Düşüncələr
1. Gülüstanda seçim
Təsəvvür edin ki, gülüstandasınız. Hər tərəf bir-birindən gözəl, bir-birindən ətirli, al-əlvan gül-çiçəklə doludur.
Təbiətin qənirsiz gözəlliyindən zövq aldığınız bu məkanda ətrindən məst olduğunuz gül-çiçəyin başgicəlləndirici cazibəsi sizi sizdən alır. Baxdıqca baxmaq istəyirsiniz. Gözləriniz gördüyü gözəlliyi bəbəklərinə həkk etməyə çalışır. Güllərin ətri sizi bihuş edir. Sanki möhtəşəm yarış meydanındasınız. Rənglərin, biçimlərin, ətirlərin rəqabətə çıxdığı meydanda. Zərifliyin meydan oxuduğu meydanda.
Gülüstanı tərk edəndə qapının ağzında sürprizlə qarşılaşırsınız. Bildirirlər ki, bəyəndiyiniz güllərdən birinin toxumunu sizə hədiyyə edəcəklər. Aparıb əkib-becərib zövq alasınız deyə. Amma yalnız bir gül seçə bilərsiniz...
O halda təbii ki, hər kəs öz zövqünə və ruhuna uyğun gül seçəcək. NƏ QƏDƏR GÖZƏL OLSALAR DA, gözəlliyinə valeh olduğunuz o gülüstanda HAMININ EYNİ GÜLÜ SEÇMƏSİ MÜMKÜN DEYİL. HEÇ BİR GÜLÜN-ÇİÇƏYİN HAMI TƏRƏFİNDƏN SEÇİLMƏK İMKANI YOXDUR.
Cəmiyyət də belədir. Bizə aşılanan dünyagörüş, əxlaqi dəyərlər, həyat vərdişləri, yaşam hikməti... eynilə gülüstandakı kimidir. Burda da hər kəs öz ruhuna, genlərinə, zövqünə və mühitinə uyğun seçim edir, hər kəs öz ürəyinə yatan həyat yolu seçir.
21 avqust 2015
2. İstək... Nədir?..
İSTƏK - hissdirmi, ağılın məhsuludurmu? Yoxsa təcrübənin bəhrəsidir? Nədən bəşər övladı varlığından xəbərsiz olduğu şeyləri istəmir? Tanımadığı, bilmədiyi, təsəvvürünə gətirmədiyi maddi və mənəvi sərvətlərə ehtiyac duymur? Bunun bir cavabı var: çünki o şeylər ağlımızın və şüurumuzun hüdudlarından (sərhədlərindən) tamam kənarda olduqları üçün, beyində həmin sərvətləri xatırladacaq və canlandıracaq heç bir işarət, siqnal olmadığı üçün bəşər övladı onu istəyə bilmir, istəmir, istəməyi ağlına gətirmir. Deməli, İSTƏK HİSSDƏN ÇOX, AĞLIN MƏHSULUDUR.
Bu məqamda postsovet məkanındakı xalqlar üçün xarakterik olan bir sosioloji bəlaya diqqət yetirək: bir dəfə yüksək vəzifədə olan şəxs heç vəchlə o postu əlindən vermək istəmir. (Ötən əsrin 80-ci illərində SSRİ rəhbərliyindəki yüksək mövqe sahiblərinin həyatdan köçənədək tutduqları postu tərk etmədikləri xatirimizdədir.) Ən qəribəsi də budur ki, həmin kateqoriyadan olan şəxslər dünyasını dəyişəndə doğmaları ölənin özündən çox kreslosunu, yəni vəzifə kürsüsünü ağlayırlar. Acınacaqlı haldır...
Bizim xalq deyir: “Tamarzıdan al, dadanmışa ver”. Yəni hər hansı neməti dadını bilməyənə qıyma, veribsənsə də ondan al, həmin nemətin dadını bilənə, ona dadana ver. Tamarzı olan qoy elə həsrət çəkə-çəkə qalsın.
Yüksək
mənsəblərin təkrar-təkrar eyni adamlara verilməsi
bəlkə elə bu yanaşmadan irəli gəlir?..
Amma bu da var ki, DAHA ÇOX İSTƏMƏK İŞTAHASI İNSANI SEVİNCDƏN MƏHRUM EDƏ BİLİR. İnsan əlində olan, malik olduğu şeylərlə kifayətlənərsə, onlardan düzgün istifadə etməklə şad-xürrəm yaşaya bilər.
7 yanvar 2012
Mənzərə SADIQOVA
Yazıçı-publisist,
filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.-2018.- 28 iyul.- S.8.