Qarabağ həqiqətləri: Cənubi Qafqazda tarixən erməni milləti mövcud olmayıb

 

"ERMƏNİLƏR KÖÇÜRÜLMƏ NƏTİCƏSİNDƏ 19 - 20-ci ƏSRLƏRDƏ REGİONDA ƏHALİ FAKTORUNA ÇEVRİLİBLƏR"

 

Dünən "Qarabağ Araşdırmalar Mərkəzi" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycanın aparıcı media orqanlarının nümayəndələri üçün təşkil etdiyi "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları təcavüzkarlıq siyasətinin mərhələləri" haqqında qısamüddətlı elmi maarifləndirmə təbliğat kurslarının ikinci mühazirə günü baş tutub.

 

İlk olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Azərbaycanın Tarixi Demoqrafiya şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Kərim Şükürov mühazirə oxuyub. Dinləyicilərə ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Cənubi Qafqazda demoqrafik vəziyyətin dəyişməsindən danışan K.Şükürov qeyd edib ki, bütün bunlar Rusiya hakimiyyətləri tərəfindən mərhələli formada məqsədli şəkildə həyata keçirilən siyasi addımlar idi: "Cənubi Qafqazda tarixən erməni milləti, Ermənistan adlı dövlət mövcud olub. Bu, tarixi faktlarla sübut olunub".

 

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Tarix" kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları DQMV-nin yaradılması onun nəticələri (1918-1923)" mövzusunda mühazirə oxuyub.

 

F.Əhmədova bildirib ki, ermənilərin Cənubi Qafqaza kütləvi köçürlüməsi nəticəsində düşmənlərimiz 19-20-ci əsrlərdə regionda əhali faktoruna çevriliblər: "Əgər ermənilərin bu köçü həyata keçirilməsəydi, bu gün bizim üz-üzə dayandığımız ərazi problemləri mövcud olmaya bilərdi. Təbii ki, tarixə geri qayıtmaq mümkün olmadığı kimi, şərtilik anlayışı ilə danışmaq düzgün deyil. Ancaq fakt faktlığında qalır. Çünki məhz bu köçürülmə siyasətinin nəticəsində ermənilər Cənubi Qafqazda əhali ola bildilər. Yəni, bu elə bir faktor idi ki, inzibati ərazi bölgüsü zamanı Cənubi Qafqazda respublikalar elan edilərkən, sərhədlər müəyyənləşdirilərkən bu amili nəzərə almamaq mümkün deyildi. O baxımdan, bu, çox ciddi bir məsələdir. Çünki Çar Rusiyası dövründə siyasi-inzibati ərazi vahidinə nail ola bilmədilər. Halbuki onlar Rusiya vasitəsilə köçürülərkən bunun əvəzində dövlət qurumuna sahib olmaq istəyirdilər. Ermənilərin köçürülmə siyasətində şirnikləndirici amillərdən biri bu idi".

 

Ermənilərin Cənubi Qafqazda siyasi-inzibati əraziyə sahib olmaq üçün terror aktlarına da əl atmaqdan çəkinmədiklərini deyən F.Əhmədova "Daşnaksütyun", "Hınçak" kimi erməni təşkilatlarının nizamnaməsində məqsədə nail olmaq üçün silahlı dəstələr yaratmaq, terror hücumu həyata keçirmək kimi müddəalar öz əksini tapmışdı. Təsadüfi deyil ki, azərbaycanlılara qarşı kütləvi qırğınlar, dəhşətli soyqırım aktları həyata keçirən ermənilər öz məqsədlərinə nail olmaq üçün onlara qarşı hər hansı addım atan rus məmurları da qətlə yetirməkdən çəkinməyiblər".

 

Bu il 1917-ci ilin fevral inqilabının 100 illiyinin Azərbaycanda diqqətdən kənarda qaldığını deyən F.Əhmədova bildirib ki, bu hadisə ölkəmizin müstəqilliyə gedən yolunda mühüm əhəmiyyət kəsb edib: "Bunun nəticəsidir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1919-cu ildə fevral inqilabının ikinci ildönümünü yüksək təntənə ilə qeyd edib. Lakin günümüzdə bu hadisə unudulub. Cümhuriyyət dövründə Məhəmməd Əmin Rəsulzadə qeyd edib ki,  1917-ci ilin fevralında baş verən Rusiya inqilabı bizə müstəqil olmaq üçün tarixi fürsət verdi. Nəticə etibarilə həmin dövrün müdrik, uzaqgörən Azərbaycan ziyalıları həmin tarixi fürsətdən məharətlə istifadə edərək Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoydular.

 

Qeyd edək ki, iyunun 13-dən 19-dək keçiriləcək kurslarda növbəti günlərdə "Azərbaycanlıların soyqırımı (1918-1920-ci illər)"; "Sovet dövründə Ermənistanın Azərbaycana ərazi iddiaları və azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin nəticələri (1945-1985)"; "XX əsrin 80-ci illərinin sonunda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzünün nəticələri (1988-1993)"; "Millətlərin öz müqəddəratını təyin etmə və ərazi bütövlüyü prinsipləri: Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və beynəlxalq hüquq kontekstində", "Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti. Xocalı soyqırımı" və "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində Azərbaycanın dövlət siyasəti" mövzularda proqram üzrə mühazirələri Azərbaycanda bu sahədə tanınmış alimlər və mütəxəssislər oxuyacaqlar.

 

Kursların sonunda dinləyicilərə müvafiq sertifikatlar təqdim ediləcək.

 

Ceyhun ABASOV

 

525-ci qəzet 2017.- 15 iyun.- S.1.