Mustafa
Məsturun romana çevrilmiş
pıçıltıları
“Cüzamlı əllər və donuz sümüyü”
çağdaş İran ədəbiyyatının ən
böyük nümayəndələrindən olan Mustafa Məstur
yaradıcılığından oxuduğum ikinci əsərdir.
Birinci oxuduğum “Tanrının ay üzündən
öp” romanı mənim bu yazıçının
dünyasına ilk səyahətim idi. Yox, deyəsən, səhv
elədim. Mən onun dünyasını
ilk dəfə 2017-ci ilin 14 oktyabrında kəşf
etmişdim. Bakıya gəlmişdi. Çoxlarından fərqli olaraq, mən o vaxtacan
onun heç bir əsərini oxumamışdım. İndi bunu özüm üçün avantaj hesab
edirəm. İki gün ərzində onun
söhbətlərini dinləmək, düşüncələrini
öyrənmək, bir kənarda sakitcə müşahidə
etmək bütün dünyanın heyran olduğu bu
yazıçı haqqında müəyyən təsəvvürlər
yaratmışdı məndə. Artıq əsərlərini
oxumadan öncə bilirdim o, nə yaza bilər, nədən
yaza bilər.
Son dərəcə nəzakətli, təvazökar,
sakit insan təsiri bağışlayan yazıçı
yadımda öz əsərlərinə, qəhrəmanlarına
olan sevgisi və hörməti ilə də qaldı. Başqa məsələlərdə
qısa, lakonik danışmağı üstün tutan Məstur
əsərlərindən söz düşəndə hər
şeyi ən xırdalığına qədər
böyük həvəs və sevgi ilə
danışırdı. Sanki valideyn öz
övladı haqqında danışır.
Onunla
tanışlıq həm də illər öncə öyrəndiyim,
amma təəssüf ki, indi unutmaqda olduğum fars
dilini xatırlatmışdı mənə. Bir də buna
görə doğma hiss etmişdim onu. Yadıma yeddi il öncə universitetdə xarici dil kimi fars
dilini seçməyim düşmüşdü. Hər kəs ingilis dilinə meyl edərkən mən
“bizim qədim ədəbiyyatımız farscadır” - deyərək
bu dili öyrənmişdim. Sonradan inkişaf etdirə
bilməsəm də, əlifbasını yaxşı bildiyimdən
bəzi mətnləri bu əlifbadan sərbəst şəkildə
oxuyur, hətta latın qrafikasına da
keçirirdim. İllər sonra
qarşılaşdığım fars
dilini diqqətlə dinləyəndə müəyyən hissəsini
tərcüməçinin köməyi olmadan anlaya bilirdim.
Bəlkə də iki günlük maraqlı və
qeyri-adi görüşün nəticəsi idi ki, hələ
“Tanrının ay üzündən öp” romanının ilk
səhifələrində müəllifin səsini eşidər
kimi olurdum. Halbuki əsər Kvant fizikasının bilicilərindən
olan doktor Parsanın intihar səbəbini axtaran İctimai
Araşdırmalar Mərkəzinin Yunis adlı elmi
işçisinin dilindəndir. İkinci “Cüzamlı əllər
və donuz sümüyü” romanını oxuduqdan sonra bu
yazıçı haqqında gəldiyim qənaət belədir:
Mustafa Məstur pıçıldayan
yazıçıdır. O, ən dəhşətli hadisələri
belə pıçıldayaraq, ən aşağı səs
tonu ilə danışır. Onun səsini
eşitmək üçün son dərəcə həssas
olmalı, diqqətlə yanaşmalısan. O, az sözdə çox mətləbləri ifadə
edə bilən romançıdır. Elə
buna görə də əsərlərinin həcmi çox
kiçikdir. O qədər kiçik ki, onlara roman demək
də çətinləşir. Hekayəylə roman
arasında bir janr, bəlkə də povest...
Məsturu, həmçinin, təsvirçiliyə daha
çox yer verən yazıçı kimi də xarakterizə
edirlər. O,
dialoqlardan daha çox hadisənin, situasiyanın, ya da
obrazın daxili aləminin, düşüncələrinin təsvirinə
önəm verir. Buna görə də onun əsərlərindəki
obrazlar daha canlı, doğma təsir
bağışlayırlar. Beləcə oxucu
onların hardasa bir yerlərdə var olduğuna,
yaşadığına inanır.
“Cüzamlı əllər və donuz sümüyü”
romanı müəllifinə böyük uğurlar gətirmiş
əsərdir.
O, az vaxtda məşhurlaşaraq yüksək tirajla 15 dəfə
ardıcıl nəşr olunub və yazara “İlin ən
yaxşı romanı” İsfahan ədəbi
mükafatını qazandırıb. Bir sıra
dünya dillərinə, 2011-ci ildə isə italyan dilinə
tərcümə olunaraq çap edilən bu roman Turin Beynəlxalq
Kitab Sərgisində oxuculara təqdim olunub və maraqla
qarşılanıb. İranlı rejissor
M.Rəhmaniyan romanın motivləri əsasında “Yeddi torpaq,
bir asiman” adlı bədii film çəkib. Əsəri farscadan dilimizə Ariz Tarverdiyev tərcümə
edib.
Roman İmam Əlinin “mən dünyaya cüzamlı
insanın əlindəki donuz sümüyü qədər
nifrət edirəm” - sözlərindən təsirlənərək
yaranıb. Cüzamlı insanın əlində donuz
sümüyü olanda nə olur? Bu, həm
də bir dini yanaşmadır. Cüzam
yoluxucu xəstəlik olduğundan hər kəs ondan
qaçır, donuz isə İslamda haramdır. Əlində donuz sümüyü olan
cüzamlını isə ən müqəddəs insan belə
yaxın buraxmaz. Xavəran binasının sakinləri
kimi...
Romanın mərkəzi Xavəran binasıdır. Hadisələrin
əksər hissəsi məhz bu binada cərəyan edir.
Daniyalın pəncərədən hayqırışı,
Nüsrətin boşanmaq üçün vəkiliylə
söhbətləri, Həmidin nişanlısı Mehnazdan
aldığı sevgi və həsrət dolu məktub,
fahişə Süsənin telefonla təyin etdiyi
görüş, Nuzərin saxta sənəd düzəltməyi,
Şəhramın dostlarıyla gecə partisi və Xavəran
binasının sonuncu - 17-ci mərtəbəsində
yaşayan doktor Məhəmməd Müfidin 10 yaşlı
oğlu İlyasın Sürəyya xəstəxanasındakı
ölüm-qalım savaşı... Bir bina ancaq bu qədər
hadisələrlə dolu ola bilərdi...
Bütün bunların fonunda Xavəran binası sanki
binalıqdan çıxır, öz libasını dəyişir,
öncə İranın, sonra isə bütün
dünyanın təmsilçisinə çevrilir. Bu binada
yaşayan adlarını çəkdiyimiz insanların
hamısı bir-birindən xəbərsizdir. Onları cismən cəmi bir divar ayırsa da, mənəvi
cəhətdən sanki aralarında dünyalar var. Hətta
onlar liftdə, pilləkanda qarşılaşsalar belə,
bir-birinin fərqində deyillər. Ağıllarında
öz işləri, düşüncələrində öz problemləri
varkən eyni liftdə başlarını qaldırıb
bir-birinin üzünə baxmaq yadlarına düşmür.
Eynən Yer kürəsi kimi...
Dünya da böyük bir Xavəran binasıdır. Burada da
milyonlarla, milyardlarla insan bir-birindən xəbərsiz
yaşayır, müxtəlif problemlərin pəncəsində
çabalayır, amma yanındakı başqa insana diqqət
etmək ağlına da gəlmir. Hər kəsin
dərdi özü üçün böyük, hər kəsin
problemi özü üçün məşəqqətdir.
Ancaq
onları birləşdirən bir şey də var:
ölüm. Bütün insanlar gec, ya tez bu
ölümü dadacaqlar. Kimliyindən
asılı olmayaraq, hər birinin sonu eynidir. Cüzamlı xəstələr kimi. Onların da xəstəliyə yoluxmaq səbəbləri
ayrı olsa da, əzabları, ağrıları və
sonları da eynidir.
Buna
görə də müəllif tez-tez ölümü yada
salır: “Birinci fərziyyə: ölüm yoxdur. Əgər ölüm olmasaydı, insanlar ən
böyük təhlükədən və varlığın ən
böyük təhdidindən qurtulardı. İnsanlar nə üçün xəstəlikdən
qorxurlar? Çünki xəstəlik
ölümlə divar qonşusudur. Nə
üçün maşın qəzasından qorxur insanlar?
Çünki qəza zamanı ölüm
ehtimalı çox böyükdür. Nə
üçün insanlar qəbristanlıqdan və
ölümdən qorxur. Çünki məzarlıq
ölülərin evləridir. ...Niyə müharibədən
vahiməyə düşürlər? Çünki
müharibə onları birbaşa adı ölüm olan yerə
doğru aparır”.
Bu
binanın sakinlərini birləşdirən başqa bir cəhət
də var: onlar xoşbəxt deyillər. Yer kürəsində
olduğu kimi...
Onların hamısı ayrı-ayrı günahların
daşıyıcılarıdır. Kimisi pula görə bədənini
satır, kimisi isə mənəviyyatını. Kimisi iki övladı olduğu halda boşanmaq, ailəsini
dağıtmaq istəyir, kimisi isə oğlunun amansız xəstəliyin
pəncəsində gündən-günə məhv
olmasını seyr edir. Onlar bir-birindən
xəbərsiz bir-birinin həyatlarını yaşayırlar.
Müəllif əsərin ayrı-ayrı yerlərində insan, qadın-kişi münasibətləri kimi problemlərə də toxunur. Baş verən bütün hadisələrin günahkarının insan olduğunu deyir: “İkinci fərziyyə: qadın yoxdur. Əgər qadın yoxdursa, deməli, eşq də yoxdur. Belə olan halda Şekspir, Hafiz, Romeo və Cülyetta, Fərhad və Şirin boş-bekar, işsiz-gücsüz qalırlar. Bir gün qadınlar burdan çıxıb getmək istəsələr, gərək ədəbiyyatı, kinonu və sənət dünyasını da özlərilə aparsınlar. Bəs kişilər necə?
... Kişilər bu dünyadan cəhənnəm olub getsələr, inan mənə, bütün müharibələr, ölüm-itimlər və dünyada nə ki zir-zibil var, hamısını özlərilə apararlar. Dünya dovşan əti kimi qalar. Yarısı halal, yarısı haram. Qadın dünyanın halal olan yarısıdır. Dünyada nə murdar iş varsa, hamısı kişilərə aiddir. Kim inanmırsa, götürüb statistika oxusun. Tarixə baxsın. Televizora baxsın”.
Əsərin diqqət çəkən obrazlarından biri Süsəndir. Onun haqqında ayrıca danışmağımıza səbəb fahişələr haqqındakı bir çox filmlərdə, əsərlərdə olan hadisənin bənzərinin onun da başına gəlməyidir. Süsən bədənini satan və bununla həyatda yaşamağı bacaran yüngül əxlaqlı qadındır. Amma özü bu vəziyyətdən razıdırmı? Görünür ki, yox. Onun əsl düşüncələri müştərisi şair Kiyanuşla münasibətində ortaya çıxır. O, ona toxunmayan, ona sevgisini bildirən, ona şeirlər yazan Kiyanuşa aşiq olur. Bəlkə də xilasını bu sevgidə tapır. Amma Kiyanuş bu sevginin arxasında dayanacaq qüvvədə kişi deyil. Bütün fahişələr kimi onun da sevgisi hüznlə sonlanır. Amma bütün bunlara baxmayaraq, daddığı bu sevgi onu düşdüyü yanlış yoldan geri qaytarır.
Müəllifin obrazın dilindən fotoqrafiya və fotoqraf haqqında dediyi sözlər isə müəyyən mənada Tanrını, onun yaratdığı dünyanı yada salır: “...hər şəkil fotoqrafın ruhunun və zehninin məhsuludu. Əgər eyni fotoaparatla eyni şeyi başqa bir fotoqraf çəksə, mütləq başqa bir nəticə alınacaq. Hərçənd zahirən fotoqrafın şəkildə görsənmədiyi məlumdur, amma fotoqraf sözün əsl mənasında fotoqraf olsa, onun şəxsiyyəti, onun ruhu mütləq şəkildə əks olunacaq”.
Ümumiyyətlə, ölüm, insan,
Tanrı Mustafa Məsturun vaz keçmədiyi
mövzulardandır. Müəllifin bu mövzular haqqında
özünəməxsus fikri, orijinal düşüncəsi
var. Bunu onunla görüşdə də hiss etmişdik. Amma
yazıçı bu düşüncələrini çox da
faş etməyin tərəfdarı deyil. Dediyimiz kimi, o, sadəcə
pıçıldayır, eşidən eşitsin deyə...
Şahanə MÜŞFİQ
525-ci qəzet.-2018.- 28iyul.- S.21.