“Mədəniyyət” qəzetinin
xüsusi buraxılışı çapdan çıxdı
“Azərbaycan
Xalq Cümhuriyyətinin
yaradılması tarixi
hadisədir. İlk dəfə
olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır.
Biz haqlı olaraq
fəxr edirik ki, bu respublikanı
Azərbaycan xalqı yaradıbdır. Bu, bir daha onu
göstərir ki, Azərbaycan xalqı azadlıqsevər, mütərəqqi
xalqdır”.
“Mədəniyyət” qəzetinin “Cümhuriyyət
100” adlı xüsusi buraxılışının ilk yazısı Prezident İlham Əliyevin mayın 28-də Cümhuriyyətin
yubileyi münasibətilə
təşkil olunmuş
rəsmi qəbulda dediyi bu sözlərlə
başlayır.
Ölkə başçısının “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik
yubileyi haqqında” 17
may 2017-ci il tarixli və 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında 10 yanvar 2018-ci il tarixli sərəncamlarının
icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən, Mədəniyyət Nazirliyinin
mətbu orqanı olan “Mədəniyyət” qəzetinin xüsusi buraxılışı hazırlanıb.
Nəfis
tərtibatlı, rəngli,
48 səhifəlik xüsusi
buraxılış “Mədəniyyət”
qəzeti redaksiyasının
və “Baku Guide” MMC-nin
birgə nəşri olaraq ərsəyə gəlib.
“Cümhuriyyət 100” xüsusi
buraxılışında dövlətçilik
tariximizin bu şanlı səhifəsinin
zəngin irsi,
1918-1920-ci illərdə milli
dövlət quruculuğunda
əldə olunan nailiyyətlər, o dövrün
mədəni irsimizə
verdiyi töhfələr,
eləcə də Mədəniyyət Nazirliyinin
Cümhuriyyətin yubileyi
ilə bağlı həyata keçirdiyi bir sıra layihə
və tədbirlər,
bütün ölkə
boyu bu münasibətlə
gerçəkləşən mədəni-kütləvi mərasimlər
əksini tapıb.
İstiqlal hər bir millətin
ən taleyüklü
amalıdır. Amma müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir.
Milli istiqlal irsimizə böyük ehtiram bəsləyən, onun öyrənilməsi, yaşadılması və
gələcək nəsillərə
çatdırılmasının vacibliyini daim vurğulayan ulu öndər Heydər Əliyev Cümhuriyyətin
varisi olan Azərbaycan Respublikasının
müstəqilliyinin qorunması,
möhkəmləndirilməsi yolunda müstəsna xidmətlər göstərib.
Xüsusi buraxılışdakı “Cümhuriyyət və tarixi varislik məsuliyyəti” başlıqlı
yazıda bu barədə söz açılır. Qeyd olunur
ki, Heydər Əliyevin Cümhuriyyətə
həsr olunmuş bütün çıxışları
Azərbaycanın keçmişinə,
indisinə və gələcəyinə işıq
salan proqram xarakterli nitqlərdir.
O, Cümhuriyyətin 80 illiyi
ilə bağlı mərasimdə demişdi:
“Azərbaycan Xalq Cümhuriyyətinin yaranması
bizim vaxtilə itirilmiş dövlətçiliyimizi
bərpa etdi. Biz Respublika Gününü qeyd edərkən o zaman Azərbaycanın milli azadlığı, istiqlaliyyəti uğrunda mübarizə aparanları
– Məhəmməd Əmin
Rəsulzadəni, Fətəli
xan Xoyskini, Əlimərdan bəy Topçubaşovu, Nəsib
bəy Yusifbəylini,
Həsən bəy Ağayevi və başqalarını böyük
minnətdarlıq hissi
ilə yad edirik”.
Bu gün müasir
Azərbaycan dövləti
Cümhuriyyətin irsini
yaşadaraq yoluna davam edir. “Dövlətçiliyimizin
qurulmasında, milli kimliyin və milli maraqların formalaşmasında əvəzsiz
rolu olan Xalq Cümhuriyyəti bizim bu günədək
fəxr etdiyimiz saysız uğurlara imza atmışdır” – Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi buraxılışda
iqtibas edilən bu sözləri də əsrlik yubileyini təntənə
ilə qeyd etdiyimiz Cümhuriyyətin
tariximizdəki yerini və əhəmiyyətini
bir daha diqqətə çatdırır.
Xüsusi
buraxılışda Cümhuriyyət
Parlamentində asılan
və 27 aprel 1920-ci il tarixində oradan götürülən,
Cümhuriyyətin tanınmış
simalarından Mirzəbala
Məmmədzadə tərəfindən
gizli olaraq saxlanılan, sonra Türkiyəyə aparılan
üçrəngli dövlət
bayrağımızın vətənə
qaytarılmasından, Cümhuriyyətin
diplomatik irsinə dair sənədlərdən
bəhs edən məqalələr, eləcə
də Azərbaycan İstiqlal Muzeyində “Cümhuriyyət” zalının
və Qafqaz İslam Ordusuna həsr olunan sərginin, Milli İncəsənət Muzeyində
“İrs. Azərbaycan Xalq Cümhuriyyəti -
100” sərgisinin açılışından,
Mədəniyyət Nazirliyi
tərəfindən keçirilən
digər tədbirlərdən
bəhs edən yazılar yer alıb. Respublika Günündə Heydər
Əliyev Fondunun dəstəyi ilə Bakı Kristal Zalında gerçəkləşən möhtəşəm
konsert, Azərbaycan Silahlı Qüvvələrinin
100 illiyi münasibətilə
Bakının Azadlıq
meydanında təşkil
olunan təntənəli
hərbi parad, həmçinin paytaxtın
mədəniyyət ocaqlarının
“Cümhuriyyət ili”nə
töhfəsi nəşrdə
ətraflı işıqlandırılıb.
“Cümhuriyyətin tarixi və simaları ekranda” adlı yazıda sovet dövrü kinolentlərindəki
tarixi məqamlara ekskurs edilməklə yanaşı, müstəqillik
dövründə bu mövzuda çəkilən
filmlərdən, o cümlədən
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın prodüseri olduğu “Əli və Nino” bədii (2015), Bakı
Media Mərkəzinin ərsəyə
gətirdiyi “Əbədi
ezamiyyət” (2016) və
“Son iclas” (2018) sənədli-bədii
filmləri, Mədəniyyət
Nazirliyinin “Salnamə”
studiyasında istehsal olunan “Cümhuriyyət tələbələri” sənədli
filmi və s. nümunələrdən bəhs
edilir.
Xüsusi buraxılışın böyük bir hissəsi ölkəmizin regionlarında “Cümhuriyyət ili” çərçivəsində gerçəkləşən tədbirlərə ayrılıb. 2018-ci ildə “İslam mədəniyyətinin paytaxtı” olan Naxçıvanda, Mədəniyyət Nazirliyinin 15 regional idarəsinin əhatə etdiyi şəhər və rayonlarımızda təşkil olunan konsert və sərgilər, konfrans və dəyirmi masalar, digər mərasimlər nəşrdə əksini tapıb. Nazirliyin Gəncə, Sumqayıt, Şəki, Xaçmaz, Biləsuvar, İsmayıllı, Kürdəmir, Lənkəran, Masallı, Sabirabad, Ağdaş, Ağstafa, Bərdə, Ağcabədi, Şəmkir regional idarələri üzrə xüsusi səhifələr bölgələrimizin “Cümhuriyyət ili”ndə rəngarəng mədəni həyatını dolğun şəkildə işıqlandırır.
Mədəniyyət Nazirliyi tərəfindən “100 illik tariximiz” başlığı altında keçirilən “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalına da nəşrdə ayrıca yer verilib. Cümhuriyyətin 100 illiyinə həsr olunmuş festivalın məqsədi Azərbaycan xalqının mədəni irsinin təbliği, regionların mədəni zənginliyinin nümayiş etdirilməsi, bölgələrarası mədəni mübadilənin gücləndirilməsidir.
Bundan əlavə, xüsusi buraxılışda 1918-1920-ci illər tariximizin ayrı-ayrı səhifələri – Cümhuriyyətin elanı, Milli Şura və Cümhuriyyət Parlamenti, Milli Ordunun yaranması, Bakının işğaldan azad edilməsi, Cümhuriyyətin hökumətləri, milli dövlətimizin xarici siyasəti, Cümhuriyyətin süqutu barədə yazılar, habelə o dövrün ictimai-mədəni mənzərəsi haqqında “Musiqi mədəniyyətimiz Cümhuriyyət dövründə”, “Cümhuriyyət dövrünün teatr həyatı”, “İstiqlal düşüncəsinin formalaşmasında milli mətbuatın rolu”, “Cümhuriyyət dövründə kitabxana və muzey işi”, “İlk istiqlal dövrümüzün ədəbi salnaməsi” və s. başlıqlı məqalələr dərc olunub.
“Cümhuriyyət
mövzusu təsviri sənətimizdə”, “Qərib məzarlar”
(Cümhuriyyət qurucularının əbədi məkanlarına
ziyarət), “Cümhuriyyətin mirası – dövlət
simvollarımız” kimi yazılarda tariximizin şanlı salnaməsini
yaradanlara dərin ehtiram hissi ifadə olunmaqla yanaşı,
bugünkü müstəqil Azərbaycan dövlətinin
onların xatirəsinə ucaldılmış ən
böyük abidə olduğu vurğulanır. “Azərbaycanın
müstəqilliyi əbədidir, dönməzdir,
sarsılmazdır!” – ulu öndər Heydər
Əliyevin bu tarixi
sözləri “Cümhuriyyət 100” xüsusi
buraxılışının ümumi leytmotivini əks etdirir.
Müşfiq, Şahanə.
525-ci qəzet.-2018.- 26 iyul.- S.7.