Xatirəsi əbədi yaşayacaq
alim - Həmid Hüseynov
Həyatının
böyük bir hissəsini Bakı Dövlət Universiteti ilə
bağlamış Hüseynov Həmid Musa oğlu 11 sentyabr
1946-cı ildə Bakı şəhərində ziyalı ailəsində
anadan olmuşdu.
Orta
məktəbi bitirdikdən sonra 1963-cü ildə Azərbaycan
Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsinin
geologiya şöbəsinə daxil olmuş, 1968-ci ildə
universiteti bitirərək
mühəndis-geoloq ixtisasına yiyələnmişdi.
1968-1971-ci illərdə Paleontologiya və tarixi geologiya
kafedrasında "Paleontologiya və stratiqrafiya"
ixtisası üzrə aspirantı olmuş Həmid müəllim
AMEA-nın müxbir üzvü, professor Qədir Sultanovun və
dosent Vahid Ağayevin rəhbərliyi altında
"Böyük Qafqazın cənub yamacının Azərbaycan
hissəsinin üst yura çöküntülərinin
stratiqrafıyası" adlı dissertasiya işi üzərində
tədqiqatlar aparmış və 1974-cü ildə dissertasiya
işini müvəffəqiyyətlə müdafiə edərək
geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi
almışdı. Böyük Qafqazın cənub yamacında
Balakəndən İsmayıllıyadək ərazidə
yayılmış üst yura yaşlı
çöküntülərin tərkibində nadir hallarda
rast gələn ammonit qalıqları taparaq bir neçə
lay dəstəsinin yaşını dəqiqləşdirmək
məhz ona nəsib olmuşdu.
Həmid
müəllim 1971-1972-ci illərdə Paleontologiya və tarixi
geologiya kafedrasının nəzdində yaradılmış və və SSRİ məkanında analoqu
olmayan "Paleobiogeokimya" Elmi-Tədqiqat Laboratoriyasında
Ümumdünya Paleontologiya Cəmiyyətinin vitse-prezidenti,
AMEA-nın müxbir üzvü, professor Qədir Sultanovun rəhbərliyı
altında elmi işçi vəzifəsində
çalışmışdı.
1972-ci
ildən Həmid müəllim
pedaqoji fəaliyyətə başlayır və 1975-ci ilədək
Paleontologiya və tarixi geologiya kafedrasındamüəllim və
dosent vəzifələrində işləyir.
1975-ci
ildə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin
tövsiyəsi ilə milli geoloq kadrların hazırlanması
üçün Əlcəzair Respublikasına ezam olunan Həmid
müəllim 1975-1979-cu illərdə Bumerdes şəhərində
pedaqoq kimi çalışır, Milli Neft və Qaz
İnstiutunda "Paleontologiya" və "Tarixi
geologiya" fənlərindən mühazirələr oxuyur. Həmin
illərdə pedaqoji fəaliyyət ilə yanaşı,
elmi-tədqiqat işlərini də davam etdirən, Həmid
müəllim Əlcəzairdə keçirilən Beynəlxalq
seminar, simpozium və konfranslarda iştirak edir, 1 monoqrafiya və
1 dərs vəsaiti nəşr etdirir.
1980-ci
ildə Azərbaycana qayıdan Həmid Hüseynov Bakı
Dövlət Universitetində
Paleontologiya və tarixi geologiya kafedrasında dosent kimi
pedaqoji fəaliyyətini davam etdirir. 1990-1992-ci illərdə
Bakı Dövlət Universitetinin prorektoru vəzifəsində
çalışır.
2012-ci
ildənömrünün sonuna kimi "Ümumi və tarixi
geologiya" kafedrasına rəhbərlik edən Həmid
müəllim fakültənin və Universitetin ictimai həyatında
da yaxından iştirak edirdi. Belə ki, o, Fakültə Tədris-Metodik
və Elmi Şuralarının üzvü kimi elmin və təhsilininkişafı
üçün daim səy göstərirdi.
Təsadüfi
deyildi ki, Həmid Musa oğlu Hüseynov pedaqoji fəaliyyətinə
görə Bakı Dövlət Universitetinin 95 illik yubileyi
münasibətilə Azərbaycan Respublikası Təhsil
Nazirliyinin Döş nişanı ilə təltif
olunmuşdu.
Həmid
müəllim 100-ə yaxın elmi məqalə və tezislərin,
monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifi
idi. Azərbaycanın geologiya elmində özünəməxsus
yeri olan Həmid müəllimin Dağneft İstehsalan
Birliyinin, Ümumittifaq Elmi-Tədqiqat Geofizika İnstitutunun, Azərbaycan
Dövlət Neft Şirkətəinin, "Türkməngeologiya"
İstehsalat Birliyinin fondunda saxlanılan 9 elmi hesabatın,
müəlliflərindən biri olması da təqdirəlayiqdir.
Həmid
müəllim Geologiya fakültəsində rus bölməsi
üzrə "Paleontologiya və tarixi geologiya",
"Regional geologiya və geotektonika", "Ümumi
stratiqrafiya" fənlərindən mühazirə və məşğələ
dərsləri aparırdı. O, qayğıkeşliyi və
eyni zamanda, tələbkarlığı ilə seçilirdi.
Bu cəhətə görə o, tələbələrin
sevimlisinə çevrilmişdi. Hətta illər öncə
universiteti bitirmiş tələbələri fakültəyə
gələrkən ilk növbədə Həmid müəllimi
axtarıb-tapır, onunla görüşürdülər.
Fakültə
və universitet əməkdaşları ilə olan xoş
münasibəti nəticəsində bütün kollektivin dərin
hörmətini qazanmışdı. Cismən aramızda olmasa
da, o təvazökar və təmkinli insanı doğmaları
kimi gözümüz daim axtarır. Onun işıqlı
obrazı daim xatirələrdə yaşayacaq.
Şakir BALAMMƏDOV
BDU Geologiya fakültəsinin dekan
müavini, "Ümumi və tarixi geologiya"
kafedrasının baş müəllimi
525-ci qəzet 2018.- 1 iyun.- S.8.