"Jara"
festivalı kimləri narahat edir?
Azərbaycanda
növbəti beynəlxalq "Jara" festivalı
başlayıb. Paytaxtımızın evsahibliyi etdiyi bu
festivala ildən ilə maraq artır.
Eyni
zamanda, hər il festival daha maraqlı hazırlanır,
tanınmış ulduzların iştirakı ilə konsert
proqramları təqdim edilir. Başqa sözlə,
"Jara" artıq bütün dünyada Azərbaycan
brendinə çevrilməkdədir. Heç şübhəsiz,
yaxın gələcəkdə "Jara" nüfuzlu beynəlxalq
musiqi festivalları arasında öz yerini tutacaq və daha
çox sevilən dünya ulduzlarını bu musiqi
bayramında paytaxtımızda görə biləcəyik. Bu il festivalda Monatik, Qriqori Leps, Ani
Lorak, Loboda, Emin, A`Studio, Dima Bilan, Sergey Lazarev, Qlyuk'oza,
Qradusı kimi məşhur musiqiçilər iştirak edəcək.
Amma təəssüf ki, bu tədbirin əhəmiyyətinə,
ölkəmizin təbliği baxımından önəminə
deyil, onu gözdən salmağa çalışanlar sosial
şəbəkələrdə əks kampaniyaya
başlayıblar. "Jara" festivalının mahiyyətindən
xəbəri olmayanlar daha çox siyasi yanaşma sərgiləməyə
çalışırlar. Buna səbəb isə isə
rusiyalı müğənni Zara Mqoyanın da festivala dəvət
edilməsi və gözlənilən
çıxışıdır.
Əsas iddia kimi isə guya milliyyətcə erməni
olan bu sənətçinin Azərbaycana gəlməsi və
festivalda çıxışının yolverilməzliyi fikri
irəli sürülür.
Məlumat
üçün bildirək ki, bununla bağlı artıq "Jara"nın Təşkilat
Komitəsi açıqlama yayıb. Açıqlamada deyilir
ki, Azərbaycan dövlətinin yürütdüyü siyasətin
əsasını mədəniyyətlərarası
və sivilizasiyalararası dialoq təşkil edir. Bunlarla
bağlı hər zaman ən yüksək səviyyədə
danışılıb. Ölkəmiz hər zaman dialoq və əməkdaşlıq,
müxtəlif millətlərdən olan insanlar və mədəniyyətlər
üçün meydan olub.
"Hər
kəsə məlumdur ki, incəsənət və idman - siyasətdənkənar
sahə olaraq, insanları birləşdirir. Bununla bağlı
ölkəmizdə "Eurovision" mahnı müsabiqəsi,
"Bakı-2015" Birinci Avropa Oyunları, İslam həmrəyliyi
oyunları və digər tədbirləri nümunə gətirmək
olar. "Jara" festivalı da bu qəbildən olan tədbirlər
sırasında öz layiqli yerini tutaraq, artıq
üçüncü ildir ki, paytaxtımıza rus
şou-biznesinin nümayəndələrini toplayır.
Onalrın arasında müxtəlif milliyyətlərin
nümayəndələri də var.
Milliyətcə
kürd olan müğənni Zara ölkəmizə gələrək,
Azərbaycanın qədim mədəniyyəti, zəngin
tarixi və əsrarəngiz ənənələri ilə
tanış olmaq istəyib. Buna görə də biz, ölkəmizin
tolerantlıq və qonaqpərvərliyini təmsil edərək
ona "Jara-2018" beynəlxalq festivalında iştirak etməyə
imkan yaratdıq", - deyə rəsmi açıqlamada qeyd
olunub.
Azərbaycan
tarixən bütün dünyada müxtəlif xalqların
sülh və qarşılıqlı anlaşma şəraitində
yaşadığı, tolerant, bütün dini və milli
azadlıqların təmin edildiyi ölkə imicinə
malikdir. Müxtəlif millətlər,
milli azlıqlar ölkəmizdə sülh, əmin-amanlıq
şəraitində yaşayır. Ermənistanda bir azərbaycanlı
belə yaşamadığı halda, Dağlıq
Qarabağı nəzərə almasaq belə, ölkəmizdə
30 min erməni əsilli vətəndaş yaşayır. Azərbaycanın
torpaqlarının işğalında iştirakçı
olmayan, Azərbaycan xalqına qarşı cinayət törətməyən,
dinc həyat tərzi sürən hər hansı erməni əsilli
şəxsin ölkəmizə gəlməsi niyə yolverilməz
hesab olunmalıdır?
Əgər
biz bir erməni əsilli şəxsə görə bu qədər
sərt mövqe ortaya qoyuruqsa, dünya necə inana bilər
ki, sabah Dağlıq Qarabağ Azərbaycana qaytarılarsa, biz
ermənilərlə birgə
yaşaya, onların təhlükəsizliyini təmin edə
bilərik. Erməni şovinistləri
azərbaycanlılara qarşı soyqırımı törətdiyi,
Ermənistana rəhbərlik etmiş şəxslərin azərbaycanlılarla
ermənilər arasında irqi uyğunsuzluq barədə
iddialar irəli sürdüyü halda, biz nəyə görə
dünyaya özümüzü layiq olmadığımız
şəkildə təqdim etməliyik?
Təşkilat
Komitəsinin açıqlamsında da deyildiyi kimi, Zara erməni
deyil, Ermənistanda anadan olub, Rusiya vətəndaşıdır
və milliyyətcə yezidi kürdüdür. Hər
hansı bir şəxsin, o cümlədən də Zaranın
özünün doğulduğu ölkəyə hörmətlə
yanaşması normal haldır.
Başqa tərəfdən, əgər Zara Ermənistana
səfərlər edib, həmin ölkəni tərifləyir
və təbliğ edirsə, nəyə görə onun Azərbaycana
gəlib bizim ölkəmiz haqqında xoş fikirlər səsləndirməsinə
şərait yaradılmamalıdır.
Nəzərə
alınmalıdır ki, Azərbaycan dövləti və
xalqı heç bir ölkəni və ya xalqı, o cümlədən
də erməniləri özünə düşmən hesab
etmir. Həm ermənilər, həm də azərbaycanlılar
eyni coğrafiyanı bölüşürlər və gələcəkdə
də dinc yaşamağa məhkumdurlar. Azərbaycanın
düşməni erməni xalqı deyil, erməni milliyyətçiliyinin
və şovinizminin ideoloqları, Ermənistanın xunta və
terrorçu rejimidir. Erməni xalqı da bu dairələrin
girovudur və bundan əziyyət çəkir.
Azərbaycan
xalqı ermənilərlə dinc yaşamağa
hazırdır. Yetər ki, Azərbaycan torpaqları geri
qaytarılsın və ölkəmizin ərazi
bütövlüyü bərpa edilsin.
Mövzu ilə bağlı danışan millət vəkili Azər Badamov isə vurğulayıb ki, "Jara" musiqi festivalının keçirilməsi artıq ənənə halını alıb: "Hər il xeyli sayda Rusiya dövlətindən olan müğənnilər Azərbaycanda bu festivala qatılırlar və burada böyük bir bayram ab-havası yaşanır". Onun sözlərinə görə, "Jara" musiqi festivalının keçirilməsinin siyasi baxımdan da ölkəmiz üçün böyük əhəmiyyəti var: "Çünki ölkəmizə gələn rusiyalı müğənnilər Azərbaycanın inkişafını, gözəl bir məkan olduğunu görürlər. Bu festival həm də Rusiya televiziya kanalları vasitəsilə yayımlanacaq. Təbii ki, bu da bir daha Azərbaycanın tanıdılmasına imkan yaradır. Festivalda həm də rusiyalı Zara Mqoyan iştirak edəcək. Sosial mediada buna qarşı kampaniya aparılır. Mən tamamilə bununla razı deyiləm. Onun da Azərbaycanı görməsi vacibdir. Çünki biz tolerant ölkəyik. Onlar görsünlər ki, bizdə hər bir millətin nümayəndəsinə, xalqına qarşı bərabər münasibət var. İkincisi isə bizim problemimiz Dağlıq Qarabağla bağlıdır. Biz bu istiqamətdə heç zaman ermənilərlə barışmarıq. Amma erməni əsilli müğənninin Azərbaycana gəlişi və onun da ölkəmizi görməsi, buradakı inkişafla tanış olması onların özləri üçün də bir mesaj olacaq. Azərbaycan işğala məruz qalmış ölkədir. Amma buna baxmayaraq, böyük inkişaf yolu keçib. Festivalın keçirilməsi Azərbaycan üçün vacibdir".
"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev vurğulayıb ki, Azərbaycanın indiyədək keçirdiyi bütün beynəlxalq miqyaslı tədbirlər ölkəmizin böyük təşkilatçılıq işi ilə bərabər, həm də ona görə uğur qazanıb ki, irqi, milli, dini fərqlərlə yanaşmalara qəti şəkildə yol verilməyib və humanitar, bəşəri prinsiplərə birmənalı şəkildə üstünlük verilib. A.Quliyev bildirib ki, Azərbaycanın sahiblik etdiyi bütün beynəlxalq tədbirlər ölkəmizin nail olduğu tolerant dəyərlərdən çıxan köklü fenomen kimi nümayiş etdirilib: "Jara" beynəlxalq mahnı festivalına da bu kontekstdə baxmaq lazımdır. Belə tədbirlər ölkəmizin mənəvi, iqtisadi, siyasi, demoqrafik gücünün nümayiş etdirilməsi üçün əla imkandır". Onun sözlərinə görə, Azərbaycanın bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsi tək bir iddia ilə bağlıdır: "Bu iddia dostlarımızı özümüzə daha çox yaxınlaşdırmaq, bədxah və düşmən kimi baxanların təsəvvürlərini dəyişmək, bununla da ölkəmizin dünyada manevr meydanını genişləndirməkdir. Ortada bu qədər aydın və uzaq hədəflərə işləyən məqsəd varsa, ölkəmizə hər bir əcnəbinin qanuni şəkildə edilən səfərinə belə baxmalıyıq. Həqiqətən də Azərbaycanın tolerant və inkluziv cəmiyyətində xarici ölkələrdən gələnlərin istər idmançı, müğənni və ya diplomat olsun, fərq etməz, davranış və baxışları təkmilləşirsə və ya müsbətə doğru dəyişilirsə, biz buna böyük nailiyyətimiz kimi baxmalıyıq. Pis hesab etdiyin qonağın üzünə qapı bağlamaq ən bəsit, ən emosional, ən düşüncəsiz və ən ziyanlı davranışdır. Azərbaycan heç vaxt belə zəif mövqe göstərməyib və yəqin göstərməyəcək də".
AZAD
525-ci qəzet.-2018.- 27 iyul.- S.1-5.