Azərbaycan Xalq Cümhuriyyəti
dövründə hüquqi dövlət quruculuğu
Hər bir xalqın formalaşması və təkamülü
prosesində milli dövlətin mövcudluğu vacib şərtlərdən
biridir.
Milli dövlətə mənsubluq bu gün də
ayrı-ayrı xalqların nəyə qadir olduğunu,
keçdiyi şərəfli mübarizə yolunu, dünya
dövlətləri sırasında layiqli yer tutmaq əzmini
nümayiş etdirmişdir. Eyni dilə, dinə,
milli-mənəvi irsə, adət-ənənəyə, dəyərlər
sisteminə malik insanlar tarixən konkret məkan və ərazi
hüdudlarında milli dövlətlərini yaratmaq idealı
ilə yaşamış, fəqət bu heç də
hamıya nəsib olmamışdır.
Dünyanın qədim etnoslarından biri sayılan azərbaycanlıların
milli dövlətçilik şüurunun və ənənələrinin
inkişafı prosesi uzun əsrlər boyu davam etmiş,
xalqın formalaşma, təşkilatlanma və
özünütəsdiqləmə prosesinə əsaslı təkan
vermişdir. Tarix boyu bir çox böyuk sərkərdələr,
dövlət xadimləri Azərbaycan torpaqlarını vahid
dövlət bayrağı altında birləşdirmək,
hüquqi dövlət qurmaq istəsələr də, obyektiv
və subyektiv səbəblərdən qarşıya
qoyduqları müqəddəs məqsədə çata bilməmişlər.
Azərbaycanda Qərb-Şərq dəyərləri əsasında
ilkin demokratik təsəvvürlərin cəmiyyət
gerçəkliyi kimi ortaya qoyulması əsasən XIX
yüzilliyə təsadüf edir. Bu əsrdə yaşayıb
yaratmış Qasım bəy Zakir, Abasqulu Ağa Bakıxanov,
Seyid Əzim Şirvani, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli
Axundzadə, İ.Qutqaşınlı, Nəcəf bəy Vəzirov,
Məhəmməd Tağı Sidqi, Həsən bəy Zərdabi
və başqa görkəmli ziyalı ədiblərin cəmiyyətdəki
problemləri, sosial ədalətsizlikləri,
haqsızlıqları əks etdirən əsərləri,
poeziyaları Azərbaycanın milli ruhunun oyanışına
təkan vermişdir. Eləcə də ötən
əsrin əvvəllərində C.Məmmədqluzadə,
M.Şahtaxtlı, Ə.Hüseynzadə, F.Köçərli,
Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə kimi maarifpərvər
ziyalılar demokratik düşüncəni, hüquqi cəmiyyət
və dövlət modelini, ədalətli məhkəmə
hakimiyyəti prinsiplərini müdafiə etmişlər.
Demokratik dövlətdə hüququn roluna,
hüquq və dövlətin əlaqəsinə, hüquqi
dövlətin əsaslarına, ədliyyənin cəmiyyətdəki
roluna, vətəndaşların əsas hüquq və
azadlıqlarının təmininə dair M.Ə.Rəsulzadənin,
N.Yusifbəylinin, F.Xoyskinin, Y.V.Çəmənzəminlinin
fikirləri bu gün də böyük maraq doğurur.
Azərbaycan
Xalq Cümhuriyyətinin yaradılmasını nəzərdə
tutan 28 may 1918-ci il tarixli "İstiqlal bəyannaməsi"ndə
müsəlman Şərqinin ilk müstəqil hüquqi
dövlət ideyası yeni yaranmış dövlətin təməl
prinsipi kimi önə çəkilmiş, bəyannamənin
6-cı bəndində insan hüquq və
azadlıqlarının prioritetliyi, hər kəsin qanun
qarşısında bərabərliyi prinsipi önə çəkilmişdir.
Xatırlatmaq
lazımdır ki, 1918-ci ilin mayında Zaqafqaziya Seymi
dağıldıqdan sonra qurumun 44 nəfərlik müsəlman
fraksiyası Azərbaycanın istiqlaliyyətini elan etmək və
ilk milli hökuməti yaratmaq üçün Tiflisdə
toplanaraq ölkənin idarə olunması səlahiyyətini
üzərinə götürmüş, Azərbaycanın
Milli Şurası elan edilmiş, M.Ə.Rəsulzadə
Şuranın sədri seçilmişdir. 1918-ci il mayın 28-də isə Azərbaycan Milli
Şurası Həsən bəy Ağayevin sədrliyi ilə
Azərbaycanın "İstiqlal Bəyannaməsi"ni qəbul
etmişdir. Bəyannamə azərbaycanlıların
əsrlər boyu həsrətində olduğu ədalətli,
hüquqi dövlət ideyalarını özündə parlaq
şəkildə təcəssüm etdirərək
Cümhuriyyətin Konstitusiya aktı statusuna malik ilk hüquqi
sənədi olmuşdur. Sənəddə
müstəqil Azərbaycan dövlətinin
yarandığı bəyan olunmuş, onun ərazinin
hüdudları müəyyənləşdirilmiş, dövlətin
quruluşu, əsas fəaliyyət prinsipləri əksini
tapmışdır.
Bəyannamədə
demokratik dövlətə məxsus atributların - hakimiyyətin
xalqa məxsusluğu, vətəndaşların mülki-siyasi
hüquqlarının təmini, bütün xalqların və
hər bir kəsin milli, dini, sinfi, silki və cinsi mənsubiyyətindən
asılı olmayaraq azad inkişafı üçün şəraitin
yaradılması, ən nəhayət, hakimiyyət
bölgüsü kimi prinsiplərin əksini tapması suveren,
demokratik, hüquqi dövlət yaradılması istəyinin təcəssümü
idi. İstiqlal bəyannaməsinin siyasi-hüquqi mahiyyəti
ondan ibarət idi ki, bu sənəd Azərbaycanda milli dövlətin
siyasi əsaslarını - demokratik rejimli parlament
respublikasının idarəçilik formasını, ali dövlət hakimiyyəti orqanları
sistemini, hökumətin qanunverici orqan qarşısında məsuliyyət
daşımasını təmin edirdi. Fəqət, bu sənəd
Konstitusiyanı əvəz edə bilmədiyindən Azərbaycan
Xalq Cümhuriyyətinin Konstitusiyasının dövlətin ali orqanı - Müəssislər Məclisi
(parlament) tərəfindən qəbulu nəzərdə
tutulurdu.
Cümhuriyyətin baniləri hüquqi dövlətin
mövcudluğını həm də müstəqil məhkəmə
təsisatının mövcudluğu ilə əlaqələndirirdilər. Onların dövlət və
vətəndaşların qarşılıqlı məsuliyyətini
təmin edən əsas orqan kimi məhkəmədərin rolu haqqında fikirləri
müasir dövlət-hüquq həyatı üçün
də aktualdır. Məsələn, F.Xoyski hüquqi dövlətdə
məhkəmənin rolunu yüksək qiymətləndirərək
deyirdi: "Yalnız o ölkə, o dövlət hüquqi
hesab edilə bilər ki, orada ədalət mühakiməsinin
həyata keçirilməsi, həqiqətin müəyyən
edilməsi üçün bütün zəruri təminatlarla
təşkil edilmiş müstəqil, qərəzsiz, əhaliyə
yaxın məhkəmə var. Belə məhkəmədən
məhrum olan ölkə həmişə
özbaşınalıq və anarxiyanın hakimiyyəti
altında olur. Bu zaman ortada hüquq
qaydasından söhbət belə gedə bilməz".
Milli
Şuranın və hökumətin qarşısında duran
mühüm vəzifələrdən biri də dövlət
idarəçiliyinin məqsədyönlü şəkildə
həyata keçirilməsi və cəmiyyət-vətəndaş-dövlət
münasibətlərinin sivil şəkildə tənzimlənməsi
baxımından o
dövr üçün mükəmməl
qanunların qəbulu olmuşdur. 1918-ci iyunun 4-də
"Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan
Respublikası arasında dostluq müqaviləsi"nin imzalanması Azərbaycan
Respublikasının xarici dövlətlərlə
imzaladığı ilk rəsmi hüquqi sənəd kimi
tarixiləşmişdir. 11 maddədən ibarət
müqavilənin mühüm əhəmiyyətə malik
4-cü maddəsində "Dinclik və asayişi möhkəmləndirmək
ölkənin təhlükəsizliyinin təmini
üçün əgər zərurət olarsa, Osmanlı
hökuməti Azərbaycan Respublikasına hərbi yardım
göstərməyi öz üzərinə
götürür" müddəasının əksini
tapması gənc müstəqil respublikanın təhlükəsizliyinin
təmin edilməsi baxımından mühüm əhəmiyyət
kəsb edirdi. Ölkəmizin müdafiə qabiliyyətinin
və təhlükəsizliyinin təmini istiqamətində
digər mühüm addım Nazirlər Kabinetinin 1918-ci il 26 iyun tarixli sərəncamı əsasında
Azərbaycan Milli Ordusunun yaradılması, avqustun 11-də isə
"Hərbi mükəlləfiyyət haqqında" qərarın
qəbulu olmuşdur.
Cümhuriyyətin yaradıcısı olmuş
böyük ziyalılar hüquqi və demokratik dövlət
quruculuğu yolunda ədliyyə və məhkəmə-hüquq
islahatlarının da zəruriliyini ilk gündən
düzgün dəyərləndirərək bu istiqamətdə
sistemli tədbirlər həyata keçirmişlər. 100 illik inkişaf yolu
keçmiş Azərbaycan ədliyyəsinin şanlı
tarixi 1918-ci il mayın 28-dən - Azərbaycan
Xalq Cümhuriyyətinin elan edildiyi gündə Ədliyyə
Nazirliyinin təsis edilməsi ilə başlamış, təcrübəli
dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə
naziri təyin olunmuşdur. Nazirlər Şurasının qərarı
ilə 1918-ci il oktyabr ayının 1-də
Bakı dairə məhkəməsinin və onun tərkibində
prokurorluğun fəaliyyəti bərpa edilmiş, noyabrın
14-də Azərbaycan məhkəmə palatasının Əsasnaməsi,
noyabrın 22-də Ədliyyə Nazirliyinin Əsasnaməsi və
ştat cədvəli təsdiq olunmuşdur.
Azərbaycan
Xalq Cümhuriyyəti hökumətinin vətəndaşlarda
milli özünüdərki və istiqlal
duyğularını gücləndirməyə xidmət edən
mühüm addımlarından biri də 1918-ci il
iyunun 27-də "Azərbaycan dilinin dövlət dili elan
edilməsi haqqında" qərarın qəbulu olmuşdur.
Həmin qərar Gülüstan (1813) və Türkmənçay
(1828) müqavilələri ilə Azərbaycanın ikiyə
bölünməsindən sonra ana dilinin dövlət dili kimi
işlədilməsinə dair ilk sənəd olmuş, bu qərarla
Azərbaycan-türk dili bütün ölkə ərazisində
dövlət dili elan edilmişdir.
Cümhuriyyət dövründə xalqda milli
özünüdərki, milli ruhu gücləndirən
mühüm hüquqi addımlardan biri də dövlət
bayrağının hazırlanması və qəbulu
olmuşdur. Həmin
il iyunun 24-də üzərində ağ rəngli
aypara və səkkizgüşəli ulduz təsviri olan
qırmızı bayraq dövlət bayrağı kimi qəbul
edilmişdir. Qısa zamanda dövlət himninin
qəbul edilməsi, milli valyutanın - manatın dövriyyəyə
buraxılması milli müstəqilliyin möhkəmləndirilməsinə
xidmət edən addımlar kimi ehtiramla xatırlanır.
1918-ci il noyabrın 9-da Bakı şəhərində
Fətəli Xan Xoyskinin sədrliyi ilə Nazirlər Kabinetinin
iclası keçirilmiş, gərgin müzakirələrdən
sonra "yaşıl, qırmızı və mavi rənglərdən,
ağ aypara və səkkiz guşəli ulduzdan ibarət olan
bayraq" Dövlət bayrağı kimi təsdiqlənmişdir.
Üçrəngli bayrağımız dahi
mütəfəkkir və ziyalı Əli bəy Hüseynzadənin
hələ əsrin əvvəllərində milli yaşam fəlsəfəsi
kimi irəli sürdüyü "Türkləşmək,
müasirləşmək, islamlaşmaq" devizinə əsaslanmışdır.
1918-ci il avqustun 11-də qəbul olunmuş "Azərbaycan
Xalq Cümhuriyyətinin vətəndaşlığı
haqqında" qanun da vətəndaşlarda dövlətçilik
təəssübünün gücləndirilməsinə xidmət
etmişdir. Qanun gənclərdə vətəndaşlıq
hisslərinin tərbiyəsi, milli özünüdərk duyğularının gücləndirilməsi
baxımından son dərəcə əhəmiyyətli
olmuşdur. Qanunun 1-ci maddəsinə əsasən,
milliyyətindən və dini mənsubiyyətindən
asılı olmayaraq özü, yaxud valideynləri Azərbaycan
Xalq Cümhuriyyəti ərazisində doğulmuş
keçmiş Rusiya imperiyası vətəndaşları Xalq
Cümhuriyyətinin vətəndaşları hesab olunurdular.
F.Xoyski
hökumətinin hüquqi sahəsində mühüm qərarlarından
biri də 1918-ci il iyul ayının 15-də
Fövqəladə Təhqiqat Komissiyasının
yaradılması olmuşdur. Həmin qərarla
komissiya qarşısında Birinci Dünya Müharibəsi illərində
Zaqafqaziya ərazisində daşnak-bolşevik birləşmələrinin
müsəlmanlara qarşı törədilən vəhşiliklər
və onların əmlakına edilən qəsdlə
bağlı məsələləri araşdırmaq, bu
işdə günahkarları aşkarlamaq, onları məhkəmə
məsuliyyətinə cəlb etmək
tapşırılmışdır.
Azərbaycan Parlamentinin qəbul etdiyi qanunların, qərarların
hamısı müstəqil ölkənin ilk qanun və qərarları
olduğu üçün çox əhəmiyyətli idilər. Bu sırada "Ümumi hərbi
mükəlləfiyyət haqqında", "Mətbuat
haqqında", "Milli Bankın təsisi haqqında",
"Bakı Dövlət Universitetinin yaradılması
haqqında", "Gömrük və poçt-teleqraf xidmətinin
təkmilləşdirilməsi haqqında", "Məhkəmə
qanunvericiliyi haqqında" və digər qanunları
xüsusilə qeyd etmək olar.
Cümhuriyyətin həyatında ən əhəmiyyətli
və şərəfli məqamlardan biri də üzvlərinin
əksəriyyəti gənclərdən təşkil
olunmuş parlamentin ("Məclisi-Məbusan") fəaliyyəti
olmuşdur.
1918-ci il noyabrın 16-da toplanan Milli
Şura mövcud fövqəladə şəraitdə Müəssislər
Məclisinin çağırılmasının
qeyri-mümkünlüyü ilə əlaqədar olaraq ali hakimiyyət
orqanı kimi "Azərbaycan parlamentinin yaradılması
haqqında" qanun layihəsini hazırlamış və
noyabrın 19-da qəbul etmişdir.
Cəmi 17 ay fəaliyyət göstərməsinə
baxmayaraq, Cümhuriyyət parlamenti özünün həyatiliyini
və yüksək işgüzarlıq qabiliyyətini sübut
etmişdir.
Bu müddətdə "Məclisi-Məbusan"ın 145
iclası keçirilmiş, ilk iclas 1918-ci il
dekabrın 7-də, son iclas 1920-ci il aprelin 27-də olmuşdur.
Bu iclaslardan 15-i yetərsayın olmaması üzündən
baş tutmamış, 130 iclasda ölkənin daxili, xarici siyasəti,
iqtisadiyyat, maliyyə məsələləri, qanunvericilik
aktlarının müzakirəsi, qəbulu, ordu quruculuğu və
digər məsələlər müzakirə olunmuşdur. Fəaliyyəti dövründə Azərbaycan
Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən
yuxarı qanun layihəsi çıxarılmış, onlardan
230-a yaxına təsdiq edilmişdir. Gənc
müstəqil respublikada cəmiyyət həyatının
müxtəlif sahələrini əhatə edən mükəmməl
qanunlar özünün mütərəqqiliyi, demokratik ruhlu
olması ilə fərqlənmişdir.
Azərbaycan
Xalq Cümhuriyyətinin parlamenti bütün fəaliyyətini
ölkənin sosial-iqtisadi, maliyyə problemlərinin həllinə,
ölkənin siyasi və ərazi
toxunulmazlığını təmin etməyə, vətəndaşların
hüquqlarını qorumağa, dövlətin demokratik və
hüquqi əsaslarını möhkəmləndirməyə,
Azərbaycanın beynəlxalq miqyasda tanınmasına, onun
xarici ölkələrlə, ilk növbədə yaxın
qonşuları ilə çoxşaxəli əlaqələrinin
genişlənməsinə yönəltmişdir. Parlamentdə
maliyyə-büdcə, qanunvericilik təklifləri, Müəssislər
Məclisinə seçkilər üzrə mərkəzi
komissiya, mandat, hərbi, aqrar məsələlər,
sorğular, təsərrüfat, sərəncamverici, ölkənin
istehsal qüvvələrindən istifadə üzərində
nəzarət, redaksiya və fəhlə məsələləri
üzrə komissiyalar fəaliyyət göstərmişdir.
Həmin dövrdə vətəndaşları narahat edən
sosial problemlər də diqqət mərkəzində
olmuşdur.
Parlamentdə qəbul edilmiş "İşçi məsələsi"nə
dair bəyannamə ilə fəhlələrə 8 saatlıq
iş gününün müəyyən edilməsi, onlara həftədə
bir günlük istirahətin verilməsi parlamentin vətəndaşların
əmək hüquqlarının qorunması və sosial
müdafiəsinin təşkili məsələlərinə
həssas münasibətini bir daha sübut edir. Bəyannamə
işçilərin qanunla müəyyənləşdirilmiş
vaxtdan çox, eləcə də axşam saat 9-dan səhər
saat 6-dək işlədilməsinə yasaq qoyurdu. Qanuna əsasən,
16 yaşına qədər yeniyetmələrin işləməsinin
qadağan olunması; 16 yaşından 18 yaşınadək gənclər
üçün 6 saatlıq iş gününün müəyyənləşdirilməsi;
qadınların zərərli işlərdə
çalışmasının yasaq olunması; hamilə
qadınlara doğuşdan əvvəl 4 həftə, sonra isə
6 həftə ərzində əvəzi ödənilməklə
məzuniyyətin verilməsi insan hüquqlarına yüksək
hörmətin bariz təcəssümü idi.
Azərbaycan parlamenti 1919-cu ilin ilk aylarından
başlayaraq ölkənin sosial-iqtisadi məsələlərinə
geniş diqqət ayırır, gənclərin sosial vəziyyətinin
yaxşılaşdırılması, əmək
haqlarının artırılması, iqtisadi islahatların
keçirilməsi üçün qanunvericilik bazası
yaradırdı. İşçi məsələsi
parlamentin iclaslarında daimi müzakirə mövzularından
biri idi. Əmək naziri parlament
iclaslarında gənc fəhlələrin şəraitinin
ağır olduğunu etiraf edərək bu vəziyyətin
yaxşılaşdırılması üçün neft sənayeçiləri,
banklar və əmək haqlarının artırılması
üzrə fabrik müfəttişliyi nümayəndələrinin
iştirakı ilə müşavirə keçirmişdi.
Həmin iclasda 1919-cu il yanvarın 1-dən
gənc subay fəhlələrin əməkhaqqına əlavə
olaraq ayda 120 rubl, ailəlilərə isə 360 rubl müavinət
verilməsi nəzərdə tutulmuşdu.
Parlamentin
dəmiryolçuların maddi təminatı üçün
qəbul etdiyi 4 fevral 1919-cu il tarixli "Dəmir yolu
qulluqçularının maddi vəziyyətlərini
yaxşılaşdırmaq haqqında" qanun parlament tərəfindən
bir milyon rubl vəsaitin ayrılmasını, dəmiryolçulara
2 manata çörək verilməsini nəzərdə
tuturdu. Qanuna görə, 1919-cu il
yanvarın 1-dən dəmiryolçulara məvaciblərini 60
faizi həcmində mükafatın verilməsi də daxil
edilmişdi.
Qanunverici orqanın 1919-cu ilin iyunun 23-də qəbul
etdiyi sosial xarakterli qanunlardan "Yaşayış minimumunun
artırılması haqqında" qanun əhalinin sosial vəziyyətini
yaxşılaşdırılması baxımından
böyük əhəmiyyət kəsb edirdi. Qanunda göstərilirdi ki,
Rusiya Müvəqqəti hökumətinin 12 iyun 1917-ci il tarixli qanununa əsasən gəlirləri 5
min rubla çatmayanlar gəlir vergisindən azad edilirlər. Bu qanun vergi ödəyicilərinin yükünü
azaltmağa yönəlmişdi. Parlamentin
təsdiq etdiyi qanunla yaşayış minimumu 1000 rubldan 5000
rubla qaldırıldı.
Azərbaycan
vətəndaşlarının sosial rifahının
yaxşılaşdırılmasını prioritet vəzifə
hesab edən "Müsavat" parlament fraksiyasının təqdim
etdiyi "Torpaq məsələsi" layihəsi xəzinəyə,
çara və çar nəslinə, eləcə də
mülkədarlara məxsus bütün torpaqların pulsuz və
əvəzsiz olaraq zəhmətkeşlərə, rəncbər
xalqa verilməsini nəzərdə tuturdu. Hər
bir mülkiyyət sahibində olacaq torpaqların həcmi
qanunla müəyyənləşdirilir və bundan çox
torpağa sahib olmaq qadağan edilirdi. Rəncbərlərə
əvəzsiz verilmiş torpaqların müqabilində torpaq
sahiblərinə xüsusi yaradılmış fond hesabına
dəymiş zərərin mükafatı ödənilməli
idi. Xüsusi torpaq sahibliyinə məxsus ərazilərdəki
yerin təkində olan sərvət, dövlətin müəyyən
etdiyi xüsusi nizam və qanunla tənzimlənməsi nəzərdə
tutulurdu. Meşələr, səhralar,
göllər, duzlaqlar və axar sular ümumi istifadəyə
verilir, lakin onlardan istifadə qanunla tənzimlənirdi.
1919-cu il
iyulun 21-də parlamentdə təsdiq edilmiş "Müəssislər
Məclisinə seçkilər haqqında" qanunla cinsindən
asılı olmayaraq 20 yaşına çatmış
bütün respublika vətəndaşlarının parlamentə
bərabər, birbaşa və gizli səsvermə yolu ilə
seçilməsi təsbit edilirdi. Şərqdə
ilk dəfə olaraq qadınların da seçkilərdə
iştirakına imkan yaradılması Cümhuriyyətin
hüquqi dövlət ideyasına sadiqliyinin əyani təcəssümü
idi.
Qanuna görə, hərbi qulluqda olanlar yalnız passiv
seçki hüququna malik idilər. İnzibati vəzifədə
olan şəxslər, qəza rəislərinin köməkçiləri,
qubernator və onların köməkçiləri aktiv
seçki hüququndan istifadə edə bilərdilər.
Qanuna görə, qəyyumluqda olanlar,
anlaqsız şəxslər seçkidə iştirak edə
bilməzdilər. Həmçinin, məhkəmənin
qanuni qüvvəyə minmiş qərarı ilə
azadlıqdan məhrum edilənlər, 10 illik katorqa işlərinə
cəlb edilmiş şəxslər, cəza müddətləri
başa çatana qədər yaşayış yerlərindən
sürgün edilmişlər, islah evlərində icbari işə
cəlb edilərək zindana və ya qalaya salınmış
şəxslər, hüquqlarından qismən və ya tamamilə
məhrum edilmiş şəxslər 5 il müddətində
seçkidə iştirak hüququndan məhrum edilirdilər.
Cümhuriyyət parlamenti ölkənin təhlükəsizliyinin
təmini baxımından ordu quruculuğuna xidmət edən
qanunların qəbulunu da diqqət mərkəzində
saxlayırdı. Parlamentin 1919-cu il fevralın 25-də
"Hərbi nazirliyin ştat heyəti haqqında" qanunu qəbul
etməsi də bunun əyani göstəricisidir. Məclisin
işində iştirak edən hərbi nazir, general Səməd
bəy Mehmandarov ordu quruculuğu ilə bağlı
demişdi: "Azərbaycanın peşəkar, təcrübəli,
gənc zabit kadrlara ehtiyacı vardır. Müstəqil
yaşayan millətin ordusuna özgə millətlərdən
zabit dəvət etmək məcburiyyətindəyik. Lakin bu xüsusda olduqca diqqətli seçim
lazımdır. Özümüzü
müdafiə etmək üçün kifayət qədər
əsgəri qüvvəmiz olacaqdır".
"Hərbi mükəlləfiyyət haqqında"
qanun isə orduya çağırılanların xidmət
müddətini müəyyən edirdi. Rusiya imperiyası
qanunları ilə Azərbaycan Xalq Cümhuriyyətində əsgəri
xidmət 3 il 3 ay tətbiq olunurdu. Göstərilən müddət məqbul
sayılmadığından, yeni qanunla onun 2 ilə qədər
azaldılması qərara alınmışdı. Müddətin azaldılmasında məqsəd gəncləri
orduya cəlb etmək, nisbətən qısa müddətdə
xidmət edib ehtiyatda olanların sayını artırmaqdan
ibarət idi. Digər tərəfdən,
bu da nəzərə alınmışdı ki, əsgərlik
müddəti çoxaldıqca, peşəsindən
ayrılanların yenidən sənətlərinə
qayıtması müşkülə çevrilir, iqtisadiyyatda
çətinlik yaranır.
Azərbaycan parlamentinin mühüm hüquqi sənədlərindən
biri də 7 dekabr 1918-ci ildə həbs olunanların ümumi
amnistiyası məqsədilə yaradılmış parlament
işçi komissiyasının hazırladığı qanun
layihəsinin müzakirə edilərək təsdiqi
olmuşdur.
"Azərbaycan parlamentinin açılması münasibətilə
siyasi əfvi-ümumi" adlanan həmin qanun say etibarı ilə
Cümhuriyyətinin 7-ci rəsmi qanunu olmuşdur. Qanunda 1918-ci
il dekabrın 7-dək Rusiya
imperiyasının Cinayət qanunnaməsi ilə mühakimə
edilərək barəsində həbs hökmü verilmiş
Azərbaycan vətəndaşlarının əfv olunması
nəzərdə tutulurdu.
Parlamentdə qəbul edilmiş "Deputatlıq və məmurluq
haqqında" 4 maddədən ibarət qanun layihəsi
qanunverici və icraedici hakimiyyətlərin müstəqil fəaliyyətini,
hakimiyyət bölgüsü prinsiplərini özündə
ehtiva edirdi.
1918-ci il yanvarın 25-də qəbul
edilmiş həmin qanun, nazirlər istisna olmaqla, digər məmurların
eyni zamanda, iki hakimiyyət orqanında təmsilçiliyini
yasaq edirdi. Qanuna görə, digər məmurlar
deputat seçildikləri təqdirdə, məmur kimi vəzifələrindən
istefa verməli idilər. Həmin qanun Azərbaycanın
parlament təcrübəsində ilk dəfə olaraq
"Qanun dərc olunduğu gündən qüvvəyə
minməsi" prinsipinin də tətbiqini təmin edirdi.
Qanun parlamentin iclasına sədrlik etmiş H.Ağayevin və
icraedici orqanın katibi Ə.Pepinovun imzası ilə 28 yanvar 1919-cu
il tarixdə "Azərbaycan" qəzetində dərc
edilmişdi.
Parlament
(Məclisi-Məbusan) 1919-cu il fevralın 4-də "Dəmir
yolu qulluqçularının sosial vəziyyətlərini
yaxşılaşdırmaq haqqında", fevralın 18-də
"Parlamentin mühafizəsinin təşkil edilməsi
haqqında" və
"Dağlılar hökumətinə 10 milyon yardım edilməsi
haqqında", fevralın 25-də isə "Hərbi
nazirliyin heyəti haqqında" və digər qanunları qəbul
etmişdir. Bundan əlavə, ali qanunverici orqanda "Yollar və
qara yollar, onların təmiri və inşasının Yollar
Nazirliyinə verilməsi haqqında", "Müəssislər
Məclisinə seçkilər üçün qanunnamə
hazırlanmasına görə 20 min rubl ayrılması
haqqında", "Vergilər sahəsində şikayətləri
araşdırmaq üçün Maliyyə Nazirliyi nəzdindəki
Ali Şura instansiyasının yaradılması
haqqında", "Poçt və teleqraf nizamnaməsinin
131-ci və digər maddələrinin ləğv edilməsi
haqqında", "Azərbaycan quberniya sənaye vergisi idarəsinin
təşkili haqqında", "1918-1919-cu illər
üçün quberniya və dairə vergi idarələrinin
seçilməsi qaydaları haqqında" və s. qanun layihələrini
müzakirə edilərək təsdiqlənmişdi.
1919-cu il aprelin 7-də qəbul edilmiş "Hərbi
və səhra məhkəmələrinin yaradılması
haqqında" qanunda hərbi nazirin təyin etdiyi hərbi məhkəmələrin
yaradılması nəzərdə tutulurdu. Həmin
qanuna qədər hərbi məhkəmələrdən verilən
şikayətlərə mülki apellyasiya qaydasında
baxılırdı. Azərbaycan Hərbi
Nazirliyi bu qaydanı dəyişərək bütün
apellyasiya işlərinin hərbi nazirlik tərəfindən
aparılmasını təklif edirdi. Məhkəmə
tez-tez bir yerdən başqa yerə köçdüyündən
və ya yerini dəyişdiyindən, əksər hallarda
şahidləri bir yerə toplayıb iclasları keçirmək
mümkün olmurdu. Bu baxımdan orduya aid
işlərin hərbi məhkəməyə verilməsi təmin
edilirdi.
Parlamentin 18 avqust 1919-cu ildə qəbul etdiyi qanunda Azərbaycan
Respublikası sərhədlərində yaradılmış
gömrük məntəqələri hüquqi cəhətdən
tənzimlənirdi. "Azərbaycan Respublikasının gömrük
münasibətlərini tənzimləmək üçün
sərhəd mühafizəsinin təşkil edilməsi
haqqında" qanunun tətbiqi üçün 1919-cu il iyulun 1-dən 5 milyon 114 min rubl
ayrılması nəzərdə tutulurdu. Qanuna əsasən,
Azərbaycan sərhədlərində qeyri-qanuni ticarət və
qaçaqmalçılıqla mübarizə məqsədilə
sərhəd məntəqələrində gömrük
orqanları təşkil edilir, sərhəd məntəqələrində
respublika sərhəd mühafizə dəstəsi
yaradılırdı.
Azərbaycan
parlamenti qanunçuluğun möhkəmləndirilməsi məqsədilə
1919-cu il avqustun 18-də "Özgə əmlakı
əleyhinə yönəlmiş cinayətlərə görə
cəza verilməsi üçün ədalət məhkəməsinin
səlahiyyətlərinin artırılması barədə"
qanun qəbul etmişdi. Qanunda göstərilirdi
ki, Rusiya imperiyası qanunvericiliyində nəzərdə tutulmuş
cinayət əməllərinə görə tətbiq edilən
pul cərimələri rublun kursunun aşağı
düşdüyünə görə ədalət məhkəmələrinin
səlahiyyətlərini məhdudlaşdırmışdır.
Qanunla fırıldaqçılıq, mənimsəmə,
israfçılıq, oğurdluq və s. cinayət əməllərinə
görə nəzərdə tutulan cərimələr 300
rubldan 10 min rubla qədər artırılır və dairə
məhkəməsinə aid bəzi xırda cinayət əməllərinə
baxılması onlara həvalə edilirdi.
Azərbaycan
parlamenti 1919-cu ilin yayında qanunvericilik sahəsində fəaliyyətini
davam etdirərək müxtəlif sahələri əhatə
edən qanun layihələrini o cümlədən,
"Balaxanı-Sabunçu mahalında vergi polisi təsisi
haqqında", "Şəhərlərdə bələdiyyə
idarələri seçkiləri haqqında", "Əsgəri
xidmətin müddəti barəsində", "Alkoqol məhsulundan
aksiz vergisi miqdarının artırılması
haqqında", "Azərbaycan hökuməti sərhəd
mühafizə polkunun təsisi haqqında", "Teatr
tamaşaları və əyləncə yerlərindən
tutulan vergilərin hökumət xəzinəsinə idxalı
haqqında", "İrəvan xeyriyyə işləri
naziri və vəkilin (səlahiyyətli nümayəndə) maaşı və
onun idarəsinə 177 min rubl ayrılması haqqında",
"Lisenziyası olmayan içki ticarətindən alınan cərimələrin
artırılması haqqında"
və s. müzakirəyə
çıxarmışdı.
Hökumət 1918-ci ilin mart soyqırımının təhqiqatını
da diqqətdə saxlayırdı. Mart soyqırımını təhqiq
edən Azərbaycan məhkəmə palatası fövqəladə
istintaq komissiyasının ləğvi haqqında məlumatı
"Azərbaycan" qəzetinin 1919-cu il
26 aprel tarixli sayında vermişdi. Azərbaycan
Məhkəmə palatasının sədri mart hadisələri
ilə bağlı materialların toplanmasının
dayandırılması və toplanmış sənədlərin
bir hissəsinin Versal konfransına yola düşən
nümayəndə heyətinə verilməsi barədə sərəncam
imzalamışdı. Şifrələnmiş
rəqəmli məlumatların xüsusi kuryer vasitəsilə
Parisə göndərilməsi qərara
alınmışdı.
Həmin
dövrdə yaranmış mürəkkəb siyasi vəziyyətdə
Azərbaycan Milli Şurası üzvləri İrəvanı
ermənilərə paytaxt kimi güzəştə getməyə
məcbur olmuş, bununla bağlı qərar Milli
Şuranın 29 may 1918-ci il tarixli
iclasında verilmişdi. Milli Şurada səsvermədə 28
nəfər şura üzvündən 16 nəfəri İrəvanın
güzəştə gedilməsinin lehinə, 1 nəfər əleyhinə
səs vermiş, 3 nəfər bitərəf
qalmışdı. Bu məsələ Milli Şuranın 1
iyun 1918-ci il tarixli iclasında yenidən
gündəliyə daxil olunmuş, şura üzvləri
iclasda İrəvanın ermənilərə güzəşt
edilməsinə etiraz etmişdilər. Sonda Milli
Şura bu etirazı müzakirə etmədən iclas
protokoluna əlavə etməyi qərara almışdı.
Göründüyü
kimi, XX əsrin əvvəllərində - 1918-ci ilin 28
mayında müstəqilliyini elan etmiş Azərbaycan
xalqı əsrlər boyu həsrətində olduğu
hüquqi dövlət ideyasının praktik şəkildə
gerçəkləşdirmiş, ilk dövlətçilik təsisatlarını
yaratmışdır. Bununla belə, müəyyən obyektiv
və subyektiv səbəblər üzündən əsrlərin
mücadiləsi kimi XX əsrin əvvəllərində
müstəqillik qazanmış Azərbaycan xalqı bu nemətin
şirinliyini uzun müddət dada bilməmişdir: bir tərəfdən
idarəçilikdə buraxılan bəzi səhvlər -
daxildə tam milli birliyin əldə edilməməsi,
düşmən qüvvələrə qarşı layiqli
müqavimət əzminin olmaması, digər tərəfdən
həmin dövrdə bütün dünyanın siyasi mənzərəsini
dəyişməkdə olan geopolitik proseslər Cümhuriyyətin
yaşamasına, müstəqil təsisat kimi
sözünü deməsinə imkan verməmişdir. Beləliklə,
cəmi 23 ay mövcud olmuş Müsəlman Şərqində
ilk demokratik quruluşlu dövlət xarici hərbi müdaxilə
nəticəsində süquta uğrasa da, tarixi fakt,
çağdaş prinsiplərə söykənən milli
dövlətçilik ənənələrinin
başlanğıc nöqtəsi kimi Azərbaycan
xalqının yaddaşından heç zaman silinməmişdir.
Cümhuriyyətin süqutundan sonrakı onilliklər ərzində
həyata keçirilən repressiyalar, təzyiqlər
insanların milli istiqlal duyğularına xələl gətirməmiş,
imperiyanın antimilli, şovinist siyasəti ilə
barışmayan xalqımız şərait yetişdikcə,
istər konkret fərdlər, istərsə də qruplar şəklində
milli haqlarımız uğrunda mücadilə
aparmışdır. Son nəticədə SSRİ kimi nəhəng
bir imperiyanın süqutuna, Azərbaycanın dövlət
müstəqilliyinin bərpasına gətirib çıxaran
keşməkeşli və uzun mübarizə tarixinin ötən
əsrin 70-ci illərin əvvəllərindən
başlaması isə fenomenal şəxsiyyət, Ümummilli
lider Heydər Əliyevin xidmətləri ilə bilavasitə
bağlı olmuşdur.
XX əsrdə
Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət
olan Heydər Əliyev AXC-nin süqutundan sonra siyasi
reallıqdan çıxıb ideya formasında, azərbaycanlıların
istiqlal duyğularında qığılcım kimi közərən
milli dövlətçilik düşüncəsini - əsrin
70-ci illərinin əvvəllərindən başlamaqla əsrin
sonlarına doğru müstəqil
Azərbaycan dövləti kimi əzəmətli bir
reallığa qovuşdurmuş, böyük fədakarlıqlar
hesabına qurub-yaratdığı bu dövlətin
sarsılmazlığını, demokratik yüksəlişini,
Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini,
dönməzliyini təmin etmişdir.
Ulu öndər Heydər Əliyevin irəli
sürdüyü hüquqi dövlət ideyası ötən
25 ildə xalqımızın inkişaf və tərəqqisində
lokomotiv rolunu oynamış, onun firavan gələcəyi
üçün uğurlu təməl
hazırlamışdır. 1993-2003-cü illərdə
ölkədə siyasi sabitliyin təmini, iqtisadi tənəzzülün
qarşısının alınması ilə paralel şəkildə
insan hüquq və azadlıqlarının təminatına
xidmət edən hüquq islahatları da xüsusi diqqət mərkəzində
saxlanılmışdır. 1995-ci ilin
noyabrında ümumxalq referendumunda qəbul olunmuş Azərbaycan
Respublikasının Konstitusiyası dövlət hakimiyyətinin
mənbəyinin xalq olmasını rəsmiləşdirməklə,
demokratik, hüquqi dövlət quruculuğunun, məhkəmə-hüquq
sisteminin əsaslarını, insan hüquq və
azadlıqlarının müdafiəsi və təmini
üçün hüquqi bazanı müəyyənləşdirmişdir.
Konstitusiyada ifadəsini tapan bir çox müddəalar məhz
ulu öndər Heydər Əliyevin ideya, hüquqi və fəlsəfi
baxışlarının təzahürü olmaqla uzun illər
demokratik Azərbaycan dövlətinin inkişafı və
çiçəklənməsinə, xalqın firavan həyatına,
hər bir Azərbaycan vətəndaşının azad, təminatlı
gələcəyinə xidmət edir.
Bu
gün müstəqil Azərbaycan qarşısında duran
ümummilli məqsədləri dəqiq müəyyən edərək,
onların gerçəkləşdirilməsi istiqamətində
ardıcıl, sistemli fəaliyyət göstərən
ölkə kimi dünyanın yeni iqtisadi fenomeninə
çevrilmişdir. Ümumi şəkildə ifadə etsək,
bu gün ölkədə Azərbaycan Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi altında həyata
keçirilən məhkəmə-hüquq
islahatlarının başlıca məqsədi modernləşmə
mərhələsini sürətlə başa vuraraq Azərbaycanı
inkişaf etmiş ölkələr səviyyəsində
yüksəltmək, demokratik idealların cəmiyyətdə
tam möhkəmlənməsinə nail olmaq, yeni
düşüncəli vətəndaş yetişdirməkdir.
Yeni dövrün milli ideallarına çevrilən bu məqsədlərin
reallığa adekvatlığı isə qətiyyən
şübhə doğurmur.
İsaxan VƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik
Fondunun
aparat rəhbəri, hüquq üzrə elmlər doktoru,
professor
525-ci qəzet.-2018.- 26 iyul.- S.4;6.