Məhəmməd Əmin Rəsulzadənin məqalələrində Yaponiya mövzusu

 

XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın müxtəlif mətbuat orqanlarında yazıçı və jurnalistlər məqalə və felyetonlarında Yaponiyaya dair mövzulara müraciət edirdilər.

 

Bu baxımdan Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin yaradıcılığı xüsusilə diqqəti cəlb edir.  M.Ə.Rəsulzadənin 1903-1920-ci illərdə "Hümmət", "Dəvət", "İrşad", "Təkamül", "Yoldaş", "Tərəqqi", "İqbal", "İrani-nov", "Yeni iqbal", "Açıq söz" kimi dövri mətbuat orqanlarında yayımlanmış çoxsaylı məqalələrində Yaponiya mövzusu da öz aktuallığı ilə seçilir.

 

Uzun illər Avropanın müstəmləkə siyasətinə məruz qalan Şərq xalqları XX əsrin əvvəllərindən etibarən yeniləşmə dövrünə daxil olmuşdur. M.Ə.Rəsulzadə "Parlament nə vəziyyətdə açılır?" məqaləsində Avropanın Şərqdəki hərc-mərcliyi, insanların hüquqlarının tapdalanması, Rusiyanın da bu qəbildən bir dövlət olmasından bəhs etmişdir. Avropa dövlətləri bütün bu rəhmsiz rəftarı ilə yanaşı, əsarətdə saxladığı xalqlara tərəqqipərvərlik, hürriyyətpərəstlik, azadlıq, oyanış kimi hisslər də gətirmişdir. Sözügedən məqalədə Yaponiya Şərqdə yenilik və təkamülün yarandığı ilk ölkə olaraq diqqətə çatdırılır. Avropa və Rusiyanın müstəmləkəçilik siyasətinin davam etdiyi bir dövrdə yaponların ruslar üzərində qələbəsi Asiya və Afrikada insanların öz varlıqlarını dərk edib hərəkətə gəlmələrinə səbəb olmuşdur: "Şərqdə yenilik və təkamülün ilk yarandığı yer Yaponiya olmuşdur. Şərqin ucqarlarında okeanın ortasında hər yerdən kənar və əsrlərlə adı bilinməmiş qalan bu ölkə öz misilsiz fütuhatları ilə son illərdə Şərqdə insanların oyandığını və mədəniyyətin yüksəldiyini avropalılara sübut etdi.

 

Yaponların ruslar üzərində qələbəsi Asiya və Afrikada ümumi bir hərəkata bais oldu. Əgər səthi bir nəzər salsaq   bu hərəkat tədqiq edilsə, məlum olar ki, bu, bir tərəfdən daxili feodalizmin əleyhinə, o biri tərəfdən xarici təzyiqlər və əcnəbi kapitalistlərin əleyhinə idi".

 

1904-cü il 9 fevral tarixində Yaponiya ilə Rusiya arasında Koreya və Mancuriyaya nəzarət etmək uğrunda "Rus-yapon müharibəsi" başlanmışdır. Yaponiya 250 ilə yaxın müddətdə dünyadan təcrid olunma siyasətini həyata keçirmiş və nəhayət, Meyci reforması ilə 1868-ci ildə qapılarını dünyaya açmışdır. XX əsrin əvvəllərində Rusiyanın Uzaq Şərqdəki maraqları Meyci inqilabından sonra sürətli inkişafa nail olan Yaponiyanın maraqları ilə kəsişməyə başlamışdır. Bu müharibə bir çox cəhətləri ilə əlamətdar olmuşdur. Müasiri olduğu dövrdə ilk dəfə olaraq Asiya dövləti Avropa ölkəsini məğlubiyyətə uğratmışdır.

 

M.Ə.Rəsulzadə "Yapon və rus" adlı məqaləsində 1910-cu ildə yenidən rus-yapon müharibəsinin başlanma ehtimalı və hansı nəticələr doğuracağının şərhini vermişdir. 1910-cu il 13 yanvar tarixində Röyter teleqraf agentliyi rus-yapon münasibətləri barədə bir çox ehtimallar irəli sürən xəbər çap etmişdir. M.Ə.Rəsulzadə yalanla doğrunun bir-birinə qarışdığı xəbərə münasibət bildirərək yazırdı: "Biz izləyirik ki, görəsən, mövcud beynəlxalq vəziyyəti yaxşı bilən Rusiya və Avropa qəzetləri nə deyəcəklər, nə təsəvvürlər irəli sürəcəklər?.. Fəqət bunu bilmək lazımdır ki, bir adamın rus-yapon məsələsi haqqında sözlərinə görə işdən çıxarılması, günahın ağır-yüngül və ya bərabər olub-olmaması tarazlaşdırılmış bir tərəzidən asılıdır. Farslarda bir məsəl var, deyərlər: "Od olmayan yerdən tüstü çıxmaz". Yaponiyanın ciddi hazırlıqlar içərisində olduğu müxtəlif xəbərlər vasitəsilə müəyyən olunmuşdur. Yaponiya və Rusiyanı növbəti bir müharibəyə aparan məsələ isə yenə də Uzaq Şərqdəki Mancuriya çölləri idi. Bu məsələdə münaqişəyə səbəb iki dövlət arasında Uzaq Şərqin dəmiryolu problemi idi. M.Ə.Rəsulzadə sözügedən məqaləsində rusların yaponların tələblərinə güzəştə gedəcəklərini, yeni bir müharibə odu alovlandırmayacaqlarını güman edirdi. Lakin sonda qeyd etmişdir ki, hər şeyin düşündüklərimizin əksinə baş verəcəyini gerçəkləşdirən başqa bir ehtimal da mümkündür: "Yəni ola bilər ki, zəmanəmizə xas olan tarixi fövqəladə inqilablar nəticəsində böyük bir qırğının şahidi olaq! Görək sabah nə deyəcək!"

 

I Dünya müharibəsi ərəfəsində 23 avqust 1914-cü ildə Yaponiya Almaniyaya qarşı müharibə elan etmişdir. Yaponiya ordusu Almaniyanın Asiyadakı koloniyalarını zəbt etməyə başlamış və nəticədə Yaponiya Almaniyanın tabeçiliyində olan Çindonu əldə etmiş, həmçinin, Sakit okeandakı Almaniya müstəmləkələri Yaponiyanın himayəsinə keçmişdir. Məhəmməd Əmin Rəsulzadə "Çindonun alınması" adlı məqaləsində Yaponiyanın almanlar üzərindəki qələbəsini qələmə almışdır. Çindo qalası Almaniyanın Uzaq Şərqdəki müstəmləkəsi olan Çiyaçau ilə oradakı ticarət, iqtisadiyyat siyasətinin qərargahını təşkil edirdi. Ən istehkam qalaların iki-üç həftə ərzində alındığı bir zamanda yeddi min mühafizəkarı olan Çindo qalası üç aya yaxın müddət ərzində Yaponiya kimi cəsarət və məharəti ilə məşhur bir orduya müqavimət göstərə bilmişdir. Üç aya yaxın bir mühasirədən sonra azuqəsizlikdən Çindo qalası təslim olmuşdur: "Çindo hər nə qədər mətanət ibraz etsə də, nəhayət, taleyin sövqi ilə öz bürcləri üzərində müzəffər Yaponiya bayraqlarının yellənməsini görməyə razı olmaqdan başqa bir çarə qalmadığına qənaət yetirdi. Azuqəsizlikdən özünü təslim etdi".

 

Çindo qalasının təslim olması ilə Almaniyanın Sakit okeandakı "Emeden" və "Ginsburq" kreyserləri də zərərsiz hala gətirilmiş, okeanda düşmənin ticarətinə qarşı böyük bir əngəl törədən vasitələri əlindən çıxmışdır. Bu qələbə ilə Yaponiyanın məşğuliyyət və məsrəfləri azalmış, ingilislərlə olan ittifaqa əsasən, Hindistanda və İranda baş verəcək üsyanların yatırılması Yaponiyanın öhdəliyinə verilmişdir. Çindonun süqutu ilə bağlı xəbərlərdə Yaponiyanın İngiltərənin Asiyadakı bütün müstəmləkələrinə nəzarət etdiyi aydın olurdu: "Bu kərə Çindonun süqutu münasibətilə qəzetlərdə görülən xəbərlərə nəzərən dəxi Yaponiyanın bu kimi mövqelərdə yalnız Hindistan deyil, İngiltərənin Asiyadakı bütün müstəmləkələrini sükun və istiqlalını müdafiə etməklə müttəhid olduğu anlaşılır". Yaponların Çindo qalasındakı qələbəsinə fərqli bir prizmadan yanaşan M.Ə.Rəsulzadə yazırdı: "Çindonun yapon əlinə keçməsi başqa bir nöqteyi-nəzərindən dəxi mütaliə oluna bilər: Amerika nöqteyi-nəzərdən: məlum olduğu üzrə Amerika ilə Yaponiya arasında bir rəqabət vardır. Almanların Çində icrai-nüfuz elədiklərini (özlərinin mühüm bir ticarət rəqibi olduqları üçün) amerikalılar sevməsələr də, hər halda daha qorxunc bir rəqiblərinin (yəni Yaponiya) dəxi oraya sahib olmasını arzu etməzlər". Lakin Çindo qalasının alınması ilə artıq Almaniyanın müstəmləkəsi olan Çiyaçau torpaqları yaponların əlinə keçmişdir. Müəllif maddilikləri ilə məşhur olan yaponların böyük məsrəf və səylə əldə etdiklərinin bu cür kəramətə heç də məzhər olmayacaqları qənaətində idi.

 

M.Ə.Rəsulzadənin Yaponiya mövzusuna xüsusi diqqət çəkdiyi məqalələrindən biri "Yaponiya məsələsi"dir. Müəllif "məsələ" anlayışının kiçik və zəif dövlət və millətləri ifadə etmək üçün işləndiyi halda, bu məqalədə "Yaponiya məsələsi" ünvanının tam başqa bir mənaya malik olduğunu ifadə edirdi: "Hali-hərbidə olan Avropa millətləri üçün Yaponiya məsələsi bu gün olduqca ciddi bir məsələ şəklini almaqdadır. Bittəbii avropalılar bu məsələni həll edəcək degildirlər. Biləks Yaponiyanın əli ilə həll olunacaq Avropa məsələsi vardır". Çindonu aldıqdan sonra artıq bu müharibədən tələb etdiyi hissəni almış şəkildə davranan Yaponiya Avropa məsələlərinə qarışmağın leyhinə olmadığı kimi avropalılar da mümkün olduqca bu müavinətdən istifadə etməmək tərəfdarı idilər. Lakin müharibədən ən çox yara almış olan Belçika höküməti məmləkətlərini düşmən tapdağından xilas etmək məqsədilə yaponların Avropaya ordu çıxarmaları üçün çox çalışırdılar: "Paytaxt qəzetələrinin aldığı son teleqraflara nəzərən Belçika hökuməti öz ərazisini düşməndən təmizləmək üçün mütləqa yapon ordusunun Avropaya gəlməsinə lüzum görüyor və nəzərini İngiltərə və Fransa siyasilərinə izhar eləmişdir". Bəzi xəbərlər Yaponiya hökumətinin Avropaya qoşun göndərməsinə şübhə etmədiklərini yazsa da, başqaları Yaponiyanın Uzaq Şərqdən Qərbə qədər gələcəyini və buradakı müharibəyə qəti bir təsir göstərəcəyini möcüzə adlandırırdı. M.Ə.Rəsulzadə isə bu məsələyə müxtəlif yanaşmaları təhlil edərək yazırdı: "Fəqət hər nə qədər fövqəladə təzahürlər müqabilində qalmış olsaq da, möcüzə kibi nəzər gələn şeylərin zühurunda belə maddi bir saiq görməmək qabil degildir. Hələ yaponlar kibi maddi düşünən bir millət heç də "N.V."nin düşündigi kibi şeir və həmasət naminə qan axıdamazlar. Mikado hökuməti Avropaya qoşun göndərməyi qərara aldığı zaman hərəkət ordusuna "yürü!" əmrini verməzdən əvvəl şübhəsiz ki, bu əmrin bahasını təmin edən övraq və vəsaiti əldə etmək istəyəcəkdir.

 

Əlbəttə, etilafi-müsəlləs dövlətləri düşmənlərin hesabına olan Əqsayi-Şərq sularında Yaponiyaya nə istərsə verə bilər və bu xüsusda onu təmin edə bilərlər. Fəqət ittifaqi-müsəlləs hesabına alınacaq şeyləri Yaponiya Avropa səfərinə çıxmadan da hasil eləmişdir".

 

Amerika, Yaponiya və Avropa kimi iri sənaye və ticarət dövlətləri öz mallarına bazar axtarmaq məqsədilə müxtəlif cəhdlər göstərirdi. Çin, Hind-Çin, Siam, Avstraliya, Şimali, Mərkəzi və Cənubi Amerika kimi həsəd aparılacaq bazarlar isə dünya rəqabətinə meydan olurdular. Panama kanalı qazıldıqdan sonra Amerika Avropa qarşısında böyük bir müvəffəqiyyət qazanmış olsa da, Yaponiya çox güclü bir rəqib olaraq qalmaqda idi. Yaponların Çindodakı hakimiyyəti ilə heç cür barışmayan Amerika Yaponiyaya təzyiqlərini davam etdirməkdə idi. Amerikanın nüfuz və təzyiqləri ilə Çindonu öz məmləkətlərinə qata bilməyən Yaponiya dövləti zahirən də olsa, Çindonun Çinə qaytarılacağını bəyan etmək məcburiyyətində qalmışdır. Yaponiyanın başı üzərində Amerika kimi bir məsələ olduğu halda, təbii olaraq Avropaya qoşun göndərmək məsələsi ikinci dərəcədə qalırdı. "İmdiki siyasətlərdə əsl təşkil edən iqtisadi və siyasi mənfəətlər nöqteyi-nəzərindən düşünüldikdə Yaponiyanın Avropaya əsgər göndərməsi yuxarıdakı mülahizələrə görə nəzərə bəsid gəliyor. Nikbinlərin düşündüğü külli bir möcüzə gəlib də xaruqə törədirsə, o başqa".

 

1915-ci aprel ayının 26-da dünya tarixində böyük bir hadisə baş vermişdir. Çin höküməti Yaponiya tərəfindən verilən bütün tələbləri qəbul etmişdir. Yaponiyanın bu möhtəşəm qələbəsi Almaniya hökuməti ilə bərabər, müttəfiqləri olan rus və ingilis dövlətlərini də narahat etmişdir. M.Ə.Rəsulzadə "Yaponiyanın qələbəsi" adlı məqaləsində bu möhtəşəm hadisəni şərh edərək ardıcıl qələbələrinə görə gündoğan ölkəni "xoşbəxt Yaponiya" adlandırmışdır: "Bu, yalnız xoşbəxt Yaponiyadır ki, 25 ilin ərzidə biri digəri ardından vaqe olan üç müvəffəqiyyətli müharibə (Yaponiya-Çin, Yaponiya-rus və Yaponiya-alman) nəticəsində istədiği yerlərin işini bitirib, imdi də asimanə əl atmışdır".

 

M.Ə.Rəsulzadənin "Ədalətxanə" məclisinin tərtibi xüsusunda sadir olan dəsti-xətti-hümayunun surəti", "Çin müsəlmanları", "İranda bomba" kimi məqalələrində də Yaponiyanı yüksək tərəqqinin mərkəzi şəklində göstərilmişdir.

 

Göründüyü kimi, Məhəmməd Əmin Rəsulzadə yaradıcılığında Yaponiya mövzusu geniş şəkildə öz əksini tapmışdır. M.Ə.Rəsulzadənin yaradıcılığında Yaponiya ilə bağlı bir çox məqamlara nəzər salındıqda, görkəmli ədib və ictimai-siyasi xadimin görüşlərində gündoğan ölkənin yüksək mövqedə dayandığı müşahidə olunur.

 

Gülnar YUNUSOVA

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Asiya ədəbi əlaqələri" şöbəsinin elmi işçisi

 

525-ci qəzet 2018.- 1 iyun.- S.6.