Birinci və Sonuncu...
... MAHİR QARAYEVİN 60
yaşına
O şairdir.
O tərcüməçidir.
Hər ikisində
mahirdir.
Mahir Qarayev altmış il öncə
Göyçayda dünyaya
gəlib. Həbibinin,
Rəsul Rzanın, Ənvər Məmmədxanlının,
Əli Kərimin doğulduğu torpaqda.
Universitetin filologiya fakültəsini bitirib. Müxtəlif redaksiyalarda, nəşriyyatlarda
işləyib. Hələ ki
qələmiylə dolanır.
Mən onu otuz ildir tanıyıram. Dost deyilik, amma bir-birimizə
hörmətimiz Göyçay
çinarları kimi köklüdür.
Əlli yaşı olanda “Tənhalıq” (şeirlər,
poetik silsilələr,
tərcümələr) kitabı
çapdan çıxıb. Kitabın üz
qabığında “birinci
və sonuncu kitab” sözləri yazılıb.
Doğrudan da Mahirin bu
on ildə yeni bir kitabına rast gəlməmişəm. Təbii ki,
Mahir Qarayevin yaradıcılığı əlli
yaşın tamamında
bitib-tükənmir. Yenə şeir
yazır, tərcüməylə
də məşğul
olur. Amma o bircə kitab
Mahir Qarayevi tanımaq, duymaq və qiymətləndirmək
üçün kifayət
edər.
“Dünyada bəlkə ən sevmədiyim iş - şeirlərimi çapa verməkdir. Elə bu səbəbdən
bir-iki qəzet-jurnalda
indiyəcən beş-üç
şeir çap etdirsəm də, heç bir kitabımı nəşriyyata
təqdim etməmişəm,
mənim fikrimcə, şairin kitabı... özündən sonra çıxsa yaxşıdır!”
Elə bir şeirində də yazır ki:
Şeirlər yazıram çap
olunmasın-
Sən mənim halıma
acıma, dostum!
Şairlər dünyanın dərdini
yazar,
dərdlər tapışarlar,
arxalaşarlar;
Hər şeir şairin qəbrini qazar;
islam qəbirləri-Nəsimiləşər,
ispan qəbirləri-Lorkalaşarlar.
Hər şeir Hadinin qəbrini qazar-
qəbirlər bir ucdan Hadiləşərlər...
Mahir Qarayevin
bütün şeirlərində
məhz tənhalıqdan
gələn səslər,
nidalar, bəzən də pıçıltılar
eşidilir. Olsun ki, onun heç birinin şeirinin adında “tənhalıq” sözü
işlədilməsin. Amma tənhalıq onun şeirlərinin ruhundadır.
Böyük insan mühitində onlarla, minlərlə adamlarla ən səmimi ünsiyyətdə ola bilərsən, amma yenə, təklikdə tənhalıq
içində yaşarsan.
Amma “tənhalıq
boşluq deyil, səni gözləyən
varsa” (Əli Kərim). Mahir Qarayevin tənhalığında
da boşluq, ümidsizlik yoxdur. Bəs nə var? “Ayrılığın yaratdığı dərya
kədəri, bir qəlbin inləyən Xirosima”sı. Məncə,
Mahirin “Yağış
həsrəti” şeiri
tənhalığın rəsmini
təqdim edən bir şeirdir:
O yay axşamı
Yağış həsrətiylə yanırdı
hamı!
Yanırdı dünyanın torpağı,
daşı,
Göylərin yalanı, düzü
yanırdı;
Ağlaya
bilənin gözünün
yaşı,
Ağlayammayanın gözü yanırdı.
Səssiz hönkürürdü gendə
bir qadın.
Yağış həsrətiylə hamı
yanırdı.
Mahir hisslər,
duyğular şairidir,
bu hisslər, duyğular onun şeirlərində müxtəlif
assosiasiyalar doğurur
- sözlər, ifadələr
poetik rənglərə
bürünür. Mən onun
“Bir cüt səsin nağılı”
silsilə şeirlərində
indinin özündə
belə orijinallığını
itirməyən təzə
təşbehlər, metaforalar
gördüm. Müasir
şeirin klassik şeirdən irs
qalan cövhəri, dadı-duzu bunlar deyilmi? Həm də nağılın
modern mənada poetikləşdirilməsini
Mahirin şeirlərində
izlədim.
Bu - Günayın nağılı.
“o gecə özü boyda atəş idi, köz idi. O gecə ta sübhəcən
kəsilmədi göz
yaşı. O gecə
bir Günaydı, bir də ki,
Ay işığı”. Və birdən
müharibə-”hər
süfrədə çörək
kəsdi-doğmalaşdı müharibə”. Amma Günayın
“nağılı” bitmir.
Mahir insan həsrətinin faciəsini “nağıllaşdırır”.
Nağıl süjeti
tragik bir sonluqla bitir:
Günay
yatdı-
bəd yuxudan üzülməyə
Seymur yatdı-
gen sinəsi dəlik-dəlik.
Sübh erkəndən Günay qalxdı,
qalxdı
onu gözləməyə.
...o qalxmadı...
...həmişəlik...
Mənim
o kitabda ən çox bəyəndiyim “Tənha kəndin payızı” silsiləsindən
qələmə aldığı
beş şeir
oldu. Bu beş
şeirdə doğrudan
tənha bir kəndin qəmli, bir az nostalji
doğuran romantik mənzərəsini seyr elədim. Təkcə buna görəmi? Yox! İlk növbədə, Mahirin şeir mədəniyyəti
xüsusilə nəzərə
çarpır, dilimizin
poeziyasını yaratdığı,
təbiətlə bağlı
duyğularında rəssamlığa,
peyzaja meyl etdiyi və bənzərsiz lövhələr
yaratdığı üçün.
Tonqal haqqında deyir ki:
Payız
axşamında
tonqal başında
Gözündən-qaşından öpdüyüm
sona!
Gözündən-qaşından öpüb,
sonra da
Ömründən yel kimi öpdüyüm sona!
Yağış haqqında deyir
ki:
Bu yağış-gül yağış,
gülləmə yağış,
Bu yağış-min ildi belə yağmamış!
Bu yağış yarpağın,
gülün, çiçəyin
asar sırğasını
qulaqlarından:
Suları
qurumuş gölməçələrin
açar kor gözünü, açar
durmadan!
Mahir Qarayevi istedadlı bir tərcüməçi kimi
tanıyıram. Həmin o kitabda Mahirin M.Y.Lermontovdan, R.M.Rilkedən,
A.Axmatovadan, S.Yesenindən,
B.Pasternakdan, O.Mandelştamdan,
M.Svetayevadan, F.Lorkadan,
V.Nezvaldan, A.Voznesenskidən,
O.Süleymenovdan gözəl
tərcümələrini var. Həm orijinalını verir, həm də öz tərcüməsini. Mahirin şeir
tərcümələri orijinalla
tutuşduranda həm dəqiq, həm də poetikdir. M.Svetayevadan etdiyi bir şeir tərcüməsini
nümunə gətirirəm:
Günəş-təkdir.
Amma addımlayır
şəhərbəşəhər.
Günəş-mənimkidir,
Mənimkidir, onu kimsəyə verməm.
Nə bircə
saatlıq, nə bircə anlıq.
Heç
kəsə! Heç zaman!
Qoy əbədi gecə sonsuz qaranlıq
Bütün şəhərləri məhv etsin tamam!
Əlimə götürrəm!-
dünyanın boynuna dolanammasın.
Əlimə götürrəm!-
içim də, çölüm də oda qalansın!
Əbədi gecədə
qaranlıq içində
itərsə birdən-
qaçaram dalınca
bütün gücümlə...
Günəşim! Mən səni
kimsəyə verməm!
Orijinalla tutuşdurduq. Tam uyğundur,
sözbəsöz.
Mahir Qarayevin müqəddimə
və şərhləri,
izah və qeydləri ilə nəşr olunan bir tərcümə kitabı var: - Frans Kafkanın novella və pritçaları, gündəlikləri, söhbətləri
cəm olunan bir kitab, iyirmi
iki il bundan
əvvəl Azərbaycan
Tərcümə Mərkəzinin
nəşr etdiyi o kitabda Mahir Qarayevlə
yanaşı, Cəfər
Bağırın (Azərbaycan
oxucusu ilk dəfə
1966-cı ildə “Azərbaycan”
jurnalında məhz onun tərcüməsində
F.Kafkanın “Çevrilmə”
novellasını oxumuşdur),
Paşa Əlioğlunun,
Arif Əmrahoğlunun,
Tahir Kazımlının,
Azər Qaraçənlinin,
İqrar Cəfəroğlunun
da tərcümələri
var. Amma təbii ki, yükün ağırını Mahir
Qarayev çəkib.
“Dünyanın Kafkası və Kafkanın dünyası” müqəddiməsindən
hiss olunur ki, Mahir Qarayev Kafka yaradıcılığına dərindən
bələddir, həm
onun əsərlərini,
həm də onun yaradıcılığı
ilə bağlı yazıları diqqətlə
oxuyub. Yazır ki: “Nədir Kafkanı bunca maraqlı edən? İlk növbədə sənətkarın
qeyri-adiliyi, bənzərsizliyi.
Faciəvi həyat tərzi, ziddiyyətli yaradıcılıq mövqeyi, heç bir yozuma cavab verməyən son dərəcə müəmmalı, anlaşılmaz, özünəməxsus dünyagörüşü ilə Kafka heç kəsə bənzəmirdi. Gah insanlara cavan atırdı Kafka, gah da büsbütün tənhalıq həsrətiylə yanıb-yaxılırdı. Sığorta idarəsindəki işinə nifrət eləyə-eləyə işləməyə məcbur idi ki, atasının minnətindən canını qurtarsın, eyni zamanda, ailə üzvlərinin hamısıyla əlaqəni kəsib qınına girmişdi-həyatda yararsız bir üzvə çevrilmişdi, hər şeyə biganələşmişdi”. Amma ölümündən sonra F.Kafka dünyanın ən məşhur bir yazıçısına çevrildi, hətta kafkaşünaslıq elmi yarandı.
Kitabda Kafkanın “Hökm”, “Çevrilmə”, “Körpü”, “Kənd həkimi”, “Müğənni Jozefina” və s. novellaları və pritçaları ilə tanış oluruq. Tərif olmasın, bu kitab Azərbaycan tərcümə mədəniyyətinin gözəl bir nümunəsidir. Yeri gəlmişkən qeyd edim ki, Mahir Qarayev həm də tərcümə nəzəriyyəsi ilə də məşğul olur və Yazıçılar Birliyinin hansı qurultayındasa “Tərcümə işi haqqında” məruzə də edib.
Nəhayət, Mahir Qarayevin 60 yaşı haqqında. Bu yaşına görə cavan qalıb. Səmimi insandır. Və əlbəttə, istedadlıdır. “Birinci və sonuncu” kitabı elə bilirəm şərti anlayışdı. O, əlli yaşın kitabıydı. Altmış yaşın da öz kitabı ola bilər.
Azərbaycan
yazıçıları arasında Mahir Qarayev adında ikinci
bir yazar yoxdu. Birinci və sonuncu Mahir Qarayevdən yazdım mən
də...
Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru
525-ci qəzet.-2018.- 28 iyul.- S.17.