Qrammatik qafiyəçilikdən
uzaq poeziya
NƏZAKƏTİN
LİRİKASI HAQQINDA ETÜD
Şeir
aləmi qəribə bir fenomendir: həyatın predmetlərini
görüb duymaq və qavramaq; müşahidə etdiyin sadə
və mürəkkəb fəlsəfəni anlamaq və mənimsəmək;
daxili hisslərin mübhəm
pıçıltısını eşitmək və səs
vermək.
Belə “üçlükləri”n
içərisində daha bir “üçlük” də
mövcuddur: Şeiri kim yazır, nədən
yazır və kim üçün yazır?! Oxucuya bu məqamları
açmaq çətindir, nə qədər dərinə
varsan da, uzağı poeziyanın nəzəriyyəsinə və
qayda-qanunlarına çıxacaqsan... Amma bu
xaotik proseslərdə mənim diqqətimi bir nüans
özünə yaxınlaşdırmışdır. Nə
qədər qəribə olsa da: müəllifi kişidirmi,
qadındırmı? Amma sual da göydəndüşmə
deyil. Kişi şairin şeir subyektinə münasibətilə
qadının yanaşma və tərənnüm tərzi fərqlidir,
çünki duyum hissiyyatı kişi şairdə daha
aqresssivdir, xarakterdən gəlmədir, əgər o,
Koroğludan, Qaçaq Nəbidən yazırsa, diqqət qəhrəmanlığın,
igidliyin mahiyyətinə yönəldiləcəkdir; qadın
da Koroğludan, Qaçaq Nəbidən yazırsa, Nigardan, Həcərdən,
onların gözəlliyindən və sədaqətindən
yan keçməyəcəkdir! Şeir mənim zövqümdə
sevməkdir, bu hiss qadınların payına daha çox
düşür və əlavə edərdim: şeir şairələr
üçün dəlicəsinə sevməkdir. Sevgini,
gözəlliyi, aşiqliyi şair tamam başqa bir
yönümdən təsvir edir - xasiyyətindən gələn
cizgilərilə, şairə haçansa
yaşadığı, bəslədiyi bu “üçlüyü”
içindən ehtiyatla keçirir, oyatmaq istəmir, hər
misrası onun saçlarından işıq teli kimi
asılır. Ömrünün yalnız həzin, bəlkə
də solan-saralan çağını anır, çün
bir qadın olaraq ölümün qarşısına
qılıncla çıxa bilməz!
Saralmış
yarpağa bənzəyir ömrüm,
Sanki payız gəlib, xəzan düşübdür.
Durub əl
açmışam bahara sarı,
Sıxıb əllərimi qış
görüşübdür.
Sarı
çiçəyimə qonmaz sübh şehi,
Telimi
oxşamaz bir də yaz mehi,
Görəsən, bəs qışa çatarmı
ömrüm?
Qışdır son mənzilim, qışdır, ay
gülüm.
Bu kiçik şeiri nümunə gətirməkdə təsadüf
axtarmaq əbəsdir; amma ömrün haçansa hansı
dayanacaqda susması isə təsadüfi deyil - mütləqdir. Bu şeirdə,
düzü elə öz ömrümlə müqayisə edərdim.
Kövrək münasibətimi xatırlatmazdım
oxucularım üçün, başqa bir ovqatda
hayqırardım, pıçıldamazdım, “ay
gülüm”ə ümid bağlamazdım - axı təbiətimiz
sərtdir!
Poeziya mənimçün ilahi və sirli kədərdir,
sevincdən ona bir ovuc pay düşübdür, əks halda
şeir yazılmazdı.
Bu, hansı kədərdir, harada gizlənibdir, onun oyanma
şansı varmı? Sualları bu yazımda verəcəyimi
düşünmürdüm, bax bu, təsadüf oldu; bəlkə
də zərurət idi. Nəzakətin
“Etüd”ünü oxuyanda çox-çox
düşündüm, nikbinliyimi unutdum və bayaqkı
etirafıma qayıtdım: “mütləq”lik fəlsəfəsinə
və S.Vurğunu, M.Arazı, M.Yaqubu xatırladım. Bu korifey şairlər həyatın şirinliyini necə
yaşayıblarsa, - bu şirinliyin nə vaxtsa
acısını dadmalı olacaqsa... şeirə üz
tutdular. Məzarıstanla üzbəüz
dayandılar və Səməd Vurğun “Unudulmuş tək məzar”ı
qələmə aldı. Nəzakət bu
üç şairdən çox-çox cavandır,
şeiri də elə gənc yaşında yazmışdır,
amma dərin kədər duyğularından qaça bilməmişdir,
məkanı görmüşdür.
Pəncərəm
açılar, qəbristanlığa,
Gördüyüm mənzərə gözümə
batır.
Məəttəl
qalıram uca Tanrıya,
Alimi cahillə yanaşı yatır.
Şeir məndə
assosiativlik oyatdı; bir zaman (1979-1984) doqquzuncu mərtəbədən,
iş otağımdan məlum məkana - qəbristanlığa
hey baxmışam. Əvvəllər seyrəklikdi,
qara mərmər daşları bir-birinin qonşuluğunda idi,
ruhları qovuşurdu. Sonralar qəbristanlıqda
boş yerlər azaldı. Çün bu elə məkandır
bütün “qonaqları”nı səxavətlə
qəbul edir, torpağını əsirgəmir, kimliyilə
maraqlanan, sorğu-suala çəkən yoxdur.
Burda
soruşmurlar kimsən, nəçisən,
Möminsən, canisən, ya dilənçisən.
Cərgəyə
düzülüb sakit qəbirlər
Burda heç bilmirsən sən neçəncisən.
Kasıbı,
varlısı bilinmir burda,
Özü öz xoşuna gələni yoxdur.
Libası
eynidir hər kəsin burda,
Axsa göz yaşları, siləni yoxdur.
Ömürlük
sakindir bu son mənzilə,
Adı əməlində yaşayan kəslər.
Dünən
bir haqq işi tərsə çəkənin
Məzarı hər kəsi düzlüyə səslər.
Şeirdə
şairə ölüm anlamının adını çəkmir,
ehtiyac da yoxdur, lakin bu yoxluğa aparan həqiqətin fəlsəfəsi
var və məndə sual doğurdu: ölüm - müəmmanı
açan olmuşmu? Ən kamil və müdrik
insanlar öz ölümünü qabaqcadan duymuşsa, səbəbini
açmaqda aciz qalmışdır. Məhəmməd
İbn Kab əl Kurazi nəql edir ki, bir zamanlar Ömər bin
Əbdüləzizlə Mədineyi-Münəvvərdə
qarşılaşmışdım. O, bığ yeri
yenicə tərləmiş idi, bolluq içində
yaşayırdı. Daha sonra xəlifə oldu və
yanına getdim. İzn istəyib içəri
girdim. Onu görəndə təəccübləndim,
üzünə mat-məəttəl baxdım. O, mənə dedi ki, ey Məhəmməd,
nə üçün belə heyrətlə nəzər
yetirirsən?
Mən ona çatdırdım ki, ey Möminlərin əmiri,
rənginiz solmuş, bədəniniz taqətdən
düşmüş, saçlarınız
ağarmışdır. Sizi bu halda görəndə heyrətimi
gizlətməyi bacarmadım.
Ömər
bin Əbdüləziz mənə üzünü tutub dedi: -
Ey Məhəmməd, məni qəbrə qoyulandan üç
gün sonra görsən nə qədər təəccüblənəcəksən!
O zaman qarışqalar gözlərimi
çıxarmış, ağzımı, burnumu qanla
dolmuş olacaq, məhz onda məni heç kəs tanımaz,
daha çox heyrətlənərsən.
Bu hədis təkcə ölümün hikmətini yada
salmır, insan xislətinin ziddiyyətlərinə və
mürəkkəbliyinə işarədir. Ey insan, məzarıstanın
yanından saymazyana keçmə, orada öz yerini gör! Təəssüf ki, bu müqəddəs hissi bir qrup
adamlar yaşamaq istəmirlər, yaxud bacarmırlar. Ona görədir şairə Nəzakət poetik
ideyasında haqlıdır.
Cavanın
tər ömrü yarımçıq qalıb,
Bu qoca nə
qədər yaşayıb, Allah!
Ömür
də deyəsən düz paylanmayıb,
Bağışla, ilahi, eylədim günah.
Mən Nəzakət
xanımın poeziyasına bələd olduqca (deyəsən
gecikmişəm) düşünürəm ki, istedad
payında onun “ölü” şeir yazmağa haqqı
çatmır, çün o, öz obrazını axtarıb
tapır və bir üstünlüyü də ondadır ki,
Şərq təfəkkürü ilə Qərb poetik
yanaşmanı birləşdirir, emosional və rasional
düşünür. Nəzakət xanım “dünya”,
“insan”, “tale” subyektlərinə özünəməxsus tərzdə
yanaşır - bu, şeirin məzmunu məsələsidir,
intellektualdır, digər tərəfi obrazlı deyimin
harmoniyasıdır; üçüncü ruhi enerjinin
paylanması aktıdır ki, sonuncuda poetik kansofka - fikir
dayanır. Mən şairənin poeziyasında
bir nüansı özüm üçün
aydınlaşdırdım ki, mövzunun epik təsvirinə
yeri gələndə ehtiyac qalmır, elə bir bənd də
bəs edir.
Dözməkdən
bezmişəm, ruhum ağrıyır,
Həzrəti İsatək sanki dardayam.
Bəxtim
yatan yeri tapdım, oturdum,
O vaxtdan
bu vaxta hələ ordayam.
Ruhun fenomenliyi, candan bezməsi, artıq
ömürdüsə - mütləq zamanı gözləmək. Və:
Assosiativ
düşüncə bağlılığı:
ölümün gəlişinə geniş yer verməyə
dəyməz, özünü tez çatdırar,
yaxşısı budur, ona hazır olmalısan.
Ölümün
gözünün içinə baxdım,
Ölümü hər anın özündə
daddım.
Necə qəribədi,
ölümdən qaçıb,
Ölümə
gedirəm hər an bir addım.
İnsanın öz aqibətini sezmək fəhmi,
hansı ki o, öncə aqibətini anlamalıdır - son nəfəsi
necə olacaq, qəbir həyatında nələrlə
qarşılaşacaq, axirətdə hansı məqamda olacaq? İnsan
üçün ən məchullar bunlardır ki, hələlik
cavabsız qalmışdır, daha doğrusu, qundaq ilə
tabut arasındakı məsafənin sirrini, bu dünyaya gəlişinin
və buradan axirətə köç eləməsinin hikmətini
qavraya bilmək. Bəli, hər bir insan
fanidir - ölümə məhkumdur. Şairənin
məntiqi-bədii proqnozu təxəyyülün yalnız
müəyyən vəziyyəti olmayıb, eyni zamanda,
insanın fəaliyyət formasıdır. “Dünya”, “Ey
dünya” şeirlərində müəllif üzünü
bu real Dünyaya tutur, bir qədər nəsihətçiliyə
varır, amma gileyini gizlətmir, lakin bu üztutmanı Nəzakət
xanım qadın hissiyyatı ilə çatdırır, kəskin
də deyərdi “amansız dünya”ya, “qaradan ağı
seçmə” - yəni bu, bir yana - şairini yormusan - nə
üçün?
Yormusan,
yamanca yormusan məni,
Sən demə, bitməzmiş zülmün, zillətin.
Arzumun
dalınca qaldı gözlərim,
Yolların daşlıdır, yüyürmək çətin.
Sən elə
beləsən başdan, binədən,
Bilirəm? Heç kəsə qalan deyilsən.
Sonuma
gedirəm hey addım-addım,
Bilirəm, mənim də olan deyilsən.
Yaş
olub gözündən düşənə kimi,
Əlindən
nə çəkdim, biləydin barı.
Bir
gün üz döndərib üzündən sənin,
Çıxıb gedəcəyəm göylərə
sarı.
Mən Nəzakət
xanımın şeirlərinin cövhərinə vardıqca,
mühüm poetik mətləblərlə üzləşdim:
ağrı və sevinc, vüsal və həsrət, inam və
pessimizm, bir-birini rədd edən və tamamlayan motivlər. Bu
atributlar olmasa - şeir yazılar, ancaq yaddaşa hopmaz, ona
görə ki, reallıqlarla uydurmalar təsvir predmetinə can
vermir. Bu baxımdan poeziya - həqiqətlərin
və yalanların emosional-əqli doğuluşunun, şairin
fərdi-özəl üslubunun təzahürüdür.
Lakin bu üslubda başqa şairlərə bənzəməyən
həzinlik, pıçıltı, nigarançılıq
oxunur, elə-belə misraların gəlişi deyil, ilhamın
diqtəsidir. Belə şeirləri təkrarən
oxuyası oldum, kövrəldim, vərəqi çevirdim, amma
tabım çatmadı. “Bilmir insan”, “Göydən bir
ulduz axdı”, “Getmisən”, “Qar yağır”, “Bənövşə”
şeirləri bu etirafımı diriltdi. Nadir misraların
hökmü! Hökmümü? Şairənin sünilikdən uzaq istedadımı?
Hər üçü və demədiyim əlavələri.
“Bilmir insan”ı mənə dahi hind şairi və
mütəfəkkiri R.Taqorun “İnsan” şeirini
xatırlatdı. Nəzakət xanım yaşamaq
ehtirasının tükənməzliyinin şahidinə
çevirir oxucunu - Məni!
Bir
gün dönüb geriyə bu günü axtararsan,
“Ömür necə keçdi gör” - özünü
danlayırsan.
Nə
zamana ün çatar, nə də ötən
çağlara,
Təkcə boylanmaq qalar itirdiyin anlara.
Gözəlliyi,
gəncliyi aynada axtararsan,
Saralmış şəkilləri gözünlə
oxşayırsan.
Bax bu yerdə qələmi saxladım,
barmaqlarımın titrəməsindən ehtiyatlandım,
ürəyim dolmuşdu, bu hiss nəydi, haradan hisslərimi tutmuşdu
- deməkdə çətinlik çəkirəm. Həqiqətmi
bir gün? Bəlkə həqiqət deyil?
İnana
bilmədiyim ölümə rast gələrsən,
Soyuq daş məzarlara atam-anam deyərsən.
Övlada
qanad verib, bir quş tək uçurarsan,
Yolların yorğunluğun nəvələrdən
alarsan.
Yaman
yaşa doldum, şairə! Bu unikal
misralarını oxumasaydım, bəlkə də özümə
təsəlli verərdim. Bir də fəhmə bax ki, sübh tezdən bu
şeirini oxuyanda vaxtilə yatdığı babasının
çarpayısında Nəzrin nəvəm
yatmışdı, astaca otağa keçdim, ilahi, görəsən
bütün uşaqlar beləcə qəmsiz-kədərsiz
uyuyurlar? Uşaqlar hardan bilər ki,
ataları, sonra babaları cavanlığını onların
uşaqlığına bağışlayıb yaşa
dolurlar.
Zamanın
sığalıyla qara saçın ağarar,
Səni yaradan Tanrı öz yanına
çağırar.
Ümidin
yaxasına sarılıb sən gedirsən,
Nələr gözləyir səni, bax bunu bilməyirsən.
Bax “bilmədiyin” o tale hətta şair
qapısını döyür, özü gizlənir. Əcəl
atını göndərir ki, minib məchul aləmə gedəsən.
Nəzakət xanımın vaxtsız itirdiyimiz Alim Məhərrəmliyə
həsr etdiyi şeiri məni ağrıtdı, tez-tez
görüşdüyüm gəncin bir gün yoxluğuna
inandım. Ölümündən sonra
“Kür-Araz” dərgisində qələm dostumuz Əlirza
Sayılovun çap etdiyi xeyli saylı şeirlərini
xatırladım. Böyük istedadın
poetik misraları məni kövrəltdi. Nəzakət
xanım “Getmisən”lə sanki onu qaytardı.
Dünya
çox incidə bilərdi səni,
Bəlkə düz etmisən, çıxıb getmisən.
Qısa bir ömürlə
sınadı səni,
Yoxsa bu dünyanı yıxıb getmisən?
O zərif
vücuda sığmırdı ürək,
Yükü ağır idi çəkmirdi ürək.
Sorğudan,
sualdan bezmişdi ürək,
Canını dişinə sıxıb getmisən.
...Ölümün
Tanrıya aparan yolmuş,
Çiçək
arzuların açmadan solmuş,
Şəklinə
baxıram, gözləri dolmuş,
Dünya
pəncərəymiş, baxıb getmisən!
Nə
olaydı bu “pəncərə” gec açılaydı!
Poeziyaya
qrammatik bilik bazası üstündə gələnlər bu
gün əndazəni aşıbdır, şeir kitabları
öz çəkilərindən çoxdur və bu kəslər
unudulurlar ki, şeir praqmatik-tarixi olayların yalnız zahiri əlaqələrindən
və ardıcıllığı baxımından təsvir
deyil, müəllifin reallığa, görünənə
naturalist baxışı da həmçinin - predmetin poetik - həyəcanlı
yanaşmasıdır. Bunun üçün
daxili coşğunluq lazımdır, bu isə lirikaya gətirib
çıxarır. Lirikada şair öz
pak hisslərinin başına hərlənir, hətta kimsəni
maraqlandırmayan adi bir predmet, yaxuq nəhəng bir mövcudat
olsun - baxır şeirdə necə tərənnümünü
tapır. Bu baxımdan Nəzakət
xanımda həmin nəsnələrin bəxti gətirir.
“Həmdəmim dəniz” şeiri elə dənizin
özü qədər göm-göy şəffaf,
pıçıltısı qədər həzin, həmfikir
qədər aşinadır, bu tutuşdurmalarımda heç
bir bəlağət yoxdur.
Dəniz,
sənlə bölüşəndə
Qəlbim yaman narahatlanır.
Duruluram
sularıntək,
Sızıldamır dərdli ürək.
Həmdəmimdir
mavi sular,
Sualıma cavabları öz dilində.
Ləpələrin pıçıldayır.
Söylə,
açsam ürəyimi
Dərdlərimə gücün çatar?!
Dalğa-dalğa, ləpə-ləpə dindi dəniz.
Gözlərində bir insana döndü dəniz.
Çox dərdləri mən udmuşam.
Eh... Dərdlər də yaratmışam.
Ünvan sızam hər dərdinə gücüm
çatar.
Bunu da bil
ki, hər dənizin
özü boyda ürəyi var.
Şairənin
öz obrazını görürəm: dənizlə dərdini
bölüşür; şairlər həmişə şad
olmur, öz qəmini ürəyində gəzdirir və bir
gün bu poetik yükü misralarına boşaldır və
rahatlanır. Hər cür didaktik və mücərrəd
ricətlərdən uzaqlaşır; belə olduqda şair
özünün munisliyini təsdiq etmiş olur.
Nəzakət xanımın lirikası onun
üçün oxucunun içərisinə hopur - bu
Dünyanın hay-küyünə, insanların
gülüb-danışmasına baxmayaraq, qəribliyə
aparır. Mən bu hissi poeziyanın bir zərif qanadı hesab
edirəm. Şair qəriblik, nisginlik
çəkmirsə... şeiri hədəfi tutmaz. Qəribliksə həsrəti dünyaya gətirir,
axı, şair təkcə təfəkkürü ilə yox,
hisslərilə qəribliyin uzaqlığını duyur və
həsrətində qovuşmaq istəyir, poeziyada bədii sərvətə
çevrilir. Şairənin “Həsrət”
şeiri var, elə sandım misraların hər birisi bir
durnadır. Vaqifdən, Vidadidən, Zakirdən yadigar
qalıblar, onlar da qəriblikdən xiffət edirlər. Qəribəsi odur, qəribliyi sevən bu quşlar
payızı sevirlər, payızda vətənləri yada
düşür.
Durnalar
köç edir payız gələndə,
Boş qalır “evləri”, yurd-yuvaları.
Dönürlər
yenə də bahar gələndə,
Yenə doğmalaşır “yad” yuvaları.
Gör
necə payızdır, gör necə yazdır,
Həsrətəm ocağı sönmüş yurduma.
Durnalar
qayıdır, mən qayıtmıram,
Bəxti əllərimlə dönmüş yurduma.
Mən də
dönəcəyəm günün birində,
Ürəyim deyir ki, çox belə getməz.
Lazımsa
ölümə verib ömrümü
Dünyaya
deyirəm: - Yox belə getməz.
Şeirin eyni zamanda, sosial-siyasi qayəsi var, qəriblik rəmzində
oxucusuna çatdırılır; düşmən əlində
qalan ulu Qarabağ torpağıdır. Əlimizdə
saxlamağı bacarmadığımız Qarabağ qəbirlərimizi
də sinəsində saxlamadı, daşnaqlar daha cəld tərpəndilər,
şairlərin, söz adamlarının yaralı yerinə
toxundular. Nəzakət xanım da susa
bilməzdi, ağrısını misralara səpəcəkdi.
“Yurd həsrəti”, “Qarabağ qoxusu”, “Vətən, bizi
bağışlama” mövzulu şeirlərini qələmə aldı,
şeirləri oxuyanda onu idrak etdim ki, şairə hansı əzabları
yaşamamışdır? Hansı ümidlərin
yolunu gözləməmişdir? Ürək
gərəkdir bu ağrıya dözə. Həsrətə bax ki, “Qopur daşına da öz
balam” deyir, “Yolunda kəsilən baş olmağı”
arzulayır - deyən şairə “Düşmənə
atılan bir daş olmağından təsəlli tapır.
Əziz Nəzakət xanım, şairə bacım, hər
şeydən əlini üzüb gör nədən təsəlli
tapırsan.
Kaş
külək olaydım, dəli bir külək,
Əsəydi üstündə sözüm yurdumun.
Çopur
daşına da öz balam deyib,
Qapandı
üzündə izim yurdumun -
Ən səmimi
etiraf! Ən nikbin arzu!
Öpsün
Vətən torpağını gözlərim,
Dəysin vətən torpağına dizlərim.
Əlbəttə, Qarabağ azadlığı şəhid
ruhundan keçir, bütün vətən diyarını
qarış-qarış dolanır və yenə öz qəbrinə
sığınır. Və inanır ki, əsirlikdən bu
torpağı onun övladları xilas edəcəkdir.
Yolu yox Vətənə
aparan yolun,
Şikəstəm, sınıbdır qanadım-qolum.
Didərgin
ruhumun qurbanı olum,
Məni də
kəfənə bələ, şəhidim...
Nəzakətin poeziyasındakı lirik xətt
solğun, titrək, şərti təsirli deyil, bu qənaəti
israrla deyirəm. Ona görədir bu şeirlərin ruhunda və fəlsəfəsində
Dünya ilə həyat arasında bir vəhdət, ünsiyyət
mövcuddur, poeziyaya məxsus sübstansial atributlar öz
yerindədir, fikirləri tamamlayır və əsərin məzmununa
xidmət edir, nəhayət, duyğulara çevrilir, həyatın
fantomunu romantik bir məcraya salır. “Qar
yağır” şeirini iyun ayında (2018), isti havada oxudum, vaxt
stixi alınmışdı, amma yerinə
düşmüşdü. Pəncərəmə
günəşin şəfəqləri sızırdı, mənsə
pıçıldayırdım:
Qar yağır.
Naxışlı, dümağ, bəmbəyaz.
Dünyanın ağlığı üzünə
çıxır.
Yerlər
də gözləmiş qar gəlişini,
Alır, qucaqlayır, köksünə sıxır.
Qar yağır.
Naxışlı, dümağ, bəmbəyaz.
Torpaq bərəkətə bələnir yatır.
Çılpaq
ağacların qol-budaqları
Bir ana hənirinə bələnib yatır.
Qar yağır.
Naxışlı, dümağ, bəmbəyaz.
Rəqs edir elə bil hər qar dənəsi.
Gözümün
önünə gəlir uşaqlıq -
Həyatda
hər fəslin öz ənənəsi...
Bu misraları yazıya alanda üşüdüm və pəncərədən ağacları süzdüm. Yarpaqlar budaqlarına sığınıb tərpənişirdi, quşlar kölgə axtarmırdılar, bəlkə də nəbilim fantaziyam idi - qışın dalısınca getmişdilər. Beləydi, çün şeirdə elə möcüzə var - fəsillərin yerini dəyişir. Şeirdə elə möcüzə olur - insan bu günündən çox-çox irəliyə qayıdır, necə ki, mən də uşaqlığımda qar həsrətində yaşamışam, barmaqlarımı dodaqlarıma sıxa-sıxa məktəbə yollanmışam. Taleyə bax ki, həsrətində olduğum o qar gilələri neçə illərdir saçlarımda girovlanıbdır. Bu hissləri yaşadan şairə Nəzakət xanım arzulamır qar insan ömrünə qış havası gətirsin.
Qar yağır.
Naxışlı, dümağ, bəmbəyaz.
Yağsın yerə-yurda, çölə-çəmənə.
Kaş insan ömrünə qış tələsməsin,
Yığmasın qar, yağış insan ömrünə.
Nəzakətin poeziyasında bir poemasını oxudum: “Şəhid zirvəsi”dir, Xocalı faciəsinə ithaf etmişdir. Yüksək vətənpərvərlik, yurdçuluq hissilə qələmə alınmışdır, mübaliğəsiz deyərdim ki, bu əbədiyaşar mövzuya həsr olunmuş poetik əsərlər sırasında ən yüksək zirvədə dayanır, geniş araşdırmaya layiqdir. Müəllif janrın poetik tələblərini sənətkarlıqla nəzərə almışdır; odlu-alovlu və həzin-kövrək misralar ruhu tərpədir. Poema bitkin bir elegiya təsiri bağışlayır.
Nəzakət
xanımın, istedadlı şairin poeziyasına ötəri
ekskurs etdim və “ötəriliyi” vaxt məhdudluğunun
adına yazıram. Halbuki bu lirik-bütöv poeziyada mən
özümü tapdım, sevincimi və kədərimi
tapdım, şeir də budur! Nədən belə
bir fikrə gəldim: şairin poetik
yaradıcılığında abstrak fəlsəfəçilik,
soyuq mühakiməçilik, qrammatik qafiyəçilik
elementləri yoxdur, poetik fikrin qəlb yaxınlığı,
sənətkar təhtəlşüuru, təbii ehtiraslar
poeziyanın leytmotividir, duyğuların əks-sədasıdır.
Bunlara şairənin - Nəzakət xanımın şəxsiyyəti
imkan verir və mənə dahi V.Q.Belinskinin sözlərini
diqtə etdi: “Lirikada şairin şəxsiyyəti ön planda
dayanır; biz yalnız onun vasitəsilə hər şeyi qəbul
edib anlayırıq..., lirik poeziya başlıca olaraq subyektiv,
daxili poeziyadır, şairin özünü ifadə etməsidir”.
Allahverdi EMİNOV
525-ci qəzet.-2018.- 28 iyul.- S.18-19.