Fədakar alim, örnək
ziyalı, unudulmaz insan
BU YAXINLARDA DÜNYASINI
DƏYİŞMİŞ DOSENT AKİF MİRİYEVİN
XATİRƏSİNƏ
Son
danışığımızda hiss elədim ki,
yubileyqabağı o, öz portretinin yaradılmasını istəyir.
Özü də ürəyindən keçir,
bu portret məhz mənim qələmimdən
çıxsın.
Onu çox cəsarətli
və təbii bir insan kimi tanısam da, o, bu barədə bir
söz demədi. “Görünür, indiki
ağır vəziyyətdə qüruru təbiiliyini üstələyib”
düşündüm. Qabaqlar olsaydı, yəni əlinin
isti, cibinin qalın, necə deyərlər, kefinin kök
çağları olsaydı, bu istəyini ərklə, biraz
da amiranə deyərdi, sonra da əvəzini ustalıqla beş qat artıqlamasıyla
çıxardı.
İşə başlamaq üçün onunla son dəfə
görüşüb söhbət etmək istədim. Ancaq tez də
fikrimdən daşındım. “Bəyəm
tanışlığımızın 41 ilində onu azmı
görmüşəm, haqqında azmı bilirəm” ağlımdan
keçdi. Qabaqca onun portretini ənənəvi, akademik
üslubda yaratmaq istədim, yəni Azərbaycan Dövlət
Universitetinin filologiya fakültəsini bitirib könüllü
kəndə getdiyini, doğulduğu elatın
uşaqlarını, həm də insanlarını
savadlandıran, maarifləndirən bir kənd müəlliminin
təmiz, işıqlı obrazını. Ancaq Akifin
sonrakı, Azərbaycan Elmlər Akademiyası Nizami adına
Dil və Ədəbiyyat İnstitutunda elmi işçi
işlədiyi dövrü, daha sonra ömrünün sonunadək
çalışdığı Azərbaycan Dövlət Tibb
Universitetində fəaliyyətini və onun iç aləmini
- sadə göründüyü qədər mürəkkəbliyini,
genişliyini, zənginliyini, müxtəlif illərdə onda
müşahidə elədiyim dəyişməz etibarı, sədaqəti,
səxavəti, geniş ürəyi və milli qürurunu
xatırlayanda...
Artıq yaddaşım silkələnmişdi. Mən hiss edirdim, Akifin
obrazını bir naturaçı kimi istər yandan-profildən,
istərsə anfasdan diqqət edəndə, antropoloji
baxımdan bir çaları monqol, bir suyu oğuz tipinə
oxşarlığı, gülərkən az qala görünməyən
qıyıq gözlərini, sifətində
yumrulaşmış almacıq yanaqlarını, sarımtıl-qızılı
sifətini, yeriyərkən sağ ayağının
uçunu qədərindən azacıq sağa, sol
ayağının uçunu sola meyilləndirib pişik kimi
(inciyərsə, bəbir kimi deyək) yumşaq və
ehtiyatla, həm də yeyin-yeyin addımlamasını təsvir
etməklə iş bitməyəcək...
Bura qədər
yazdıqlarım Akif Fərman oğlu Miriyevin 60 illiyinə həsr
edilmış “Hər şey yaxşı olacaq...”
başlığıyla on bir səhifəlik yazımın
birinci səhifəsindəndi (“Ədalət” qəzeti 26-30
sentyabr, 2003).
Pisli, yaxşılı, acılı-şirinli kaş o
günlər, o illər olaydı. Hayıf, hayıf...
...O
vaxtlardan on beş il ötmüşdü.
Bir həftəmi,
on günmü öncə zəng edib - Necəsən, ay Akif?.. - soruşmuşdum. Cavab gəlməyəndə nigaran-nigaran, həm də
qorxa-qorxa sualımı təkrar etmişdim. Uzun, üzücü sükutdan sonra. - Necə
olacam... Pisəm... - demişdi. Onun soyuq, öləzimiş səsi sanki dərin, dərin
quyunun dibindən gəlirdi. Səsində həmişə
duyub hiss etdiyim işıq, ümid, istilik, təmkin, güc
qeyb olmuşdu. “Bu səs bambaşqa dünyadan gəlir”
ağlımdan keçmişdi.
Bu da sonuncu görüşümüz. Evlərində adam çox olsa da, səssizlikdi. Yaxınlaşıb çarpayısının
yanında oturdum. Gözünü
qırpmadan harasa baxırdı. Mənim gəldiyimi hiss
edib-etmədiyini biləmmədim. Əlini əlimə
alaraq, əlinin üstünü, qolunu ehmalca
sığallayıram. Məchul nöqtədən
gözünü çəkmir ki, çəkmir. “Allahım, bu mənim tanıdığım Akif
deyil” düşünür, birdən məni
hıçqırıq tutur, dodaqlarım, çənəm əsir,
əlim-qolum, bütün bədənim titrəyir. Göz yaşımı saxlayammıram. Artıq bilirəm, “necəsən, özünü
necə hiss edirsən” soruşmağım da yersizdi. Uşaq kimi ağladığıma görə
özümə nifrət edirəm. Bu anlar
divanda səssizcə, hüzn içində oturub mənə
baxan Akifin doğmaları, otaqdan otağa pəncəsiüstə
adlayanlar da bəlkə mənə nifrət edir. Axı bu anlar acı göz yaşları tökməyim
Akifin yol üstə olduğunu, son səfərdən bir daha
geri dönməyəcəyini onun gözünün içinə
baxa-baxa açıq-aşkar təsdiqləməkdi.
Dönə-dönə yalvarışla: - Akif, nə olar,
danış da, bircə söz de, doğma səsini eşidim,
- deyir, desək də “belə deməyim də yersiz oldu”
düşünür, öz gücsüzlüyümə
acıyırdım. Yalvarışıma, bəlkə də mən
qocanın yersiz hərəkətlərinə son qoymaq
üçün Elsan yaxınlaşıb:
- Ata, bir
söz desənə...
Ağır
anlar, dəqiqələr ötür, yenə də o,
qımıldanmadan bilinməz nöqtədən
gözünü çəkmədən son gücünü
toplayaraq, güclə eşidiləcək səsiylə - Nə
deyim?.. - söylədi...
Əlli altı il bir-birimizi tanıyıb
yoldaşlıq, dostluq, simsarlıq elədiyimiz doğma Akif Fərman
oğlu Miriyevdən eşitdiyim son söz...
Son görüşümüzdən üç gün
ötür, Elsana zəng edib atasının halını
soruşmağa cəsarətim çatmır. “İnnən
belə dualarımın da xeyri olmaz...” ümidsiz
düşünürəm.
2018-ci il
iyulun 11-də, gecə saat ikidə telefon zənginə
oyandım, ekranda Elsanın adını görcək, hələ
onun səsini eşitməmiş “Hər şey bitdi...”
ağlımdan keçdi.
- Salam, Azər
əmi...
- Salam, salam, Elsan...
-
Bağışlayın, Azər əmi... gecə vaxtı...
Sizə zəng eləmək borcumuydu...
-
Vaşş, vaşş, vaşş...- edərək,
vaysınmaqdan başqa ağlıma bir söz gəlmədi...
Səhərisi tezdən Akifin uzun, hüzünlü qəm
karvanıyla Bakıdan İmişliyə yola
düşdük. Yolboyu universitetə qəbul olunandan sonra yataqxanada yer
almaq üçün oraya birgə getdiyimiz anları, onun mənə
- Gəl dost olaq...- deməsi, bir gün sonra dəniz
qırağında şeir söyləmək
yarışında onun Cəfər Cabbarlının “Ana”, mənimsə
Bəxtiyar Vahabzadənin “Dağda şəlalə kimi”
şeirlərini söyləməyimiz... Yataqxanada onun
bişirdiyi cürbəcür xörəklərin gözəl
dadı, xoş qoxusu... Zaçot, imtahanlara hazırlaşarkən
yoldaşlarına nisbətən az
mütaliə etsə də, ağıllı, məntiqli
cavablarıyla çoxumuzdan yüksək qiymətlər
aldığını... Üzbəüz yataqxanadakı
balkonlarda qızlar görünərkən onun “Sənsiz”
mahnısını şövqlə oxuması, akkordeonda onu
müşahidə eləməyim... həmişə səliqəli,
zövqlə geyinməyi, yağ
vurduğundan par-par yanan ğur, yana daranmış
şabalıdı saçı, bənzərsiz yerişi...
Ötən yüz ilin 60-cı illərində ana dilimizin
basqı altında olduğu zaman onun hər yerdə - tramvayda,
avtobusda, küçədə, mağazada, yeməkxanada, universitetin
dəhlizində, rəsmi yığıncaqlarda, sanki biraz da qəsdən
ucadan şirin, koloritli İmişli ləhcəsində
danışması...
Akif
Miriyevin 60 illik yubileyində onun bir vaxt şagirdi olmuş sabiq
Millət vəkili Səyyad Aranın söylədiyi geniş,
mənalı nitqindən “Akif müəllim, təkcə məktəbimizdə
deyil, rayon ictimaiyyətində dərin zəkasıyla,
daşdan keçən kəsərli məntiqi fikriylə,
milli ruhuyla inqilab etmişdi” - kimi sözlər qulağımda
səslənir...
Sonra Azərbaycan
EA-nın Nizami adına Dil Ədəbiyyat
İnstitutunun elmi işçisi, sonra ADTU-nin Azərbaycan dili
kafedrasında müəllim, sonrasa dosent olaraq həmin
kafedranın müdiri. Məni öz kafedrasında dərs deməyə
dəvət eləməsi, iki il birgə
mehribancasına çalışmağımız...
Sən
hamıya necə mehriban, həssas yanaşırdın, Akif,
ancaq həm də son dərəcə tələbkar...
“Yaşıl
bazar”ın yanında çinarların altında sən,
yazıçı Əli Həsənli, mən hər dəfə
oturub çay içəndə bizə qonaqlıq vermək
istəyirdin, bizsə etiraz edəndə sən əsəbiləşir:
- İşdən gəlmisüz, nəəşə (niyə)
yemək istəmirsüz? - təəccüb,
həm də bir az da incik halda soruşurdun. Akif, bilirsən sənin
“niyə” əvəzinə “nəşə” deməyindən
necə xoşum gəlirdi... Sən ömrünboyu dəyişmədiyin
öz şirin, gözəl, bənzərsiz ləhcənlə
də gözəldin...
Mənim müdafiəmlə bağlı
qonaqlığın xərcini sən verdin. Onda əlin
istiydi. İndisə, bilirdik, sənin maddi durumun o qədər
də yaxşı deyil... Hə, o
çayçıda, həm də ölümdən
danışırdıq. Yaşca ikimizdən
balacaydın, elə yaşına görə də on-on iki
yaş cavan görünürdün... Dedin, axıra tək
qalanın işi lap çətin olacaq. Mən də
qayıtdım ki, - Gərək dözəsən, Akif, ikimizdən
də balaca sənsən...- deyəndə, sən
fikirli-fikirli:
- Bilmək
olmaz,- əlavə elədin, demiyəsən,
altı ay öncə çarəsiz xəstəliyindən xəbərin
varmış. Sonra biləcəkdim, evinizdəkilərə
“xəstəliyimi heç kimə, heç kimə bildirməyin”
ciddi tapşırıbmışsan. Öz
dərdinlə, o acı xəbərlə dostların,
doğmaların halını pozmaq istəməmisən.
Bu da sənin böyüklüyünün bir əlaməti...
Mətbuatda
çap olunan yazılarımı oxuyub ilk təbrik edən səndin...
....Bu da
İmişlidə Akifin atası Fərman kişinin uyuduğu
qocaman Mirili (!) məzarlığı. Bilmirəm, oğlunun
biryolluq yanına gəldiyinə görə Fərman kişi sevinəcəkmı, yoxsa kədərlənəcək,
bilmirəm. Ona
gözaydınlığımı verim, yoxsa
başsağlığı? Bilmirəm, Vallah, bilmirəm...
Cənazə qəbrə endiriləndə bir qadının -
Mənim alim qardaşım hey!!! - çağırdığı
nalənin, harayın yanğısından adamların
yanağıboyunca süzülən göz yaşı
günün altında parlayan bulağa bənzəyirdi. Cənazəni üç nəfər, Elsan
onların ortasındaydı, dəyərli, əziz müqəddəs
bir nemət kimi ustufluca məzara endirdilər. Akif,
oğlun Elsan, torpağın sanı yaşasın,
özünü, özün kimi təmkinli, soyuqqanlı, mərdanə
apardı...
Kor-peşman sənsiz Bakıya qayıdırıq, Akif. Qəribədi,
adamların üzündə, halında-əhvalında bir
yüngüllük duyulmaqda. Boynuma
alıram, elə mənim özümün də. Adamların dili açılıb,
danışmağa başlayıblar. Atamı,
anamı, eləcə də bütün əzizlərimizi,
doğmalarımızı dəfn edib evə qayıdanda bu
yüngülləşməni hiss etmişəm. Elə bil adamların çiynindən basan, qəlbini
sıxan o ağrı-acının, qəm-kədərin
ağırlığının bir hissəsini, sən
alıb özünlə məzara aparmışdın, Akif.
Deyəsən, bu xüsusiyyət dünyadan köçənlərin
bu dünyadakı insanlara elədiyi son
yaxşılığıdı...
Son görüşümüzdə mənim yalvarışıma bütün gücünü toplayaraq güclə eşidiləcək səsinlə “Nə deyim?..” söylədin. Acı qəhər bir qara tıxac kimi boğazıma tıxandığından onda mən heç nə deyə bilmədim. İndi deyirəm, Akif, sən ömrün boyu əhatəndə olan adamlara - gözəl ailəndən tutmuş çalışdığın bütün iş yerlərindəkilərə, ünsiyyətdə olduğun bütün adamlara yadda qalacaq şəkildə təsirli dəyərli, xeyirxah sözünü, fikrini, məsləhətini, nəsihətini yorulmadan dedin. Sən ömürünboyu doğma, şirin, dadlı Ana dilimizin keşiyində əqidəsindən dönməz, sədaqətli, etibarlı, həm də qorxmaz bir əsgər kimi dayandın. Sən ailəcanlı, qohumcanlı, dostcanlı, Xalq-Millətcanlı, İnsancanlı kimi yaddaşlarda qaldın. Ruhun şad olsun, doğma, əziz Akif...
Akif Mirili üçün epitafi
Uzaqlardan, Mirilərdən gəlmişdi,
Bu dünyada yaxşılığı yaymağa.
Yüz elədi, min elədi, bəlkə çox,
Oğul gərək sonalayıb saymağa.
Azər ABDULLA
525-ci qəzet.-2018.- 28iyul.- S.20.