Siyasi fırtınalara
barbarlığın təsiri - (XIX əsr Argentinasının
timsalında)
(Əvvəli
ötən şənbə sayımızda)
Bəd qauço heç də qaçaq, quldur deyildir. Dinc sakinlərə
hücum etmək də onun məqsədi deyildir, necə ki,
oğurluq, at oğrusunun məqsədi olmayıb, onun adicə
peşəsidir. Bəli, o,
oğurlayır, axı bu, onun sənətidir, onun elmidir,
çünki o, yalnız atları oğurlamaqla məşğul
olur. Qumarbaz kimi isə bəd qauço
vicdan barədə ümumiyyətlə, olduqca bəsit bir
anlayışa malikdir.
Pampada sivilizasiya ilə barbarlıq arasında mübarizə
gedirdi. Bard kimi tanınan müğənni - qauço
mahnı ifaçısıdır, orta əsrlərin
trubadurlarının varisidir. Müğənni
bir kənddən digərinə keçməklə sərgərdanlıq
edir, pampa qəhrəmanlarını vəsf edir. Müğənninin daimi yaşayış yeri yoxdur,
harada gecələyirdisə, ora onun evi olurdu, taleyi onun
şeirlərində və onun səsindədir. Müğənni qəhrəmanlıq
mahnılarına öz igidlikləri barədə həqiqətdən
uzaq olan hekayəti də daxil edir. O, ədalət məhkəməsi
ilə bəzi hallarda barışmır. Adətən,
onun hesabına bıçaqlaşmada vurduğu bir neçə
yara daxil olur, bir və ya iki bədbəxtlik - onun icra etdiyi
ölüm olur, at oğurlamaq və ya qız qaçırmaq
kimi işlər isə ona heç də yad deyildir.
Biz izçi, bələdçi, bəd qauço və
müğənni barədə müəyyən məlumatlara
sahib olduq. Onlar pampanın, köhnə Argentinanın
simvolları sayıla bilərlər. Bir
ingilisin yazdığı kimi, qauçonun həyatı məhrumiyyətlərlə
doludur. Onun yeganə dəbdəbəsi isə
azadlığı, sərbəstliyidir. Öz
nəhayətsiz müstəqillikləri, həyatları kimi
özləri də sərt olsalar da, ancaq nəcib xüsusiyyətlərə
də malikdirlər, xeyirxahdırlar.
Pulperiyada
(dükan, tavernası olan kənd yeri), maldarların torpaq
mülkiyyəti müəyyən olunmamışdır,
mal-qara nə qədər çoxdursa, daha az
işçi qüvvəsi tələb olunur. Pulperiyanın
çoban əhalisində kişilər heç nə ilə
məşğul olmayanlara çevrilirlər, onlar əmək
və məqsədə çatmaq sevincindən məhrumdurlar,
hər cür borc hissindən də azaddırlar. Bir qayda
olaraq ev mühiti onları əzir, demək
olar ki, izqoya çevirir. Onlarda hansısa bir süni
birliyin zəruriliyinə ehtiyac duyulur, bu, onların
ayrılıqda yaşamalarını əvəz edir. At üstündə yaşamaq adəti onlarda
uşaqlıqdan əldə edilir - evi tərk etməyin bir səbəbi
də məhz budur.
Uşaqların vəzifəsi gün çıxan kimi
atları otlağa ötürməkdir və bütün
oğlan uşaqları, lap balacalar da daxil olmaqla, atları yəhərləyirlər. At - pampada yaşayan
argentinalının əvəzi olmayan yol yoldaşıdır.
Onlar piyada qalmağı bədbəxtlik hesab
edirlər. Bu sahədə onlar daha
çox monqolları yada salırlar. Viktor Hüqonun
“Öz atı ilə vahid bütövlüyə çevrilməkə
o (qauço), piyada olduqda vuruşa bilmir” sözləri Avropaya
tanış olmayan bu fenomen haqqında
çox dəqiq ifadə idi. Ancaq orta əsrlər
Avropasında rıtsarlar yalnız at üstündə
vuruşa bilirdilər, piyada olduqda isə 40 kq ağırlığında
olan zirehli paltarları onlara hətta normal hərəkət
etməyə də imkan vermirdi.
Qauço yarıadam, yarıatdır, qədim yunan
mifologiyasında olan kentavrları xatırladırlar. Qauço
üçün özünün fiziki qüvvəsi - at
çapmaqda fərasəti, xüsusən igidliyi hər
şeydən üstündür.
Qauço həmişə yanında bıçaq gəzdirir,
bu, ispanlardan götürülmüş adətdir. Bıçaq
- silahdır, həm də həyatın hər bir hadisəsi
üçün alətdir, qauço bıçaqsız
yaşaya bilməz. Onun üçün
bıçaq fil üçün xortum deməkdir. Axı xortum filə əl, barmaq xidməti göstərir,
onu yedizdirir, içizdirir. Bıçaq
onun qolu, əli, barmaqları, bir sözlə, onun
üçün hər şeydir. Digər ölkələrdə
qatil adam əlinə
bıçağı götürür ki, kimisə
öldürsün. Argentina qauçosu isə
bıçağı qınından çıxarır ki,
vuruşsun və ancaq yaralasın. Məqsəd
ondan ibarətdir ki, rəqibə yara vursun, üzünü kəssin,
onda silinməyən iz qoysun. Axı yeniyetmə
Makedoniyalı Aleksandrın müəllimi də ona öyrədirdi
ki, “rəqibini dişlə, hökmən çapıq
qalacaqdır”. Ona görə də
üzündə rəqibindən “yadigar qalan” və o qədər
də dərin olmayan çapıqlar qalmış
qauçoları tez-tez görmək olardı. Qan bulaq kimi axanda tamaşaçılar
dalaşanları ayırmağa
çalışırdılar. Əgər
bədbəxtlik baş versə, rəğbət bunun təqsirkarı
tərəfində olur, o, yaxşı atın üstündə
xilas olur və üzünü uzaq diyarlara tutur, orada isə
ona, qəribə görünsə də, hörmətlə və
dərdinə şərik olmaqla yanaşırlar. Öldürmək - bədbəxtlikdir, yalnız “o
hallar istisnadır ki, nə vaxtsa qətllər bir neçə
dəfə baş verir, bu vaxt qatillə ünsiyyət dəhşəti
təlqin edir”.
İri torpaq sahibi Xuan Manuel Rosas siyasi fiqur
olmamışdan əvvəl öz malikanəsini qatillər
üçün sığınacağa çevirmişdi, bu
yolla onları himayə edirdi.
Hadisələr hansısa bir döyüşə səbəb
olduqda və bu, qauçoya məşhurluq qazandırdıqda
o, cinayətkara və ya kaudilyoya (Latın Amerikası ölkələrində
şəxsi diktaturasını həyata keçirənlər,
siyasi lider) çevrilir. Belə növ adətlər həm də
cinayətləri yatırmağın qəddar
metodlarını yaradır, axı vicdansız adamları cəzalandırmaq
üçün daha vicdansız olan hakimlər
lazımdır. O, mühakiməni özü bildiyi kimi
aparır, yalnız öz cılız vicdanını və
quduz ehtiraslarını rəhbər tutur və onun hökmlərindən
heç şikayət etmək də olmaz.
Argentina kaudilyosu ağlına gəldikdə hakim dini dəyişib,
yenisini tətbiq edə bilər. Bu sahədə də
onlar XVIII əsr Avropasındakı Müqəddəs Roma
imperiyasındakı ölkələrin hökmdarlarına bənzəyirdilər,
hökmdarın sitayiş etdiyi din ərazi sakinlərinin dininə
çevrilirdi. O, öz əlində bütün hakimiyyəti
saxlayır, özbaşınalığı isə
qurbanlarına əlavə dərd gətirir. Lakin
bu, heç də sui-istifadə deyildir, çünki o,
qanunsuzluq hüququna malikdir, həm də o, zəruri qaydada
qanunsuzluq törətməlidir. Hökumət
isə bu vaxt daha çox təhlükə təlqin edənləri
ələ almağa çalışır. Şərti tabeliyində saxlamaq üçün
onlara vəzifə verir. Bu üsul hər bir zəif hakimiyyətə
xasdır, baş verən şərə belələri
göz yummaqla fikirləşir ki, sabah bu
şər daha böyük həcmdə baş verəcəkdir.
Xatırlatdığımız
Rosas şəhərləri özünə tabe etməyə
girişəndə, ona öz siyasi karyerasında yüksəlməkdə
kömək edən bütün hərbi xadimləri məhv
etdi və onların tutduqları nüfuzlu vəzifələri
qabiliyyətsiz adamlara verdi.
Qauçonun nüfuzu, göstərildiyi kimi, cəsurluqdan,
hədyanlıqdan, çeviklikdən, qəddarlıqdan, ədalət
məhkəməsinə və şəhərlərin
mülki hakimiyyətlərinə müqavimətdən irəli
gəlir.
1810-cu il inqilabı Argentinada hər şeyi hərəkətə
gətirdi, hər yerdə silah cingiltisi eşidilirdi. İnqilabın bəhrəsi isə daha dəhşətli
dəyişikliklərdən ibarət oldu. İnqilab yadelli ağalığını məhv
etsə də, yerli tiranlara, despotlara yol açdı. Hadisələr inkişaf etdikcə əyalət
döyüş hissələri öz kaudilyoları ilə
üstünlük əldə etdilər. Fakundo
Kiroqanın başçılığı altında pampa
şəhər üzərində, onun ruhu, idarəetməsi
və əslində, sivilizasiya üzərində qələbə
çaldı və nəhayət, qaramal malikanəsinin sahibi
Xuan Manuel de Rosasın başçılığı
altında despotik və unitar idarəetmə meydana gəldi. Rosas özünün qauço
bıçağını savadlı Buenos-Ayresin
boğazına soxdu və əsrlərin
yaratdıqlarını - mədəniyyəti, qanunları və
azadlığı məhv etdi.
1810-cu il
inqilabı və sonrakı biabırçı hadisələr
İspan krallığından
asılılığın ləğv olunması yalnız
Argentina şəhərləri üçün arzu olunan və
anlaşılan idi, pampa üçün isə o, yad və əhəmiyyətsiz
bir hadisə idi. Beləliklə, Buenos-Ayresdə inqilabi hərəkat
başlandı və bütün əyalət şəhərləri
onun çağırışına hazırlıqla və həvəslə
cavab verdilər.
Əlbəttə,
İspaniyanın özünün Napoleonun işğalına
məruz qalması və kralı taxt-tacdan qovması, ispan
müstəmləkələrində milli-azadlıq hərəkatına
böyük təkan verdi və
argentinalılar da bu fürsətdən istifadə edib,
inqilabın qələbəsinə nail olmuşdular.
Səhrada dolaşan saysız-hesabsız atlılar
kütləsi şəhərin mütəşəkkil
qüvvələri ilə döyüşə girdi. Şəhərlərin
onlarla mübarizəsi Böyük Kirin massagetlərlə
döyüşünü xatırladırdı. Axı Persiya çarı, görkəmli sərkərdə
Böyük Kirin özü də massagetlərlə
müharibədə həlak olmuşdu. Burada
da şəhər məğlub oldu. Hər
yerdə görünən və ələ keçməyən
pampa atlıları kiçik qruplarla fəaliyyət göstərir,
açıq döyüşdə zəif olduqları halda,
uzunmüddətli hərbi əməliyyatlarda güclü və
məğlubedilməz olurdular. Nəticədə
mütəşəkkil ordu kiçik vuruşlarda, gözlənilməyən
basqınlar nəticəsində taqətdən
düşdüyündən, gücünü itirdiyindən və
yorulduğundan həlak olmaq taleyini yaşamalı olurdu.
Rosas, əslində, nəsə düşünüb
tapmamışdı, onun istedadı ancaq bir şeyə
çatmışdı ki, öz sələflərinin təcrübəsini
təkrar etsin və cahil kütlənin vəhşi instinktlərini
soyuqqanlılıqla düşünülmüş və
qurulmuş sistemə çevirsin. Döyüşdə
hər cür vəhşiliyə əl atılırdı.
Montoneralar (Montonera - partizan qauçoların atlı
dəstəsi. Montonera kaudilyoya samuray sədaqəti
göstərirdi.) öz düşmənlərini
qəddarlıqla öldürürdülər, xüsusi
üsul hesab edilən jiletə geyindirirdilər. Bu, onları yenicə soyulmuş heyvanların dərisinə
salıb tikmək və çölə atmaq üsulu idi.
Onlar 1836-cı ildə nizami ordunun bir polkovnikini
də belə dəhşətli edama məruz qoymuşdular.
Güllələməyi,
bıçağın köməyi ilə edam
etməyi, baş kəsməyi qaramalı soymaq instinkti kimi
Rosas qaydaya çevirdi ki, hətta ölümün özü
də qauço ruhunda olsun, qatil isə tükürpərdən
bu səhnədən həzz alsın.
Argentina Respublikasında vətəndaş müharibəsi
uzun müddət çəkdi. Ölkədəki inqilab müharibəsi
iki cür idi: birincisi, bu, şəhərlərin Avropa mədəniyyətinə
cəlb edilmək uğrunda pampalara qarşı müharibəsi,
ikincisi isə, kaudilyoların şəhərlərə
qarşı müharibəsi idi ki, onları özlərinin
istədiklərinə, meyillərinə və sivilizasiyaya nifrətə
cəlb etsinlər. Bu, əslində, barbarlıq,
primitiv həyat tərzi ilə sivilizasiya arasındakı
ölüm-dirim mübarizəsi idi. Şəhərlər
pampalara qalib gəlirdi, pampa isə şəhəri məğlub
edirdi. Argentina inqilabının sirri
yalnız belə izah oluna bilərdi və onun ilk gülləsi
1810-cu ildə açılmışdı, istiqlaliyyət
uğrunda bəzi mübarizələr sonralar bədbəxtlikdən
montoneralara başçılıq edirdi. İspan
ağalığına son qoyanlar bu vaxt Argentinanın pampaya
tabe edilməsinə çalışır, şəhərləri
viran qoymağa girişirdilər.
Şəhərlilər bu müharibədə öz
sivilizasiyalarının keçmiş şərəfini və
şəhərin əhəmiyyətini bərpa etməli idilər. Çünki
şəhərlər təhsildə və maarifdə, ictimai
həyatı təşkil etməkdə əldə etdiklərini
itirmişdilər. Ağır nəticələr
- cəhalət və yoxsulluq quzğunlar kimi elə anı
gözləyirdi ki, əyalətlərin şəhərləri
son nəfəslərini verəcək, və onları
adamların yaşaya bilməyəcəkləri səhraya
çevirəcəklər. Pampanın işğalı
heç də ispanların işğalından az
dəhşətli olmayacaqdı. Əsrlər ərzində
meydana gələn, abadlaşan şəhərlər həyat
tərzi cəhətinə görə məhv ediləcək,
şəhər mədəniyyəti pampa ordaları tərəfindən
viran qoyulacaq, ölkənin hər yerində pampa ruhu hakim kəsiləcəkdi.
Fakundo və onun eybəcər əməlləri
Xuan
Fakundo Kiroqa lap uşaqlıqdan hədyanlığı ilə
seçilmişdi. O, gücü, fiziki qüvvəni hər
şeydən üstün tutur, özlüyündə müqəddəs
saydığı bu ilahəyə sitayiş edirdi. Bir
tarixçinin yazdığı kimi, əgər bir adam hələ öz ehtiraslarını
boğmağı və gizlətməyi bacarmırsa,
onların gur təsirinə məruz qalır və onları
tam ali gücündə nümayiş etdirir. Fakundo
isə nəinki ehtiraslarını boğmağa
çalışırdı, əksinə, onların
nümayişindən ilhamlanırdı. Pampa
onun xarakterindəki bu xüsusiyyəti daha da gücləndirmişdi.
O, bircə dəfə qorxduğunu etiraf etmişdi, bu da pələngin ona hücum çəkməsi vaxtı baş vermişdi. Dostları pələngi lasso ilə kəməndləyib, öldürmüşdülər və qaçıb ağacın başında gizlənən Fakundonu azad etmişdilər. Burada da fərasəti, ağlı ona yaxşı xidmət göstərmişdi.
Fakundonun özünü Pampanın pələngi adlandırdılar və bu ləqəb həqiqətən də, ona yaraşırdı. Onların xarakteri bir-biri ilə oxşar idi. Fakundo dolu bədənli, enli kürəkli olmaqla, gödək boynu var idi, başı qara, qıvrım saçlarla örtülmüşdü. Saqqalı da qara və qıvrım idi.
Fakundo San-Xuanda kasıb bir ailədə anadan olmuşdu, köçüb yaşadığı pampada bir qədər var-dövlət toplamışdı. Onu öz doğma şəhərinə göndərdilər ki, oxumağı və yazmağı öyrənsin. Sonralar o, şöhrətə yiyələnəndə onun haqqında çoxlu rəvayətlər dolaşırdı, ən az əhəmiyyətli hadisələr də diqqətdən kənarda qalmır və onun sonrakı igidlikləri ilə əlaqələndirilirdi. Fakundo haqqında çoxlu əhvalatlar danışılırdı ki, adamlara onun nəhəng fiqur olduğu təlqin edilsin. On bir yaşı olanda müəllimi cəza kimi onu qamçı ilə döymək istəyəndə - çünki o, dərsini bilmirdi - bu vaxt Fakundo müəlliminə elə şillə vurdu ki, o, oturduğu stuldan yıxıldı. Ara qarışdıqda Fakundo məktəbdən qaçdı və yabanı üzüm kolluğunda gizləndi. Onu oradan üç gün sonra çıxara bildilər. Bu yolla o, elə bil ki, kaudilyoluğa hazırlaşırdı, gələcəkdə bütün cəmiyyətlə də elə öz müəllimi ilə olan kimi davranacaqdı.
Fakundo böyüdükdə onun xarakteri daha qəribə, daha doğrusu, eybəcər xüsusiyyətlər qazanırdı. 15 yaşında o, qumarbaza çevrildi. Bu ehtirasından ötrü şəhərlərlə əlaqələr yaradır. Bu vaxt ilk dəfə qan axıdır, bir nəfəri güllə ilə vurur, sonralar isə bu, onun adi bir adətinə çevrilir. Bıçaqdan məharətlə istifadə etməklə yanına düşənlərin hamısını özünə tabe etdirirdi.
1806-cı ildə o, bir şəhərdə mal sürüsünü, qulları ilə birlikdə qumarda uduzdu. Onun qumarbazlıq fəaliyyəti valideynlərini cana doydurduğundan o, ailəsi ilə əlaqəsini üzür. O, ölkənin tufanına çevrildikdə bir yaxın adamı onun uduzduğunu soruşduqda o, iri bir məbləği dilinə gətirmişdi.
(Ardı
var)
Telman ORUCOV
525-ci qəzet.-2018.- 28 iyul.- S.22.