Tərəfdaşlıq
prioritetləri və ərazi bütövlüyü: Avropa
İttifaqı ilə NATO-nun əhəmiyyətli mesajları
Siyasətdə konkret nəticələr əsas
götürülür. Vədlər verilə bilər, ancaq vətəndaşlar
onların yerinə yetirilmədiyini gördükdə, liderdən
üz döndərə bilirlər.
Nikol Paşinyan hazırda bu vəziyyətdədir. Azərbaycanın
dövlət başçısı İlham Əliyev isə əksinə,
bütün dünyada verdiyi vədləri yerinə yetirən
və etibarlı tərəfdaş kimi fəaliyyət
göstərən lider olaraq qəbul edilir. Prezidentin Brüsselə iyul ayının 10-12-si
arası etdiyi səfərin nəticələri bunu bir daha təsdiq
edir. İlham Əliyev Avropa İttifaqı (Aİ)
üçün çox mühüm bir sənədin
paraflanmasına nail olub. "Tərəfdaşlıq
prioritetləri" adlanan həmin sənəddə Aİ ilə
Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığın
başlıca prinsipləri öz əksini tapıb. Bu sənədin strateji əhəmiyyəti hələ
çox təhlil edilməlidir. Eyni zamanda,
Brüsseldə NATO-nun növbəti sammitində qəbul edilən
bəyannamədə Azərbaycanın siyasi sərhədlərinin
toxunulmazlığı vurğulanıb. Bu
da ciddi əhəmiyyəti olan hadisədir. Bu kimi məqamların işığında Prezident
İlham Əliyevin Brüssel səfərinin bir sıra məqamları
üzərində geniş dayanmağa böyük ehtiyac
görürük.
İki vacib aspekt: Brüssel sənədləri
Azərbaycan Prezidenti İlham Əliyevin xarici səfərləri
həmişə müsbət nəticələrlə yadda
qalır. İyul ayında dövlət
başçısının Brüssel səfəri isə
iki aspektdən daha çox önəm kəsb edirdi. Onun birinci aspekti Avropa İttifaqı ilə
qarşılıqlı əlaqələrin yeni müstəvidə
necə davam etdiyinin müəyyənləşdirilməsi ilə
bağlıdır ki, bu da iki cəhətdən aktual idi.
Hər şeydən öncə, Azərbaycan-Aİ
münasibətlərinə digər böyük geosiyasi
güc mərkəzlərinin verəcəyi reaksiya maraq
doğururdu. Çünki məlumdur ki,
Rusiya Gürcüstan və Ermənistana onların Avropa ilə
əməkdaşlığının məzmunu ilə
bağlı xəbərdarlıq edib. İkinci
cəhət isə Azərbaycanla Avropa İttifaqı əməkdaşlığının
yeni məzmununun özəllikləri ilə əlaqəli idi.
Birinci aspektin hər iki cəhətinin digər geosiyasi
güc mərkəzləri tərəfindən normal
qarşılandığı artıq məlumdur. Belə ki,
Moskva Bakının bu istiqamətdə atdığı
addımlara qətiyyən etiraz etmir, əksinə, onları qəbul
edir. Çünki bu əməkdaşlığın
strategiyası heç kəsin maraqlarına qarşı
yönəlməyib. Brüsseldə
paraflanan "Tərəfdaşlıq prioritetləri"
adlı sənədin birinci bəndindən bu, aydın
görünür.
Sənəddə yazılıb ki, birgə tərəfdaşlıq
prioritetləri əməkdaşlığın daha da gücləndirilməsi
məqsədilə Azərbaycan və Avropa İttifaqı tərəfindən
qarşılıqlı maraq və birgə dəyərlərə
əsaslanaraq razılaşdırılıb. Yəni burada
ortaq dəyərləri gözləmək şərti ilə
hər iki tərəf üçün
qarşılıqlı faydalı tərəfdaşlıqda
hansı istiqamətlərin prioritet kimi qəbul edildiyi
vurğulanıb. Bunda da əsas məqsəd hansısa
inteqrasiyaya nail olmaqdan ibarət deyil - başlıcası əməkdaşlığı
gücləndirməkdir. Eyni məqsəd
Rusiya-Aİ münasibətlərində də qarşıya
qoyula bilər. Və burada kimlərəsə
qarşı nəyinsə ola bilməsi
mümkün deyildir.
Birgə dəyərlərin ayrıca vurğulanması
da təsadüfi deyil. Bu o deməkdir ki, tərəflərdən
hər hansı biri digərinə iradəsini qəbul etdirə
bilməz. Söhbət yalnız
qarşılıqlı surətdə qəbul edilən
addımlardan gedə bilər. Deməli, bu
vəziyyətdə tərəflərin müstəqil siyasət
kursuna sadiq qalmaları bəri başdan
razılaşdırılır. Təcrübə
göstərir ki, Azərbaycan bütün tərəfdaşları
ilə beynəlxalq hüquq çərçivəsində,
balanslaşdırılmış məzmunda əlaqələr
qurur.
Bunlar onu deməyə əsas verir ki, Azərbaycanın
Avropa ilə əməkdaşlığını gücləndirmək
niyyəti safdır, sülhə, barışa və tərəflərin
maraqlarının eyni dərəcədə təmin edilməsinə
dayanır və başqasına qarşı yönələ
bilməz. Vurğulanan məqam birinci bənddə yer
almış digər bir müddəanın da çox aktual
olduğunu təsdiqləməkdədir. Biz,
birinci bənddə hər iki tərəfin ölkələrin
ərazi bütövlüyü, müstəqilliyi və
suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq
sərhədlərinin toxunulmazlığının da dəstəklənməsinə
sadiqliyinin ifadə olunduğunu nəzərdə tuturuq.
İndiyə qədər Avropa İttifaqı
"dövlətlərin beynəlxalq miqyasda
tanınmış sərhədlərinin
toxunulmazlığının dəstəklənməsinə
sadiqliyi" ifadəsini Azərbaycanla imzaladığı sənədlərə
salmırdı. Bu, siyasi baxımdan bir
çatışmazlıq idi. Çünki,
ümumiyyətlə, Aİ ölkələrin ərazi
bütövlüyünü dəstəklədiyini daim
vurğulayırdı və Azərbaycanla bağlı bundan o
tərəfə konkretlik etmirdi. İndi isə
birmənalı vurğulanır ki, Azərbaycanın beynəlxalq
ictimaiyyət tərəfindən tanınmış siyasi sərhədləri
toxunulmazdır. Deməli, bu prinsipin
pozulması həm də Aİ üçün siyasi
problemdir. Və Brüssel onun düzəldilməsinə
çalışmalıdır.
Onu vurğulayaq ki, Ermənistan siyasi dairələri bu məqamdan
bərk narahat olublar. Nikol Paşinyan Brüsseldə pul dilənəndə,
Azərbaycan rəhbəri yuxarıda vurğulanan mühüm
sənədin paraflanması mərasimində iştirak edirdi.
İlham Əliyev konkret siyasi uğura imza
atırdısa, N.Paşinyan "yardım edin" deyə,
hay-küy salmaqla məşğul idi. O, Brüssel hava limanında
da şikayət etdi ki, Avropa "erməni inqilabı"na lazımi qiymət vermir.
Əslində,
Brüssel çox gözəl bilir ki, Ermənistanda inqilab
deyilən proses nə demokratiya, nə də sivil inkişaf
naminə edilib - məsələ ölkədəki
klanlararası savaşın yeni mərhələsi ilə
bağlıdır. Digər tərəfdən,
kənardan böyük geosiyasi güclərdən biri öz təsirini
göstərmişdi. Bu
bağlılıqda hamı bilir ki, Ermənistan nə qədər
atılıb-düşsə də, Rusiyanın hərbi və
iqtisadi çətirinin altından çıxa bilməz.
Bunlardan sənəddə vurğulanan məqamların
birinci aspekti çərçivəsindəki ikinci cəhəti
də olduqca əhəmiyyətlidir. Burada Azərbaycanın
öz iqtisadiyyatının şaxələndirilməsinə
yönəlmiş siyasətinə dəstək ifadə olunub
və eyni zamanda, ölkəmizdə iqtisadi islahatlar prosesinə
yardım edilməsi istiqamətində Avropa
İttifaqının mümkün töhfəsi
vurğulanıb. Aydındır ki, bu məqam
da Brüsselin prinsipial mövqeyini əks etdirir. Belə
ki, Azərbaycana dost olmayan dairələr ölkədə həyata
keçirilən islahatların real məzmununa kölgə
salmağa və onu antisivil məzmunda təqdim etməyə
çalışırlar. Brüssel isə bu sənədlə
bəyan edir ki, o, nəinki Azərbaycan iqtisadiyyatının
şaxələndirilməsi proqramlarını müsbət
qiymətləndirir, hətta bununla bağlı öz töhfəsini
verməyə də hazırdır.
Ermənistanla münasibətlərdə bu kontekstdə
hansısa konkret sənəd varmı? Brüssel daim Ermənistanın
normal bir proqram təklif etməsini istəyir. Əvəzində isə maliyyə
yardımının vacibliyindən başqa bir fikir eşitmir.
Çünki Ermənistan müstəqil deyil,
o, Kremlin icazəsi olmadan hansısa proqram tərtib edib, Avropaya
təqdim edə bilməz.
Geosiyasi aspekt: Azərbaycanın real
statusu
"Tərəfdaşlıq prioritetləri" sənədində
tərəflər arasındakı əməkdaşlığın
geosiyasi aspekti də prioritetlərdən biri kimi
vurğulanıb. Orada qeyd edilib ki, Azərbaycan əlverişli
geosiyasi mövqeyə malikdir. Bu, faktiki
olaraq Azərbaycanı Cənubi Qafqazın geosiyasi
qovşağı statusunda qəbul etmək deməkdir. Təbii ki, hazırkı mərhələdə məsələnin
bu tərəfi çox önəmlidir və birbaşa
strateji maraqlara aiddir.
Çünki Cənubi Qafqazda böyük dövlətlərin
geosiyasi maraqları daha kəskin şəkildə
toqquşmağa başlayıb. ABŞ, Avropa
İttifaqı, Rusiya, İran, Türkiyə və Çin
regionla bağlı aktiv fəaliyyət göstərirlər.
Bu məqam özü ilə konkret ziddiyyətləri
də regiona gətirir və onun hər bir yerli dövlətə
təsiri qaçılmazdır. Məsələn,
Ermənistan bu mübarizənin altında faktiki olaraq əzilir.
O, geosiyasi güc mərkəzləri arasında dəqiq
mövqe seçə bilmir. Ermənistanın
Rusiyaya bağlı olması onu real manevr imkanlarından məhrum
edir. Bu səbəbdən hələ də
Ermənistanın geosiyasi statusu qeyri-müəyyən olaraq
qalır. Qərb ondan mövqeyini dəqiqləşdirməyi
tələb edir, Rusiya isə "getsən, cəzalandırılacaqsan"
deyir.
Bunun
konkret təsdiqi Aİ-nin Ermənistandakı təmsilçisinin
İrəvana faktiki olaraq bu cür irad tutmasıdır:
"sizin Aİ siyasətiniz dəyişmir, ancaq bizdən Ermənistan
siyasətinin dəyişməsini istəyirsiniz". Bu o deməkdir ki, Brüssel ümumi halda İrəvanla
əlaqələrin inkişafına meylli olduğunu ifadə
etməsinə baxmayaraq, hələlik konkret mövqenin
olmadığını da qeyd edir. Ermənistanın
yeni baş naziri də Avropanın mövqeyindən
narazıdır. O, Brüsseldən qayıdarkən,
sözdə deyil, əməldə Avropadan dəstək
gözlədiyini açıq deyib. Deməli, hər
iki tərəf üçün geosiyasi aspektdə qeyri-müəyyən
məqamlar mövcuddur.
Gürcüstanla bağlı situasiya bir qədər fərqlidir. Tbilisi
açıq surətdə qərbyönlü siyasət
yeridir. Ancaq bu, Rusiya tərəfindən
normal qarşılanmır və həmişə
dolaşıqlıq yaranır. Son olaraq
Vladimir Putin Gürcüstanın NATO-ya qəbul edilməsi
imkanı ilə bağlı verilən vədlərə
münasibətini sərt ifadə edib. O deyib ki, Kreml buna
qarşı nə lazımdırsa, edəcək. Yəni faktiki olaraq Aİ-nin Gürcüstan istiqamətində
də bir geosiyasi qeyri-müəyyənlik mövcuddur. Rusiya Avropanın Gürcüstanda islahat
proqramlarını reallaşdırmasına imkan vermir. Onu da deyək ki, Tbilisi Aİ ilə assosiativ
üzvlüklə bağlı saziş imzalayıb.
Belə görünür ki, həm assosiativ
üzvlük sazişinin mövcudluğu, həm də NATO-nun
aktiv dəstəyinə baxmayaraq, Gürcüstanın qlobal
geosiyasi proseslərdə statusu məsələsi
açıq olaraq qalır. Bu məqam ABŞ
Prezidenti D.Trampın V.Putinlə görüşməkdə
maraqlı olması fonunda daha düşündürücü
görünür. Ekspertlərin fikrinə
görə, Amerika Rusiya ilə əlaqələrini öz
maraqlarını nəzərə almaqla inkişaf etdirməyə
çalışacaq. Bu halda Ermənistan və
Gürcüstan kimi dövlətlərin geosiyasi maraqları
arxa plana keçir və onlarla bağlı güzəştlər
ola bilər.
Məhz bunların fonunda Aİ-nin "Tərəfdaşlıq
prioritetləri" sənədində Azərbaycanı
regionun ciddi geosiyasi gücü hesab etməsi çox əhəmiyyətlidir. Brüssel sənəddə
bu mövqeyinin konkret detallarını da ifadə edib. Belə ki, orada göstərilib ki, ölkəmiz
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və
enerji layihələrinin həyata keçirilməsinə ciddi
töhfə verir. Bu kontekstdə ayrıca
göstərilir ki, "Cənub Qaz Dəhlizi" layihəsinin
tezliklə tam yekunlaşması prioritetlərdən biridir.
Və bununla yanaşı, layihənin işləməsi,
yəni Avropa bazarlarına təbii qazın
çatdırılması Brüssel üçün əsas
prioritetlər sırasındadır.
Demək mümkündür ki, məhz yuxarıda
vurğulanan konkret layihələrə görə, Avropa
İttifaqı Azərbaycanı Cənubi Qafqazın nəqliyyat
və geosiyasi qovşağı kimi qəbul edir və onun
qlobal dünya siyasətindəki roluna bu bağlılıqda
qiymət verir.
Çox əhəmiyyətlidir ki, artıq Qərb
dövlətləri də Azərbaycanın regionda aparıcı
rolunu əməldə etiraf edirlər və münasibətlərini
bu reallığı nəzərə alaraq qurmağa
çalışırlar. Bu şərtlər
daxilində Aİ-nin hansısa xüsusi maraqlara görə
etibarlı tərəfdaşı ilə ziddiyyətə girməsi
ehtimalı çox aşağıdır. Erməni siyasilərinin bəslədikləri ümidlərin
puç olmaqda olduğu şübhəsizdir. Buradan başqa bir maraqlı nəticə də
alınır.
Yuxarıda vurğulanan məqamlar təsdiq edir ki, sənəddə
Azərbaycan və Avropa İttifaqının birbaşa enerji və
nəqliyyat uzlaşmaları yaratmaq kimi birgə strateji məqsədləri
mövcuddur və bu, nəzərə alınır. Bu kontekstdə
tərəfdaşlıq prioritetləri sənədində Azərbaycanın
strateji enerji tərəfdaşı kimi rolu qəbul edilir.
Ölkəmizin coğrafi mövqeyinə görə təbii
nəqliyyat qovşağı olaraq bağlantıları, ticarət
və logistikanı inkişaf etdirmək imkanları
tanınır.
Etiraf edək ki, geosiyasi baxımdan kifayət qədər
ciddi bəndlərdir. Bu, Bakının
enerji təhlükəsizliyi və nəqliyyat dəhlizlərinin
işləməsi aspektlərində Avropa üçün əhəmiyyətinin
nümayişidir.
Hazırkı mərhələ üçün
çox mühüm əhəmiyyət daşıyan
başqa bir məqam da sənəddə xüsusi qeyd edilib. Belə ki,
Brüssel Avropa İttifaqının həm neft, həm də
qeyri-neft sektoru daxil olmaqla ölkəmizə qoyulan birbaşa
xarici sərmayələrin yarısına pay sahibi kimi əsas
investisiya tərəfdaşı olduğunu ifadə edir.
Ümumilikdə, bu, Azərbaycanda
iqtisadiyyatın şaxələndirilməsi siyasəti və
geniş iqtisadi islahatlar proqramının qəbul edilməsi
deməkdir.
Bir müqayisənin fonunda həmin bəndin strateji əhəmiyyəti
daha aydın dərk edilə bilər. Ermənistanın yeni
baş naziri Brüsselə səfərində əsas diqqəti
ölkəyə sərmayə qoyuluşlarına yönəldəcəyini
bəyan etmişdi. Onun görüşlərdə
bu məqamı daim qabartmağa
çalışdığı haqqında informasiyalar
yayılıb. Nəticədə, real
olaraq Aİ 10 milyon avro yardım edə biləcəyini
bildirdi. Bu rəqəm erməni liderin
heç xoşuna gəlməyib. O, tutarlı sərmayə
qoyuluşu istəyib. Cavabında isə deyiblər ki,
çox danışma, konkret proqramlar təqdim et.
Buradan belə nəticə çıxır ki, Ermənistan
indiyə qədər Brüsselə bir dənə də olsun
real proqram təqdim etməyib. Niyə? Çünki təqdim edə bilmir və işi daim
yardım dilənməkdən ibarət olub. Ermənilərə elə gəlir ki, Qərb də,
Rusiya da onları daim yedirtməlidir, əvəzsiz pul verməlidir.
Artıq belə hoqqalara uymaq halı nə Qərbdə
var, nə də Rusiyada. Ona görə də
N.Paşinyan hara gedirsə, əliboş qayıtmalı olur.
Bütün bunların fonunda tərəfdaşlıq
prioritetləri sənədində humanitar sferada əməkdaşlıq
məsələsinin də yer alması çox önəmlidir. Çünki
XXI əsr mədəniyyət, dialoq, qarşılıqlı
yardımlaşma və barış əsridir. Sənəddə ayrıca qeyd olunur ki, Azərbaycan
mədəniyyətlərarası dialoqun inkişafına ciddi
töhfələr verir və bu, razılıqla
qarşılanır. Bu sahədə Avropa
İttifaqı Azərbaycanla əməkdaşlığa
xüsusi maraq göstərir. Həmin
kontekstdə paraflanan sənəddə Azərbaycan ilə
Avropa İttifaqı arasında vizaların ləğvi sahəsində
dialoqun perspektivlərinin yer alması vacib faktor kimi qəbul
edilir.
Bunlarla yanaşı, tərəfdaşlıq prioritetləri
sırasında yaxşı idarəçilik, mobillik və
insanlararası əlaqələr, humanitar, təhsil və
qarşılıqlı maraq doğuran digər əsas sahələrdə
də əməkdaşlıq yer alıb. Bu sahələr
müasir tarixi mərhələdə cəmiyyətlərarası
və fərdlərarası münasibətlərdə
böyük yer tutur. İnsanların
kommunikativ mobilliyi onların hüquqlarının təmin
edilməsi və azadlıqları ilə birbaşa əlaqələndirilir.
Nəhayət, sənəddə vurğulanır ki, tərəfdaşlıq
prioritetləri 2018-2020-ci illəri əhatə edir və tərəfdaşlıq
bərabərhüquqlu, qarşılıqlı xarakter
daşıyır. Rəsmi İrəvanın son zamanlar
tez-tez ortaya çıxarmağa
çalışdığı məqamlar aspektində məsələnin
bu tərəfi əhəmiyyətlidir. Belə
ki, Ermənistanın yeni rəhbərliyi dünyaya
özünü insan haqlarını qoruyan, demokratiyanı
müdafiə edən, humanizmin beşiyi kimi təqdim etməyə
cəhd göstərir. Bunun fonunda Azərbaycanı
antidemokratik, antihumanist, dünya sivilizasiyasını
inkişafdan salan və idarəetmədə geridə qalan bir
ölkə olaraq xarakterizə etməyə
çalışır. Bununla da
Dağlıq Qarabağ məsələsini ermənilərin
xeyrinə həll etməyin lazım gəldiyini irəli
sürür. Yəni Ermənistanı
müdafiə etmək, dünya demokratiyasını müdafiə
etmək kimi təqdim olunur.
Təbii ki, buna ekspertlər ironiya ilə
yanaşırlar. Onlar ermənilərin xarici dəstəklə
çox vəhşi üsullarla, günahsız dinc sakinləri
qətlə yetirmək, uşaqları, qadınları və
qocaları əsir götürməklə Azərbaycan
torpaqlarını işğal etdiyini bilirlər. Bu əməllərin sahibləri indi demokratiyadan,
insan haqlarından, qadın hüquqlarının
qorunmasından necə danışa bilərlər? Onlar bir zamanlar törətdikləri vəhşilikləri
qəhrəmanlıq nümunəsi kimi videokadrlarla dünyaya
nümayiş etdirirdilər. Serj Sarkisyan dəfələrlə
demişdi ki, "ermənilər dünyaya nümayiş
etdirdilər ki, dinc sakinləri qətlə yetirə bilərlər".
Ölkənin ilk prezidenti Levon Ter-Petrosyan isə
Xocalıdakı erməni vəhşiliyi ilə bağlı
verilən suala "müharibə müharibədir" deyə
cavab vermişdi.
Bunları erməni terrorçu və
separatçıları unuda bilərlər, lakin nə azərbaycanlılar,
nə də mütərəqqi dünya ictimaiyyəti unutmaz. Erməni siyasətçiləri
başda olmaqla bu vəhşilikləri törədənlərin
hamısı ədalət məhkəməsi
qarşısında cavab verəcəklər. Onda müttəhim erməni terrorçuları
öz "demokratikliklərini" müdafiə edərlər.
Siyasi sərhədlərin
toxunulmazlığı: Bakının növbəti uğuru
Avropa İttifaqı ilə imzalanan sənədin
yuxarıda vurğulanan məqamları fonunda daha bir sənədin
əhəmiyyəti aydın görünür. Bu, Azərbaycan
Prezidentinin Brüssel səfərinin ikinci mühüm aspekti
ilə bağlıdır. Konkret olaraq Brüsseldə NATO-nun
növbəti sammitinin yekun bəyannaməsində qeyd edilib
ki, NATO Azərbaycanın ərazi bütövlüyünü
Dağlıq Qarabağ münaqişəsinin həlli
kontekstində dəstəkləyir. Bu tezis olduqca vacibdir.
İlk dəfədir ki, Şimali Atlantika Alyansı məhz
Dağlıq Qarabağ münaqişəsinin həlli
bağlılığında Azərbaycanın ərazi
bütövlüyünə dəstək verdiyini rəsmən
bəyan edir. Bu, Aİ ilə imzalanan sənəd
işığında olduqca əhəmiyyətli məqam təsiri
bağışlayır. Yəni, faktiki olaraq Qərb
bütövlükdə Azərbaycanla iqtisadi, siyasi, mədəni,
energetik, nəqliyyat sferaları ilə yanaşı, təhlükəsizlik
və suverenlik məsələlərində də əməkdaşlığa
hazırdır. Əvvəlki mərhələlərdə Azərbaycanın
ərazi bütövlüyü Gürcüstan, Moldova və
Ukraynanın ərazi bütövlüyü kontekstində
ümumi qeyd olunurdu. İndi isə konkret münaqişə ilə
bağlı mövqe bildirilir.
Ermənilər NATO-nun bu addımından bərk narahat olublar. Onların ekspertləri bunu təhlükəli gedişat kimi xarakterizə edirlər. Yazırlar ki, erməni diplomatiyası bu məsələdə xeyli uduzub və səbəbi bilinmir. Azərbaycan NATO-dan ciddi dəstək almaqdadır, lakin Ermənistan konkret heç bir şey edə bilmir. Ermənilər üçün ən narahatedici məqam isə ondan ibarətdir ki, nə Qərb, nə də Rusiya rəsmi Bakının bu addımlarının qarşısını almır. Əksinə, onlar əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduqlarını deyirlər.
Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri bütün mənalarda çox uğurlu olub. Azərbaycan Avropa İttifaqı və NATO ilə mühüm sənədlər imzalayıb. Bu proses onu göstərir ki, rəsmi Bakının xarici siyasət kursunu Qərb tam qəbul edir. Eyni dərəcədə Avropa Azərbaycan rəhbərliyinin apardığı islahatları, daxili siyasətin bütün aspektlərini də dəstəkləyir.
Newtimes.az
525-ci qəzet.-2018.- 27 iyul.- S.4.