Hərb və dövlətçilik tariximizdəki aydın izlər: Cəfərqulu xan Naxçıvanski-Kəngərli

 

 (Əvvəli ötən sayımızda)

 

Çox təəssüf ki, populyarlığı çox sevən və hər zamanın nəbzini tutmağa çalışanlar naxçıvanlı hərbçilərdə mənfilikləri qabartmaq, gözdən salmaq istəyirlər. Amma bu, mümkün deyil! Çünki onların canı-dildən müdafiə etdikləri Naxçıvan əzəmətlə durmaqdadır! Və Cəfərqulu xan 4 oğlunu (III Kalbalını, III Ehsanı, Teymuru və Cəmşidi) Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın müstəqilliyi, azadlığı uğrunda qurban verib.

Ona görə də gərək biz tədqiqatçılar Naxçıvan tarixinin iki ilini (1918-20) çox həssaslıqla, emosiyalarsız və doğru-düzgün araşdıraq, ətraflı öyrənək və son fikrimizi yazaq. Mənasız fikirlərlə qəhrəmanlarımızın ruhunu incitməyək!

Bir məsələni də deməyin vaxtıdır. Digər yazılarımızda bu məsələyə tarixi sənədlərin köməyilə fikrimizi bildirəcəyik. Araşdırmalar göstərir ki, bütün yüzilliklərdə naxçıvanlılar Azərbaycandan başqa heç bir konfederasiya-filan qəbul etməyiblər. 1918-1920-ci illərdə həmçinin!

Yeri gəlmişkən, bir müəlliflə telefon söhbətimiz oldu. O bildirdi ki, Mirzə Bağır Əliyevin "Qanlı günlərimiz" (Bakı:1994) kitabından istifadə edib. O müəllifə bir daha xatırladırıq ki, Mirzə Bağır Əliyev gündəlik yazıb və hadisələri bildiyi kimi qeyd edib. Biz də həmin kitabı diqqətlə oxuyuruq. Cəfərqulu xan heç vaxt katibə (münşiyə) deməyəcəkdi ki, diplomatik danışıqlarda söhbət nədən gedib və sair və ilaxır.

Bu səbəbdən bir məsələni də deməyə məcburuq. "Naxçıvan İnqilab Komitəsinin 10 oktyabr 1920-ci il tarixli qərarı ilə İnqilab Komitəsinin nəzdində bir neçə şöbələrlə yanaşı, Daxili İşlər şöbəsi də yaradılır.              

İnqilab Komitəsinin qərarı ilə ümumi məlumat təlimat şöbəsinə rəis Mirzə Bağır Əliyev təyin edilmişdir". Bu, arxiv sənədidir.

Bizcə, artıq şərhə ehtiyac yoxdur. Bundan sonra Mirzə Bağır Əliyev öz gündəliyində Naxçıvandan sürgün edilmiş hərbi Naxçıvanskilər haqqında müsbət fikir yaza, yaxud saxlaya bilərdimi? Əlbəttə ki, yox! Mətləbdən uzaqlaşmayaq. Naxçıvan tarixində maraqlı məsələlərdən biri Naxçıvandan Makuya hərbi dəmiryol çəkilməsidir. Bu hadisə 1915-ci ilə təsadüf edir.

Ədəbiyyatşünas alim Əziz Şərifin atası Qurbanəli Şərifzadənin oğluna yazdığı  məktub bu işi oxuculara məlum edir: "Cəfərqulu xan mənə təklif elədi ki, dəmiryol podratı götürək və şərik olaq. Şahtaxtıdan Makuya dəmiryol çəkiləcəkdir. Cəfərqulu xan özü qulluqdadır, müqavilə mənim adıma olacaqdır. Bu neçə gündə çalışırdıq. Hüseyn xan, general adyutant, Cəfərqulu xanın qardaşı bu işdə vasitəçidir. Ona görədə çox ümid varam ki, bu iş bizə qismət ola.

Şahtaxtıdan Makuya qırx verst qədər yoldur. Əgər bu iş bizə qismət olsa, ümidvaram ki, mənfəətsiz olmaya, çünki əvvəla, əfsərlər Cəfərqulu xanın və Hüseyn xanın xatirinə bizə kömək edərlər, çünki bu yol hərbi yoldur, injinerlər tamam əfsərdirlər və saniyən Makuda Cəfərqulu xanın əqvamı xanlar fəhlə cəhətindən bizə kömək edərlər..." Amma həmişə olduğu kimi, Naxçıvan xanlarının Maku xanları ilə yaxın qohum olmaqları imkan vermir ki, Cəfərqulu xana çar hökuməti etibar etsin. Maku-Şahtaxtı yolunun çəkilişi Cəfərqulu xana tapşırılmır.

Haşiyə. Maku xanlarından Əli xan Bayat I Kalbalı xanın qızı Cahanbanu ilə evlənib. Onların oğlu Teymurpaşa xandır. Teymurpaşa xanın oğlu isə Maku sərdarı Mürtəzaqulu xandır.

Cəfərqulu xanın bacısı Şahbəyim, qızı Nazlıbəyim də həmin ailənin gəlinləri olmuşlar. Abbasqulu xan İrəvanskinin qızı Nazxanım (Cəfərqulu xanın baldızı) da Maku xanının gəlini olub. Onun oğlu İsmayıl xanla bu sətirlərin müəllifi Makuda, Bağçacıqda (Maku xanlarının sarayında görüşüb, söhbətlərini qələmə alıb).

Hətta bizə bir arxiv sənədindən məlum oldu ki, general İsmayıl xan Naxçıvanskinin qızı Şirinbəyim Kamilpaşa xanın anasıdır. Bu haqda da oxuculara məlumat vermək arzumuz var. Kamilpaşa xan Bayatı (Makulunu) general İsmayıl xan Sankt-Peterburqda oxudub. Amma onu da deyək ki, Naxçıvanın çətin günlərində Maku sərdarı Naxçıvana lazım olan köməyi etməyib, daha doğrusu, Cəfərqulu xana silah məsələsində köməkliyi olmayıb.

Naxçıvanda sovet hökuməti qurulan kimi daşnaklar bolşevik adı altında hünərli insanlara amansız divan tutmağa başladılar. O cümlədən, hərbçi xan Kəngərlilərə də.

Naxçıvan İnqilab Komitəsi 28 avqust 1920-ci il tarixli iclasında gündəliyə əsas bir məsələni daxil etmişdi. "İnqilab Komitəsinin 28 avqust 1920-ci il tarixli olmuş iclasının 1¹-li qərarına əsasən Naxçıvan şəhərinin vətəndaşları Rəhim xan, onun oğlu İskəndər xan, Cəfərqulu xan Naxçıvanskilər və İbrahim paşa Kəngərlinski Naxçıvan şəhərindən Bakı şəhərinə Naxçıvan ölkəsinin zərərli elementləri kim göndərilsin".

 

Naxçıvan Ölkə İnqilab Komitəsi

 

İclasın sədri: Fyodorov

 

Katib: Sulixanov

 

Avqustun 29-30-da belə amansızlığı görən Cəfərqulu xan  Rəhim xan Naxçıvan İnqilab Komitəsinə məktubla müraciət etmişlər.

Cəfərqulu xan ona məxsus olan əmlakı haqqında yazırdı: "Mənim toxunulmaz əmlakıma gəldikdə isə o, elə də böyük deyil və aşağıdakılardan ibarətdir: şəhərdə bir bağ əkin sahəsi (16 desyatin) olan torpaq, karvansara, hərbi xəstəxana (lazaret) üçün ayrılmış ev, Təzəkənddə əkin sahəsi (20 desyatin). Bundan başqa heç bir torpağım yoxdur. Əgər mümkünsə xahiş edirəm məni əmlakımdan azad edəsiniz. Mən heç bir dövlət cinayəti etməmişəm. Sovet hökuməti əleyhinə olmamışam. Əksinə, Milli Komitənin sədri olanda bütün qüvvəmlə Qızıl Ordunun Naxçıvana gəlməsinə çalışmışam. İnqilab Komitəsi, mənimkilər günahsız olsa da, onları axırıncı azuqədən məhrum edir. Xahiş edirəm məni sonrakı qəbul ediləcək qərtarlardan xəbərdar edəsiniz". Amma İnqilab Komitəsi onların Naxçıvandan sürgün olunmalarında qəti israrlı idi. Bunu görən Cəfərqulu xan 30 avqust 1920-ci ildə Naxçıvan İnqilab Komitəsinə məktub yazıb: "Naxçıvan İnqilab Komitəsinə. Naxçıvan İnqilab Komitəsi özünün 28 avqust 1920-ci il tarixli iclasında məni bolşeviklərə qarşı əks-fəaliyyət göstərməkdə, ermənipərəstlikdə günahlandırır. Bunun müqabilində bildirirəm ki, bolşeviklərin əleyhinə işləmə imkanım faktiki olmayıb. Belə ki, biz dünyadan təcrid olunmuşduq və ermənilərlə müharibə aparmaqla məşğul idik. Mənim ermənipərəst olmağıma gəldikdə isə bunun heç bir əsası yoxdur. Belə ki, ermənilər Naxçıvanda olan vaxt mənim evimi və əşyalarımı dağıtmış və talan etmişlər. Mənim oğlum Kalbalı xan komandan kimi erməni ordusuna böyük zərbələr vurub. Ermənilər bu iki il ərzində (1918-1920) Naxçıvanı mənim oğluma görə tuta bilməyiblər".

Cəfərqulu xanın bu məktubu da ürəyi daşlaşmış Revkomu və ətrafındakı sapı özümüzdən olan baltaları fikrindən döndərə bilmir. Nəhayət, sentyabrın 10-da Cəfərqulu xan sonuncu ərizəsini yazır: "Bildirmək istəyirəm ki, bizdən birimiz Rəhim xan yaşı ötmüş olmaqla bərabər, qrija (dəbbəlik) və hemoreyya (babasil) xəstəliyindən əziyyət çəkir və yaşı 60-ı ötüb. Bundan başqa, at üstündə getmək imkanımız yoxdur. Ona görə bizim getməyimizə araba təyin edəsiniz.

 

Cəfərqulu xan Naxçıvanski (imza)

10 sentyabr 1920-ci il".

 

Bax, bu ərizədə Cəfərqulu xan Rəhim xanı böyük qardaşı kimi təqdim edib. Amma aparılan araşdırmalar göstərir ki, Naxçıvanski qardaşlarının heç bir təklifi qəbul edilməyib. Bu hərbçi qardaşların həyatlarında ən kədərli anlar çox sevdikləri Naxçıvandan əsir kimi aparılmaları idi.

Tarixin yaddaşı çox sədaqətlidir. Son illərə qədər 1920-ci il sentyabrın əvvəllərində Naxçıvandan Şuşaya aparılan əsir Naxçıvanskilər çoxlarının yaddaşında idi.

Sovet əsgərlərinin silahlı dəstəsi ilə əhatə olunmuş Rəhim xan və Cəfərqulu xan Naxçıvanskiləri, bir də onların vəkil (sultan) qolundan olan qohumları İbrahim paşa Kəngərlini əsir aparırlar. Bəlkə də bu, Cəfərqulu xanın həyatının ən böyük faciəsiydi. Hər iki qardaşa Kəngərli yurdu Naxçıvanda yaşamaq qadağan edilmişdi.

Bəzi kitablarda guya onların Şuşada öldüklərini yazırlar. Bu məlumat tamamilə yalandır. Çünki bu sətirlərin müəllifi Gürcüstan Milli Təhlükəsizlik Nazirliyinin arxivində araşdırmalar apararkən, məxfi sənədlərin birində Cəfərqulu xan Naxçıvanskinin İranın Maku şəhərində yaşaması qeyd olunmuşdu. Sənəd 1930-cu ilə aid idi.

İkinci mənbə isə mərhum yazıçımız Əli Səbrinin xatirələrindəki məlumatdır. Elə o məlumatdan aydın olur ki, Cəfərqulu və Rəhim xan İrana öz ailələrinin yanına gedə bilib. Əli Səbri yazır: "Cəfərqulu xan bu məsələdən ötrü yanıma gəldi. O, bilmirdi ki, mən Əliheydər Qarayevlə dostam. Hələ inqilabdan əvvəl biz rus-tatar (Azərbaycan) məktəbində dərs demişdik.

Cəfərqulu xanı Əliheydər Qarayevlə öz evimdə görüşdürdüm. Cəfərqulu xana dedim ki, bax bu adam Əliheydər Qarayevdir. Və mən sənin xahişini ona yetirmişəm. Cəfərqulu xan Əliheydər Qarayev adını eşitdikdə həyəcanlandı, kibrit qutusu əlindən düşdü. Əliheydər isə güldü:

- Əmi, qorxma. Mənim sənin haqqında az-çox məlumatım var. Sənin xalqa heç bir zülmün keçməyib, qoca kişisən kömək edərik, arvad uşağınla görüşərsən. Üç gündən sonra Cəfərqulu xanla qardaşı Rəhim xan İrana yola düşdülər". Bu görüş 1922-ci ildə olub və Cəfərqulu xan və Rəhim xan Bakıdan Ənzəliyə gəmi ilə yola düşüblər.

Ürəklərində Vətən həsrəti olan bu insanların qürbət ömürləri harada yaşanıb? Naxçıvanın ən çətin günlərində onu tərk etməyən Kəngərli xan Naxçıvanskilərin ömür faciələri hər birimizin qəlbini ağrıdır. Təskinliyi onda tapırıq ki, Naxçıvanda hamının çox sevdiyi sərkərdələr - Cəfərqulu xanın oğlanları sınmadan, əyilmədən, dillərində "Azərbaycan", "Naxçıvan" sözləriylə ölümün gözlərinə dik baxıblar. Son anlarında "Təki Naxçıvam əzəmətlə dayansın" -deyiblər.

Görkəmli sərkərdə Cəfərqulu xan Naxçıvanskinin 5 oğlundan sağ qalanı Davud xan olub. Araşdırma məlumatına görə, o, İran ordusunun sərhəngi (polkovniki) olub və Təbrizdə yaşayıb.

Digər oğlanlarından Teymur xanı hələ 1916-cı ildə müəmmalı şəkildə İrəvanda öldürüblər. III Kalbalı xanı 1934-cü ildə Makuda döyüş zamanı arxadan güllə ilə vurublar. III Ehsan xanı isə Gəncə üsyanında (1920-ci ildə) bolşeviklər güllələyiblər. Cəmşid Naxçıvanskini isə sovet hökuməti 1938-ci ildə Moskvada güllələyib.     

Yazını sona çatdırarkən 1913-cü ildə nəşr olunmuş, Qafqaz hərbi-tarix muzeyinin sorğu kitabındakı cümlələri xatırlayıram: "Kəngərli süvariləri bütün Şərqdə cəsurluğu ilə şöhrət qazanmışdı. Onlar döyüşə girərkən ölümə ikrah əlaməti olaraq atlarının boynuna qırmızı kaporlar geyindirirlər ki, düşmən tərəfindən tez gözə çarpsınlar. Bu, həm də düşməni vahiməyə salmaq üçün fənd idi".

Belə igid, cəsur süvarilərdən biri də Cəfərqulu xan və varisləridir ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin və Naxçıvan Araz Türk Respublikasının 100 illik bayram təntənələrində xatırlanmağa tam layiqdirlər və buna mənəvi haqları var.

 

Musa RƏHİMOĞLU (QULİYEV)

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və

Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

525-ci qəzet.-2018.- 27 iyul.- S.6.