Vaqif... Və Yusifli
Nizami CƏFƏROV
Vaqif
Yusiflinin tənqidi məqalələrini oxuyub ədəbiyyata
kifayət qədər dərindən bələdliyini, analitik
mühakimələrini və bu bələdliklə analitizmin
səmimi iddialılığını hiss edəndə
(söhbət keçən əsrin 80-ci illərindən gedir) görməzə-bilməzə
düşünürdüm ki, boylubuxunlu, enlikürək, səsi gələndə göydəkilər qanad salan, yerdəkilər
dırnaq tökən bir adamdır...
Əslində,
indi də Vaqif
gözümə elə görünür... Ancaq
ilk dəfə "Ədəbiyyat qəzeti"
redaksiyasında görüşüb tanış olanda
vücuduna baxıb düşünmüşdüm ki, tənqid
etdiyi şairlər, nasirlər, dramaturqlar, hətta az-çox hövsələli
tənqidçilərdən biri bir gün bu dikbaşın,
qabağından yeməyənin dərsini verəcək... O vaxtdan illər
keçib, hələ ki Vaqifə "gözün üstə
qaşın var" deyən olmayıb, deyiblərsə də, ürəklərində
deyiblər... Niyə? Ona görə ki,
Vaqif Yusifli ədəbiyyata yalnız özünəməxsus
iddia ilə yox, həm də hamının meyar
saydığı vicdanla xidmət
edib. Və edir... Böyük ədəbiyyatın
mövqeyində dayanıb.
Və dayanmaqda davam edir...
Vaqif - bilən, məlumatlı olan, dərk edən,
anlayan; Yusif isə gözəl deməkdir. Təsadüfi deyil ki, Səməd
Vurğun bir oğluna Yusif, o birinə Vaqif adı verib... Vaqif Yusiflinin rəhmətlik
valideynləri dahi şair-mütəfəkkirdən də tədbirli tərpəniblər...
Əsas məsələ isə odur ki, taleyin bütün
obyektiv və subyektiv maneələrinə baxmayaraq, Vaqif Yusifli
həm adının,
həm də soyadının ideya-estetik mistikasını
doğrulda bilib. Və bu gün də doğruldur...
Nə qədər qəribə olsa da, Vaqif Yusiflinin ən
çox sevdiyi, şeirlərini saatlarla əzbər deyə
bildiyi şair Vaqif yox, Füzulidir. Və mən dəfələrlə
şahidi olmuşam ki, Vaqif Füzulidən deyəndə
nə qədər qürurlu, əzəmətli,
möhtəşəm (və idrakı dərin, ruhlu, coşqun...) görünür. Hər
sözün məzmununu, hər ifadənin
intonasiyasını yenidən, yeni "məxrəc"də
(və "surət"də) kəşf edə-edə huşyar dinləyiciləri mütəvaze
bir israrla başa salır ki, ədəbiyyat nədir. Və dərhal
hiss edilir ki, bu, onun peşəkar tənqidçi fəaliyyətinin
(və məharətinin) davamı, stilizasiyası,
"metamarfozu"dur.
Vaqif
Yusiflinin yüzlərlə ədəbi-tənqidi məqaləsinin
hər halda yüzə qədərini müxtəlif illərdə oxumuşam. Etiraf etməliyəm ki, əlimə qələm
alıb ədəbiyyat barədə söz deməyimdə
onun mənə həmişə bu və ya digər dərəcədə
təsiri olub. Və bu gün də var...
Bu təsirlərdən
üçü
xüsusilə mühümdür...
Birincisi
odur ki, Vaqif üçün ədəbiyyat bir eşq məsələsidir...
Məndən,
Füzuli, istəmə əşari-mədhü zəmm,
Mən aşiqəm, həmişə sözüm
aşiqanədir.
İkincisi
odur ki, Vaqif bu eşqin yolunda hər cür məhrumiyyətləri
qəbul edən, hər cür məşəqqətlərə
qatlaşan, hər cür əzab-əziyyəti özünə nəinki rəva
görən, həm də ondan zövq (və qürur)
duyandır...
Etmərəm
tərki-təriqi-eşq kim,
Bu fəzilət daxili-əhli-kəmal eylər məni.
Və nəhayət,
üçüncüsü odur ki, Vaqifin bu eşqi (və
eşq yolundakı
əzabları) hədər getmir...
Kuhikən
künd eyləmiş min tişəni bir dağ ilən,
Mən qoparıb atmışam min dağı bir
dırnağ ilən.
Vaqif
Yusifli (o zaman hələ Vaqif Əziz oğlu Yusifov idi)
yetmiş il bundan əvvəl Masallı
rayonunun Ərkivan kəndində dünyaya gəlib. O
Ərkivanda ki, Vaqifdən on il sonra doğulmuş şair həmyerlisi onu belə
tərənnüm edir:
Bizə gəl-gəl
deyir Talış dağları,
Qoynuna gedəkmi bir payız çağı?
Orda bərkiyibdi
dizimiz axı,
Bir cənnətsən hər duyana, Ərkivan.
Ayrılığın
zəhərdən də acıdı,
Məni
görən bu halıma acıdı.
Adın səni
sevənlərin tacıdı,
Yön
tutsa da hansı yana, Ərkivan.
Sən
qaldırdın oğulları ayağa,
Haray düşdü hər qayaya, hər dağa.
Səndən
ayrı ömrü neynir Gülağa,
Anama da oldun ana, Ərkivan.
Vaqif
Yusifli bugünkü ədəbiyyaşünaslar nəslinin
görkəmli nümayəndələrindən əksəriyyəti kimi ali təhsilini
Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin filologiya
fakültəsində (1967-1972) çox böyük ustadlardan
alıb. Və Masallıya qayıdaraq bir neçə il Ərkivan kənd orta məktəbində
müəllim işləyib. Azərbaycan EA Nizami adına
Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil
almış (1975-1978), "Müasir Azərbaycan nəsrində konflikt və xarakter"
mövzusunda namizədlik dissertasiyası müdafi etmiş və
bundan sonra iyirmi ilə qədər ən mötəbər ədəbi
orqanlarımızdan birinin - "Azərbaycan" jurnalının
tənqid və ədəbiyyatşünaslıq şöbəsinə
rəhbərlik eləmişdir.
Yetmişinci illərin sonu 80-ci illərin əvvəllərindən
başlayaraq Vaqif Yusifli ədəbi prosesə hansı enerji ilə
daxil oldusa, bu gün də həmin tempi qoruyub saxlamaqda, bu illər ərzində
qazandığı nüfuza uyub yaradıcılıq sürətini
bir an belə ləngitməməkdədir...
Doğrudur,
ilk monoqrafik tədqiqatı nəsrdən olub və bu sahəyə
aid kifayət qədər nüfuzlu, heç vaxt dəyərini itirməyəcək
mülahizələri də az deyil, ancaq onun tənqidçi-ədəbiyyatşünas
imicini əsas etibarilə poeziyadan yazdıqları müəyyənləşdirir
desək, yəqin ki, səhv eləmərik.
Hələ
neçə illər bundan əvvəl Rüstəm Kamal
tamamilə doğru demişdi:
"Onun yaradıcılığının əsas qəhrəmanı
Azərbaycan şairidir.
... Vaqifin işi-gücü şairlərlədir.
Füzuliyə, Kişvəriyə, Nəbatiyə
könül yanğısıyla vurulmuş bu ədəbiyyat
kişisinin cavan şairlərin şıltaqlıqlarına,
cığallıqlarına qarşı sufiyanə nəzakəti
təəccüb doğurmamalıdır. Klassik
poeziya əxlaqı və sevgisi onun tənqidçi portretini
tamamlayır".
Vaqif Yusiflinin "Poeziyanın yolları və illəri
(1960-2000- ci illər)" monoqrafiyası (2009) XX əsrin ikinci
yarısı Azərbaycan poeziyasının tarixi mənzərəsini
əsas ideya-estetik təmayülləri ilə öyrənilməsi
sahəsində son dövrün dəyərli əsərlərindən
biridir. Və
bu dəyərliliyi müəyyən edən birinci amil
araşdırılan dövrə
Azərbaycan poeziyası tarixinin ümumi kontekstində
baxılmasıdırsa, ikinci (və
ondan da az əhəmiyyətli olmayan) cəhət poetik yaradıcılıq
texnologiyalarının həm məzmun, həm də forma
etibarilə bütün mövcud aspektlərinə analitik
idrak prinsiplərilə yanaşılması, xüsusilə
"ənənə və novatorluq" kriteriyası
prizmasından qiymət verilməsidir:
"Ənənə ilə novatorluq həmişə, ədəbi
inkişafın bütün mərhələlərində
qarşılıqlı, dialektik şəkildə əlaqəlidirlər. Onların birini digərindən təcrid
etmək mümkün deyildir və bu əlaqə olmadan
inkişaf mümkün deyil.
...
Poeziyanın son yüz ili məhz bu iki
prosesin arasıkəsilməz hərəkəti ilə
müşayiət olunmuşdur. Xüsusilə, keçən əsrin
ikinci yarısından başlayaraq poeziyada yaranan bir sıra
keyfiyyət dəyişiklikləri, yeni meyl və
tendensiyaların yaranması, bir sıra yaşarı ənənələrin
isə hələ də davam etməsi, bəzilərinin isə
artıq sıradan çıxması, eyni zamanda, bunların
qarşılıqlı şəkildə bir-birilə çulğaşması
ədəbi prosesə bir canlılıq və dinamika gətirmişdir".
Monoqrafiyada
müəllifin ədəbi hadisələrə dərindən
bələdliyi, güclü prosesuallıq duyumu, üslubi
meyillərin fərqləndirilməsi həssaslığı
ilə yanaşı, fəlsəfi-metodoloji ümumiləşdirmə istedadı da özünü
az qala hər məqamda (və bütövlükdə əsərin ruhunda) aydın
göstərir.
Heç
bir şübhə yoxdur ki, Vaqif Yusifli mütəfəkkir tənqidçi-ədəbiyyatşünasdır...
Və həmin mütəfəkkirlik ilk növbədə
"Poeziyanın yolları və illəri"nin strukturunda
ifadə olunur: köklər... qaynaqlar... yeni ruh, yeni nəfəs;
ənənə və novatorluq problemi ədəbi tənqiddə;
yeni poetik mərhələnin başlanğıcı; XX əsr
Azərbaycan poeziyasının "qızıl"
dövrü; hər şairin öz dünyası; poeziyada ənənəvi
mövzulara yeni baxış; klassik bədii formaların yeni həyatı; Azərbaycan sərbəst
şeiri; müstəqillik dövrünün poeziyası; şeirdə ənənə
və novatorluğun yeni meyl və tendensiyalarda təzahürü...
Problemlərin
seçim və ya
qoyuluşu, eləcə də həmin problemlərin
təfərrüatı ilə tədqiqi kifayət qədər
mükəmməl məntiqi
modelə əsaslanır: ənənə+ novatorluq+
yaradıcı şəxsiyyət və ya poetik üslub.
Və bir
də öz sürprizlərilə həmin modeli "dinamikləşdirən"
əlahəzrət Zaman!..
"İctimai
həyatla, zamanla, tarixi tərəqqi ilə poeziyanın
inkişafı arasında yaranan həmahəngliyi,
harmoniyanı da unutmaq olmaz... Poeziya ilə Zaman
arasındakı bu qarşılıqlı münasibəti bəzən
birmənalı şəkildə ikincinin birinci üzərində
"hökmranlığı" kimi anlayanlar az deyil və
burada, əlbəttə, həqiqət olduğunu danmaq olmaz... Amma elə əsərlər
də yaranmışdır ki, həmin əsərlər
üçün Zaman və Dövr anlayışı
olmamışdır. Əgər belə demək mümkünsə,
onlar bir zamanın, dövrün çərçivəsinə
sığmamış, öz ədəbi zamanında tarixi
Zamanı yaşatmışdır".
Mütəfəkkir
tənqidçi-ədəbiyyatşünas "Poeziya və
Zaman" kitabında (2012) həmin mövzuya sistemli şəkildə
bir də qayıdır. Ancaq bu dəfə daha çox ədəbi
portretlərlə...
Yeri gəlmişkən
deyək ki, Vaqif Yusiflinin ədəbi-tənqidi "rəssamlığ"ının
janr rəngarəngliyi, bu istiqamətdəki axtarışlarının intensivliyi (və məhsuldarlığı)
həmişə diqqəti
çəkib, hər zaman maraq doğurub. Çünki o, bizim bir sıra tənqidçilərdən
fərqli olaraq nə deyəcəyi ilə yanaşı, necə
deyəcəyinə də məsuliyyətlə
yanaşır. Və bunu peşəkarlıqla edir... Vaqif
Yusifli qələmi "ədəbi
mənzərə" ilə "ədəbi portret" arasında
hansı janrları təsəvvür eləmək
mümkünsə hamısında qələm çalıb,
ancaq fikrimizcə, hər iki qütbdə - "ədəbi mənzərə"
və "ədəbi portret"də daha mahirdir. Və
görünür, bunun da əsas səbəbi odur ki, onun
"mənzərə"lərində ayrı-ayrı
"portret"lər aydın
seçildiyi kimi "portret"lərinin də fonunda
müfəssəl "mənzərə"lər
dayanır...
"Bu gün yüzlərlə şairlər içində
Ramiz Rövşən öz şair taleyilə seçilir.
Şair var ki, siyasət meydanına qaçır,
taleyini və xoşbəxtliyini istiqlal savaşında
arayır. Bu savaş başa çatandan sonra şairliyindən
ona heç nə qalmır.
Şair var ki, öz ilhamını zamanın tez-tez dəyişən
küləklərinə qoşur. Onun üçün fərqi
yoxdur, sərbəst vəzndə də mədhiyyələr
yaza bilər.
Şair
var ki, quruca nəfəsi qalıb, amma ötən illərdə
yazdığı şeirlərin hesabına bu gün də alqış
qopara bilir. Poeziya, şeir irəliləyir, bu
şair isə dünənin şairi olduğunu hələ də
etiraf etmək istəmir.
... Yalnız poeziyaya bağlı şairlər var ki,
onlar üçün şeir "bir göz qırpımı
ilə əbədiyyət arasındakı görünməz
sərhəd" (K.Vəliyev) olur. Şeirdən və bu şeirin
içindəki saf havadan başqa heç nəyin xiffətini
çəkməyən şairlər get-gedə azalır. Və
bu azalan şairlərdən biri də Ramiz Rövşəndir".
Vaqifin ədəbi
portretlərinin, adətən, ümumi başlığı
olur: Bu filankəsdir... Yaxud: Bu da filankəs... Lakin bu cür
ümumiləşdirmənin arxasında hansısa ədəbi
şəxsiyyətin olduqca konkret, səciyyəvi, özünəməxsus
obrazı canlandırılır... Bir çox hallarda isə
başlıq improvizatorluğu edir: "Əli Kərim:
"Axtarış lazımdır, axtarış!";
"İsa İsmayılzadə: "Bu dünyaya bir də
qayıtmağım var"; "Ələkbər Salahzadə:
"Ağ bir zanbaq kimi açıldı səhər"...
"Uzaqdakı işıq (Vaqif Bəhmənli); Yol...
ağac... yaşıl göz yaşları və sel
ağzında söz göyərdən şair (Ramiz
Qusarçaylı); ayrılıq (Akif Səməd)...
"Akşin"; "Narıngül", "Ayselin
şeirləri"... Və "Bu yazını Fərhad Meteyə
həsr edirəm"...
Vaqifin icmallarının keyfiyyətinə, dəyərinə
söz yoxdur.
Məsələn, uzağa getməyib "Azərbaycan"
jurnalının builki üçüncü nömrəsində getmiş "Poeziya...Poeziya..."
məqaləsini nəzərdən keçirsək görərik
ki, müəllifin 2017-ci ilin poeziya təsərrüfatına
baxış (və görüş) dairəsi nə qədər
miqyaslı, həssas və sistemlidir.
Əvvəl
statistikadan və ya kəmiyyətdən başlayır...
"Azərbaycan"
jurnalı il ərzində 73 şairin şeirlərini
çap edib, orta hesabla hər şeir 20 misradırsa, bu 14000
misra şeir deməkdir. "Ulduz" jurnalında bir il ərzində
96 müəllifin şeirləri işıq üzü
görüb, əksəriyyəti cavan şairlərdir, təxminən
12000 misra şeir bəzəyir "Ulduz"u. "Ədəbiyyat
qəzeti"nə boylanıram. Bir-iki nömrəsi
qoşalaşan qəzet 51 nömrəsinin hər birində
orta hesabla 500, bəzən 600 misra şeir çap edir, təxminən
150- 160 müəllifin 25000 misrası ilə
qarşılaşıram. Mən "525-ci qəzet",
"Kaspi" və "Ədalət" qəzetlərinin hər
şənbə, hətta həftəiçi nömrələrində
dərc edilən şeirlərini hesablamadım. Bu qəzetlərin içində "Kaspi"
xüsusilə şeir çap eləməyə həvəslidir.
"Ədalət" qəzeti də lap əzəldən
şeirlə nəfəs alır. "525- ci qəzet" də həmçinin.
...Göründüyü
kimi, statistik mənzərə kəmiyyət baxımından
ürəkaçandır".
Sonra
keçir keyfiyyətə...
"Gəlin, bədbinliyə qapılmayaq. İki səbəbdən
nikbin olmağa əsas var. Birincisi: "Ot kökü üstə
bitər" - müasir Azərbaycan şeiri öz
kökündən - əsrlərin yaşarı ənənlərindən
qətiyyən uzaqlaşmır və uzaqlaşa da bilməz. İkincisi: müasir Azərbaycan
şeiri milli olduğu qədər də bəşəridir və
dünya ədəbiyyatında baş verən proseslər - hər
tövr yeni və modern meyillər, axınlar, cərəyanlar
Azərbaycan şeirində nəşv-nüma tapır, bu
modernizm, bu postmodernizm, bu dekadentizm, bu simvolizm. Buyur,
istedadın varsa, ya da formalist məharətinə yiyələnmisənsə,
hansı stildə, hansı vəzndə yazırsansa, yaz.
Və çox maraqlıdır ki, bəzi
istisnaları nəzərə almasaq, ötən illərdəki
ənənəçilərlə novatorların
"döyüşlərinə" də təsadüf
etmirik. Çünki bir də görürsən,
şeir aləminə qoşma və gəraylı ilə gələn
cavan bir şair az sonra postmodern şeirlər yazır və ya
əksinə".
Və belə
bir müfəssəl (eyni səviyyədə də mükəmməl!)
qənaət hasil olur:
"Yazılan şeirlərin mənim hesablamama görə
altmış faizi sevgidəndir. Sonra gəlir lirik mənin -
şairin etirafları, onun daxili düşüncələrinin
ifadəsi olan, dünya ilə, yaşadığı
mühitlə, cəmiyyətlə bağlı fikirləri (əsasən
şikayətlər və etiraflar), sonra gəlir gənclik illərinin
xatirələri (əsasən də nostalji notlar), sonra gəlir
ithaflar, sonra gəlir vətənpərvərlik və
Qarabağ mövzusu, bir az da təbiət
şeirləri. Şeirimizdə bəzi
istisnaları nəzərə almasaq, fəlsəfi ruh, fəlsəfi
düşüncə arealı zəifləməkdədik.
Əvəzində isə, publisistika müasir
şeirin vücudunu sarmaqdadır. Təbii ki, XXI əsrin
həm milli, həm də bəşəri duyğularla nəfəs alan İNSANI
şeirin əsas qəhrəmanına çevrilməlidir, yəni
bu insan nə düşünür, təkcə sevgi iləmi
nəfəs alır, təkcə günün
reallıqlarınımı, narazılıq və şikayətlərinimi
şeirdə səsləndirməlidir?
... 2017-ci
ilin şeirləri haqqında söhbəti heç də bədbin
notlarla bitirmək istəmirəm. Xalq şairi Fikrət
Qocanın keçən il "Azərbaycan"
jurnalında çap olunmuş "Dağınıq
duyğular" poemasının son misraları ilə
sözümü sona yetirirəm:
Uğrunda ölüb-dirilmişik.
Azadlığın
dadını
Hələ
indi bilmişik,
Bir də
ölən deyilik!!!
Biz
hamımız bir canda
Bütöv
Azərbaycanda
Yaşamağa
gəlmişik!
Göründüyü
kimi, bu qənaətdə həm kəmiyyət var, həm də
keyfiyyət; daha doğrusu, kəmiyyətlə keyfiyyətin,
tamamilə təbii olaraq, sərhədi yoxdur...
Vaqif Yusifli Azərbaycan ədəbi tənqidində, əgər
belə demək mümkünsə, geniş bir mövzunun və
ya sahənin şəriksiz tədqiqatçısıdır
ki, özü onu çox uğurlu bir terminlə "bölgələrdə
ədəbi həyat" adlandırır. Və "bölgələrdə
ədəbi həyatın yorulmaz tədqiqatçısı"
(Qəzənfər Paşayev) yazır:
"...
Azərbaycan ədəbiyyatı ayrı-ayrı mədəniyyət
mərkəzlərinin - ədəbi regionların çevrəsində
yaranmış, dünya mədəniyyətinə
də ilkin olaraq elə bu ərazilərin
adları ilə daxil olmuşlar. Lakin bu ədəbi məkanları
bütünlüklə özündə birləşdirən
böyük - ulu bir məkan var ki, o da tarix boyu ərazilərinin çox hissəsini itirsə
də, dünya mədəniyyəti çevrəsində həmişə
öncül mövqeyini hifz edən
Azərbaycan və onun mədəni
sərvətləridir".
Vaqif
Yusifli Azərbaycanın bölgələrindəki ədəbi
həyatı (və ya prosesi) araşdırarkən ilk baxışdan
güman ediləcəyinin əksinə olaraq sxematik inzibati ərazi yox, təbii tarixi-mədəni
(etnoqrafik) təsnifata əsaslanmaqla ciddi elmi-metodoloji prinsiplərə
dayanır... Və tamamilə
doğru olaraq göstərir ki,
"bizdə ayrıca Gəncə ədəbiyyatı,
ayrıca Şirvan ədəbiyyatı, ayrıca Təbriz ədəbiyyatı,
ayrıca Naxçıvan ədəbiyyatı, ayrıca Quba ədəbiyyatı
deyilən anlayış yoxdur, o taylı- bu taylı vahid Azərbaycan
ədəbiyyatının reallığı var... Amma təbiətin
pozulmaz bir qanunu var: ən dərin dəryalar öz mənbəyini çaylardan
götürür, meşələr, ormanlar ayrı-ayrı
ağacların, bitki örtüyünün, quşların,
heyvanların vəhdətini özündə əks etdirir,
bunlardan biri olmazsa, ekoloji faciə baş verər".
Fikir nə qədər obrazlı ifadə olunsa da, son dərəcə
aydın, dəqiq və elmidir. Azərbaycan ədəbiyyatının
ümumi ideya-estetik tipologiyasının mövcudluğu ilə
yanaşı, heç şübhəsiz, ölkənin (və
xalqın) tarixi hüdudları daxilində elə bölgələr
həmişə mövcud olmuş (və bu gün də
vardır) ki, fərqli xüsusiyyətləri ilə ümummilli
tipologiyanı (harmoniyanı!) nəinki pozur,
yaxud zədələyir, əksinə, daha da zənginləşdirir,
hətta demək olar ki, sözün böyük mənasında onu yaradır, bütöv bir orqanizm olaraq
varlığını, mövcudluq texnologiyalarının
canlılığını,
yaşarılığını, törədicilik
imkanlarını təmin edir... Mənim yadıma gəlir ki, bir vaxtlar Azərbaycan KP
MK-nın ideoloji şöbəsində çalışan
"ağıllı" əməkdaşlardan biri akademik Məmmədağa Şirəliyevin
"Azərbaycan dialektologiyasının əsasları"
monoqrafiyasının yenidən nəşrinə mane olmaq istəyirmiş.
Və görkəmli alimə səbəbini də belə "izah"
edir ki, Siz xalqı ayrı-ayrı regionlara parçalayırsınız,
buna imkan vermək olmaz. Və o da yadımdadır ki, professor
(hamı, nədənsə, akademik Məmmədağa Şirəliyevi
bu cür adlandırırdı) bu hadisəni yana-yana
danışırdı...
Vaqif Yusifli göstərir ki, "ədəbiyyat təkcə
qaynar ədəbi mühit olan Bakıda yaranmır, həm də
bölgələrdə yaranır. Məlumat üçün deyim ki,
Azərbaycan Yazıçılar Birliyinin ayrı-ayrı
bölgələrdə və həmçinin, Azərbaycandan
(söhbət Azərbaycan Respublikasından gedir - N.C.) kənarda iyirmiyə
yaxın bölməsi fəaliyyət göstərir".
Uzun illər
boyu ardıcıl olaraq apardığı məhsuldar
araşdırmaların (bunların xeyli qismi ayrı-ayrı məqalə-oçerklər
halında ədəbi mətbuatda
da getmişdir) yekunu kimi nəşr edilmiş "Bölgələrdə
ədəbi həyat" monoqrafiyasında (2017) müəllif
ona qədər regionun ədəbi mühiti barədə (ilk
növbədə, istedadlı yaradıcılıq hadisələri
timsalında) aydın təsəvvür yaratmışdır.
Vaqif
Yusifli bölgələrdə yaranan ədəbiyyatı tədqiq
edərkən haqlı olaraq onu rəhbər tutur ki, "ədəbiyyatda
əsas məsələ yaradıcılıqdır, istər
qaynar Bakı mühiti olsun, istərsə də bölgələrdə
yaşanan ədəbi həyat, əsas odur ki, kim nə
yazır, necə yazır və ədəbiyyatımızı zənginləşdirən əsərlər
yaranırmı?.."
Həm ədəbiyyatımız, həm də monoqrafiya
müəllifi üçün çox əlamətdardır
ki, bu suala ümumən nikbin cavab verilir. Və həmin
cavabın əsası isə Azərbaycan ədəbiyyatşünaslığının,
həqiqətən, fundamental əsərlərindən olan
"Bölgələrdə ədəbi həyat"dır.
Heç
bir şəksiz-şübhəsiz (və ürək dolusu!)
demək olar ki, "tənqidimizin zəhmətkeşi"
(Elçin) və ya "kərpickəsən kişi"si artıq "ədəbi
həyat"da özünə elə bir əbədi həyat
qazanıb ki, əlli kimi, altmış kimi yetmiş də, səksən
də... şərti söhbətdir... Ancaq Vaqif
Yusifli nə qədər çox yaşasa, o qədər
yaxşıdır. Ən azından ona görə ki, həmişə
ədəbi həyatı dərk edə-edə gözəlləşdirməyə
"əşəddi-ehtiyac"ımız var...
525-ci qəzet 2018.-
1 iyun.- S.7-8.