Prezidentin andiçmə mərasimindən
ötən 100 gün hansı hadisələrlə yadda
qaldı?
SON
15 İLDƏ PREZİDENT İLHAM ƏLİYEV SON
DƏRƏCƏ MÜDRİK, UZAQGÖRƏN DÖVLƏT
VƏ SİYASƏT ADAMI OLDUĞUNU NÜMAYİŞ
ETDİRİB
Bu ilin aprel ayın 11-də Azərbaycanda növbəti -
8-ci prezident seçkiləri keçirildi. Azərbaycan
növbədənkənar aprel seçkiləri ilə daha bir
seçki prosesini geridə qoydu.
Budəfəki, alternativ əsaslarla, 8 nəfər namizədin
iştirakı ilə keçirilən seçkilərdə
yenə də son 3 seçkinin - 2003, 2008 və 2013-cü il seçkilərinin qalibi - hakim Yeni Azərbaycan
Partiyasının (YAP) sədri və prezidentliyə namizədi
İlham Heydər oğlu Əliyev parlaq qələbə
qazandı.
O, 11 aprel
seçkilərində də bütün rəqiblərini
geridə qoyaraq, Azərbaycan xalqının mütləq əksəriyyətinin
səsini qazandı və 86,02 faizlə yenidən - 4-cü dəfə
Aərbaycan Respublikasının prezidenti seçildi.
Azərbaycan
xalqı 1993-cü ilin yayından ölkədə davam Heydər
Əliyev siyasətinə, bu siyasətin layiqli
davamçısı İlham Əliyevə etimad göstərdi,
növbəti dəfə ona ölkəyə rəhbərlik
mandatı verdi.
Seçkilər ərəfəsində və səsvermə
günündən sonra çeşidli planlar cızan, ssenarilər
yazan bəzi dairələrin növbəti cəhdləri isə
yenə baş tutmadı, bütün gözləntilər son
24-25 ildə olduğu kimi, fiaskoya, məhvə məhkum oldu. Bir sıra
dairələr seçkilərin nəticələrinin
tanınmayacağını, legitimlik probleminin
yaranacağını, hətta ATƏT, Avropa Şurası
parlament assambleyalarının müşahidə
missiyalarının hesabatlarının bu prosesə necə dəyərlər,
"siyasi-hüquqi baza" formalaşdıracağını
zənn etsələr də, hər şey gözlədiklərinin
əksinə oldu. Adıçəkilən qurumların
birgə yaydıqları hesbatlarına rəğmən,
onların ən üst qurum rəhbərlərindən - Avropa
İttifaqı Şurasının prezidenti Donald Tusk, Avropa
Şurasının baş katibi Torbyorn Yaqland və ATƏT rəhbərliyindən
İlham Əliyevə təbrik məktubları gəlməyə
başladı.
Eyni
zamanda, təxminən eyni gündə dünyanın 3 nəhəng
ölkəsinin liderindən - ABŞ prezidenti Donald Tramp, Rusiya
prezidenti Vladimir Putin və Çin lideri Si Cinpindən arda-arda
İlham Əliyevə ünvanlanmış təbrik məktubları
gəldi. Hər 3 liderin təbrik məktubunda Azərbaycanla
və onun lideri İlham Əliyevlə növbəti mərhələdə
də əməkdaşlıqdan məmnunluq ifadə olundu.
Bunun ardınca Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniya
baş naziri Tereza Mey, Türkiyə przidenti Rəcəb Tayyib
Ərdoğan, İran İslam Respublikasının prezidenti Həsəni
Ruhani və digər dövlət başçıları tərəfindən
ölkə prezidentinə ünvanlanan təbrik məktubları
bir-birini əvəzlədi. Seçkilərdən cəmi 6
gün sonra -aprelin 17-də Konstitusiya Məhkəməsinin
Plenumu 11 aprel seçkilərinin nəticələri ilə
bağlı Mərkəzi Seçki Komissiyasının (MSK)
protokolunun təsdiqlənməsi ilə bağlı qərar
çıxardı və İlham Əliyev rəsmən 11
aprel seçkilərinin qalibi elan olundu. Onun səhərisi
günü, aprelin 18-də Azərbaycan prezidenti İlham
Əliyevin Milli Məclidə (MM) andiçmə mərasimi
keçirildi və qeyd edək ki, bu, onun parlamentdə
keçirilən ikinci andiçmə mərasimi idi. İ. Əliyev Azərbaycan Konstitusiyasına və
"Quran"a əl basaraq and içdi və geniş nitq
söylədi. Nitqində də bildirdi ki,
həmişə Azərbaycan xalqının dəstəyini hiss
edib və bu dəstək ona güc verir.
Bu gün, 26 iyul tarixində də bizləri seçkilərdən
107, dövlət başçısının and içərək,
prezidentlik fəaliyyətinə başlamasından 100 gün
ayırır.
Bu yerdə xatırladaq ki, dünyanın bir
çox dövlətlərində də prezidentin ilk 100
günü xüsusi önəm daşıyır. Prezidentlərin 100 günü deyilən bir termin də
artıq siyasi leksikonda bərqərar olmaqda,
oturuşmaqdadır. Bu baxımdan, ötən əsrin
90-cı ilərindən Azərbaycanda da prezidentin 100
günü məsələsi cəmiyyətin, medianın,
siyasi kəsimin diqqət mərkəzində olan məsələlərdən
birinə çevrilib. Bəs görəsən,
dövlət başçısının 4-cü prezidentlik
dönəminin ilk yüz günü nələrlə,
hansı əlamətdar hadisələrlə yadda qaldı?
Bu dövrdə cəmiyyətimizdə və ətrafımızda
ölkəmizlə bağlı hansı önəmli məqamlar
yaşandı?
Bu yöndə İ. Əliyev prezidentliyinin elə ilk
günlərində, Konstitusiyanın ona verdiyi səlahiyyətlərdən
istifadə edərək Artur Rasi-zadənin 22 ildən artıq
bir dönəmdə rəhbərlik etdiyi Nazirlər Kabinetini
istefaya göndərməsini qeyd etmək yerinə düşərdi. Andiçmə mərasimindən
cəmi 3 gün sonra, aprelin 21-də ölkə prezidenti
A.Razi-zadəyə Azərbaycan dövləti və dövlətçiliyi
qarşısında xidmətlərinə görə minnətdarlıq
ifadə etdi və Prezident Administrasiyası (PA) rəhbərinin
müavini, son 21 il ərzində Administrasiyanın Xarici əlaqələr
şöbəsinə rəhbərlik edən
tanınmış dövlət xadimi Novruz Məmmədovun Azərbaycanın
yeni baş naziri kimi təsdiqlənməsi ilə bağlı
MM-ə məktub ünvanladı. Elə həmin
gün, 21 aprel tarixində MM-in növbədənkənar
iclasında N.Məmmədovun baş nazir vəzifəsinə
namizədliyi təsdiqləndi. Bununla
yanaşı, dövlət başçısının
ötən 15 illik hakimiyyəti müddətində hər
zaman böyük diqqət mərkəzində
saxladığı Azərbaycan regionlarına növbəti səfərləri
gerçəkləşdirildi. İ.Əliyev konkret
olaraq, mayın 4-də Xızı və Xaçmaz, iyunun 5-də
Goranboy və Naftalan rayonlarına, mayın 16-da
Naxçıvan Muxtar Respublikasına səfərlər etdi və
bir sıra önəmli obyektlərin
açılışlarına qatıldı. Bununla
bərabər, ölkə prezidentinin bu qısa müddətdə
bir neçə aparıcı ölkəyə rəsmi və
işgüzar səfərləri baş tutdu. Bu
sırada onun aprelin 26-da Böyük Britaniyaya baş tutan səfərini,
TANAP-ın açılış mərasimi ilə
bağlı 12 iyun tarixli Türkiyə səfərini, bir
çox yerli və xarici nüfuzlu siyasi mərkəzlər tərəfindən
də antiazərbaycançı qüvvələr zəfər
kimi qiymətləndirilən 10-13 iyul tarixli Brüssel səfərini
və son, 19-20 iyul tarixlərində gerçəkləşdirilən
Fransa səfərini qeyd etmək olar.
Həmçinin, qeyd edək ki, ötən yüz
gün ərzində Azərbaycan dövləti və
xalqının tarixində bəlkə də əsrlərlə
yaddaşlardan silinməyəcək əlamətdar hadisələr
yaşandı.
Belə ki, mayın 28-də müstəqil Azərbaycan
dövlətinin - Azərbaycan Xalq Cümhuriyyətinin (AXC)
yaranmasının yüz illiyi rəsmi dövlət səviyyəsində
qeyd olundu. Dövlət
başçısı həmin gün təntənəli qəbul
mərasimi keçirdi və çıxışında bir
da Cümhuriyyət qurucularına öz ehtiramını ifadə
etdi, "Azərbaycan dövləti Azərbaycan Xalq
Cümhuriyyətinin qurucularının xatirəsinə
böyük hörmətlə yanaşır..."-deyə
vurğuladı. Həmin tarixi günün
səhərisi - mayın 29-da daha bir tarixi anlara şahidlik
edildi. Ölkə prezidentinin
iştirakı ilə mayın 29-da nəinki regionun,
bütövlükdə dünyanın enerji təhlükəsizliyində
önəmli yerə malik olan Cənub Qaz Dəhlizinin (CDQ) Səngəçal
terminalında rəsmi açılış mərasimi
düzənləndi. İ. Əliyev
çıxışında "Cənub Qaz Dəhlizinin rəsmi
açılışı onu göstərir ki, biz
qarşımıza qoyduğumuz bütün hədəflərə
çatdıq və bu gün ölkəmizin həyatında
neft-qaz sənayesinin inkişafında yeni dövr
başlayır..." - dedi, bəyan etdi. Eyni
zamanda, dövlət başçısının mayın 24-də
imzaladığı növbəti əfv sərəncamı
ilə daha 634 məhbus azadlığına qovuşdu.
İyunun 12-də isə Azərbaycan prezidenti Türkiyənin
Əskişəhər şəhərində bir sıra
dövlət başçılarının da
qatıldığı, yəni TANAP - Trans-Anadolu qaz kəmərinin
istifadəyə verilməsi münasibətilə təşkil
edilmiş təntənəli mərasimdə iştirak etdi. TANAP-ı "yeni qan
damarı" adlandıran dövlət
başçısı bunun iki dost və qardaş dövlət,
Azərbaycanın və Türkiyənin birgə səyləri
və iradəsi nəticəsində gerçəkləşdirildiyini
də sözlərinə əlavə etdi. Ən əlamətdar
hadisələr sırasında təbii ki, Azərbaycan
Ordusunun yaranmasının yüz illiyi və bununla
bağlı 26 iyun Milli Ordu Günündə Bakı şəhərində,
Azadlıq meydanında tarixi Hərbi Paradın keçirilməsi
də dayanır. Həmin gün Azərbaycan
xalqı ilə yanaşı, bütün dünya Azərbaycan
ordusunun bir daha gücünə, qüdrətinə
şahidlik etdi.
3-4 iyul və
10 iyul tarixlərində baş verən, yaşanan hadisələr,
atılan addımlar isə Azərbaycan dövlətinin və
dövlətiçiliyinin nə qədər güclü və
etibarlı əllərdə olduğunu bütün dünyaya
nümayiş etdirdi. İyulun 2-dən 3-nə
keçən Mingəçevirdə yerləşən
"Azərbaycan" İES-dəki yarımstansiyalardan birində
güclü qəzanın baş verməsi ilə ölkənin
enerji sistemində ciddi fəsadlar yaşandı. Ancaq dövlət başçısı tərəfindən
dərhal prosesə əl qoyuldu, qəzanın aradan
qaldırılması məsələsi birbaşa nəzarətə
götürüldü. Eyni zamanda, iyulun
3-də ölkənin ikinci baş şəhəri olan Gəncədə
terrakt həyata keçirildi. Kənardan, məkrli dairələr
tərəfindən idarə olunan radikalyönümlü
dinçi qruplar tərəfindən, konkret olaraq, Yunis Səfərov
adlı cinayətkar tərəfindən Gəncə Şəhər
İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev
və bir nəfər polsi serjantı güllələndi.
Hüquq-mühafizə
orqanlarının əməliyyat təbdirləri nəticəsində
qısa zamanda cinayətkar yaxalandı və Gəncədə
qarışıqlıq törətməklə, Azərbaycanda
xaos yaratmaq istəyənlərin ilkin planları alt-üst
edildi. İyulun 4-də isə dövlət
başçısı ölkənin enerji sistemindəki
yaranmış vəziyyətlə bağlı öz
müşavirəsini keçirdi. Bir daha
xalqı, dövləti ilə bir yerdə olduğunu
nümayiş etdirdi, nöqsanlara, ciddi xətalara yol verən
qurumlarla və məsul şəxslərlə bağlı
güzəştsiz mövqe sərgilədiyini və sərgiləyəcəyini
ortaya qoydu. Amma marıqda yatmış məkrli dairələr
öz məğlubiyyətləri ilə barışmayaraq,
yenidən, 10 iyul tarixində Gəncədə dövlətə
və dövlətçiliyə qəsd yolunu tutdular və bu
zaman Azərbaycanın iki qəhrəman polis şəhid
edildi. Amma istər Gəncə əhalisinin, istər Azərbaycan
cəmiyyətinin, istər hüquq-mühafizə
orqanlarının, istərsə də dövlət rəhbərinin
qətiyyəti və iradəsi sayəsində Gəncədə
yenidən iğtişaş törətmək istəyən
qüvvələrin təxribatçılıq əməllərinə
cəmi yarım saat ərzində son qoyuldu. Və elə həmin
günün, 10 iyul axşamı ölkə prezidentinin NATO-nun
Zirvə toplantısında iştirak etmək
üçün Brüsselə tarixi səfəri baş verdi.
Həmin səfər
zamanı Azərbaycanla-Avropa İttifaqı arasında
çox böyük önəm daşıyan saziş
paraflandı, həmçinin, Zirvə toplantısının
yekununda qəbul edilən kommunikedə Ermənistanın
işğalçı dövlət olması bir daha
özünün əksini tapdı. Bundan cəmi bir
neçə gün sonra, iyulun 18-19-u tarixlərində
İtaliya prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri
oldu və bu səfər zamanı bir sıra vacib sənədlər
imzalandı, ən əsası, ATƏT-in fəaliyyətdə
olan sədri kimi İtaliyanın Qarabağ məsələsində
qəti və prinsipial mövqeyi ifadə edildi. İtaliya
prezidentinin səfərindən saatlar sonra dövlət
başçısının Emmanuel Makronun dəvəti ilə
Fransaya rəsmi səfəti baş tutdu.
İkigünlük səfər zamanı ölkə
prezidentinin Fransanın dünyaca məşhur olan 11 nüfuzlu
şirkətinin rəhbəri, həmçinin, Fransa Milli
Assambleyasının və Fransa Senatının sədrləri,
nəhayət, prezident Makronla görüşü oldu. Bu səfərin gedişatında da iki ölkənin
prezidentinin iştirakı ilə Azərbaycanla Fransa
arasında bir sıra sahələr üzrə sazişlər
imzalandı.
Bundan savayı, ötən 100 gündə dövlət başçısı tərəfindən ölkə həyatı, Azərbaycan regionlarının, iqtisadiyyatın inkişafı və Azərbaycan vətəndaşlarının sosial-iqtisadi rifahının yaxşlaşdırıması yönündə yüzlərlə fərman və sərəncam imzalandı. MM-in növbədənkənar sessiyasında, iyulun 29-da ölkə prezidentinin imzası ilə parlamentə daxil olan, yəni 2018-ci ilin dövlət büdcəsində dəyişikliklər edilməsini nəzərdə tutan qanun layihəsi müzakirələrdən keçirilərək, qəbul olundu. Yəni dövlət büdcəsi daha iki milyard manat artırılaraq, 23 milyarda çatdırıldı, həmçinin, dövlət büdcəsində neftin baza qiyməti 45 dollardan 55 dollara qaldırıldı. Bu müddətdə Azərbaycan mədəniyyəti, incəsənəti və ədəbiyyatı qarşısında xidmətləri olan onlarla tanınmış sənət adamı dövlət başçısının imzaladığı sərəncamlarla mükafatlandırıldı. Millət vəkili Elmira Axundova Xalq yazıçısı, Emin Ağalarov, Murad Dadaşov, Aygün Səmədzadə, Teyyub Aslanov, Əlixan Səmədov və digərləri Xalq artisti, Əməkdar artist fəxri adları ilə təltif olundular. Azərbaycan mətbuatının 143 illiyi ərəfəsində ölkədə nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması ilə bağlı növbəti sərəncam verildi.
Beləliklə, son 15 ildə olduğu kimi, növbəti prezidentliyinin 100 günündə də İlham Əliyev özünün son dərəcədə müdrik, uzaqgörən dövlət və siyasət adamı olduğunu nümayiş etdirdi. Göstərdi və sübut etdi ki, Azərbaycan dövləti etibarlı əllərdədir, göstərdi və sübut etdi ki, Azərbaycan xalqı və dövlətini zəfərlərdən zəfərlərə doğru aparan LİDERi var!
Kamil
HƏMZƏOĞLU
525-ci qəzet.-2018.- 26 iyul.- S.5.