Azərbaycan-Fransa əlaqələri
yüksələn xətdə
"PREZİDENT İLHAM ƏLİYEVİN
FRANSAYA SƏFƏRİ ÖLKƏMİZİN MİLLİ
MARAQLARI VƏ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN
OLUNMASI BAXIMINDAN OLDUQCA ƏHƏMİYYƏTLI BİR SƏFƏR
KİMİ QİYMƏTLƏNDİRİLMƏLİDİR"
Prezident İlham Əliyevin iyulun 19-da Fransanın paytaxtı Parisə reallaşdırdığı rəsmi səfər ikitərəfli və Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafı, əlaqələrin genişlənməsi üçün yeni imkanlar açıb.
Həm siyasi, həm də iqtisadi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində dövlət başçısının ayrı-ayrı dövlət rəsmiləri, aparıcı şirkət rəhbərləri ilə qurduğu təmaslar yaxın gələcəkdə ciddi nəticələr verə bilər. Bu mənada, prezident İlham Əliyevin "Bouygues Travaux Publics" şirkətinin baş icraçı katibinin müavini Mark Adler, "CIFAL" qrupunun prezidenti Jil Remi, "IVECO France" şirkətinin prezidenti, "IVECO Global Bus"un rəhbəri Silvan Blez, "Rothschild and Co" şirkətinin Müşahidə Şurasının sədri Devid de Rotşild, "Thales International" şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi, "Wilmotte & Associes Architectes" şirkətinin icraçı direktoru xanim Borina Andriye, "SUEZ" qrupunun baş icraçı direktoru Jan Lui Şassod, "Airbus" şirkətinin Avrasiya üzrə vitse-prezidenti Silver Delonay, "Total" şirkətinin sədri və baş icraçı direktoru Patrik Puyane, "Naval" qrupunun sədri və baş direktoru Erve Giyu ilə keçirdiyi görüşlər yeni sahələri əhatə edən əməkdaşlıq formatlarının yaradılması baxımından mühüm əhəmiyyət kəsb edib. Təkcə Fransanın yox, Avropa və bütövlükdə dünyanın aparıcı iqtisadi qurumlarından şirkətlərin rəhbərləri ilə aparılan danışıqlar nəticəsində 2-3 milyard dollarlıq anlaşmalar imzalanıb. Bu anlaşmalar həm Fransanın, həm də Azərbaycanın iqtisadiyyatına mühüm töhfə verəcək, iki ölkə arasında, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığı daha da dərinləşdirəcək.
İqtisadi əlaqələrin möhkəmləndirilməsiylə yanaşı, Azərbaycanın bir nömərli problemi olan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsində dövlət başçısının fransalı həmkarı Emmanuel Makron, Fransa Senatının sədri Jerar Larşe, Fransa Milli Assambleyasının sədri Fransua de Rüji ilə keçirdiyi görüşlər ciddi əhəmiyyət kəsb edib. Problemin dinc yolla tənzimlənməsi, Cənubi Qafqaz regionunda gərginliyin qarşısının alınması, hərbi eskalasiya vəziyyətinin aradan qaldırılması məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun 3 həmsədr dövlətindən biri kimi, Fransanın üzərinə götürdüyü öhdəlikləri nəzərə alsaq, rəsmi Parislə qurulan təmasların kifayət qədər önəmli olduğu heç kəsə sirr deyil.
Həmçinin, bu səfərin Fransa prezidenti Emmanuel Makronun dəvəti əsasında baş tutması qarşı tərəfin də Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğu, bu xüsusda ölkəmizin əsas probleminin görməzdən gəlinməsinin mümkün olmadığı şübhə doğurmayan faktdır. O da məlumdur ki, hazırki şəraitdə Fransada erməni diasporunun daim Azərbaycanla yaxınlaşmalara maneə yaratmaq cəhdləri əvvəlkitək effektə malik deyil. Çünki Fransa iqtisadi maraqlarının üstündən xətt çəkib - Azərbaycanla əlaqələrdən imtina edib Ermənistanın yanında qərarlaşan deyil.
Təsadüfi deyil ki, prezident İlham Əliyev fransalı həmkarı ilə keçirdiyi görüşdə Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın mövqeyi barədə ətraflı məlumat verib. Ümidvarlıq ifadə olunub ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransanın prezidenti isə şəxsən bu münaqişənin həllində fəal iştirak edəcəyini bəyan edib.
Müzakirələr zamanı Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, ekologiya, nəqliyyat, təhlükəsizlik, mədəni və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Azərbaycanda Fransız Liseyinin və Azərbaycan-Fransız Universitetinin fəaliyyət göstərməsindən məmnunluq ifadə olunub. Söhbət zamanı, həmçinin, Azərbaycan-Avropa İttifaqı əlaqələri ətrafında fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, Fransanın aparıcı şirkətləri Azərbaycanda fəaliyyətlərini daha da genişləndirməkdə maraqlıdır.
Dövlət başçısı bu səfər çərçivəsində Fransanın 11 şirkətinin nümayəndələri ilə səmərəli görüşlərin aparıldığını xatırladıb. Bu görüşlərin ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üçün böyük perspektivlərə yol açdığı vurğulanıb.
Görüşdə, həmçinin, enerji təhlükəsizliyi məsələsi müzakirə olunub, "Cənub Qaz Dəhlizi" layihəsinin uğurla icra edildiyi vurğulanıb. Neft-qaz sektoru, infrastruktur, nəqliyyat, kosmik sənaye, hava nəqliyyatı, metro tikintisi, hərbi-texniki sahələrdə əməkdaşlıq məsələləri də müzakirə edilib.
ATƏT-in Minsk qrupunun həmsədri və Avropanın aparıcı ölkələrindən biri olan Fransa rəhbərliyinin Azərbaycana və onun rəhbərliyinə yüksək münasibət bəsləməsi Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həllində önəmli faktor hesab oluna bilər.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Rauf Əliyev qeyd edib ki, Azərbaycanla Fransa arasında iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. O, "Trend"ə bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri iki ölkə arasındakı munasibətlərin, o cümlədən, iqtisadi əməkdaşlıq sahəsində əlaqələrin yeni mərhələyə qədəm qoyduğunun göstəricisidir: "Rəsmi səfər çərçivəsində prezident Fransanın 11 ən nüfuzlu şirkətinin, o cümlədən, SADE, "Bouygues Travaux Publics", "CIFAL", "IVECO France", "Airbus", "Total"ın rəhbərləri ilə görüşlər keçirib. Bu görüşlərdə iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün böyük perspektivlərin olduğu qeyd olunub. Azərbaycanla Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyəri olan müqavilələr bağlanıb. Azərbaycan tərəfdən "Azərsu" ASC, "Azərkosmos" ASC, "Azərbaycan Hava Yolları" QSC və Fransa tərəfdən "SUEZ Group", Fransa Respublikasının Milli Kosmik Tədqiqatlar Mərkəzi, "Thales" şirkəti arasında əməkdaşlıq müqavilələri imzalandı. Bu müqavilələr reallaşdığı təqdirdə onların dəyəri daha da artacaq".
Deputat bildirib ki, müqavilə bağlanılan şirkətlərin əksəriyyəti Azərbaycanda qeyri-neft sektoruna investisiyalar qoymağa maraq göstərirlər: "Bu maraq hazırda Azərbaycan prezidenti İlham Əliyevin bilavasitə təşəbbüsü ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı məqsədilə aparılan iqtisadi islahatların tələblərinə uyğun gəlir. İnanırıq ki, prezidentin Fransaya səfəri iki ölkə arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən, iqtisadi əməkdaşlıq sahəsində daha yüksək mərhələyə qalxmasına şərait yaradacaq, bu münasibətlər daha da inkişaf edəcək, çünki bu, hər iki dövlətin və xalqlarımızın mənafeyinə uyğundur".
Deputat Hikmət Babaoğlu da qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin Fransaya səfəri olduqca mühüm əhəmiyyətli bir səfər idi. O, "Milli.az"a bildirib ki, bu səfər bir neçə səciyyəvi aspektləri ilə Azərbaycan üçün yaddaqalan olub: "Əgər bunları sıralamağa çalışsaq, yəqin ki, hər şeydən öncə səfərin siyasi tərəfləri önə çıxar və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli üçün gələcəkdə yaxşı zəmin yarada bilməsi ilə qiymətləndirilə bilər. Çünki Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və işğalçı Ermənistanla tarixən formalaşmış isti münasibətləri var. Bu isə həm də onun Ermənistana təsiretmə imkanlarının olması deməkdir. Ona görə də bu ölkə ilə daha dərin strateji münasibətlərdə olmamız Fransanın bizim daha yaxın müttəfiqimiz olması mənasına gəlir. Azərbaycan bu həssas istiqamətdə daima xüsusi siyasi iş aparır. Təsadüfi deyil ki, Azərbaycan prezidentinin Fransaya rəsmi səfəri işğalçı Ermənistanın da mətbuatının diqqət mərkəzində oldu və hətta bəzi mətbu orqanlar Fransanın Ermənistanı satdığı ilə bağlı müəyyən xəbərlər belə yazdılar.
İkinci mühüm məsələ iki ölkə arasında münasibətlərin qarşılıqlı maraqlar aspektindən qiymətləndirilməsidir. Fransa Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarından biridir və bu münasibətlərin potensialı olduqca çoxşaxəlidir. Nəzərə almaq lazımdır ki, Fransa öz iqtisadi inkişafına görə dünyanın aparıcı sənaye dövlətlərinin "böyük yeddiliyinə" daxildir. Fransa dünyanın 5-ci iqtisadi gücüdür. O, dünya ÜDM-nin 5 faizini və dünya ticarətinin 6 faizini formalaşdırır. Avropada ümumi iqtisadi göstəricilərinə görə isə Almaniyadan sonra ikinci yerdə durur. Bütün bunlar kifayət qədər cəlbedicidir və Azərbaycan kimi dinamik və inkişaf edən iqtisadiyyata sahib olan bir ölkənin diqqətini cəlb etməyə bilməz. Əgər biz buraya Fransa iqtisadiyyatının yüksək sənaye və ən modern texnalogiyalar əsasında formalaşdığı faktorunu da əlavə etsək, o zaman iqtisadiyyatımızın inkişafı üçün bu ölkənin potensialından nə qədər faydalana biləcəyimizi açıq görə bilərik. Elə Azərbaycan da öz inkişaf potensialına və enerji resurslarına görə Fransa üçün əhəmiyyətli ölkədir. Çünki ölkəmizdə münbit sərmayə mühiti var, beynəlxalq iqtisadi təşkilatların hesabatlarında iqtisadiyyatımız üçün optimist proqnozlar verilir ki, bu, Azərbaycanı Franca şirkətləri üçün cəlbedici edir. Təsadüfi deyildi ki, Azərbaycan prezidentinin səfərinə Fransanı aparıcı şirkətləri çox böyük maraq göstərirdilər. Azərbaycan prezidenti İlham Əliyev Fransada dostcasına qarşılandı və xüsusi diqqətlə əhatə olundu.
Səfər zamanı Azərbaycan prezidenti Fransa prezidenti Emamnuel Makron, Fransa senatının sədri Jerar Larşe, Fransa Milli Assambleyasının sədri Fransua de Rüji, eləcə də Fransa iqtisadiyyatında aparıcı rol oynayan şirkət rəhbərləri ilə yüksək səviyyəli görüşlər keçirdi. Dövlət başçısının səfərinə göstərilmiş yüksək diqqət Azərbaycan prezidentinin simasında Azərbaycan dövlətinə yüksək etimadın bariz nümunəsi kimi qiymətləndirilməlidir. Səfər Azərbaycan prezidenti İlham Əliyevlə fransalı həmkarı arasında şəxsi münasibətlərin pozitiv məcrada dərinləşməsi baxımdan da əhəmiyyətli oldu. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, səfər zamanı 2-3 milyard dollarlıq anlaşmalar imzalandı və bu anlaşmalar ölkəmizə olduqca böyük iqtisadi dividentlər qazandıracaq".
H.Babaoğlunun sözlərinə görə, başqa əhəmiyyətli bir məsələ isə ondan ibarətdir ki, Fransa Avropa siyasətini müəyyənləşdirən böyük beşlik adlandırılan ölkələrdən biridir: "Fransanın Avropa İttifaqı çərçivəsində də söz sahibi olması faktorunu da nəzərə alsaq, bu ölkə ilə münasibətlərin bizim üçün nə dərəcədə əhəmiyyətli olmasını görə bilərik. Azərbaycan Avropa ittifaqı ilə tərəfdaşlığın prioritetləri haqqında sənədi paraflayıb və ittifaq üzvü olan dövlətlərlə yeni keyfiyyətdə münasibətlərə başlayacaq. Eyni zamanda, bu sənəddə önə şıxan ən əsas məsələlərdən biri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin üzv ölkələr tərəfindən tanınması məsələsidir. Ona görə də Azərbaycan prezidenti İlham Əliyevin Fransaya səfəri ölkəmizin milli maraqları və təhlükəsizliyinin təmin olunması baxımından olduqca əhəmiyyətli bir səfər kimi qiymətləndirilməlidir".
Ceyhun ABASOV
525-ci qəzet.-2018.- 26 iyul.- S.1;5.