Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz yeni vəsaitlər hazırlayıb

 

Son iki ildə yetmişdən artıq metodiki vəsaitin hazırlanmasına müvəffəq olan Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi daha üç yeni adda metodiki vəsait tərtib edib.

Mərkəzin əməkdaşı Səbuhi Hüseynovun hazırladığı "Müsabiqələrin təşkili qaydası" adlı metodiki tövsiyədə kitab, rəsm, foto müsabiqələrin təşkili qaydaları, müsabiqə prosesində nəzərə alınmalı meyarlar təşkilatçıların diqqətinə çatdırılır.

Müəllif Aygün Balabəyovanın "Muzey işinin modernləşdirilməsi: əsas istiqamətlər" adlı metodiki tövsiyəsində həm dünya muzeylərindən, həm də yerli muzeylərdən nümunələr gətirilmiş, habelə informasiya texnologiyalarının muzeyin fəaliyyətində tətbiqinin hansı faydalar gətirə biləcəyi öz əksini tapıb. Məhbubə Əbilovanın "Sərgi işi ekspozisiyaların formalaşmasında ilk mərhələ kimi" adlı metodiki tövsiyəsində elmi-kütləvi işin əsas istiqaməltərindən biri olan sərgilər, stasionar və səyyar sərgilərin təşkili və bu proseslə bağlı müxtəlif işlərin görülməsi haqqında danışılır.

Hazırlanmış bütün vəsaitlərin rayon (şəhər) mədəniyyət idarələrinə göndərilməsi və yerlərdə təqdimatların aparılması da nəzərdə tutulub.

 

ŞAHANƏ

525-ci qəzet.-2018.- 26 iyul.- S.8.