ÖMÜR KEÇİR, GÜN KEÇİR...

 

 Yazıçı-publisist Əlövsət Bəşirlinin 80 yaşına

 

Onu çoxdan tanıyırdım. Yetmiş-səksəninci illərdə qonşu Cəlilabad rayonunda qəzet redaktoru, sonra rayon partiya komitəsinin ikinci katibi vəzifələrində çalışdığı vaxtlar bir-iki təsadüfi görüşümüz olmuşdu. Bilirdim ki, bu adam istedadlı bir jurnalistdir, nəinki Cənub bölgəsində, Azərbaycanda tanınan gözəl bir ziyalıdır. Qəzet redaktoru işləyərkən hər şeyi sıfırdan başladı, sıradan seçilməyən adi bir rayon qəzetini Ümumittifaq miqyasında adı çəkilən, respublikada isə yüksək qiymətləndirilən bir səviyyəyə qaldırdı. Qəzet SSRİ Jurnalistlər İttifaqının ən yaxşı rayon qəzetləri üçün təsis etdiyi mükafata layiq görüldü. Qəzetdə rayonda gedən quruculuq işlərinə, əmək adamlarına həsr olunan standart, quru yazıları canlı, isti, səmimi yazılar əvəz etdi, tənqidi yazıların, felyetonların sayı isə artdı, həm də bu yazılarda satira hədəfləri xırda adamlar deyildi, vəzifə sahibləri idi.

O zaman Əlövsət Bəşirlinin işlədiyi Cəlilabad rayonu respublikada yüz min tondan artıq üzüm istehsal edən qabaqcıl rayon idi, təbii ki, bir çox mənfi hallar, neqativ meyllər də diqqətdən yayınmırdı və sonralar Əlövsət Bəşirli bütün bunları bir sıra hekayələrində və məqalələrində əks etdirəcəkdi. Xüsusilə, səksəninci illərin sonları-doxsanıncı illərin əvvəlləri Cəlilabad mənzərələri "Biz hara gedirik?" ("Azərbaycan" jurnalında "Qanla suvarılan ağac" adıyla çap olunub) povestində bədii-publisistik şəkildə canlandırılıb. Müvəqqəti olsa da, hakimiyyəti ələ keçirmiş, lakin onu idarə etməyə təcrübəsi olmayan, hətta buna mənəvi haqqı çatmayan "bəylərin" yaratdığı hərcmərclik, xaos həmin povestdə öz parlaq ifadəsini tapmışdır. Bu povest eyni zamanda, avtobioqrafik bir əsərdir, qocaman jurnalistimiz Əlövsət Bəşirlinin keçdiyi ömür yolunun bir çox döngələrini, burulğanlı, təlatümlü anlarını da gözlərimiz qarşısında canlandırır.

Povestdə publisistik ahəng çox qüvvətlidir, ancaq bu ahəng bədiiliyi zəiflətmir, çünki müəllif bütün əsər boyu qəhrəmanının iziylə gedir, onun mübarizələrlə dolu həyatını qələmə alır. Obrazın ən çətin vəziyyətdə, ağır xəstəlik zamanı düşüncələrinə diqqət yetirək: "Dünyanın əşrəfi insan öz adına layiq yaşamalı, ömrü boyu arzuları uğrunda mübarizə aparmalıdır. İnsan istəklərinə çatanda özünü xoşbəxt hiss edə bilər".

Ümumiyyətlə, Əlövsət Bəşirli sovet dövründə yetişmiş, amma həmin dövrün stereotiplərinə tam uyğunlaşmayan, bəzən gəmidə oturub gəmiçi ilə dalaşan bir ziyalı idi, müstəqillik dövründə isə o artıq öz ritmini, axarını tapdı, illər boyu ürəyində gəzdirdiyi arzularına yetincə qələmini də bu ruhda köklədi. Ancaq bir fikrimi də gərək bildirim: məncə, Əlövsət Bəşirli tipli insanlar üçün sistemquruluş önəmli əhəmiyyət daşımır. Ziyalılıq özünü həyatın, gerçəkliyin, cəmiyyətin bütün aspektlərində nümayiş etdirir. Bu baxımdan Əlövsət Bəşirli böyük Zərdabinin, Mirzə Cəlilin ənənələrini yaşadan xələflərdən biridir.

Əlövsət Bəşirlinin əsərlərində (istər sırf bədii, istərsə də publisistik yazılarında) onun keçdiyi ömür yolu daha çox diqqəti cəlb edir. Onun hekayə və povestlərində, həmçinin real sənədlər əsasında yazılan publisistik yazılarında bu ömür yolunun həm sevincli, həm bir az ağrılı, həm də çətin, mürəkkəb ayları, illəri öz təcəssümünü tapır. Dərin müşahidə qabiliyyəti, həyat hadisələrini, ictimai-siyasi bağlantılarını, ziyalılar aləmində mövqeyini dəqiq, bəzən dolayısı ilə əks etdirmək səyi demək olar ki, əksər əsərlərinin mahiyyətini təşkil edir. Amma özündən yazmaq, şəxsi, bioqrafik motivləri təsvir etmək məhdudluğa aparıb çıxarmır, Əlövsət müəllim öz taleyindən yazanda başqalarından da eyni ehtirasla söz açır. Məsələn, onun "Zirvədən zülmətə" povestində həm özü, həm də Dönməz adlı bir insanın-ən yaxın dostlarından birinin taleyi paralel şəkildə işıqlandırılır. Ə.Bəşirli bir publisist və istedadlı nasir kimi ünsiyyətdə olduğu, illər boyu dostluq etdiyi qələm yoldaşlarından yaxud müəllimlərindən elə yazılar yazır ki, bunlar həmin insanlar haqqında dolğun təsəvvür yaradır. Məsələn, mən elə düşünürəm ki, heç kəs Nahid Hacızadə, yaxud Sahib Sailov haqqında Ə.Bəşirli kimi təsirli, bu gözəl insanların xarakteri barədə dolğun yazı yaza bilməz. Ya Oqtay Rzanı, Ə.Kürçaylını heç kəs Ə.Bəşirli kimi tanımır.

Ə.Bəşirli öncə qeyd etdiyim kimi,uzun illər-keçmiş SSRİ dönəmində partiya-sovet orqanlarında məsul vəzifələrdə çalışıb. İnsanın hansı zamanda, hansı şəraitdə və hansı vəzifədə işləməsi onun mənəviyyatına təsirsiz qalmır. Ə.Bəşirli hansı vəzifədə işləyibsə, öz etirazçı mövqeyi ilə seçiliböz imkanı daxilində cəmiyyətdə baş verən nöqsanlara qarşı münasibətini bildirib. İllər keçəndən sonra onun nəsr əsərlərində arxada qoyduğu illərin gerçəklikləri öz əksini tapıb. Bunu biz "Qəsd" və "Biz hara gedirik" əsərlərində seyr edirik. "Qəsd"də sovet dönəmindəki "kiçik padşahların" bariz mücəssəməsi olan Ağazadənin bir rayon daxilində nələr törətdiyinin şahidi oluruq. Ağazadə (adı da simvolikdir!) kimdir? "O öz şöhrəti, mənsəbi üçün hər şeyə razı olan "qəhrəmanları" sevirdi. Çiyin-çiyinə işlədiyi saf, ləyaqətli adamları ləkələməkdən, ümumi işin xətrinə heç bir şeyi əsirgəməyən, onu bəd niyyətlərdən uzaqlaşdırmağa çalışan ağıllı, savadlı, bacarıqlı mütəxəssislərə, məsul işçilərə, rəhbər kadrlara şər atmaqdan, hiylə işlətməkdən çəkinməyən belə adamların bəzən yüksək mənsəb ələ keçirdiklərini bilirdi" - bu adam bütün həyatını namuslu insanlara qarşı mübarizədə keçirir. Amma zülmünsonu var. O gün gəlir ki, insanlıq simasını çoxdan itirmiş Ağazadələr karyeralarını da itirirlər.

Ə.Bəşirli səksəninci illərin sonları-doxsanıncı illərin əvvəllərində respublikada baş verən ictimai-siyasi hadisələrin, xaos və hərcmərcliyin də canlı şahidlərindən biri olmuşdeyim ki, bu hadisələrdə düzgün mövqeyi ilə seçilmişdir. "Biz hara gedirik?" povestində təsvir olunan hadisələr və insanlar mənə də yaxşı tanışdır, bu hadisələri mən Masallıda, Ə.Bəşirli isə Cəlilabadda izləmişik. Ancaq məndən fərqli olaraq, o, bu hadisələrdə fəal iştirak edib. Həmin povestdə sanki iki dünya üz-üzə gəlir, biri bir heç ikən özünü "bəylik" taxtında görən Miriş və Mirişlər, ikincisi isə Fəxri müəllim və Fəxri müəllimlər. Bu əsəri təhlil etmək fikrində deyiləm, amma nə yaxşı ki, Ə.Bəşirli o illərin hadisələrini, gerçək mənzərələrini olduğu kimi təsvir edib. Belə əsərlərin sayı o qədər də çox deyil.

Əlövsət Bəşirlinin bütün nəsr əsərlərindən işıqlı bir xətt keçir. Bu xətt dövrün, zamanın aparıcı meyllərini özündə əks etdirən, varlığında yaşadan MÜASİR İNSANdır. Milli-mənəvi dəyərlərimizi, əsrlərdən əsrlərə keçən əxlaqi gözəllikləri, humanist keyfiyyətləri torpaq, hava, od, su kimi hifz edən bu insan bütün varlığı ilə Vətəninə-Azərbaycana bağlıdır. Bu müasir insan həyatda, yaşadığı mühitdə çoxlu çətinliklərlə, maneələrlə qarşılaşır, o, sarsılır, mənfiliklərə qarşı mübarizədə məğlub olmaq dərəcəsinə gəlir, amma son anda bütün mənəvi, iradi gücünü toplayıb hər bir imtahandan şərəflə çıxır. Ə.Bəşirlinin "Adamsız adam", "İnsan kimi", "İblis xisləti", "Yalqız", "Üfüqdə qaralan dağlar" və s. hekayələrində müasir insanın mənəvi dünyası ilə tanış oluruq. "Adamsız adam"da öz istedadı, biliyi sayəsində bütün maneələri, sədləri aşıb keçən Hünər Hikmət oğlu, "İnsan kimi" hekayəsində isə Şahin və Fərəh xanımın mənalı müəllim ömrü nümunə göstərilir.

Əlövsət Bəşirlinin böyük rəğbətlə təsvir etdiyi insanlar kökə, doğulduqları yurda bağlıdırlar. "Üfüqdə qaralan dağlar" hekayəsində müəllif general rütbəsinə çatmış Eldar Azəroğlunu kəndinə, elinə-obasına sadiq bir insan kimi təqdim edir: "Uşaqlıq çağlarını, ilk gənclik illərini xatırladı. Sonra tələbəlik həyatı. Hər il yayda tətilini kəndlərində, dağlar qoynunda keçirərdi. Hərbçi kimi lap uzaqlarda xidmət edəndə də bu adətinə xilaf çıxmadı. Məzuniyyət vaxtını ailəsi ilə doğma səfalı yerlərdə dincəldig Üfüqdə qaralan dağlara eyvandan baxanda ömrünün ötən çağlarının nisgilini çəkib kövrəlsə də, təsəlli tapırdı ki, indi həmin yerləri, torpaqlarımızı qoruyanlar arasında onun dərs dediyi, hərbin sirlərini öyrətdiyi zabitlər də varg Qaş qaraldıqca üfüqdə uzaqlaşıb gözdən itən dağların nisgili qəlbində qövr edir, qeyri-adi bir istək baş qaldırırdı: kaş o doğma, səfalı yerlərdə pay-piyada gəzəydim, gül-çiçəyin ətrindən bihuş olub, bağın meyvəsini dərib, bulağın buz suyunu içə biləydim".

Yurdsevərlik, doğulduğu torpağa bağlılıq Əlövsət Bəşirlinin xatirə və məqalələrində də öz əksini tapır. Müəllifin uşaqlığı Kürün sahillərində keçib. Odur ki: "Əsrarəngiz sükut içində qulağıma səs gəlir, Kürün səsi. Siz heç Kürün səsini eşitmisiniz? Mən çox eşitmişəm. Hər dəfə gözlərimi yumub diqqət kəsilmişəm: mənə elə gəlib ki, çox uzaqlardan qopub gələn bu səsg ulu babalarımın səsidir. Ana Kürün bərəkətli sahillərində yurd-yuva tikən, məskən salan, barlı-bəhrəli bağlar becərən, nəsilbənəsil torpaqla çarpışan, onu göz bəbəyi kimi qoruyan, uğrunda canlarını əsirgəməyən uluların səsi..."

Ömrün Kürün sahillərində ötüb keçən illərini xatırlayan müəllif mənsub olduğu nəslin şöhrətli insanlarını da yada salır. Doğma yerlərə baş çəkəndə xatirələr ümmanına qərq olur, Kür qırağında, yaşıllığa bürünmüş sahildə ata-baba yurdunu seyr edir.Qeyd edim ki, Ə.Bəşirli köklü bir nəslin nümayəndəsidir. Ata-anasının yeganə övladıdır, atası 1945-ci ildə müharibədə həlak olur, onu əsərlərində böyük məhəbbətlə yad etdiyi anası böyüdür və Əlövsət orta məktəbi qızıl medalla bitirir, ali məktəbə daxil olur, jurnalistika fakültəsində ustad müəllimlərdən elm və həyat dərsi mənimsəyir. Amma bütün varlığı ilə doğulduğu "şor Muğan torpağına", Kürə bağlıdır.

Kür deyəndə bir də Əliağa Kürçaylı yada düşür. Ə.Bəşirli böyük ehtiramla xatırlayır ki, yaradıcılıq aləmində ilk xeyirxahı, qolundan tutan adam Əliağa Kürçaylı olubdur. Ə.Kürçaylının köməyi ilə o, RadioTeleviziya Komitəsində işə düzəlmişdi. Buna görə də yazır ki: "İllər keçdikcə müxtəlif ictimai işlərdə, məsul vəzifələrdə çalışsam da, hələ tələbə ikən qolumdan tutub mənə dayaq olan, xeyir-dua verən Əliağa Kürçaylının yaxşılığını unutmadım, onun xeyirxahlığa, insanpərvərliyə səsləyən, "vətən övladını sorğu-suala tutan" poeziyası ömrüm boyu yol-yoldaşım, sirdaşım oldu". Ə.Bəşirli Əliağa Kürçaylının həyat və yaradıcılığına həsr olunan "Çıxıram qəlblərin səyahətinə.." (müəllifləri ZaminMahmud Mahmudovlar) kitabından da rəğbətlə söz açır.

Əlövsət Bəşirli tənqidçi və ədəbiyyatşünas deyil, amma ayrı-ayrı yazıçıların yaradıcılığından, keçdiyi sənət yollarından, bədii əsərlərindən səmimiyyətlə söz açır. Çalışır ki, bir publisist kimi haqqında söz açdığı yazıçılara və bədii əsərlərə obyektiv qiymət verə bilsin, oxuculara əsl həqiqəti çatdırsın. Onun bu tipli yazıları PORTRET səciyyəlidir. Bu yazıların bir məziyyəti xüsusi qeyd edilməlidir: müəllifin haqqında söz açdığı ədiblər və digər sənət adamları əksərən onun müasirləridir, ünsiyyətdə olduğu insanlardır. Ona görə də bu yazılar səmimi təsir bağışlayır. Günlərin bir günü Məmməd Arazla Cabir Novruz Salyana gəlirlər. İş gününün axırında, redaksiyanın ("Qələbə" qəzeti, Ə.Bəşirli burada redaktor müavini işləyirdi) dəhlizində rastlaşırlar. Ə.Bəşirli onları evinə dəvət edir. Gecədən xeyli keçənə qədər həmsöhbət olurlar. Gözəl şair-tərcüməçi Vilayət Rüstəmzadə, istedadlı rejissor Əliqismət Lalayev, şair Oqtay Rza, son dərəcə maraqlı şair Abbasağa Azərtürk, publisist Südabə Ağabalayeva haqqında qələmə alınan yazılar da məhz səmimiyyətilə seçilir. "Poeziyamızın Oqtay Rza ünvanı" məqaləsində Ə.Bəşirli özünəməxsus poetik nəfəsiylə seçilən Oqtay Rzanın şair səciyyəsini canlandırmağa səy göstərir.Məlum olur ki, Salyanda ədəbiyyat vurğunları, yaradıcılığa yenicə başlayan cavanlar rayon Mərkəzi kitabxanasına toplaşarmışlar. "Mən yaşıdlarımla kiçik qonşu otaqdan boylanıb Mərkəzi kitabxananın oxu zalına baxanda orada bizdən böyükləri-Əliağa Kürçaylını, Ağacavad Əlizadəni, Xəlil Rzanı görürdük.Oqtay onlardan 5-6 yaş kiçik olsa da, kitabxanadakı ədəbi birlikdə iştirak edirdi. Hələ beşinci sinifdə oxuyanda rayon qəzetində şeiri çap olunmuşdu. Bu balacaboy, civə kimi bir yerdə qərar tutmayan, xoşsifət oğlan mənə simsar görünürdü. İkimiz də atasız böyüyürdük. Onun ali təhsilli müəllim atası repressiya qurbanı olmuşdu".

Ə.Bəşirlinin "Allahı qatil edənlər" (Aqil Abbas), "Sarı odalar" (İradə Tuncay) kitabları haqqında, Nahid Hacızadənin 75 illiyi münasibətilə qələmə aldığı yazılarında mənəvi borcdan doğan bir məsuliyyət hissi görürsən.

Əlövsət Bəşirli haqqında söz açdığı müəlliflərin üslubunu, özünəməxsus yazı manerasını, həyata, gerçəkliyə yanaşma tərzini düzgün səciyyələndirməyə çalışır.

Əlövsət Bəşirlinin həyat və yaradıcılıq yolu onun qələm dostları tərəfindən də yüksək qiymətləndirilib. Müxtəlif yazılar içərisində biri daha çox seçilir. Bu, Əməkdar jurnalist Ələkbər Abbasov-Şəhrilinin "Əlövsət və Dilarə" dastansayağı yazısıdır. O, Əlövsət Bəşirli və Dilarə Vəkilova sevgisinin həyat amalına, birlik qayəsinə çevrilməsini səmimiyyətlə qələmə alır. Yeri gəlmişkən qeyd edək ki, yarım əsrdən artıq jurnalistikada külüng çalan bu ürək və əqidə yolçuları qələmlərini və imzalarını "Bizim dünya" kitabında birləşdiriblər. Həmin kitabı bir müasir sevgi dastanı kimi də vərəqləmək mümkündü. Ə.Bəşirlinin çox gözəl ailəsi var. Bu ailənin dörd övladı və nəvələri də daxil olmaqla hamısının başının tacı Dilarə xanım Vəkilovadır. Səməd Vurğun nəslini təmsil edən Dilarə xanım özü də istedadlı bir publisistdir. Allah rəhmət eləsin Tofiq Abdinə-həmin kitabda onun Əlövsət Bəşirli və Dilarə Vəkilova ilə "Yazar ailələr" silsiləsindən bir müsahibəsi var, o müsahibədə, eləcə də Ə.Bəşirlinin "Ömrümün kitabı" xatirə povestində bu iki insanın keçdiyi ömür yolu əks olunub. O yazıları oxuduqca fikirləşirsən ki, əsl Azərbaycan ailəsi belə olar! Və mən bu yazıda 80 yaşlı Əlövsət Bəşirliyə və Dilarə xanıma uzun ömür, cansağlığı, könül xoşluğu və əlbəttə, yaradıcılıq uğurları arzulayıram!

 

525-ci qəzet  2018.- 2 iyun.- S.22.