"Azərxalça"nın
yeni uğurları
"Azərxalça" Açıq Səhmdar Cəmiyyəti (ASC) dünyanın
müxtəlif muzeylərində,
şəxsi kolleksiyalarda
saxlanılan qədim xalçalarımızı aşkara
çıxararaq onların
çeşniləri əsasında
yeni xalçalar toxuyur.
Cəmiyyət dünya muzeylərində,
kolleksiyalarda saxlanılan,
müxtəlif vaxtlarda
hərraca çıxarılaraq
satılan Azərbaycan
xalçaları barədə
məlumat bazası da yaradır.
"Azərxalça" ASC-nin mətbuat xidmətindən bildirilib ki, 1998-ci ildən 2017-ci ilədək hərraca çıxarılan 100-dən çox
qədim xalça haqqında məlumatlar əldə olunub.
"Christies"
hərrac evində
1998-ci il oktyabrın
15-də keçirilən hərracda
XVIII əsrin sonlarına
aid "Əjdahalı" çeşnisi ilə toxunan xalça 58 min 747
ABŞ dollarına satılıb.
Elə həmin hərrac evində 2002, 2003, 2006, 2008 və
2014-cü illərdə XVIII və XIX əsrlərdə
toxunan 12 qədim Azərbaycan xalçası
hərraca çıxarılıb.
Bu xalçalar sırasında ən baha qiymətə satılanı XIX əsrin
birinci yarısında
toxunan xalçadır.
Bu xalça 152 min 592
ABŞ dollarına satılıb.
2006-cı ilin dekabr
ayında ABŞ-ın
Pensilvaniya ştatının
Filadelfiya şəhərində
yaşayan Robert Montqomeri
Skott tərəfindən
hərraca çıxarılan,
XVIII əsrin sonu, XIX əsrin əvvəllərində
toxunan Azərbaycan xalçasına çox böyük maraq göstərilib. Həmin xalça 341 min 625 ABŞ dollarına satılıb.
Bu, ölçüsünə
görə ən baha qiymətə satılan Azərbaycan xalçasıdır. Cəmi 3 kvadratmetr
olan heç bir xalça belə baha qiymətə satılmayıb.
2013-cü ildə Vyanada,
Londonda, 2014-cü ildə
isə Nyu-Yorkda keçirilən hərraclarda
XVIII və XIX əsrlərdə
toxunmuş Azərbaycan
xalçaları satışa
çıxarılıb. "Qarabağ",
"Qazax-Borçalı", "Təbriz", "Quba"
qruplarına aid olan xalçaların ən ucuzu 10 min avroya, ən bahalısı isə 233 min ABŞ dollarına
satılıb.
Azərbaycan xalçaları 2016-cı il noyabrın
20-də keçirilən "Grogan" hərracında da satışa çıxarılıb.
ABŞ-da fəaliyyət
göstərən bu hərrac evi Mitçel və Rozali Rudnikin şəxsi kolleksiyasının
satışını həyata
keçirib.
Mitçel və Rozali Qafqaz xalçalarını
1980-ci illərin əvvəllərindən
toplamağa başlayıblar. Nyu-İqlənd Xalça Cəmiyyətinin
fəal üzvləri
olan ər-arvad həmin xalçaları əsasən İstanbul,
Milan, Paris, London və Münhendən
alıblar.
Hərracda ABŞ və Avropa ölkələrindən olan
alıcılar iştirak
edib. "Grogan"da satışa
çıxarılan bu
xalçalar ümumilikdə
744 min 200 ABŞ dollarına
satılıb.1810-cu ildə toxunmuş Quba namzalıq xalçasını
hərracda ən baha qiymətə - 61 min
ABŞ dollarına Boston İncəsənət
Muzeyi alıb. 100 alıcının iştirak etdiyi hərracda 15-dən çox
xalça 10 min ABŞ dollarından
baha qiymətə satılıb.
"Azərxalça" hərraclarda satılan xalçaların çeşniləri
əsasında yeni məhsullar istehsal edir. Müasir Azərbaycan xalçaçıları
tarixi yaddaşın, qədim çeşnilərimizin
bərpası ilə milli dəyərlərimizə
sahib çıxdıqlarını nümayiş etdirirlər.
Dünyanın müxtəlif ölkələrində
keçirilən hərraclarda
satılan xalçaların
çeşniləri əsasında
istehsal olunan bəzi məhsulların fotoşəkillərini təqdim
edirik.
ŞAHANƏ
525-ci qəzet.-2018.- 26 iyul.- S.8.