Dünya bir meyar üzərində
qurulub
O MEYARIN ADI ƏDALƏTDİR
Dünya bir meyar üzərində
qurulub. Onun adı "Ədalət"dir.
Əks halda yaşadığımız Yer
kürəsi bu qədər uzunömürlü
olmazdı.
Əgər bu planetin ədalət,
balans və harmoniya məfhumlarından
ibarət müvazinəti
zərrəcə pozularsa,
həyat məhv olmaq təhlükəsi ilə üzləşər
və bəlkə də, hər şey alt-üst olar. Yaradan, Tanrı,
Allah üçün də
hər hərəkətin,
əməlin, münasibətin
yeganə ölçü
vahidi ədalət prinsipinə sədaqətdir.
Hətta
uca Allah da Yer üzündəki bütün problemləri yalnız və yalnız bu prinsipin tələblərinə
əsaslanaraq həll edir. "Allah hər şeyə qadirdir, nə vaxt nə istəsə
edə bilər" ifadəsini gündə bir neçə dəfə işlədirik.
Amma bir məqamı nəzərdən qaçırırıq
ki, Allah da özünü müəyyən
çərçivədə hiss edir. Onun da əməlləri
müəyyən sərhədlər
daxilindədir. Məsələn, insanlara qarşı münasibətdə o, heç
vaxt göndərdiyi müqəddəs Qurani-Kərimdə
yazılanlardan kənara
çıxmır. Deməli, O, bizimlə
münasibətini öz
qoyduğu qanunlar çərçivəsində qurur. Bu qanunların
ən əsası ədalət prinspidir.
Təsadüfi deyil ki, biz çox zaman çətinlik qarşısında
aciz qalanda "Allah bilən məsləhətdir"
deyib təslim oluruq. Ən böyük dərdimizi
ona həvalə edir, onu vəkil
edirik. Çünki ədalətinə inanırıq. Hər kəsdən
gizlətdiyimiz sirrimizi
söyləyir, çətin
problemlərimizin həllində
Ondan kömək istəyirik. Allaha olan
ümidimizi heç vaxt itirmirik. Bütün bunlar insanla Allah, Yerlə Göy arasındakı münasibətlərdir.
O, gözə görünməsə
də, bizimlə əlaqəyə girməsə
də, varlığı
ilə təsəlli tapır, ruhən dincəlir, mənən paklaşırıq.
Son illərdə Yaxın
Şərqdə, Əfqanıstanda
gedən qanlı müharibələrin, münaqişələrin,
vətəndaş qarşıdurmalarının,
fəlakətlərin hardan
qaynaqlandığını hamımız yaxşı
bilirik. Amma bu müsibətlərin
qarşısını almaq
iqtidarında olanlar alovu söndürmək əvəzinə, onu daha da alışdırırlar.
Bu xoşagəlməz olayların baş verdiyi ölkələrdə
yaşayanlar başlarına
gələn müsibətlərin
səbəbkarlarını tanısalar da, mövcud vəziyyət qarşısında acizdirlər,
nə edəcəklərini,
bu vəhşilikdən
necə qurtulacaqlarını
anlaya bilmir və sonda müharibəni
törədənlərin ölkələrinə
uz tuturlar. Kobud tərzdə desək, çıxılmaz vəziyyətdə
qalıb "qatil"
ölkələrə pənah
aparırlar. Bu, normal hal deyil, məntiqə,
insanlığa, vicdanın
səsinə və etirazına cavab vermir. Görəsən, onları Avropaya,
ABŞ-a getməyə məcbur
edən hansı hisslərdir? Əlbəttə,
milyonlarla qaçqının
içərisində nifrət
hissi, terror törətmək
niyyəti olanlar da az deyil. Lakin mütləq
əksəriyyəti Avropaya
yönəldən, çoxlarını
dəniz heyvanlarına
yem edən başqa vacib amil var: İMAN. Allaha - ədalət hakiminə olan inam. Onlar anlayırlar ki, qarşısında aciz qaldıqları caniləri
Allah nə vaxtsa mütləq cəzalandıracaq.
Haqq-hesab
dünyasında hər
əməl ədalət
tərəzisinə qoyulacaq
və cinayət törədənlər - baş
kəsənlər, şəhərləri,
kəndləri viran edənlər və onların himayədarları,
maliyyə və silahla təmin edənlər Ədalət
məhkəməsi qarşısında
cavab verəcək, layiqli cəzalarını
alacaqlar. Əsas səbəb
budur - Allahın təqdirinə, mükafatına
və əlbəttə
ki, ən əsası, cəzasına
olan mütləq inam.
Təəssüflər olsun ki, Avropa siyasətçiləri bu psixoloji amili nəzərə almadan qaçqınların inam və iman hissinə - geydikləri hicaba, saxladıqları saqqala, qıldıqları namaza, tutduqları oruca qarşı mübarizə aparmağa cəhd göstərir, millətçi-şovinist əhval-ruhiyyəli vətəndaşlarını dəstəkləyir, qaçqınlara qarşı yönəlmiş cəmiyyətlərin, birliklərin yaranmasına rəvac verirlər. Onlar dərk etmirlər ki, müsəlman qaçqınların Allaha inamını məhv etməklə Avropanın süqutunu sürətləndirirlər. Hər şeyini itirmiş imansız insanlar vəhşiləşə və ədalət məhkəməsini, axirət gününü gözləmədən özləri öz qisaslarını ən sərt şəkildə ala bilərlər. Bu isə Avropada vətəndaş müharibəsi, terror aktları və açıq şəkildə silahlı qarşıdurmalar ilə nəticələnə bilər. Odur ki, nə olursa olsun, insanın, imanlı bir kəsin ümidini qırmaq çox təhlükəlidir. Bu dəhşətli faciələrə gətirib çıxara bilər. Bu, illüziya deyil, reallıqdır. Avropa qitəsi Yaxın Şərq kimi müharibə alovuna düçar ola bilər. Avropalılar bunumu istəyirlər?! Əmin olun ki, bu, bəşəri fəlakətə çevrilə bilər. Bu faciənin qarşısını almaq üçün insanların imanı toxunulmaz olaraq qalmalıdır. Bu, ilahi ədalətin yerdəki təzahürüdür, bünövrəsidir, xeyir-şər tərəzisidir. Eyni sözləri ilahi ədalətin Yerdəki prototipi olan ədalət məhkəməsi barəsində də söyləmək olar. Nahaq yerə hakimlərə xalq hakimi, məhkəməyə isə ədalət məhkəməsi demirlər. Məhkəmə xeyirlə şərin mübarizəsində son nöqtəni qoyan yeganə, insanların hələ inamlarını tam itirmədikləri bir strukturdur. Polis, prokurorluq və digər hüquq-mühafizə orqanları yalnız əməliyyat işləri aparır, faktları, sübutları toplayaraq cinayət işini tamamlamaq məqsədilə son qərarı çıxarmaq üçün məhkəməyə göndərirlər. Hökm, son söz hakimindir. Məhkəmə ədalət məfhumunun ünvanı kimi yüz illərlə qalmaqdadır. Lakin son 20 ildə dünyada ədalət çox hücumlara məruz qalıb, siyasətin, maddiyyatın qurbanına çevrilib. Bu proses getdikcə daha da genişlənir, dərinləşir və bəzi hallarda siyasət alətinə çevrilir. Biz bunu əsasən kapitalizmin, demokratiyanın inkişaf etdiyi ABŞ-da, Avropa ölkələrində daha çox görür və məyus oluruq. Uzun illərdir bütün dünyaya demokratiya, ədalət, insan haqqları dərsi verənlər indi beynəlxalq hüquq və konvensiyaları, müqavilələri nəzərə almadan hər şeyi kapital qazandıran siyasətə qurban verirlər. Heç bir fakt, sübut göstərmədən insanları həbs edir, mühakimə edir və həbsxanalara salırlar. Minlərlə insan taleyi kapital-siyasət simbiozunun qurbanına çevrilir. Dünya ictimaiyyətini yalana inanmağa məcbur edərək, psixoloji təzyiqə məruz qoyurlar. Bu, artıq bəşəriyyətin ən böyük bəlalarından birinə, bəlkə də birincisinə çevrilib. İslamofobiya, şpionomaniya, rusofobiya, özündən razılıq, müştəbehlik, dünyanı idarə etmək niyyəti, hamını özündən asılı salmaq istəyi ədalətin bünövrəsini sarsıdan başlıca amillərdəndir.
"Ədalət pozulan yerdə bərəkət olmaz" deyib böyüklərimiz. Bu, tarixin süzgəcindən keçərək öz təsdiqini tapmış kəlamdır. İngiltərədə solsberi zəhərlənməsi maskaradı, idmançıların dopinq əhvalatları, hamının tanıdığı "WikiLeaks" saytının yaradıcısı Culiyan Assanjın guya 15 il öncə kimisə zorlamağa cəhdi, siyasi motivlərlə həbsə salınanlar - Avropa ölkələrində məhkum olunan keçmiş siyasətçilər, Ukrayna, Gürcüstan, Ermənistan, Moldova olayları və s. söylənilənlərə əyani nümunədir. Hələ Yaxın Şərq, Afrika, Latın Amerikası ölkələrində yaşananları demirəm.
Bəşər övladı gördüklərindən
və yaşadıqlarından dərs
çıxarmalıdır. Bu faciələrlə
üzləşməmək üçün
əlimizdən gələni əsirgəməməliyik. Mən
istərdim ki, qeyd etdiyim iyrənc məqamlar bizim
məhkəmə sistemimiz üçün
yad ünsür olaraq qalsın. Buna nə
dərəcədə nail olduğumuza
isə gələn dəfə aydınlıq gətirəcəyəm.
Hələ ki,
özgələrinin səhvlərini deməklə kifayətlənək.
Rafiq ƏLİYEV
525-ci qəzet.-2018.- 27 iyul.- S.5.