Dərd

 

 

Cavan idim. Hekayələr yazırdım. Povestlərim vardı. Evin xərclərindən kəsib bir-iki kitab çap etdirmişdim. Oxuyanlar yazılarıma pis demirdi. Hətta tərifləyənlər olurdu... isə, məqsədim özümü reklam etmək deyil. Məsələ başqadır...

Günlərin birində Yazıçılar Birliyinin üzvü kimi məni mötəbər yığıncağa dəvət etmişlər. Yığıncaqda qələm əhli olanların son 5 illik fəaliyyətləri barədə məruzə dinləniləcəkdi. Mən son sıraların birində əyləşmişdim. Yanımda da xətrini çox istədiyim orta yaşlı şair dostum oturmuşdu. Məruzə oxunanda hamı nəfəsini çəkib diqqətlə qulaq asmağa başladı. Mən bütün fikrimi xitabət kürsüsünə yönəltmişdim. Eynəkli məruzəçi yazdıqlarını xüsusi bir pafosla səsləndirir, ara-sıra fürsət tapıb gözaltı zala da nəzər yetirirdi. Məruzəçi Qorxmaz Qüdrətov adlı şairin ünvanına yağlı cümlələr söylədi. Onun çap etdirdiyi nəfis tərtibatlı kitablarından ağız dolusu söz açdı. Onların geniş təqdimat mərasimlərinin keçirildiyi vurğulandı.

Bu arada yanımdakı qələm dostuma astadan pıçıldadım:

- Qorxmaz Qüdrətov kimdi ki?

- Tanımırsan? - Yusifzadənin qardaşıdır. Və tez susdu.

- Aydındır - deyə mən də sakitcə dilləndim.

Məruzə davam edirdi. Yenə sərhəddi aşan tərifli sözlər qulaqlarımı deşdi:

- Gənc nasir Tural Qaraçöpün ötən il çapdan çıxmış “Fırtına” romanı ədəbiyyatımızda böyük hadisədir. Düzdür, bəzi xırda-para nöqsanları da yox deyil. Lakin müəllifin ilk qələm təcrübəsi olduğunu qətiyyən nəzərdən qaçırmamalıyıq. Heç şübhəsiz, Tural Qaraçöp ədəbiyyatımızı bundan sonra da qiymətli romanları ilə bəzəyəcəkdir.

Bu dəfə çəkinə-çəkinə yaşlı dostumdan xəbər aldum:

- Bəs bu kimdir?

Dostum ehtiyatla başını mənə tərəf əyib:

- Səlimovun kürəkənidir - dedidaha dinmədi. Mən də səsimi çıxarmadım. İki dəfə başımı aşağı-yuxarı hərəkətə gətirdim. Yəni “başa düşdüm” demək istəyirdim.

Məruzəni təəccüb və heyrətlə dinləyirdilər. Təbii ki, mən özüm də. Məruzənin növbəti yerində yoldaşımı (yəni həmin xətir-hörmətli dostumu) yenidən narahat etdim. Daha doğrusu, astaca dümsüklədim. Lap yavaşca məruzənin xeyli səhifəsini “zəbt etmiş” Təranə Tərlan barədə ondan qısa bilgi almaq istədim. O, fikrimi əlüstü anladı. Sualımı gözləmədən cavabını astaca qaytardı:

- Bunun da arxasında duranı Çapay Süleymanovdur. Sözünə nöqtə qoyan kimi mənə sarı əyilmiş dolu bədənini tez dikəltdi və geri çəkdi.

 

Məruzədə qulaq dolusu tərifi gedən daha bir yazar da diqqətimi silkələdi. Vaxt itirmədən onun da kimliyini öyrənmək həvəsinə düşdüm. Qələm dostum astadan və təbəssümlə dedi: - Bunun adamı elə özüdür. Böyük biznesmendir. Var-dövləti qədər kitablarının da sayı-hesabı yoxdur.

Sonra sual verməyə o qədər də həvəs duymadım. Artıq hər şeyi yavaş-yavaş anlamağa başlayırdım... Amma Zəfər Turanın adı çəkiləndə və onun haqqında bəzi-bəzi aşağılayıcı fikirlər söyləniləndə, yazdıqlarının zəif olduğu diqqətə çatdırılanda təəccübümü gizlətmədim. Sual dolu nəzərlərimi yenidən dostuma tərəf yönəltdim. O mənə sarı çevrilib baxışı ilə qarşılıq verən anda soruşdum:

- Niyə bəs belə?! Ardını gətirə bilmədim.

Dostum cavabında bildirdi:

- O, heç kimin adamı deyil...

Bir söz demədim. Neçə ay bundan əvvəl onun kitabını bir nəfəsə oxuduğum gün yadıma düşdü. Bir qədər təəssüf hissi keçirdim. Əhvalım dəyişən kimi oldu. Özümü güclə saxladım. Məruzəyə sonadək qulaq asdım. Zəfər Turanın ardınca sevilə-sevilə oxunan Nazim Kamal, Qalib Eloğlu, daha bilim kimlər barədə oxşar fikirləri az eşitmədim. Heyrətimdən dondum. Daha stul qonşumu narahat etmədim. Çünki alacağım cavablar mənə təxminən məlum idi.

Məruzəçi xitabət kürsüsünün üstündəki stəkan dolu suyu başına çəkdi uzun məruzəsinin son akkordlarını qalibanə şəkildə tamamladı.

Hiss etdim ki, zalın ümumi mənzərəsi könül açası deyil. Çoxları söz alıb danışmaq istəyirdi. Rəyasətdə oturanların isə deyəsən onlara məhəl qoymaq fikirləri yox idi.

Məruzəçi özündən razı halda keçib yerində əyləşmişdi. Bu vaxt üzümü dostuma tutub məruzəçiyə işarə ilə:

- Bəs bu kimdi, kimin adamıdı?

İntizardan qurtarmaq istəyirdim. Sualımın cavabında dedi:

- Vallah, deyim, kimin adamı olduğunu bilmirəm. Eşitdiyimə görə, zirəng adamdır, “bərk gedənlərdəndir”. Özü elmlər doktorudur, professordur. İndi akademik olmağa can atır...

Doğrusunu deyim ki, həmin yığıncaqdan sonra qəribə-qəribə hisslər məngənəsinə yuvarlandım. Dərd məni götürdü. Ağlıma gəldi ki, belə olsa enişli-yoxuşlu həyat yollarını mən biçarə necə adlayacağam. Dərin fikrə daldım - Çox çətin olacaq! - dedim.

Qəfildən subaylığım yadıma düşdü. Özümdən asılı olmayaraq gülümsədim. Şükr etdim ki, nə yaxşı tez evlənməmişəm. İndiki zəmanədə kor-təbii evlənmək olmaz. Götür-qoy edib həyatın axarına uyğun ailə qurmalıyam. Böyük kişilərin kürəkəni olanlardan nəyim əskikdir ki. Qəti qərara gəldim... Və evlənmək üçün aylarla ora-bura vurnuxdum. Heç nə alınmadı. Sən demə, o qədər gözüaçıqlar vardı ki... Tanınan ailələrin heç birindən “Hə” cavabı qopara bilmədim.

Biznes qurmaq eşqinə düşdüm. Oda baş tutmadı. Hər addımda qarşıma dağ boyda problemlər diyirləndi... İndi mən nə edəcəyəm? Sanki sağalmaz bir xəstəliyə yoluxmuşam. Dava-dərmanı tapılmır ki, tapılmır.

Sözün qısası, günlər, aylar ötsə də, hələ ruhdan düşməmişəm. Axtarışlarım davam edir. Amma elə bilməyin ki, yaradıcılıq axtarışlarımı deyirəm, xeyr...

 

Fərəc FƏRƏCOV

525-ci qəzet.-2018.- 28 iyul.- S.23.