Avdı Qoşqarın 60 yaşı qeyd olundu
Dünən Azərbaycan Yazıçılar
Birliyinin (AYB ) "Natəvan" klubunda şair, publisist Avdı Qoşqarın 60 illiyilə bağlı yubiley tədbiri keçirilib.
Mərasimdə AYB rəhbərliyi, ictimaiyyət
nümayəndələri, ziyalılar, şairin qələm dostları, ailə üzvləri və jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan professor Rüstəm Kamal yubilyarın həyat və yaradıcılığından
söz açıb, onun poeziyasının və publisistikasının
özünməxsusluğunu vurğulayıb. Avdı Qoşqarı xalqına,
elinə, torpağına
bağlı bir şəxsiyyət kimi səciyyələndirən professor onun etnoqrafik yaddaşının güclü
olduğunu, lakin bunun poeziyasında deyil, müəllifi olduğu televiziya verilişlərində özünü
daha qabarıq göstərdiyini deyib.
O deyib ki, əsl şeir odur ki, orada
şairin düşüncəsinin
səsini eşitmək
mümkündür. A.Qoşqar da
şeirlərində düşüncəsinin
səsi eşidilən
müdrik şairlərdəndir.
Şair Yusif Həsənbəy yubilyarla tanışlığından
söz açıb, xatirələrini tədbir
iştirakçıları ilə bölüşüb. Deyib ki,
A.Qoşqar zərif, həssas ürəyə malik insan olduğu
üçün onun poeziyası da yaşından asılı
olmayaraq hər bir oxucunun hisslərinə
toxuna bilir.
Əməkdar mədəniyyət işçisi,
Azərbaycan Milli Ensiklopediyasının direktor
müavini, şair Vaqif Bəhmənli ədəbiyyata A.Qoşqarla
eyni dövrdə gəldiyini deyib: "Avdı Qoşqarı fərqləndirən əsas
cəhətlərdən biri
öz duyğularını
heç kimə bənzəməyən tərzdə
yaza bilmək bacarığıdır. Ancaq o, bu
şeirlərdə özünü
yazsa da, hər kəs öz hisslərindən, öz yaşantılarından
nəsə tapa bilir. Avdı Qoşqar öz
şair adını qorumaq üçün hər zaman mərdliklə sözün
keşiyində dayanıb.
O, öz qələm dostlarının yaradıcılığına
qarşı da çox diqqətli, şeirin ruhunu duyan, poeziya nümunələrini əsl
ədəbiyyatşünas alim kimi təhlil
etməyi bacaran bir şairdir. Avdı Qoşqar həm də jurnalist kimi illərdir xalqımıza ləyaqətlə
xidmət edir. 60 yaş müdriklik
dövrünün başlandığı
yaşdır. İnanıram ki, o, bu mərhələdə
daha gözəl şeirlər, əsərlər
qələmə alacaq".
Azərbaycan Dövlət Televiziya
və Radio Verilişləri
şirkətinin redaktoru,
yazıçı Sadıq
Elcanlı çıxışında
deyib ki, A.Qoşqar həm şair, həm publisist, həm də vicdanlı vətəndaş kimi bu sənətdə hər zaman sözünü layiqli şəkildə deməyi
bacarıb: "O, ədəbi
proseslə üz-üzə
yaşayan adamdır. Publisistik məqalələri Azərbaycanın
çağdaş mətbuatının
ən yaxşı nümunələrindən biridir.
Avdı Qoşqar Televiziyada özündən əvvəlki
ənənəni ən
yaxşı şəkildə
davam etdirənlərdəndir".
"Onun şeirlərində
Azərbaycan dili özünün bütün
gözəlliyi ilə
əks olunur, onun poeziyası fəlsəfi cəhətdən
dərindir, əsl Azərbaycandır" - deyən
Əməkdar artist Eldost
Bayram şairin "O çay bu yatağa
sığmaz" kitabından
şeirlər səsləndirib.
Fəlsəfə elmləri doktoru
Rahid Ulusel çıxışında A.Qoşqarın
poeziyasını Azərbaycan
təbiəti ilə müqayisə edib: "Poeziyası Avdı Qoşqar haqqında deyir ki, onun
şeirləri Azərbaycan
təbiətinin bağrından
qopub. Təbiətin qəribə özünəməxsusluğuna
onun da yaradıcılığında
rast gəlirik. Onun şeirləri sözün
müsbət mənasında
adamı diksindirir.
Bu şeirlərdə cəmiyyətin ağrıları,
problemləri də
var. Amma nədənsə
o qədər də dərin deyil. Sanki Avdı müəllim
bunlarla onsuz da problemlərin içərisində boğulan
oxucusunu yükləməkdən
çəkinir. Bu şeirlərdə həm
də özünəməxsus
tərzdə sarkazm, yumor, satira da
var. İnsan kimi sakit və hər
zaman fikirli olan Avdı müəllimin susqunluğu
da təlatümlüdür".
Yubilyarla ilk tanışlığından söz
açan şair Əlisəmid Kür A.Qoşqarı hisslərilə
yazan nadir sənətkar
adlandırıb.
Daha sonra çıxış
edən Qulu Ağsəs, Musa Ələkbərli,
Mais Yanardağ, Yaqub Babayev, Qafar Sarıvəlli və başqaları A.Qoşqarı yubiley münasibətilə təbrik
edib, ona yeni-yeni yaradıcılıq
uğurları diləyiblər.
Rəssam Qafar Sarıvəlli özünün
çəkdiyi "Avdı
Qoşqarın portreti"ni yubilyara hədiyyə edib.
Sonda çıxış
edən yubilyar ona göstərilən diqqətə görə başda AYB rəhbərliyi
olmaqla tədbirin təşkilatçılarına, çıxışçılara və iştirakçılara
təşəkkürünü bildirib.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 1 iyun.- S.7.