Elçinin “Baş”
romanının ərəbcə nəşri təqdim olundu
M.F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanasında Xalq
yazıçısı Elçinin ərəb dilində nəşr
edilən “Baş” romanının təqdimatı
keçirilib. Tədbirdən öncə qonaqlar
ədibin kitablarının
yer aldığı sərgi ilə tanış olublar.
Respublikanın tanınmış elm, mədəniyyət
və incəsənət
xadimlərinin, Milli Məclisin deputatlarının,
diplomatik korpusun nümayəndələrinin qatıldıqları
tədbirdə Elçinin
həyat və yaradıcılığına həsr
olunan videoçarx nümayiş etdirilib.
Milli Kitabxananın
direktoru Kərim Tahirov Elçinin ədəbi və dramaturji yaradıcılığı
haqqında məlumat verib. O deyib ki, Elçinin əsərlərinin
hər biri ədəbi mühitdə
hadisə kimi qarşılanıb.
Mədəniyyət naziri Əbülfəs Qarayev görkəmli yazıçının zəngin
yaradıcılığından danışıb. Bu günədək
Elçin haqqında bir çox sanballı kitabların nəşr olunduğunu deyən nazir bildirib ki, yazıçının
yaradıcılığı hər zaman diqqət mərkəzində
olub. Elçinin
kitablarının hər
zaman oxucunun stolüstü kitabı olduğuna diqqət çəkən nazir Xalq yazıçısını
böyük alim, tənqidçi və görkəmli ədəbiyyatşünas
kimi xarakterizə edib: “Elçinin fəaliyyəti həm də böyük alim, tənqidçi, ədəbiyyatşünas kimi
genişdir. Onun əsərləri özünün ikinci-üçüncü
həyatını yaşayır,
təkrar nəşr olunur, teatrlarda səhnəyə qoyulur.
Elçin müəllim, sözün
əsl mənasında,
böyük azərbaycanlıdır.
Onun yaradıcılığında tariximiz, milli köklərimiz hər zaman geniş yer tutub. O, daim axtarışdadır,
bir-birindən maraqlı
əsərlərlə oxucularını
sevindirir. Mənə nəsib olub
ki, Elçin müəllimin ilk əsərlərinin
oxucusu olmuşam.
Bu gün təqdimatına
toplaşdığımız “Baş” romanı da yazıçının
digər əsərləri
kimi şedevrdir, tarixi əhəmiyyətli
bir əsərdir.
Mən böyük yazıçımıza
bundan sonrakı yaradıcılıq axtarışlarında
uğurlar arzulayıram”.
Dövlət tərəfindən hər
zaman Elçinin yaradıcılığına verilən
dəyərdən danışan
nazir bir neçə gün öncə Prezident İlham Əliyevin müvafiq Sərəncamı
ilə onun “Şöhrət” ordeni ilə təltif edildiyini xatırladıb və ordeni Xalq yazıçısına
təqdim edib.
Xalq yazıçısı Elçin
deyib: “Həyatının
böyük bir hissəsini sovet dövründə yaşamış
bir insan kimi deyə bilərəm ki, bu orden və
bundan öncəki ordenlər mənim üçün adi mükafatlar deyil. Ədəbiyyatın inkişafı
ilə bağlı “İstiqlal”, mədəniyyətin
inkişafı ilə
bağlı “Şöhrət”
ordeni almışam, indi də ədəbiyyatşünaslığın
və tənqidin inkişafı ilə bağlı “Şöhrət”
ordeni aldım. Bu ordenlər mənim
üçün ona görə adi ordenlər deyil ki, bunlar müasir
müstəqil Azərbaycanın
ordenləridir. Bu ordenlərlə qürur duyuram. Fürsətdən istifadə edib
bir daha Prezident İlham Əliyevə göstərdiyi
diqqətə görə
minnətdarlığımı bildirirəm”.
Milli Məclisin
deputatı, akademik Nizami Cəfərov Elçinin “Baş” romanının ərəb
dilində çap olunmasını ədəbi
hadisə kimi dəyərləndirib. O, yazıçının
çoxjanrlı yaradıcılığından
danışıb, onu
milli ədəbiyyatımızın
təəssübkeşi adlandırıb.
Akademik söyləyib ki, “Baş” tarixi mövzudadır və müəllifin tarixi hadisələrə nə
dərəcədə riayət
edib-etməməsindən asılı
olmayaraq, bu əsər tarixi romandır. Əsər oxucunu XIX əsrin
əvvəllərinə aparır.
Bakıda və Qarabağda
cərəyan edən,
Sankt-Peterburqda, İranda
baş vermiş hadisələr romanda bəhs olunan dövrün sosial-siyasi mənzərəsini yaradır.
Bədii
sözün gücündən
ustalıqla istifadə
olunan romanda müəyyən tarixi dövrdə və coğrafi məkanda baş vermiş hadisələr həm də yazıçı təxəyyülünün məhsulu
kimi göstərilib.
Vurğulanıb ki, “Baş” romanının müəllifi
əsərdə özünün
hansı xalqa və ədəbiyyata mənsubluğunu dərindən
nümayiş etdirib. Azərbaycan
xanlıqlarının idarə
olunması, əhalinin
yaşayışı və
üzləşdiyi çətinliklər,
eləcə də
XVIII əsrin sonu - XIX
əsrin əvvəllərində
Azərbaycan mədəni-məişət
həyatı zəngin
bədii koloritlə, obrazların dili ilə oxucuya çatdırılır, bəhs
olunan dövrün bədii-etnoqrafik mənzərəsi
böyük ustalıqla
canlandırılır. Belə bir
əsərin ərsəyə
gəlməsi üçün
yazıçıya təşəkkür
edən N.Cəfərov
ona yeni yaradıcılıq axtarışlarında
müvəffəqiyyətlər arzulayıb.
Misir Ərəb
Respublikasının ölkəmizdəki
səfiri Adel İbrahim
Ahmed İbrahim çıxış
edərək romanın
məziyyətlərindən danışıb. Səfir ölkəsində nəşr
edilən “Baş” romanının misirli oxucular arasında geniş şəkildə
mütaliə edildiyini
söyləyib: “Əsərdə
mövcud gerçəkliyin
milli mənəviyyat baxımından araşdırılması,
milli koloritin üstün istiqamət kimi götürülməsi
onu deməyə əsas verir ki, “Baş” romanı həm də azərbaycançılıq
ideologiyasına xidmət
edən dəyərli
yaradıcılıq nümunəsidir.
Belə bir əsəri ərsəyə gətirən
yazıçıya yalnız
təşəkkür düşür”.
Səfir
Adel İbrahim Ahmed İbrahim
Misirin Ali Təhsil Nazirliyinin ordenini Elçinə təqdim edib.
Elçinin zəngin yaradıcılıq
irsindən söz açan ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, Elçinin
romanları və ümumiyyətlə, yaradıcılığı
müasir dünya ədəbiyyatında özünəməxsus
yeri olan parlaq sənət nümunələrindəndir. Vurğulanıb ki, ədəbi gəncliyin mənəvi-tərbiyəvi
həyatında Elçinin
yaradıcılığı böyük əhəmiyyət
kəsb edir.
Daha sonra çıxış edən professor Qəzənfər Paşayev, Akademik Milli Dram Teatrının direktoru, Xalq artisti Azərpaşa Nemət, Fələstinin Azərbaycandakı səfiri Nasser Abdul Karim A.Rahim, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı, tənqidçi Əsəd Cahangir, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri, kitabın tərcüməçisi Əhməd Sami və başqaları Elçinin yaradıcılığı haqqında söz açaraq qeyd ediblər ki, onun əsərləri təkcə Azərbaycanda deyil, həm də dünya ölkələrində sevilə-sevilə oxunur, əldən-ələ gəzərək neçə-neçə oxucu nəsli arasında mənəvi körpü yaradır. Altmışıncı illərin əvvəllərində ədəbiyyata gələn istedadlı qələm sahibi elə ilk hekayələrindən fərdi üslubu, özünəməxsus yazı manerası, həyat hadisələrinə orijinal baxışı ilə diqqəti cəlb edib.
Tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını ifadə edən Xalq yazıçısı Elçin romanın nəşrində böyük əməyi olan Misirin ölkəmizdəki səfirliyinə təşəkkürünü bildirib.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 2 iyun.- S. 13.