Azərbaycan təcavüzkar
dövlətin ifşası istiqamətində mühüm
işlər görür
ELÇİN ƏHMƏDOV:
"RƏSMİ BAKININ PRİNSİPİAL MÖVQEYİ
ERMƏNİSTANI VƏ DAĞLIQ QARABAĞDAKI QONDARMA
REJİMİN "RƏHBƏRLƏRİ"Nİ TƏŞVİŞƏ
SALIR"
"Ermənistan dövlətinin təcavüzkar siyasəti
artıq 30 ildir ki, dünya ictimaiyyətinin gözü
qarşısında həyata keçirilir. XX əsrin 80-ci illərinin
sonunda ermənilər özlərinin xaricdəki himayədarlarının
köməyi ilə "böyük Ermənistan"
ideyasını həyata keçirmək üçün
yaranmış vəziyyətdən istifadə edərək,
yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə
dair əsassız ərazi iddiaları irəli sürüblər.
Hazırda Ermənistanın yeni rəhbərliyinin
münaqişənin nizama salınmasında nümayiş
etdirdiyi qeyri-konstruktiv mövqe uzun illərdir davam edən
işğalçılıq siyasətini qoruyub saxlamaq məqsədi
daşıyır".
Bu fikirləri
"525"ə açıqlamasında Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının professoru, "Azərbaycan Respublikası
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı
icması" İctimai Birliyinin Əlaqələndirmə
Şurasının sədri Elçin Əhmədov bildirib.
E.Əhmədov
qeyd edib ki, münaqişənin nizama salınmasında Azərbaycanın
tutduğu mövqe birmənalıdır: "Problem yalnız
Azərbaycanın ərazi bütövlüyü və
ölkəmizin beynəlxalq səviyyədə
tanınmış sərhədləri çərçivəsində
həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi,
Helsinki Yekun Aktı və münaqişənin nizamlanması
istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq
sənədlərə əsaslanır. Münaqişənin
dinc vasitələrlə nizama salınması istiqamətində
bütün beynəlxalq təşkilatların qəbul etdiyi
sənədlər Azərbaycanın mövqeyinin bir daha
gücləndirilməsi və məsələnin beynəlxalq
hüququn prinsipləri əsasında həllinin təsdiqlənməsi
deməkdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün
genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik
Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində
Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və
sərhədlərinin toxunulmazlığının zəruriliyi
bildirilir. BMT Təhlükəsizlik
Şurasının sənədlərində
işğalçı qüvvələrin zəbt etdikləri
Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz
çıxması tələb olunur. Bu baxımdan BMT Təhlükəsizlik
Şurasının qəbul etdiyi 4 qətnamə ilə
yanaşı, ATƏT, Avropa Şurası və İslam Əməkdaşlıq
Təşkilatının qərarları da əhəmiyyətlidir
və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq
səviyyədə müdafiəsi üçün hüquqi əsasdır.
Son zamanlar isə Avropa İttifaqı və
NATO-nun Zirvə toplantılarında qəbul olunan qərarlarda
birmənalı şəkildə Azərbaycanın ərazi
bütövlüyü dəstəklənir və
işğala son qoyulmasının zəruriliyi bildirilir.
Bu baxımdan Beynəlxalq Böhran Qrupunun rəsmi saytında yerləşdirilmiş
2018-ci il üçün ikinci hesabatda da
Ermənistanın yeni rəhbərliyinin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ probleminin nizama salınmasına
qeyri-konstruktiv mövqeyi tənqid edilir. Bildirilir ki, daxili
problemlərin həllində aciz qalan Ermənistan hökumətinin
Dağlıq Qarabağ münaqişəsinin nizama
salınmasına biganə münasibəti gərginliyin
artmasına səbəb ola bilər. Bu baxımdan münaqişənin həlli istiqamətində
hər hansı irəliləyişin olmaması Azərbaycanı
öz ərazilərini hərbi yolla qaytarmağa məcbur edə
bilər".
Ermənistanın
yeni rəhbərliyinin aparılan danışıqlarda
Dağlıq Qarabağın üçüncü tərəf
kimi iştirakının təmin olunmasını istədiyini
deyən professor bildirib ki, bu tələb də əsassızdır
və beynəlxalq hüququn prinsiplərinə uyğun deyil:
"Çünki Dağlıq Qarabağ ermənilərinin
müstəqil tərəf kimi danışıqlarda
iştirakı məsələsi nəinki ATƏT-in Minsk
qrupunun mandatına ziddir, eyni zamanda, 2008-ci ilin sonunda Moskvada
imzalanmış məlum bəyannamədə də
açıq şəkildə bildirilir ki, münaqişənin
nizamlanması istiqamətində aparılan
danışıqlar prosesində yalnız Azərbaycan və
Ermənistan tərəfləri iştirak edə bilərlər.
Dağlıq Qarabağın Azərbaycanın tərkib
hissəsi olduğunu dəfələrlə bəyan edən
Azərbaycan prezidenti İlham Əliyev keçirilən
görüşlər zamanı danışıqların məhz
Ermənistanla Azərbaycan arasında
aparıldığını bildirib. Bununla
yanaşı, ATƏT-in Minsk qrupunun 1992-ci ildəki
mandatına əsasən qərara alınmışdı ki,
Azərbaycan və Ermənistan münaqişə tərəfləri,
Dağlıq Qarabağın azərbaycanlı və erməni
icmaları isə maraqlı tərəflər kimi
danışıqlarda iştirak etməlidirlər. Yəni bu beynəlxalq formatdır. Bununla
yanaşı, əgər Dağlıq Qarabağ erməniləri
münaqişə tərəfi olsaydı, onda Ermənistan
1992-ci ildən ATƏT-in Minsk qrupu çərçivəsində,
eləcə də 1999-cu ildən başlayaraq iki dövlətin
prezidentləri səviyyəsində indiyədək
keçirilən 50-dən çox görüşdə
iştirak edib müvafiq sənədləri imzalamazdı (oxu:
2008-ci ilin sonunda Moskvada "Mayndorf" qəsrində Rusiya
Prezidentinin iştirakı ilə keçirilən üçtərəfli
görüşdə imzalanmış məlum bəyannamə
nəzərdə tutulur). Bununla yanaşı, əgər
Dağlıq Qarabağın erməni icması münaqişənin
nizama salınması üçün aparılan
danışıqlarda iştirak etmək istəyirsə, onda
onlar Dağlıq Qarabağın azərbaycanlı icması
ilə görüşə bilərlər. Buna görə də Ermənistan, ilk növbədə,
Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi
olduğunu qəbul etməli, işğalçılıq
siyasətinə son qoymalı, sonra isə münaqişənin
nizamlanmasının variantları barədə öz
mövqeyini bildirməlidir. Bu baxımdan, hətta
Beynəlxalq Böhran Qrupunun hesabatında Azərbaycanın
uzun müddətdir davam edən qeyri-müəyyənlikdən
haqlı olaraq narazı olduğu və bunun da onun status-kvonu dəyişdirmək
niyyətini gücləndirə biləcəyi qeyd edilir.
Eyni zamanda, münaqişənin yenidən alovlanmasının
2016-cı ilin Aprel döyüşlərindən də
ağır nəticələrə gətirib
çıxaracağı vurğulanan hesabatda deyilir ki, güzəştə
getməkdən imtina edən Ermənistan hökuməti sərhəd
bölgəsindəki dinc əhalinin, o cümlədən, Azərbaycanın
işğal olunmuş ərazilərində raketlərin və
artilleriyanın yaxınlığında yaşayan erməninin
taleyini düşünməlidir. Ermənistanın
təcavüzkar siyasətinin ifşa olunması istiqamətində
Azərbaycan dövləti çox mühüm işlər
görür. Xüsusilə, Azərbaycan prezidentinin qəti
və prinsipial mövqeyi, hər zaman Ermənistanın təcavüzkar
siyasətinin ifşası istiqamətində
çıxışları təcavüzkar Ermənistanı
və onun Azərbaycanın Dağlıq Qarabağ bölgəsində
yaratdığı, heç bir dövlət tərəfindən
tanınmayan qondarma rejimin "rəhbərləri"ni təşvişə
salır".
E.Əhmədov
qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev iyulun 8-də
Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan
iclasında Ermənistanın təcavüzkar siyasətini
növbəti dəfə ifşa edərək, 20 il ərzində
kriminal, korrupsioner, qaniçən, oğru, yalançı
hakimiyyətin tam iflasa uğradığını bildirib:
"Ermənistan uğursuz dövlətdir. Ermənistan
dövlətçiliyi iflasa uğrayıb. Onların qəhrəmanları, onların
generalları oğrulardır, onların ordusu oğru ordusudur.
Bunu indi Ermənistan xalqı görür və
Ermənistan hakimiyyəti deyir. Haqq-ədalət
öz yerini tapdı və 20 il Ermənistana rəhbərlik
etmiş oğru, kriminal rejim tam biabır olaraq siyasi səhnədən
qovuldu". Ermənistanın cinayətkar rejiminin
çökməsində Azərbaycanın da rolunun
olduğunu bildirən dövlət başçısı
İlham Əliyev bizim apardığımız siyasət nəticəsində
Ermənistanın onlara gəlir gətirə biləcək
bütün layihələrdən məhrum edildiyini və nə
qədər ki, torpaqlarımız işğal
altındadır, bizim təcavüzkara qarşı təcrid
siyasətimizi aparacağımızı bir daha diqqətə
çatdırıb: "Biz onlara qarşı təcrid siyasətimizi
uğurla aparmışıq və heç kimdən çəkinmədən
mən bu barədə dəfələrlə Azərbaycan
ictimaiyyətinə və xarici tərəfdaşlarıma
demişəm. Bu siyasət nəticəsində
Ermənistan iqtisadi iflasa uğradı. Ermənistanın
iqtisadi perspektivləri demək olar ki, yoxdur. Bu ölkəyə investisiya qoymaq istəyən
çətin ki, tapılsın". Təcavüzkar
dövlətdə demoqrafik vəziyyətin acınacaqlı
olduğunu və hər il Ermənistandan minimum 50-60 min
insanın xarici ölkələrə köç etdiyini
bildirən prezident İlham Əliyev qeyd edib ki, iki il bundan əvvəl
Aprel döyüşləri də Ermənistanın o
çürük və laxlamış sütunlarını
daha da sarsıdıb: "Aprel döyüşləri cinayətkar
rejiminə elə böyük zərbə olub ki, onlar iki il ərzində
bu zərbədən özünə gələ bilmədilər
və əlbəttə, uzun illər yaratdıqları mif, -
guya onların ordusu güclü ordudur, - darmadağın
edilib. Biz bu mifi məhv etdik. Uzun illər ərzində təmas xəttində
qurduqları "möhkəm istehkam"ı bir neçə
gün ərzində darmadağın etdik və bu da Ermənistan
cəmiyyətində böyük məyusluq yaratdı. Ona görə Ermənistanın başına gələn
bu hadisələr labüd idi, məntiqli idi". Ermənistanın
işğalçı siyasətinin nəticəsində bu
ağır vəziyyətə düşdüklərini bildirən
prezident münaqişənin həllinin yalnız bir yolu
olduğunu bəyan edərək deyib ki,
işğalçı qüvvələr işğal
edilmiş torpaqlardan çıxarılmalıdır, ölkəmizin
ərazi bütövlüyü bərpa edilməlidir, BMT Təhlükəsizlik
Şurasının dörd qətnaməsi icra
olunmalıdır: "Bu qətnamələr qüvvədədir
və bu qətnamələrdə açıq-aydın
göstərilib ki, - əgər kimsə bunu unudubsa,
xatırlada bilərəm, - erməni silahlı qüvvələri
işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz
çıxarılmalıdır. Bu qətnamələr
qüvvədədir və qüvvədə olacaq. Ona görə bu münaqişənin həlli bu qətnamələrin
icrasından asılıdır və əlbəttə ki, Azərbaycan
öz prinsipial siyasətini aparacaq". Azərbaycanın
beynəlxalq əlaqələrinin günü-gündən
möhkəmləndiyini, ərazi bütövlüyünə
dəstəyin artdığını diqqətə
çatdıran prezident İlham Əliyev vurğulayıb ki,
bir çox ölkələrlə imzaladığımız
sazişlərdə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin ölkəmizin ərazi
bütövlüyü çərçivəsində həll
olunması tezisi öz əksini tapır. Eyni
zamanda, əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlarla
da təmaslar əsnasında daim bu mövzu
qaldırılır və siyasətimiz böyük dəstək
alır. Bununla yanaşı, dövlət
başçısı onu da diqqətə
çatdırıb ki, ötən ay keçirilmiş hərbi
paradda Azərbaycan Ordusunun nəyə qadir olduğunu
bütün dünyaya nümayiş etdirib, eləcə də
ordumuz maddi-texniki, silah-sursat, texnika ilə təchizat
baxımından aparıcı ordular sırasındadır və
hərbi parad bunu göstərib. Eyni zamanda, ordumuzun
döyüş qabiliyyətinin çox yüksək səviyyədə
olduğunu və bunun yaxın tarixdə sübut edildiyini
bildirən prezident İlham Əliyev vurğulayıb ki,
2016-cı ilin Aprel döyüşləri və
qazandığımız böyük qələbə, 2018-ci
ilin mayında Naxçıvan əməliyyatı və minlərlə
hektar torpağımızın işğalçılardan
azad edilməsi Azərbaycan Ordusunun döyüş qabiliyyətini
göstərir: "Qarşı tərəf bunu bilir və
onların bu gün beynəlxalq təşkilatlara müraciəti,
əslində, öz məğlubiyyətlərinin etirafıdır.
Əgər səndə güclü ordu varsa niyə
beynəlxalq təşkilatlardan yardım istəyirsən?
Niyə Azərbaycandan beynəlxalq təşkilatlara
şikayətlər edirsən?"
Professorun
sözlərinə görə, Ermənistan xarici dövlətlərin
birbaşa iştirakı və dəstəyi ilə
torpaqlarımızı zəbt etdiyini diqqətə
çatdıran Azərbaycan prezidenti Dağlıq
Qarabağın bizim əzəli tarixi torpağımız
olduğunu bir daha bəyan edərək qeyd edib ki, biz ərazi
bütövlüyümüzü bərpa etməliyik:
"Torpaqlarımızdan çıx, onda rahat yaşaya bilərsən".
E.Əhmədov hesab edir ki, Ermənistanın rəhbərliyi, eləcə də qondarma rejimin rəhbərləri unutmamalıdırlar ki, prezident İlham Əliyev hər zaman vurğulayır ki, biz nəyin bahasına olursa olsun, ərazi bütövlüyümüzü bərpa edəcəyik və Azərbaycan bayrağı tarixi torpağımız olan Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaq: "Bu, Azərbaycan dövlətinin, prezidentinin və xalqının qəti, prinsipial mövqeyidir. Bunu Ermənistanda və Dağlıq Qarabağdakı qondarma rejimin cinayətkar nümayəndələri heç zaman unutmasınlar. Bu, tezliklə baş verəcək. Onların verdikləri bəyanatlar isə daxili auditoriyaya hesablanıb və insanları təsir altında saxlamağa çalışmaqdan başqa bir şey deyil. Azərbaycan prezidentinin hər zaman verdiyi bəyanatlar isə həm tarixə, həm hüquqa və həm də ədalətə əsaslanır".
Professor əlavə edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması prosesində Azərbaycan dövləti və onun başçısı İlham Əliyev, ilk növbədə, sülh variantına üstünlük verir: "Lakin prezident İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti və torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və bunun beynəlxalq hüquq normaları ilə təsdiq etdiyini vurğulayıb. Münaqişə həll olunmadan, yəni Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, dövlət başçısı İlham Əliyev ölkəmizin öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını bildirib. Eyni zamanda, bu mübarizədə ədalətin Azərbaycanın tərəfində olduğunu söyləyən prezident İlham Əliyev dünyaya bəyan edib ki, Azərbaycan bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən dönəcək".
Ceyhun ABASOV
525-ci qəzet.-2018.- 27 iyul.- S.1-3.