QƏRİBSƏMİŞƏM
Bu axşam nədənsə yaman kövrəyəm,
Közərib od alır fikrim, xəyalım.
Bu axşam həsrətlə vuran ürəyəm.
Dağılıb, pərişan olubdur halım,
Sənsən, doğma yurdum, könlümə düşən,
Bu gün səndən ötrü qəribsəmişəm.
Hanı bir mahnının tilsimiylə mən,
Bir yaşıl çəməndə yatıb qaldığım?
Qaçan cüyürlərin çəhlimiylə mən,
Yorub yollarını əldən saldığım,
Ay Damğaçı düzüm, ay Yanıq meşəm,
Bu gün səndən ötrü qəribsəmişəm.
Hanı dalğa-dalğa coşub-kükrəyən
Sevgi fərəhimin uçan gülüşü?
Zalım qardaşından qorxub titrəyən
Bir qız dodağının qaçan gülüşü?
Görüşə gecikən, gözü-bənövşəm,
Bu gün səndən ötrü qəribsəmişəm
Görəsən, fikrindən keçirir nələr?
Gözü yolmu çəkir anamın indi?
Beşiyim başında uzun gecələr
Yuxuma da layla çalanım indi.
İstərəm bu dərdi sənlə bölüşəm,
Ana, səndən ötrü qəribsəmişəm.
1972
ƏSGƏR
ÇƏKMƏLƏRİ
Qəribə bir istək keçər könlümdən,
Mən onu hamıyla bölmək istərəm:
Əsgər çəkməsini elə bu gündən
Tarix muzeyində görmək istərəm.
Deyən yanılıram, düz demirəm mən,
Xalq var ki, kədəri dağdan ağırdır.
Bu gün də o yerdə yad əsgərlərin,
Gediş-gəlişindən yollar yağırdır.
Zalımdan mərhəmət gözləyənlərə
Sözünü tüfənglər, lüllələr deyir.
Səadət yerinə, qonaq yerinə
Orda qapıları güllələr döyür.
Qar, çovğun vursa da, ilk baharını,
Ağrını, acını udur anlar.
Nizələrdə görüb qundaqlarını,
Tüfəng qundağından tutur analar.
Gərək od götürə kirpiklərimiz,
Dünyaya səadət verməkdən ötrü.
Hələ bu çəkməni geyməliyik biz,
Bir vaxt muzeylərdə görməkdən ötrü.
1974
MƏNƏM
Sənli günlərimi yadıma salıb,
Fikri çözələnib, sökülən mənəm.
Gəlmirsən, ümidim yaman azalıb,
Gözləri yoluna dikilən mənəm.
Sevirdin, günahın, suçun mən idim,
Quşdan
qanad alıb uçan mən idim,
Yazdın,
çiçək-çiçək açan mən idim,
Qışsan, ləçək-ləçək tökülən mənəm.
Qəlbinə hamıdan yaxın
da məndim,
Gözlərindən qaçan yuxun da məndim,
Onda yollarına çıxan da məndim,
İndi yollarından çəkilən
mənəm.
1976
BU SEVGİ
Qəlbimə gəlmişdi gözlənilmədən,
Deyərdim çətin ki, sönə bu sevgi.
Dağınıq, pərişan fikirlərimi
Salmışdı bir səmtə, yönə bu sevgi.
Gözəllər içindən seçilmiş
idi,
Önündə zirvələr kiçilmiş
idi,
Ulduzlar əyninə biçilmiş
idi,
Taledən töhfəydi mənə
bu sevgi.
Qəlbindən gələrdi sorağım
hər gün,
Çiçəktək açardı marağım
hər gün.
Deyərdi-sən çıxma, mən
çıxım hər
gün
Gah aya, gah da ki
günə bu sevgi.
Gecələr saçına çökmüşdü
onun,
Günəş öz suyuna çəkmişdi onu,
Ay da işığına bükmüşdü onu,
Qənimdi dumana, çənə bu s evgi.
Gözümdə həsrəti bitəsi
imiş,
Könlümü güvətək didəsi
imiş.
Qəfil
gəldiyitək gedəsi
imiş,
Ömrümdən, günümdən demə
bu sevgi.
1981
MƏNİ UNUT BİRTƏHƏR...
Nəyinə gərəkdir bu
qəm, bu qəhər,
Ömrünə sevinctək gələ bilmədim.
Gülüm, məni unut, unut birtəhər,
Nəmli gözlərini silə bilmədim.
Alışma od olmuş əzablarıma,
Çıxar adımı da yadından belə.
Mərhəmət hissini çəkib
tarıma,
Yox, yanma halıma,
yanma bir gilə.
Sinəmdə yüyürər, çapar
ürəyim,
Dağınıq fikrimtək yolu bilinməz.
Buluda qoşulub uçar ürəyim,
Yağdırar o yağış, dolu bilinməz.
Külək ol, dağılsın
külüm göylərə,
Silinsin izim də, tozum da yerdən.
Başını qaldırıb, gülüm,
göylərə
Baxma ki gözünə görünnəm
birdən.
Gözünə görünnəm, xəyalın
çaşar,
Səni ovutmağa gələ bilmərəm.
Yerimə
xatirəm dinər, danışar,
Gəlib yaddaşından silə bilmərəm.
1980
BİLSƏM SEVİRSƏN
MƏNİ
Boylanaram
gözlərindən yaz
kimi,
Bilsəm sevirsən məni.
Qədəminə yol tək sərrəm fikrimi,
Bilsəm sevirsən məni.
Günəş olub göylərində
yanaram,
Gülüş olub dodağına
qonaram,
Öz ömrümə
səni zirvə sanaram.
Bilsəm sevirsən məni.
Səhrana su, yağışına
çətirəm,
Çiynimə dağ yükləsələr,
götürrəm,
Xoşbəxtliyi ayağına gətirrəm,
Bilsəm sevirsən məni.
Yazılmısan yaddaşıma, yadıma.
Qanadlannam göyün yeddi qatına.
Ulduzlardan
çələng hörrəm
adına,
Bilsəm sevirsən məni.
Səni
görcək uçunaram,
əsərəm,
Sənsiz
keçən günlərimdən
bezərəm,
Səhərləri kirpiyinə düzərəm,
Bilsəm sevirsən məni.
1982
QORXURAM, ÜRƏYİM
DÖZMƏYƏ
Daha barmaqların yığmaz
nömrəmi,
Daha ünvanında adım çəkilməz .
Daha gülüşlərin şəlalə
kimi,
Sinəmin üstündə daşıb
tökülməz.
Qulağı dincələr yolların
daha,
Diksinib oyanmaz addım səsimdən.
Bu eşqi bənzədib kimsə sabaha
Danışmaz dan üzlü möcüzəsindən.
Daha dənizində batar harayım
Sənin sahilinə adlaya bilməz.
Daha ürəyində yatar harayın
Oyanıb sinəmi odlaya bilməz.
Mənə bağlı qapın
açılmaz bir də,
Təşnə dodağıma axmaz bulağın.
Boylanar yetimtək xatirələrdən,
Bir vaxt ilk görüşə yüyürən
çağım.
Özüm də bilmirəm
nə deyim daha,
Bu ovxarlı həsrət
çəkilsin qına.
Qorxuram dözməsin ürəyim,
daha
Sən boyda həsrətin ağırlığına.
1987
MƏN KÖHNƏ
KİŞİYƏM...
Mən köhnə kişiyəm,
bala,
Nuh adlı
sirdən gəlmişəm.
Hara türk ayağı dəyib,
Mən həmin yerdən gəlmişəm.
Bir az şaman duasıyam,
Bir az günəş şüasıyam,
Gələn əsrin havasıyam,
Ötən əsrdən gəlmişəm.
Dodağımda türkü, şərqi,
Dolanmışam qərbi, şərqi.
Ya cüt, ya tək, eh... nə fərqi
Hansı səbrdən gəlmişəm.
Bu dağlar tərs, avand yerim.
Qayalar sapand yerim.
Hər şəhid qəbri - and yerim...
Gör neçə
pirdən gəlmişəm?!
"37"
ağrım, acım...
Bu taledən hara
qaçım?!
Qalmayıb özgə əlacım,
Adsız qəbirdən gəlmişəm.
Təbrizim arzum, murazım.
Taleyimdə qara yazım
Bir az səbr
et, xan Arazım,
Mən dəli
Kürdən gəlmişəm.
Sibirel, sənə
yaxınam.
Gözündən qaçan yuxunam,
Sürgündə qalan ruhunam,
Qarlı Sibirdən gəlmişəm.
1999
Eldar NƏSİBLİ SİBİREL
525-ci qəzet 2018.- 1 iyun.- S.7.