Cümhuriyyətimizin
Şeyxülislamı və ya "İstiqlal hər bir şəxsiyyətə
lazımdır"
I FAKT
“Çar Rusiyası Osmanlı dövləti ilə
müharibə edəndə Təzəpirdə Osmanlı
dövləti əleyhinə təbliğat aparılmayıb. Əksinə,
Ağa Əlizadə Nargin və Bulla adalarında ağır
şəraitdə saxlanılan Osmanlı əsgər və
zabitlərinə yardım etmək üçün cümə
namazında Bakı əhalisinə müraciət etmişdi.
Əhalidən gələn yardımı Nargin
adasına daşımaq üçün bir ay vaxt lazım
oldu. Bu yardımın səbəbkarı
axund Ağa Əlizadədir”.
Bakı xəfiyyə
polisinin məlumatından
lll
II FAKT
“Sünni-şiə məzhəbləri arasında
düşmən münasibətləri yaratmaq Təzəpirin
axundu Ağa Əlizadəni narahat edirdi. Məzhəb
fərqləri Bakı ilə Tiflis arasında fikir
ayrılıqlarına gətirib çıxarırdı.
Bunun qarşısını almaq
üçün Təzəpirin axundu Ağa Əlizadə
Bakıda Qafqaz Müsəlmanlarının qurultayının
keçirilməsinin təşəbbüskarı oldu. Qurultaya Qafqazın bütün bölgələrindən
din xadimləri təşrif buyurmuşdu. Qurultayın
sonuncu günü bütün din xadimləri Təzəpir məscidinə
gələrək cümə namazı qıldılar. Şeyxülislam və müfti minbərin
qarşısında qucaqlaşaraq İslamın birliyi
uğrunda bir olacaqlarına and içdilər”.
Bakı və
Tiflis qəzetlərindən seçmələr
lll
Bağdad
və Nəcəfdən keçən yol
Doğum
tarixi: 22 oktyabr 1871-ci il
Yer:
Pirşağı kəndi
Ailəsi:
Ruhani
Əsl
adı: Zeynalabdin
... Atası Axund Hacı Məhəmməd Cavad
dövrünün çox tanınmış din xadimlərindən
və hörmətli ziyalılarından biri idi. 4
oğul, 2 qız atası olan Axund Hacı Məhəmməd
Cavad övladlarının mükəmməl dini təhsil
alması, mədrəsədə oxuması üçün
Bakıya köçmək qərarına gəlir və
Aşağı Priyut (indiki Süleyman Rəhimov) küçəsində
bir-birinə bitişik iki bina tikdirir. Zeynalabdin
ilk təhsilini mədrəsədə alandan sonra atası onu
Bağdada göndərir. Bağdad
universitetinin İlahiyyat fakültəsini bitirməklə
yanaşı, astronomiya, riyaziyyat, tibb elmlərini öyrənməyə
səy göstərir. Bağdaddakı təhsil
onu qane etmədiyinə görə Nəcəf şəhərindəki
Ali Dini Universitetə oxumağa gedir. 1896-cı
ildə 25 yaşında Nəcəfdə Dini Universitetdə təhsili
böyük uğurla başa vurub “Axund” rütbəsi qazanan
Ağa Əlizadə doğma vətəninə qayıdır
və İçərişəhər məhəllə məscidlərindən
birinə təyinat alır. 1903-cü ildə
32 yaşında Təzəpir məscidinə axund təyin
edilir. 1904-cü ildə Axund Ağa Qafqaz
müsəlmanları Şiə Ruhani İdarəsinin
üzvü seçilir. Bu, elə bir
dövr idi ki, artıq Bakı neft səltənətinə
çevrilirdi. Bakının Qafqazın siyasi həyatında
aparıcı rola çıxacağını hiss edən ermənilər
fəallaşırdılar. Ermənilərin bu
cür fəallığı yerli müsəlman
ziyalılarını bərk narahat edirdi. Təzəpir
məscidinin axundu Ağa Əlizadə “Erməni-müsəlman
davası” adlanan 1905-1906-cı il
qırğınlarının yatırılmasında,
daşnakların fəaliyyətinin
neytrallaşdırılmasında həyatını təhlükəyə
qoymaqdan çəkinmirdi.
İstiqlal
çıxışı, nazir məvacibi
Yay,
1907-ci il. Ağa Əlizadə
Bakıda “Səadət” Müsəlman Ruhani Cəmiyyəti
yaratdı və onun sədri seçildi. Cəmiyyətin
fəaliyyətində yazıçı Nəcəf bəy Vəzirov,
milyonçular İsa bəy Aşurbəyov, Zeynalabdin
Tağıyev və başqa elm, mədəniyyət və din
xadimləri də fəal iştirak edirdilər. 1907-ci ilin sentyabrında Bakıda “Mədrəseyi-Səadət”
məktəbi açıldı və Əli bəy
Hüseynzadə məktəbə direktor təyin edildi.
Çar məmurları erməni “məsləhətçiləri”nin göstərişi ilə cəmiyyətin fəaliyyətini
məhdudlaşdırmağa çalışsalar da, buna nail
ola bilmədilər.
1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti
quruldu. Qafqaz Müsəlmanları Ruhani İdarəsi
Gəncədən Bakıya köçəndən sonra uzun
illər sürgünlərdə olmuş, təqib və təzyiqlərə
məruz qalan Şeyxülislam Pişnamazzadə xəstəliyinə
görə istefa vermişdi. İdarə
artıq yenidən qurulmuş, “Məşixət-i İslamiyyə”
adı altında fəaliyyətə başlamışdı.
Milli Hökumətin dini etiqad və sosial təminat
naziri Musa Rəfibəyovun əmri ilə Axund Ağa Əlizadə
Məşixətə Şeyxülislam təyin edildi. O
vaxt atası Hacı Cavad isə Bakı quberniya dini məclisinin
sədri idi. “Səadət” cəmiyyətinin sədri
kimi həyata keçirə bilmədiyi işləri indi
müstəqil dövlətdə, belə böyük vəzifədə
həyata keçirmək onun üçün çox asan
idi. Ölkənin hər yerində məktəblər
açılması, dini təhsil ocaqları
yaradılması, insanların dini inanclarını azad şəkildə
həyata keçirməsi milli hökumət kimi həm də
dini idarənin fəaliyyətinin əsas qayəsini təşkil
edirdi. Cümhuriyyətin bir illik yubileyi ilə
bağlı keçirilən təntənələrdə
Şeyxülislam da çıxış etmişdi.
Həmin
çıxışdan sitat: “Azadlığı yalnız
müstəqil yaşamaq yolu ilə qorumaq və müdafiə
etmək olar. Öz əqidəsini və fikrini
şövqlə söyləmək və öz bəşəri
iradəsini ifadə etmək yalnız müstəqil ölkədə
mümkündür. Təbii ki,
asılı olmayan tədris ocaqlarında, orta və ali-məktəblərdə
ölkənin camaatının faydalana biləcəyi,
bütün biliklərə yiyələnmiş şüurlu
adamlar yetişməsi ehtimalı daha yüksək olur. Allah-təalanın buyruqlarını yalnız
ölkənin istiqlaliyyəti şəraitində müvəffəqiyyətlə
inkişaf etdirmək olar. İstiqlal hər
bir tayfaya və hər bir şəxsiyyətə
lazımdır”.
Şeyxülislam 1918-ci ildə Məşixət sədrlərinə
(Şeyxülislam və müftiyə) nazir səviyyəsində
məvacib verilməsini və Mərkəzi aparat üzvlərinin
sayının 15 nəfərə
çatdırılmasını tələb edirdi. Milli Hökumət Məşixət
sədrlərinə nazir müavini səlahiyyətləri verdi, 13 nəfər üçün ştat cədvəlinə
uyğun məvacib ayırdı. Ölkə ərazisində
qazıların sayı dəqiq bilinməsə də, 31 nəfər
üçün yüksək maaş kəsildiyi
məlumdur.
Şeyxülislamın
ev dustaqlığı
1920-ci il, 27 aprel. XI rus ordusu Azərbaycanı
işğal edir. Axund Ağa Əlizadə
işğaldan sonra cəmi 15 gün Şeyxülislam vəzifəsində
çalışa bilir. Mayın 12-də
onu vəzifədən azad edirlər. Üç gün sonra yaradılan
Xalq Maarif Komissarlığının vicdan azadlığı
haqqında verdiyi dekretdə yazılırdı: “Xalq Maarif
Komissarlığının nəzdindəki bütün şəxsi
məktəblərdə və dövlət məktəblərində
dini təlimin tədrisi və hər hansı bir dini ayinin
icrası ləğv olunur”.
Məhz bu dekretdən sonra ruhanilər quruluşun
düşməni elan edilir. Bu düşmən
münasibəti II Dünya müharibəsinə qədər
davam edir. Müharibə başlayanda
SSRİ rəhbərliyi yerlərdə ruhanilərin, din xadimlərinin
yardımına ehtiyac hiss edirdi. Müharibəyə qədər
Axund Ağa Əlizadə ev dustağı
olunmuşdu. Ona bu müddətdə nəinki
dindarlıqla məşğul olmağa icazə verilməmiş,
hətta evindəki zəngin dini kitabları belə müsadirə
edib yandırmışdılar. Onun evində
axtarış aparan çekistlər kitab rəfində Hegelin,
Feyerbaxın əsərlərini görəndə təəccüblənmişdilər.
1944-cü
il mayın 25-də Qafqaz Müsəlmanları
Ruhani İdarəsinin birinci qurultayı
çağırıldı. İdarəyə sədr təyin
etmək üçün Axund Əlizadə ilə aparılan
danışıqlarda onun şərtləri bundan ibarət
idi: dindarlar Sovet hakimiyyət sisteminin əleyhinə olmayacaq təqdirdə,
onlara sırf dini işlərlə məşğul olmağa,
mərasimlər keçirməyə icazə verilsin, təqiblərə
və cəzalara son qoyulsun. Mayın 28-də
qurultayda keçirilmiş səsvermə zamanı Axund Ağa
Əlizadə yenidən Qafqazın Şeyxülislamı
seçildi. Qafqaz Müsəlmanları
Ruhani İdarəsi adlandırılan idarəyə bina verilmədiyinə
görə Şeyx üçmərtəbəli evinin birinci
və ikinci mərtəbələrini ruhani idarəsinə
çevirdi.
lll
Qafqaz
Müsəlmanları İdarəsinin sədri,
şeyxülislam Hacı Allahşükür Paşazadə
Ağa Əlizadəni bu cür xarakterizə edir:
“1918-ci il
ilin dekabrında görkəmli din xadimi və ictimai xadim axund
Ağa Əlizadə Qafqaz Müsəlmanları İdarəsinin
sədri və Şeyxülislam təyin edildi. Qeyd
edim ki, Ağa Əlizadə Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti, akademik Akif Əlizadənin babasıdır.
Allah ona rəhmət eləsin. Ağa
Əlizadə həm Cümhuriyyət dövrünün, həm
də Sovet dönəminin ali dini rəhbəri
kimi müstəsna şəxsiyyətdir. Onun nüfuzu sahəsində
az vaxt içində ölkənin hər
yerində məktəblərin açılması, dini təhsil
ocaqlarının yaradılması, insanların dini
inanclarını azad həyata keçirməsi dinin əsas
qayəsini təşkil edirdi. Vaxtilə
çar Rusiyası tərəfindən hüquqları əlindən
alınan din adamları, müqəddəs ibadət yerləri,
o cümlədən, məscidlər siyahıya
alınmışdı. Həmin dövrdə
Bakının siyasi mərkəzə çevrilməsi
üçün demokratik qüvvələrin bir araya gəlməsində
Təzəpir məscidi xüsusi rol oynamışdı”.
lll
Qafqaz Müsəlmanlarının I Qurultayının təşkilində,
1917-ci ildə cəbhədə ruslara əsir düşən,
Nargin adasında dözülməz şəraitdə
saxlanılan türk əsgər və zabitlərinə
kömək göstərilməsində nüfuzlu din xadimi
kimi Ağa Əlizadənin müstəsna xidmətləri
olub. Məhz onun xalqa müraciətindən sonra insanlar Təzəpir
məscidinə gələrək türk əsgərlərinə
yardım toplamağa başlayıblar. Bir
həftə ərzində o qədər yardım toplanıb
ki, ərzaq, dərman və paltarları Nargin adasına
daşımaq üçün bir ay vaxt lazım olub. 1918-ci ildə ermənilərin Bakıda törətdiyi
soyqırımdan əziyyət çəkən insanlar Təzəpir
məscidinə pənah aparıblar. Həmin
ağır günlərdə Ağa Əlizadə
tanınmış din xadimi kimi insanlara mənəvi dayaq durur.
Bakı şəhərinin keçmiş rəisi
Ter-Mikaelyants məscidə pənah aparan günahsız əhaliyə
qarşı hər cür zorakılıq göstərmək,
Ağa Əlizadəni isə fiziki cəhətdən məhv
etmək barədə tapşırıq verir. Lakin erməni daşnaklarının bu planı həyata
keçmir.
lll
Azərbaycan
Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif
Əlizadə babasını belə xatırlayır:
“Babamın əqidəsi xalqına, dövlətinə xidmət etmək idi. Öz balalarını, öz nəvələrini də bu tərbiyə ilə böyüdərdi. Babamın bizim tərbiyəmizdə, dünya görüşümüzün formalaşmasında çox böyük rolu olub. Mən xoşbəxtəm ki, belə bir ailədə tərbiyə almışam. Şeyxülislam Ağa Əlizadə çox ciddi, həm özünə və həm də ailə üzvlərinə, oğullarına, nəvələrinə qarşı olduqca tələbkar bir insan idi. Baxmayaraq ki, o, özü dindar bir adam idi. Onun bütün varlığı, aldığı savad, təhsil demək olar ki, tamamilə ruhani təhsil idi. Bununla yanaşı, o, çox sadə və müdrik bir insan kimi balalarına, nəvələrinə həmişə həyati və bəşəri tövsiyələr verərdi. Şeyxülislamın çox qəribə nitqi var idi. Hamını sehrləyərdi, öz tilsiminə salardı. Bir dəfə də Təzəpir məscidinə getmişdik (bu, 1945-46-cı illər idi). Orada Ağanın moizəsi var idi. Deyəsən, məhərrəmlik günləri idi. Mən Təzəpir məscidinə toplaşmış adamların babamı necə hörmətlə və sevgi ilə qarşıladıqlarının şahidi oldum. 1954-cü ildə Ağa dünyasını dəyişdi. Mənim onda 20 yaşım var idi. O vaxt institutun IV kursunda oxuyurdum. Bir gün institutdan qayıdarkən fikir verdim ki, qapılar açıqdır. Və mənə dedilər ki, babam vəfat edib. Əlbəttə, bu bizim ailədə böyük faciə idi, böyük itki idi. Babam nəinki bizim üçün, həm də bütün xalq üçün müdrik insan, böyük ağsaqqal idi. Bütün dindarlar ona öz ağsaqqalları kimi baxırdılar. Yaxşı yadımdadır, onun dəfn mərasimi çox izdihamlı keçdi. Dekabr ayı idi, havalar çox soyuq keçirdi. Ağa dekabrın 15-də vəfat etsə də, dekabrın 19-da onu son mənzilə yola saldılar. O da yadımdadır ki, mərasim Təzəpirə çatanda dayandı. Məsciddə fatihələr verildi, Quran oxundu. Bunların hamısı mənim hafizəmdədir. Sonra isə cənazəni qaldırıb Bakının köhnə qəbiristanlığına yol aldılar və babam orda əbədiyyətə qovuşdu. Onu torpağa tapşıranda özümü saxlaya bilməyib hönkür-hönkür ağladım. Bu, babamla son görüşüm oldu”.
Akademik Vasim Məmmədəliyev də Şeyxülislam axund Ağa Əlizadəni mütərəqqi fikirli, dərin biliyə malik, ürfan sahibi olan bir din xadimi kimi xarakterizə edir. Və kiçik xatirəsini də bölüşür: “Mən o zaman uşaq idim. Axund Ağanın Kürdəxanıda, Bakı şəhərinin özündə bir neçə məclisdə etdiyi söhbətlərin şahidi olmuşdum. Onun gözəl məzmunlu və həddindən artıq yüksək natiqlik qabiliyyəti ilə söylədiyi söhbətlər indiyədək mənim yadımdadır. O, bir tərəfdən Şərq ölkələrində mükəmməl təhsil aldığına, digər tərəfdən, Bakıda gimnaziyanı bitirdiyinə görə dünyəvi elmləri çox gözəl bilirdi. Axund Ağa Avropa dillərindən də xəbərdar idi. Onun Moskvada rus dilində etdiyi tarixi çıxış o zaman dillər əzbəri olmuş, ölkədə, bütün Sovet İttifaqında böyük sensasiya doğurmuşdu”
lll
Və son... Bu da Akif Əlizadənin babası ilə bağlı xatirələrindəndir. Yəqin ki, bir yazının bundan yaxşı sonluğu olmaz: “Bir dəfə dərsdən qayıdanda kürkünü çiyninə atmış babamı çox qüssəli, kədərli-qəmli gördüm. Ömrünün qürub çağını yaşayan bu müdrik insanın qaş-qabağı fikirli payız göyləri kimi tutulmuşdu. Eynini açmaq, könlünü almaq istədim:
- Noolub, Ağa, niyə belə kədərlisən? Bəlkə çıxıb gəzəsən, teatra, kinoya gedəsən?!
Babam baxdı, baxdı... sonra dərindən bir ah çəkib dedi:
- Eh, ay oğul... bu pəncərədən ki, dünyaya baxıram, elə kinodur da”.
Mən
çox-çox sonralar, babamın ölümündən bir
az əvvəl pəncərədən bu dünyaya baxıb
dediyi o sözlərin mənasını başa
düşdüm.
Cavid ZEYNALLI
525-ci qəzet.-2018.- 28 iyul.- S.14.