SON FÜRSƏT
Payızın sonuncu durnalarıtək
Çığıra-çığıra keçdi son fürsət...
Və qəfil soyuqlar düşdü,
Və dəyişdi,
Çox şey dəyişdi...
O görünməyən uzaqlar da..,
O görünməyən uzaqlardakı əzablar da..,
Yaxın oldu qəfildən
o görünməyən buzlaqlar da...
Ovcunun içindəkilər,
Ovçunun bərəsindəkilər
qeyb oldu qəfil...
Heyf oldu
son fürsət-
getdi
bada...
...və badə gəldi,
badə
getdi...
Və badə-badə bada getdi
son fürsətdən sonrakılar.
...Çağıra-çağıra gəlməsə də,
çığıra-çığıra
keçdi son fürsət..,
çığırda-çığırda
keçdi son fürsət...
lll
Nəyimə lazımdır bu
çöllər mənim
-
Solğun
ay, donmuş qar nəyimə gərək
Qırovlu yulğundan tonqal
qalayıb
Tullanım üstündən mən yüyürərək.
Taleyin, həyatın sualları çox -
Yığılıb önümdə hey qalaq-qalaq.
Onsuz da bir cavab
tapa bilmədim,
Qoy atım onları bir-bir tonqala...
Söylə mən nələri silim ömürdən?!
Mümkünmü? Söylə,
kim bacarıb bunu?!.
Hələ bu günəcən
anlamamışdım
Həyatın bu qədər boş olduğunu...
Ah, sonsuz, kimsəsiz bu qarlı çöllər...
Solğun
ay, donmuş yel, bumbuz ulduzlar...
...Qoy atım tonqala
o sualları..,
Cavablar onsuz da uduzulublar...
Bu sonsuz çöl kimi dünya mənasız..,
Solğun
ay, donmuş qar nəyimə gərək...
Bu soyuq ömürdən, solğun həyatdan
Nələr istəyirdi - bilmədi
ürək.
ƏBƏDİYYƏT VƏ
ŞAİR
Zamanın qapqara divarı
boyu
Heçlikdən heçliyə axır
bu bəşər..,
Bitib qurtarmır ki, bu qara divar...
Yəqin
hamı bilir, hər zəmanənin
Suyunun üstündə öz əjdahası,
Yolunun üstündə qara divi var-
əbədi bir şər...
Bu qara divarın qara dibiylə
aparır şairi
bir qara axın-
sanki qarışqalar
saman aparır..,
bitib qurtarmır da bu qara
divar...
Səni
anlayanlar durub baxırsa,
Kiminçün vuruşub ölürsən,
şair?..
Söylə, bu dünyada sənin kimin var?!.
Söylə, bu dünyaya sən niyə gəldin-
Heç bilirsənmi?!.
O qara axında sən birisənmi?..
...Aparır şairi bu qara axın,
aparır
dəlicəsinə;
düz
əjdahanın ağzına,
düz
divin pəncəsinə...
Döz şair,
Döz taleyin şərəfli
işgəncəsinə.
Əjdaha
uda bilmir-
boğazında
qalırsan..,
səni yerdən üzməyə
yetmir
divin gücü...
Və elə bu an
qana
boyanır
zamanın
ülgücü...
Qan şəlaləsinin altından
keçməkdədir
qara axın-
addımları
dünyanı titrədir..,
axır,
axır,
axır
qara axın-
dillərdə
şairin portreti.
...Heçlikdən heçliyə
axır bu bəşər...
SUAL
bezib vərdişindən-öz
əməlindən,
qopub məhvərindən-lap
təməlindən,
dartınıb-dartınıb çıxıb
əlimdən
bir görüm bu dünya hayana
gedir?
götürüb əlimə
bəxt çırağını,
oxuyub taleyin hər varağını,
boylanıb başından
Baba dağının
bir görüm bu dünya hayana
gedir?
PİŞİK
Yerişində,
baxışında,
ov
fürsətində,
Lap elə sir-sifətində
Pələng ədaları var,
pişik.
Sən
pələng nəslisən
deyirlər...
Amma bu dünyanın öz qaydaları var, pişik.
Sən pərən-pərən nəslisən
pələngin:
oğrusan,
qorxaqsan,
qapılar
dalında miyoldayırsan-
yaltaqsan...
Kimə oxşamısan belə?
Mən bilə-bilə qəsdən
soruşuram
(bu ağrı
mənim də içimdə var)...
Hər gün alnımı ovuşdururam,
qaşlarımı
çatıram-
qovuşdururam..,
Bu sualın altında
eşşək yük altında yatan kimi
yatıram...
...Oğru,
qorxaq,
yaltaq..,
Amma ədası adam
yıxan...
Eh, adamı yandırıb-yaxan
tarix!
AYĞIR
Oturubdur
bir qarı
Çiyələkli təpədə
dincin alır bir hovur.
Dəli
olub bir ayğır
Hey kişnəyə-kişnəyə
Kəhər madyanı qovur
Ayıraraq ilxıdan,
Qovur yaylaq boyunca...
Qarı
da ki, doyunca
Baxır
kəpənəklərə,
Cürbəcür çiçəklərə..,
Baxır alaçıqlara...
Anlaşılmaz mehrlə,
Anlaşılmaz həvəslə,
Naməlum bir həsrətlə-
Toz basmış bir həsədlə
Seyr edir təpə üstdən
Yavaşıyan madyanı...
...İlıq səslər təpilir
Gümüşü uzaqlara..,
Elə
o uzaqlarda
Sanki isinir qanı. ..
Və Cokonda gülüşüylə
Seyr edir dörd bir yanı-
Dünəndən də dünəni,
Yeri, göyü, dünyanı...
...Çiyələkli təpədə
Oturubdur
bir qarı..,
Allanır yavaş-yavaş
Sop-soyuq yanaqları...
Tofiq NURƏLİ
525-ci qəzet.-2018.- 28 iyul.- S.23.