz ki, dünyanın hər yerində müharibə, savaş, vətəndaş toqquşmaları, millətlər, xalqlar, hətta etnik azlıqlar arasında qanlı-qadalı münaqişələr baş alıb gedir. Qaçqın qismində Avropaya sığınan hər hansısa bir miqrantın sahib olduğu güclü intellekt orada kimə lazımdır axı? Onu öz ev-eşiyindən, Vətənindən didərgin salan digər intellekt sahibləri bu miskini öz ölkələrində öldürə bilmədiyindən o, qatilləri hazırlayan "cənab"ların ölkəsindən sığınacaq istəyir. Onların çörəyinə möhtac qalan qaçqının hansı mənəvi-əxlaqi dəyərlərə ehtiyacı var? Məgər ondan ədəb-ərkanlı olmağı, qanunlara riayət etməyi tələb etmək fayda verərmi? Onun üçün həyatının heç bir dəyəri qalmayıb. Yüzlərlə qətl görən, dəfələrlə ölümlə üzləşən bu qaçqının qəlbində, şüurunda hansı ədalət, qanun, məhəbbət toxumlarını axtarmaq olar? Qeyri-leqal miqrant axınının kəskin artdığı Avropada hazırda yaranmış vəziyyət BMT tərəfindən rəsmən İkinci Dünya müharibəsindən bəri dünyada ən böyük qaçqın böhranı kimi qəbul olunur. Çünki Avropaya üz tutanların mütləq əksəriyyəti hazırda münaqişələrin, daxili müharibələrin, terrorizmin, hərc-mərcliyin hökm sürdüyü ölkələrdə yaşayış şəraitinin, humanitar vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar evlərini tərk etmək məcburiyyətində qalanlardır.

Ölümün caynağından xilas olmaq üçün İraq, Əfqanıstan, Suriya, Liviya kimi müsəlman ölkələrindən qaçıb İtaliyaya, Fransaya, İspaniyaya, Türkiyəyə, Yunanıstana sığınanlar həmin torpaqlarda nəinki etnik mənsubiyyətlərinə görə, həm də dinlərinə, dünyagörüşlərinə, intellekt səviyyələrinə görə fərqlidirlər, yerlilərə yaddırlar. Miqrantlardan fərqli olaraq öz torpaqlarında yaşayan avropalılar isə sahib olduqları pul və açıq ekstradisiya vasitəsilə onlardan yaxa qurtarmağa çalışırlar. Adi insanlar, sakinlər yaşam tərzlərinin pozulmasını istəmirlər və bu, onların haqqıdır. Dəvətsiz qonaqlara qarşı yürüdülən bu dözümsüzlük bir az da davam etsə, Avropa  yaxın gələcəkdə qeyri-xristianların üstünlük təşkil edəcəyi məkana çevriləcək və bu ölkələrdə ağdərili sarışınların sayı ciddi şəkildə azalacaqdır. Hadisələr bu məcrada cərəyan edir. Görünür, Avropanın müsəlmanlaşmasına çox az vaxt qalıb. Maraqlıdır, bütün bu proseslərin arxasında hansı amillər durur? Özünün və doğmalarının həyatını qorumağa çalışan insanları məhv edənlər kimlərdir, onları doğma yurd-yuvalarından didərgin salanların arxasında kimlər durur? Güman edirəm ki, cavab hər kəsə bəllidir - bəzi insanların əsl sahibinə çevrilmiş əlahəzrət kapital. Kapitala dəlicəsinə aşiq olanlar ona qovuşmaq üçün bütün xalqları, millətləri yer üzündən silməyə, hər yeri xarabalığa çevirməyə, tarixi abidələri məhv etməyə, əllərini hələ dünyaya gəlməmiş körpələrin qanına bulamağa belə hazırdırlar. Belələri yalnız öz mənafelərinə uyğun ideyalar və texnologiyalar yaradır, milyonların ürəyinə və əqlinə sahib olan dinin mahiyyətini müxtəlif çirkin yollarla dəyişdirir və ağlın məhsulu olan elmi nailiyyətlərdən yalnız mümkün qədər çox kapital əldə etmək üçün istifadə edirlər. Kapital, yəni maddiyyat çoxlarının gözlərini və qulaqlarını bağlayıb, onlar sərvət, var-dövlət qarşısında nəinki diz çökməyə, hətta uşaq kimi iməkləməyə də hazırdırlar. Maddi mənfəət qarşılığında bir çoxları hər şeyi, hətta Allahı da unudaraq, ağlını, şüurunu və onlarla birlikdə bütün mənəvi dəyərləri itirirlər.  Daxili boşluq yaranır. Bu isə onları narahat edir, "yeniliklər" axtarmağa məcbur edir.

Bütün bunlar medalın görünən tərəfidir. Medalın o biri üzü "həyatda heç nə üçün heç vaxt gec deyil" həqiqətindən ibarətdir. Hər dərdin dərmanı var. Çarəsiz dərd yoxdur, yetər ki, ümid ipinin bir ucunu əlində saxlamağı bacarasan. İnsan övladı istəsə, sahib olduğu imanı da, ağlı da, ideyaları da yalnız təbiətin, cəmiyyətin xeyri üçün istifadə edə bilər. Az qala bütün dünyanın sahibinə çevrilmək xəyalı ilə yaşayan kapital qulları isə öz nəfislərinə qalib gələ, hərislikdən xilas ola bilərlər. Bunun üçün iradə, şüur və qəlb birliyi vacibdir. Pis əməllərdən - alkoqolizmdən, narkomaniyadan, yalanlardan canını qurtaranların sayı məgər azdır? Belələri yalnız özlərini xilas edirlər. Amma birinin kapital qulu olmaqdan imtina etməsi cəmiyyət, kütlə üçün nə qədər faydalı, səmərəli olardı. Bu haqda düşünməyə dəyər! Yetər ki, mənəviyyatlarını süni dəyərlərdən təmizləmək, qeyri-insani rəftardan uzaqlaşmaq istəsinlər.  Həyatda mümkün olmayan heç nə yoxdur. Hər şey insanın öz əlindədir, ondan asılıdır. İstəsək yaşadığımız dünyanı cənnətə, istəməsək cəhənnəmə çevirə bilərik. Bunu mən demirəm, bunu tarix sübut edib. Özü də dəfələrlə.

Düzdür, nəfsə qalib gəlmək o qədər də asan məsələ deyil. Bu, insandan güc, dözüm, səbr, iradə, inam və iman tələb edir. Üstəlik, kapital qulları digərlərindən fərqli olaraq, daha geniş imkanlara sahibdirlər. Həmin imkanlar sayəsində onlar ilboyu "bol süd" verən "qızıl" inəklərini qoruyub saxlamağı bacarırlar. Amma hər gözəlin bir eybi olduğu kimi, onların da öz zəif nöqtəsi var - sağlam ideya və təmiz imanlarının olmaması. İdeya və iman olmadan isə cəsarətli addım atmaq mümkün deyil. Bunu bütün dini kitablar, mürdillər deyib və indi də deyirlər. Bu gün dünyada cərəyan edən xoşagəlməz prosesləri idarə edənlərin, bəşər övladında xof yaradanların, əminəm ki, nə təmiz ideyaları, nə də imanları var. Onların qəlbində Yaradana və onun yaratdıqlarına qarşı sevgi, ədalətin haqsızlıq üzərində qələbəsinə inam yoxdur, hər şey onların nəzərində alt-üst görünür. Bu gün xeyrin şər üzərində qalib gəlməsi üçün lazım olan yeganə silah, az qala, tamamilə məhv edilmiş, dağıdılmış mənəvi dəyərələrin güclü iman və möhkəm ideya vasitəsilə tədricən yenidən bərpasıdır. Bunun üçün heç bir əlavə xərc, xüsusi zəhmət, əzab-əziyyət belə tələb olunmur. Mənəvi dəyərlər, etik normalar, böyüyə hörmət, kiçiyə sevgi insanın daxilində həll olunan məsələlərdir. Biz özümüz öz hisslərimizin hakimiyik, hər nə varsa, ilkin olaraq insanın daxilində nəşət tapır. Özümüz istəməsək, kimsə bizi ətraf aləmə münasibətimizi dəyişə bilməz. Bəlkə də bu, insan övladının sahib olduğu ən böyük özəllikdir, baş ucaldan daxili güc mənbəyidir. Xeyirxah ideyalar və güclü imanla silahlanmış insanı məğlub etmək mümkün deyil, ideyanı öldürə biləcək silah yoxdur. Onun sahibinə ölüm qalib gələ bilər ki, çox zaman elə belə də olur. Maddiyyata ehtiyacı olanlar isə həmin maddi nemətləri ona vəd edənlərdən bir növ asılıdırlar. Onlar oturduqları gəminin kapitanını heç vaxt narazı salmaq istəməzlər.

Mən hər zaman nikbin düşünməyin, sabaha ümidlə baxmağın tərəfdarı olmuşam. Bilirəm ki, xeyirxah ideyası, möhkəm imanı və iradəsi olan insanların sayı çoxdur. Belələri öz xeyirxah əməlləri ilə başqalarına nümunə ola bilərlər. Biz hamımızın bəşəriyyətin övladlarıyıq. Kainat üçün hamımız eyniyik, Yaradan tərəfindən hamımız eyni dərəcədə sevilirik. Ana öz balasını sevən kimi. Bizim üzərimizə düşən isə yalnız sevgiyə sevgi, xeyirxahlığa xeyirxahlıqla cavab verməkdir. Naşükür olmaq, təşəkkür etməyi bacarmamaq naqislik əlamətidir. Bizə bəxş edilən bütün nemətlərin qədrini bilmək insanlıq borcumuzdur. Sahib olduğumuz ideyanı, imanı, ağlı yalnız xeyir əməllər üçün sərf etməkdə yalnız və yalnız özümüzdən asılı olmalıdır. İnsanları sevmək, heyvanların qayğısına qalmaq, bitkilərə qulluq etmək hər kəsə yalnız pozitiv enerji verə bilər. İnanmıram kimsə buna şübhə etsin. Sevginin qalib gələ bilməyəcəyi heç nə yoxdur. Unutmayaq ki, insan öz həyatının memarıdır. Bu gün yaşadığımız həyat öz düşüncələrimizin məhsuludur, bəhrəsidir. Əgər bir şeyi çox istəyirsinizsə, bütün varlığınızla onu əldə etməyə can atırsınızsa və xəyalən onu hər gün beyninizdə canlandırırsınızsa, gec-tez istədiyimizi əldə edəcəyik. Bizdən tələb olunan heç bir halda bədbinliyə qapılmamaq və ümidimizi itirməməkdir. Pozitiv düşünmək, xoşbəxtliyi bütün varlığımızla hiss etmək, həm reallıq, həm də xəyallarla yaşamaq və gələcəyə nikbinliklə baxmaq bizi heç vaxt məyus etməz. Unutmayaq  ki, həyatda bütün hadisələr bumeranq prinsipi ilə cərəyan edir. Ətrafa verdiyimiz sevgi də, nifrət də gec-tez özümüzə qayıdacaq. Biz düşüncələrimizi idarə etməyi bacarmalıyıq. Bu yolda nə qədər fəal olsaq, dünyamız da şərdən bir o qədər az ziyan çəkər, pisliklərdən tez xilas olar. Bir daha təkrar edirəm, həyatda mümkün olmayan heç nə yoxdur. İdeya şüurumuzun məhsuludur, imanı isə saxlayan qəlbimizdir. Bizim üzərimizə düşən isə onlar arasında hormoniya yaratmaq, daxili balansı saxlamaqdır. Bu həyatda ən mühüm prinsipdir. Varlığımızın özəyidir, əsasıdır.

İstək olsa, inanıram ki, "ideya, iman və şüur" üçlüyü bütün bəşəriyyətin xilaskarına çevrilə bilər. Yoxsul da, zəngin də, bədxah da, xeyirxah da xəyallarında özü üçün hər zaman xoşbəxt və firavan həyat qurur. Sadəcə olaraq, bəziləri bu həyatı kapital, bəziləri isə nəcib ideyalar, təmiz iman və sağlam şüur olmadan təsəvvür edə bilmir. Ortada bir həqiqət var - ideya, iman və şüur bəşəriyyətə yalnız xoş niyyətlər üçün bəxş edilib. Gəlin, Tanrının bizə göndərdiyi bu üç nemətin qədrini bilək, onları yalnız yaxşı əməllər, xeyirxah işlərə yönəldək.

 

Rafiq ƏLİYEV

 

525-ci qəzet.-2018.- 25 iyul.- S.5.