Cümhuriyyət
məmurunun dünya şöhrəti (Məhəmməd
Ağa-Oğlu)
AXC-100
Vilayət QULİYEV
Azərbaycan
Cümhuriyyəti cəmisi iki ilə yaxın yaşasa da,
mövcudluğunun tarix baxımından az qala bir göz
qırpımına bərabər qısa dövrü ərzində
görülən işlərin miqyas və mahiyyəti elə təəssürat
yaradır ki, Cümhuriyyət xadimləri müstəqil
dövlətçiliyə on illər boyu
hazırlaşmışdılar. Qəfil süqutdan sonra isə
şərəfli ənənələri yenə illər boyu qoruyub
saxlamağı, yaşatmağı bacarmışdılar.
Əks-təqdirdə Cümhuriyyətin ilk günlərindən
milli dövlətçiliyin qurulması və möhkəmləndirilməsi,
əməli fəaliyyətə qadir idarəçilik
institutlarının yaradılması istiqamətində
atılan ardıcıl, məqsədyönlü addımlara
izah tapmaq çətindir.
Milli
müstəqilliyin qazanılmasını bəlkə də
taleyin töhfəsi,
gözlənilməz bir nemət saymaq olardı. Lakin onu addım-addım
gerçəyə çevirən, nə istədiyini
aydın bilən, haradan başlayıb hara getdiyini dəqiq təsəvvür
edən milli ruhlu, aydın vətəndaş mövqeli yetkin
siyasi ağla malik insanların Cümhuriyyət hakimiyyətində
təmsil olunmalarını heç vəchlə təsadüf adlandırmaq
mümkün deyil.
Milli hökumətin
mövcudluğunun üçüncü ayında erməni quldur dəstələrinin
1918-ci ilin martında Bakı, Quba, Şamaxı, Lənkəran,
habelə digər şəhər
və qəzalarda Azərbaycan türklərinə
qarşı törətdikləri soyqırımı
aktını araşdırmaq, şahid ifadələri, maddi dəlillər
toplamaq üçün Fövqəladə İstintaq
Komissiyasının yaradılması uzaqgörən dövlət
siyasətinin belə təzahürlərindən biri idi. Komissiyanın son dərəcə çətin
şəraitdə gördüyü işlər, aşkara
çıxardığı həqiqətlər təkcə
öz dövrü üçün deyil, bu gün də ermənilərin
tarixi saxtalaşdırmaq cəhdlərini, böhtan və
iftiralarını ifşa etmək baxımından müstəsna
əhəmiyyətə malikdir.
1919-cu
ilin payızında Rusiya imperiyasının Azərbaycan
xalqına, onun tarixi keçmişinə, milli
varlığına, adət-ənənələrinə
qarşı çevrilmiş məkrli siyasətini sənəd
və dəlillər əsasında sübuta yetirilmək istiqamətində
başqa bir mühüm addım da atılmışdı -
xarici işlər naziri M.Y.Cəfərov oktyabrın 13-də
Zaqafqaziyanın yerli müsəlman əhalisi ilə
bağlı rus siyasətinə dair sənəd və
materialların toplanması üçün ayrıca komissiya
təsis edilməsi ilə bağlı əmr
imzalamışdı.
Hər iki qərar hökumətin planlı, məqsədəuyğun
fəaliyyətindən, tarix və xalq qarşısında məsuliyyət
duyğusundan xəbər verirdi. Ölkənin ali və orta rəhbərliyində
xalqını və dövlətini ürəkdən
sevən, onun qarşısında böyük məsuliyyət
hiss edən insanlar təmsil edilməsəydilər təbii
ki, belə milli maraqları ön plana çəkən belə
zəruri qurumlar da yaradılmazdı.
Azərbaycanda rus müstəmləkə siyasətinə
dair materialların toplanması və nəşri işinin təşəbbüskarı
Polşa tatarı, Nazirlər Şurası Dəftərxanasının
rəisi, tarixçi və naşir Leon Nayman Mirzə
Kriçinski idi. O, Bakıya gələnə qədər general
M.Sulkeviçin rəhbərlik etdiyi Krım hökumətində
də eyni vəzifədə - dəftərxana rəisi kimi
çalışmışdı. Burada qısa müddət ərzində
yerli arxivlərdən topladığı və rus
çarizminin müstəmləkə siyasətini əks etdirən
çoxsaylı rəsmi yazışmalar, materiallar əsasında
“Krım tatarlarına dini təzyiq göstərilməsinə
dair”, “Krım tatarlarının maarif və mədəniyyətinə
qarşı mübarizə” adlı iki məcmuə tərtib
etmiş, bir il sonra Bakıda onların hər ikisinin nəşrinə
nail olmuşdu. Ağməsciddə (Simferopol) bu
işi demək olar ki, təkbaşına
görmüşdü. Azərbaycanda isə onun az da olsa, dərin elmi biliklərə və
siyasi təcrübəyə malik yardımçıları
vardı.
Komissiyanın
tərkibinə həmvətəni Konstantin (Kərim)
Sulkeviç, Xarici İşlər Nazirliyinin draqomanı (tərcüməçi),
şair və publisist Əli Yusif Yusifzadə, Daxili İşlər
Nazirliyi katibliyinin rəisi Məhəmməd Ağayev daxil
idilər. Bir müddət sonra parlamentin
qanunvericilik şöbəsinin rəisi, tanınmış
ziyalı Hüseyn Mirzəcamalov da onların sırasına
qoşulmuşdu. Sonuncu iki nəfərin səyləri
nəticəsində komissiyanın işi daha təcrübi və
yaradıcı xarakter almışdı.
Söhbətimiz
yuxarıda adı çəkilən şəxslərdən
biri - Daxili
İşlər Nazirliyinin sıravi məmurluğundan
ABŞ-ın dünya şöhrətli aliminə kimi
maraqlı ömür yolu keçmiş Məhəmməd Ağayev - Mehmet Ağa-Oğlu
haqdadır.
lll
Məhəmməd
Həsən oğlu Ağayev (gələcək Mehmet
Ağa-Oğlu) 1896-cı il avqustun 4-də
qədim Azərbaycan şəhəri İrəvanda, orta
hallı bir ailədə doğulmuşdu. Bəzi
mənbələrdə onun məşhur Qarabağ soyundan -
Ağaoğlular ailəsindən olması iddia edilsə də,
bu mülahizə həqiqətə uyğun deyil. Ortada yalnız soyad eyniliyi var. Bəlkə də məşhur
həmvətəni Əhməd Ağaoğludan seçilmək
üçün Məhəmməd Ağayev soyadının
Ağa-Oğlu şəklində yazılmasına
üstünlük vermişdi.
İlk təhsilini 1904-1912-ci illərdə İrəvanda
klassik gimnaziyada almışdı. 1912-1916-cı illərdə
Moskva universitetinin tarix-filologiya fakültəsinin tələbəsi
olmuşdu. Universiteti ədəbiyyat
üzrə namizəd (indiki magistr) dərəcəsi ilə
başa vurmuşdu. Təhsil illərində
İslam Şərqinin tarixi, fəlsəfəsi, incəsənəti
ilə bağlı hərtərəfli biliklərə yiyələnmiş,
Şərq və Qərb dillərini öyrənmişdi.
Elmi tədqiqatlara maraq, nəzəri biliklərin təcrübədə
möhkəmləndirilməsi istəyi onu hər hansı rəsmi
dövlət qulluğundan, yaxud mənsəb
axtarışından uzaq tutmuşdu. İki ildən çox vaxtının əksər
hissəsini elmi səyahətlərdə keçirmiş, Azərbaycan,
Mərkəzi Asiya, İran, İraq, Suriya, Anadolu kimi fərqli
coğrafiyalarda islam incəsənəti abidələrini
araşdırmışdı. Səyahətinin
nəticələri onu bu sahədə sistemli elmi tədqiqatların
zəruriliyi fikrinə daha da inandırmışdı.
1918-ci ilin mayın 28-də Azərbaycan Cümhuriyyətinin
qurulması milli-vətənpərvər ziyalıların
çoxu kimi gənc Məhəmməd Ağayevi də ürəkdən
sevindirmişdi. O, tərəddüd etmədən milli hakimiyyətlə
əməkdaşlıq yolunu tutdu. Hökumətin Avropa və
rus universitetlərində təhsil almış müasir
düşüncəli, açıq fikirli, bilikli və
savadlı insanlara
ehtiyacının böyük olduğunu bildiyindən
həmin dövrə qədər yaxına buraxmaq istəmədiyi
məmur işi ilə də razılaşmışdı. Yenicə formalaşmağa başlayan Daxili
İşlər Nazirliyi katibliyinin rəisi olmuşdu.
İlk baxışdan qəribə görünə bilər
- ədəbiyyat magistri, Şərq incəsənətinin
mahir bilicisi nə üçün hökumət qulluğuna
gedərkən ixtisası və istəyi ilə əsla
uzlaşmayan bir sahəni seçmişdi? Məncə, suala müəyyən
ehtimala əsaslanaraq cavab vermək mümkündür -
çox güman ki, bu məsələdə daxili işlər
nazirinin müavini, Şərq dilləri, tarix və mədəniyyətinin
mahir bilicisi, mühacirət illərində Lvovdakı Yan
Kazimir universitetinin professoru kimi çalışan general-mayor
Sadıq bəy Ağabəyzadənin (1865-1944) rolu az
olmamışdı. Digər tərəfdən
spesifik qurumda çalışması Məhəmməd
Ağayevi sevdiyi Şərq tədqiqatlarından qətiyyən
uzaqlaşdırmamışdı. Əksinə,
nazirliyin mütəşəkkil imkan və resurslarından
maddi-mədəniyyət abidələrinin aşkara
çıxarılması və mühafizəsi işində
istifadə etmişdi.
Ə. Topçubaşovun Həsən bəy Zərdabi
haqqındakı məşhur essesində yazdığı
kimi, “Azərbaycan türklərinin həmin dövrdəki (XIX
əsrin sonu - XX əsrin əvvəli - V.Q.) vəziyyəti
azsaylı ziyalılara yalnız bir sahə üzrə
ixtisaslaşmağa imkan vermirdi. Mövcud həyat
şərtləri özünü xalqın xidmətində
görmək istəyən hər kəsdən eyni vaxtda bir
neçə sahədə fəaliyyət göstərməyi
tələb edirdi. Sanki xalq həmin ziyalı ilə
şərt kəsir və deyirdi: “Əgər həyatını
bütünlüklə mənə həsr etmək istəyirsənsə,
onda yalnız bir sahə üzrə mütəxəssis olmaq
fikrindən həmişəlik daşınmalısan. Özünü bütünlüklə mənim
ixtiyarıma verməlisən. Hansı anda
nəyə ehtiyac duysam, o sahədə işlərin öhdəsindən
gəlməyi bacarmalısan. Əks təqdirdə
xidmətinə lüzum görmərəm. Bəlkə də, bir sahənin bilicisi kimi sən
göydən ulduz da qopara bilərsən. Mənə
isə yalnız bir yerdə deyil, hər işdə
lazımsan”.
Cümhuriyyətin
dövründə digər əqidə dostları kimi Məhəmməd
Ağayev də yalnız bu prinsiplə
çalışmış, millətə və dövlətə
hər sahədə yararlı olmağa can atmışdı. Çağdaş Azərbaycanın mədəniyyət
tarixinə ilk milli muzeyin - açılışı
Parlamentin birinci ildönümü münasibəti ilə həyata
keçirilən İstiqlal muzeyinin qurucularından biri kimi daxil
olmuşdu. Cümhuriyyətlə bağlı başqa
bir mühüm mədəni qurumun - 1919-cu ildə təsis
edilən “Qədim abidələrin müdafiəsi cəmiyyəti”nin təşəbbüskarı da o idi.
Çox gənc olmasına baxmayaraq, Məhəmməd
Ağayev Cümhuriyyətin milli-mədəni siyasətinə
yön verən azsaylı ziyalılar arasında yer tuta
bilmişdi. Həmin ziyalılardan biri - gələcəkdə həm
də qohumluq əlaqələri qurduğu Hüseyn Mirzəcamalovla
birlikdə ölkə həyatında tamamilə yeni sahənin
- muzeyçilik işinin əsasını qoymuşdu.
Onların nəcib çağırışını dəstəkləyən
“Azərbaycan” qəzeti 23 sentyabr 1919-cu il
tarixli sayında yazırdı: “... sənələrdən bəri
bəslədiyimiz bir arzu var ki, o da Vətənimiz Azərbaycanda
bir milli muzey təsisidir. Sabiq Rusiya zamanında təsis edəcəyimiz
muzeyin adını “milli muzey” qoymaq fikrində idiksə də,
bu gün fərdimizin köksünü qabardan istiqlal
şüarı olmasına görə, “İstiqlal Muzesi”
olmasını əhəmiyyətli görürüz”.
1919-cu il dekabrın 7-də sadəcə Parlamentin bir
otağında açılan muzeyin ilk əsasnaməsinin,
habelə tarixi əşyaların qəbul, sənədləşdirmə,
saxlama və qorunma qaydalarının hazırlanmasında Məhəmməd
Ağayevin xidmətləri böyük olmuşdu. Onun
yaxından iştirakı ilə hazırlanmış “Həmişəlik
Azərbaycan Parlaman İmarətində təsis edilən
İstiqlal muzeyi adına müəssislər
tərəfindən toplanmış şeylərin birinci
Parlaman Divani-Rəyasətinə təhvil verilməsi
haqqında şərait” (şərtlər mənasında -
V.Q.) adlı sənəd ölkəmizdə muzeyçilik
işinin təşkili ilə bağlı ilk hüquqi akt və
spesifik təlimatlardan biri sayıla bilər.
Məhəmməd
Ağayev həm daxili işlər nazirliyi, həm də rus
müstəmləkə siyasətinə dair sənədlər
toplayan komissiyadakı fəaliyyəti çərçivəsində
maddi-mədəniyyət abidələrinin aşkara
çıxarılması, qeydiyyata alınması və qorunmasına xüsusi
diqqət göstərmişdi. O, daxili işlər nazirinə
24 yanvar 1920-ci il tarixli məktubda israrla xahiş edirdi ki,
nazirliyin işinə vicdanla yanaşan milli ruhlu əməkdaşlara
bir vəzifə olaraq Azərbaycanın quberniya və qəzalarındakı
qədim tarixi abidələr, dağıdılmış
yaşayış məskənlərinin qalıqları, qədim
qəbiristanlar, əski məzar daşları, qəbirüstü
yazılı abidələr, məscid, kilsə, monastır, məbəd,
ibadətgah və xanəgahlar barəsində məlumatlar
toplamaq və sistemləşdirmək
tapşırılsın. Bu tipli tarixi abidələrin
müfəssəl siyahısı tutulsun və siyahıda abidənin
olduğu ərazinin dəqiq adı, habelə bu və ya digər
maddi-mədəniyyət abidəsinə xalq arasında verilən
ad, onun mövcud vəziyyəti və saxlanma şəraiti barəsində
müfəssəl bilgilər əlavə olunmaqla komissiyaya təqdim
edilsin.
Məktub müəllifi ölkə ərazisində mədəni
irsin mövcudluğunun, onun qorunması və təbliğinin
Azərbaycanın milli müstəqilliyi ilə sıx
bağlılığına inanırdı. Yuxarıda istinad etdiyim məktubda
bu münasibətlə yazırdı: “Hazırda tarixi sənədləri
və mədəni fəaliyyətləri ilə müstəqil
mövcudluq qabiliyyətini sübut etməyi bacaran xalqlar müstəqillik
və azadlıq hüququ qazanırlar”.
Məhəmməd
Ağayev öz müstəqil milli dövlət qurmaq istəyən Azərbaycan
türklərinin belə tarixi abidələrə malik
olub-olmaması haqqında sualın
cavabında yazırdı: “Tariximizin, arxeoloji materiallarımızın
zənginliyi müstəqil mövcudluq hüququmuzu sübut
etməyə imkan verəcəkdir. Tarixçi alimlərin
müəyyən etdikləri dövrlər üzrə
(daş, tunc, dəmir) keçmişimizi araşdırıb
öyrənsək,
vətənimizin bəşər
sivilizasiyasının mərkəzlərindən biri
olduğunu görərik. Yaşadığımız
torpaqlardan dünyanın böyük xalqları keçib
getmişlər. Burada qüdrətli
dövlətlər qurulmuş, mühüm döyüşlər
baş vermişdir. Nəhayət, bu ərazilərdə
mədəni Avropa ilə döyüşkən Asiya
üz-üzə gəlmişdir. Hələ
xristianlığın meydana çıxmasından
çox-çox əvvəl Herodot, Srtabon kimi qədim yunan
alimləri bu ərazidə məskunlaşan xalqın
döyüş qüdrətindən, onların
iştirakı ilə baş verən hadisələrin bəşər
tarixinə təsirindən, torpaqlarımızın zənginliyindən
bəhs etmişdilər”.
Bəhs
olunan məktubda Məhəmməd bəy Ağayev Xalq Maarifi
Nazirliyi nəzdində ayrıca arxeologiya şöbəsinin
yaradılmasını Cümhuriyyətin elmi-mədəni həyatında diqqətəlayiq
hadisə kimi dəyərləndirirdi. Aşkara
çıxarılan bütün maddi mədəniyyət
nümunələrinin mühafizə və tədqiq məqsədi
ilə İstiqlal muzeyinə verilməsinin vacibliyi bir daha
vurğulanırdı. Əlyazmalarının,
nadir kitabların, qədim nəşrlərin müvafiq şəraitdə
saxlanması, elmi prinsiplərlə tədqiq edilib öyrənilməsi
məqsədi ilə Xalq Maarifi Nazirliyinin Arxeologiya şöbəsi
yanında ayrıca kitabxananın yaradılması təklif
olunurdu.
Azərbaycan
mədəniyyətinin zənginliyinə, mənsub olduğu
xalqın yaradıcı zəkasına, intellektual
potensialına inanan gənc və iddialı Məhəmməd
Ağayev müstəqillik şəraitində Bakıda islam
şərqinin tarix, mədəniyyət və incəsənətinin
öyrənilməsi baxımından geniş imkanlar
açılacağına inanırdı. Lakin
bolşevik işğalı, haqqında sənədlər
topladığı rus müstəmləkə
zülmünün yeni formada, yeni rəngdə
qayıdışı onlarla ziyalı soydaşı kimi onun da
Vətəni ilə bağlı gənclik arzularının
üzərindən həmişəlik xətt çəkmişdi.
Məhəmməd Ağayev normal insan həyatını
da, elmi uğurları da Azərbaycandan çox-çox
uzaqlarda axtarmalı oldu.
Amma tam əminliklə
demək mümkündür ki, onun gələcəyin Şərq
incəsənəti üzrə dünya miqyasında
tanınan görkəmli bir mütəxəssis kimi yetişməsində
Bakı dövrü və müstəqillik ab-havası
heç də sonuncu yerdə dayanmamışdı...
lll
XX əsrin
30-40-cı illərində Şərq incəsənəti
tarixçiləri arasında artıq Mehmet Ağa-Oğlu kimi
məşhurlaşan azərbaycanlı alimin zəngin elmi
irsinin ABŞ və Avropadakı bir çox tədqiqatçıları
(bax.Vernoit, “İslamic Art and Architecture: an Owerview of Scholarship
and Collecting”, 1850-1950; Vernoit, “Discovering Islamic Art; The Mirage of
Islamic Art”; Marilyn Jenkins-Madina, “Collecting of Art at the Met: Early
Tastemakers in Amerika”; Z.Simavi, “Metmet Aga-Oglu and the formation of the
field of Islamic art in the United States” və b.) onun elmi
axtarış və fəaliyyətinin zaman baxımından o
qədər də əhatəli sayılmayacaq Cümhuriyyət
mərhələsi üzərindən sükutla keçir,
ömür yolu və elmi fəaliyyətinin öyrənilməsinə
bir qayda olaraq 1921-ci ildən - artıq İstanbul universitetinin
tələbəsi kimi yenidən təhsil həyatına
qayıtdığı dövrdən başlayırlar.
Bu da
anlaşılandır - çünki Azərbaycanda indiyə qədər
ABŞ-ın islam incəsənəti üzrə ilk professoru,
1934-1951-ci illərdə çap olunan fundamental “Arc
İslamika” jurnalının banisi, naşiri və ilk baş
redaktoru olmuş həmvətənimiz haqqında hər
hansı ciddi elmi araşdırma ortaya qoyulmayıb. Elmi fəaliyyətə
Cümhuriyyətin muzey işinin təşkilatçısı
və maddi-mədəniyyət abidələrimizin ilk
toplayıcısı kimi başlayan Mehmet Ağa-Oğlu isə
təbii ki, belə bir diqqətə tam layiqdir. Alimin zəngin irsinin tədqiqatçılarından
Zeynəb Simavinin yazdığı kimi, “ABŞ-dakı 20 illik
(1929-1949) fəaliyyəti dövründə Ağa-Oğlu bu
ölkədə akademik fənn olaraq islam incəsənətinin tarixini öyrənmək
işinin əsasını bir alim, müəllim, sərgi təşkilatçısı-kurator
və naşir kimi qoymuşdu”.
lll
Aprel çevrilişindən sonra bir sıra əməl
və əqidə dostları kimi keçmiş cümhuriyyət
məmuru Məhəmməd bəy Ağayev də
Gürcüstan üzərindən Türkiyəyə
keçə bilmişdi. Və burada bütün gələcək fəaliyyətini
müəyyənləşdirən qərar qəbul
etmişdi - həyatının əsas amalına
çatmağı, islam incəsənəti
sahəsində mükəmməl mütəxəssis kimi
yetişməyi qarşısına məqsəd qoymuşdu. Bu məqsədlə də o zaman hələ
Darülfünun adlanan İstanbul Universitetində təhsilini
davam etdirməyə başlamışdı. Tale üzünə gülmüşdü -
qarşısına seçdiyi sahədə ona yol göstərən
nəcib insan və görkəmli alim - Türkiyədə
muzey işinin təşkilatçılarından biri olan Xəlil
Edhem Eldem (1861-1938) çıxmışdı. Xəlil bəy İstanbul Darülfününunun
gözəl sənətlər müdərrisi (professor) olmaqla
bir sırada həm də Osmanlı Asari-Ətiqə Muzeyinin
(indi İstanbul Arxeologiya muzeyi) müdir müavini idi.
Mükəmməl
Avropa məktəbi keçmiş Xəlil Edhem bəyin
Türkiyədə metal sikkələr və daş kitabələrin
öyrənilməsində böyük xidmətləri
olmuşdu. Uzaqgörən elm adamı kimi o, gələcək
haqqında düşünür, ölkəsində zəngin
islam incəsənətinin
araşdırılmasını və muzeyçilik işini
daha yüksək səviyyəyə qaldırmağın
yollarını arayırdı. Bu baxımdan Azərbaycandan
gəlmiş gənc siyasi mühacir Xəlil bəyin diqqətini
çəkmişdi. Onun simasında öz
işinin gələcək davamçısını
görmüşdü. Uzun-uzadı müzakirələrdən
sonra 1922-ci ildə artıq
Mehmet Ağa-Oğlu kimi tanınan Məhəmməd bəy
Ağayev əvvəlcədən hazırlanmış plan əsasında
ən seçkin mütəxəssislərin yanında təhsil
almaq və təcrübə keçmək məqsədi ilə
dörd il müddətinə Almaniya və Avstriyaya yola
düşmüşdü.
Əvvəlcə
dövrün islam arxeologiyası, habelə
iranşünaslıq sahəsində tanınmış isimlərindən
biri, Berlin universitetinin qədim
və yeni Yaxın Şərq araşdırmaları professoru Ernst Hersfeldin (1879-1948) və məşhur
“Der İslam” jurnalının naşiri, müasir alman şərqşünaslığının
banilərindən sayılan Karl Bekkerin (1876-1933) yanında təhsil
almışdı. Ardınca İen universitetində
ilkin xristian arxeologiyası, Qərb incəsənəti və
estetikası üzrə əsaslı kurs keçmişdi.
1924-1926-cı illərdə isə Vyana
universitetində professor Yozef Strjikovskinin (1862-1941) rəhbərliyi
altında orta çağ türk memarlığına dair
doktorluq dissertasiyası üzərində işləmişdi.
Bizans incəsənətinin mahir bilicilərindən olan
Strjikovski “Şərq, yoxsa Roma?”, “Kiçik Asiya - incəsənətin
xam torpağı” kimi polemik kitablarında Şərq mədəniyyəti
və incəsənətinin ilkinliyi, habelə onun Avropaya təsiri
konsepsiyasını əsaslandırmağa
çalışmışdı. “Altay-İran və
xalqların böyük köçü” əsərində
isə əski türk incəsənətinin özəlliklərini,
köçəri mədəniyyətinin həmişəyaşar
ənənələrini, eləcə də Avropa mədəniyyətindəki
izlərini araşdırmışdı.
Almaniya və
Avstriya kimi ölkələrdə keçirdiyi dörd il ərzində Mehmet Ağa-Oğlu istər Qərb,
istərsə də Şərq incəsənəti sahəsində
geniş diapazona malik universal mütəxəssis kimi
yetişmişdi. Rusiyanın ən yaxşı
universitetlərindən birini bitirməsi, rus dilinə mükəmməl
bələdliyi sayəsində o, bəzi şərqli və qərbli
həmkarlarından fərqli olaraq slavyan mədəniyyətini
də türk-islam kontekstində araşdırmaq imkanı
qazanmışdı. Universitet illərində öyrəndiyi
latın və
yunan dilləri isə dünya tarixinin daha dərin qatlarına
baş vurmaq imkanı yaratmışdı. Lakin
Avropa mühitinin, Qərb universitetlərinin elmə fəaliyyət
üçün yaratdığı geniş imkanlara baxmayaraq,
Mehmet Ağa-Oğlu dissertasiya müdafiəsindən sonra
1927-ci ildə Türkiyəyə qayıtmışdı.
Burada Topqapı muzeyi nəzdindəki Çinili
Köşkün mühafizi kimi fəaliyyətə
başlamışdı. Sonra Türkiyə Əfqaf (Vəqflər) Muzeyinin icraçı
direktoru olmuş, eyni zamanda, İstanbul Darülfünunda islam incəsənəti professoru
kürsüsünü tutmuşdu.
1920-ci illərin ortalarından başlayaraq Mehmet
Ağa-Oğlunun türk və alman dillərində məqalələri
müxtəlif elmi jurnallarda ardıcıl dərc edilirdi. Düşünmək
olardı ki, artıq həyatda öz yerini tapıb. Çünki Moskvadan sonra İstanbul, Berlin, İen,
Vyana kimi mühüm universitet mərkəzlərində təhsilini
davam etdirmişdi. Azərbaycandan Türkiyəyə gəldiyi
7 il ərzində heç kimi
tanımadığı mühacirdən Şərq incəsənəti
professorluğuna qədər böyük bir yol
keçmişdi.
Lakin o,
natura etibarı ilə daim yeniliyə, dəyişikliyə can
atan adam idi. Əldə
olunanlarla kifayətlənmək istəmirdi. Ona görə də 1929-cu ilin sonlarında Şimali
Amerikanın Miçiqan ştatındakı Detroyt Gözəl
Sənətlər İnstitutundan Yaxın Şərq muzeyinin
mühafizi olmaq təklifi alanda artıq ikinci vətəni
saydığı Türkiyədən uzaq Amerikaya
köçməyə tərəddüd etməmişdi.
Zeynəb Simavinin yazdığına görə, Mehmet
Ağa-Oğlu həmin dövrdə ABŞ-da islam
incəsənəti sahəsində yeganə mükəmməl
elmi məktəb keçmiş mütəxəssis idi.
Başqa bir üstünlüyü üç
mühüm Qərb dili ilə birlikdə üç əsas
Şərq dillərini bilməsi, eyni zamanda mühüm
filoloji bazaya yiyələnməsi idi. Nəhayət əksər
avropalı həmkarlarından fərqli olaraq Şərqi
kitablardan öyrənməmişdi, islam
dünyasının öz ağuşundan
çıxmışdı. Türk elmi dairələrində
və muzeyçilik sahəsində tutduğu yüksək
mövqe və şəxsi əlaqələri isə əməkdaşlıq
baxımından Türkiyənin mədəniyyət müəssisələrinə
maneəsiz şəkildə nüfuz etməyə imkan
yaradırdı. Bütün bu cəhətlər məqsədyönlülüyü
və zəhmətsevərliyi ilə birləşincə
Mehmet Ağa-Oğlunu yeni elmi istiqamətin - zəngin islam incəsənətinin
ABŞ-da öyrənilməsi və təbliği
baxımından ən uğurlu namizədə, əvəzsiz
mütəxəssisə çevirirdi. Nəticədə
Amerikaya yalnız üç illik müqavilə əsasında
gedən həmvətənimiz həyatının sonuna qədər
burada yaşamalı və işləməli olmuşdu.
1920-ci illərdə Detroyt Gözəl Sənətlər
İnstitutu sadəcə bələdiyyə muzeyi idi. Eksponatlarının
əksər hissəsi Avropa və Amerika incəsənəti
nümunələrindən təşkil olunmuşdu. Alman sənət tarixi məktəbinin yetirməsi,
professor V.Valentinerin direktor kimi fəaliyyəti illərində
Detroyt İnstitutunun siması kökündən dəyişmişdi.
Mehmet Ağa-Oğlunu buraya dəvət edən
də V.Valentiner idi. Azərbaycanlı alim az
müddətdə öz yerini tuta bilmişdi. O, 1929-1938-ci illərdə
Amerikanın mühüm islam incəsənəti
mərkəzlərindən birinə çevrilən institutun
mühafizi, 1933-1938-ci illərdə isə Miçiqan
universitetinin professoru kimi çalışmışdı.
Mehmet
Ağa-Oğlu mühafiz kimi fəaliyyətə başlayandan
bir müddət sonra amerikan elmi ictimaiyyətinin diqqətini
Detroyt Gözəl Sənətlər İnstitutunun Şərq
ekspozisiyasına, daha çox isə islam incəsənəti
örnəklərinə cəlb etmək məqsədi ilə
1930-cu ilin oktyabr ayında burada ilk olaraq “A Loan Exibition of
Mohammedan Decorativ Art” adlı sərgi təşkil etmişdi. Sərginin
eksponatları sırasına islam mədəniyyəti
nümunələri - əlyazmaları, keramika, metal, ağac və
fil sümüyü üzərində işlər,
mücrülər, bədii parçalar, tikmələr və
s. daxil idi. Onların bir hissəsi Detroyt Gözəl
Sənətlər İnstitutunun heç vaxt ictimai
baxışa çıxarılmayan ekspozisiyasından, digərləri
Birləşmiş Ştatların müxtəlif
tanınmış kolleksiyaçılarının şəxsi
fondlarından götürülmüşdü.
Noyabrın
1-də yerli “The Art Digest” qəzeti birinci səhifəsində
çap etdiyi “Detroyt muzeyi qiymətli islam incəsənəti
sərgisi nümayiş etdirir” adlı məqalədə
Mehmet Ağa-Oğlunun təşəbbüsünü
“ölkədə islam incəsənətinin bütün
qollarını tam şəkildə bir araya gətirən ilk
sərgi” kimi dəyərləndirmişdi.
Bu əsas
tədbirlə paralel şəkildə
Detroyt İnstitutu həm də Hindistan, İran, Mərkəzi
Asiya, Türkiyə, Misir memarlıq abidələrinin
nümayiş olunduğu foto-sərgi və XI-XX əsrlər
islam tətbiqi sənəti (bədii parça - textil) mövzusunda
sərgi də təşkil
etmişdi. Hər iki tədbirin təşkilinə yaxından
dəstək verməklə bir sırada Mehmet Ağa-Oğlu
incəsənət əşyalarının seçilməsi
üzrə komissiyanın üzvü kimi 1931-ci ildə Londonun
məşhur Burlington House sarayında açılan
“İnternational Exibition of Persian Art” sərgisinin
hazırlanmasında da yaxından iştirak etmişdi. Sərgidə
Detroyt Gözəl Sənətlər İnstitutunda saxlanan 6
iş də nümayiş olunurdu. Bu bir tərəfdən Şərq
incəsənəti üzrə ekspert kimi Mehmet
Ağa-Oğlunun, eləcə də onun
çalışdığı İnstitutun Avropada
tanınmasına təkan verirdi. Detroyt İnstitutu ilk dəfə
idi ki, məşhur Metropoliten muzeyi, Çikaqo Gözəl Sənətlər
İnstitutu, Boston İncəsənət Muzeyi, Harvard
universitetinin Foqq muzeyi kimi mühüm sənət məbədləri
ilə bir sırada nüfuzlu beynəlxalq sərgidə təmsil
olunurdu.
Sərgidən əvvəl keçirilən elmi
simpoziumda azərbaycanlı sənətşünas Topqapı
Muzeyində saxlanan Bəhram Mirzə albomunun müqəddiməsi
haqqında məruzə ilə çıxış
etmişdi. Bu
müqəddimə əslində, məşhur fars
miniatürçüsü, kalliqraf və sənət
tarixçisi Dust Məhəmmədin (1510-1565) 1544-cü ildə
qələmə aldığı fars rəssamlığının
- miniatür sənətinin qısa tarixi idi. Mehmet
Ağa-Oğlu həmin mühüm sənət abidəsinə
professional baxımdan ilk dəfə diqqət yetirən tədqiqatçı
idi. Sərginin keçirildiyi günlərdə “The
New-York Times” qəzeti, habelə bir il sonra çapdan
çıxan “Persian Miniature Painting” kollektiv kitabının
müəllifləri onun Bəhram Mirzə albomunun müqəddiməsini
Avropa dillərinə tərcüməsi ilə birlikdə nəşr
etdirəcəyinin anonsunu versələr də, sonrakı illərdə
dünya sənətşünaslarının səbirsizliklə
gözlədikləri belə bir nəşr meydana
çıxmamışdı.
Amma əvəzində 1930-cu ildə Detroytda keçirilən
“A Loan Exibition of Mohammedan Decorative Art” sərgisinin Mehmet
Ağa-Oğlu tərəfindən hazırlanan və
özündə 172 əsəri ehtiva edən nəfis kataloqu
çap olunmuşdu.
Budapeşt, may, 2018-ci il
(Ardı gələn
şənbə sayında)
525-ci qəzet 2018.- 2 iyun.- S.18-19.