Saxta insanlar səltənətində

 

Türkan TURAN

 

Bakı sevgili şəhərdir, amma tələsdiyim məqamlarda özümü ucu-bucağı görünməyən tıxacın düz ortasında tapanda şələ-küləmi kənara qoyub onunla dalaşmaq istəyirəm.

 

Gecikirəm, tamaşanın başladığı vaxtdan beş dəqiqə keçir! Bir qədər sonra özümü Akademik Milli Dram Teatrına çatdırıram. Böyük qapıdan əzəmətli binaya daxil olub, hündürdaban ayaqqabılarla iti addımlar ataraq ikinci mərtəbəyə qalxıram. Zalın qapısını açıb sakitcə içəri keçirəm. Budur, pərdələr açılır, səhnə işıqlandırılır, dünən zövqlə oxuduğum pyesin canlandırılması başlayır. Gecikdiyim üçün tapdığım ilk boş yerdəcə əyləşirəm. Səhnədən ucalan səsləri eşidirəm, gözüm ruhuma yağ kimi yayılan cümlələrin sahibini axtarsa da, gecənin mənim üçün gözlənilməz qonağına - Tağı Əhmədova sataşır. Ədəbiyyatın, sənətin, incəsənətin olduğu hər yerdə onu həmişə görmək mümkündür. Ondan solda isə bayaqdan dörd gözlə axtardığım müəllifi görürəm. Bu an səhnədən eşidilən dialoqlar yenə fikrimi onlardan ayırıb, özünə cəmləyir: “Yamanca vurulmuşdum ona! Qadının vurulması bir özgə aləmdir, sən bunu bilməzsən”.

 

Doğru deyir! Qadının aşiq olması, dəlicəsinə sevməsi bütün ruhları lərzəyə gətirir! Amma bunu məhv edəndə, qadın dünyaya meydan oxuyacaq gücə sahib olur. Burada isə mövzu sadəcə qadın deyil, insanın acgözlüyü, pula hərisliyidir.

 

Riya, yalan, saxtakarlıq boya biçilmiş libas kimidir. Hər gün birini çıxardıb, o birini geyinirsən, bəzən o qədər zövqsüzləşirsən ki, hamısını üst-üstə əyninə keçirirsən, ortaya eybəcər mənzərə çıxır. Bu hisslər insanın canına elə hopur ki, qarşında dayananda nizəli, qalxanlı, günlərlə su üzü görməyən, kirdən-pasdan sifətləri qaralıb mis rənginə çalan ikiayaqlı təsiri bağışlayır. Toxunanda istiliyini hiss etmirsən, baxanda məsumiyyətini görə bilmirsən. Bu insanların təbəssümləri də, hərarətləri də, ağızlarından çıxan söz, gözlərindən axan yaş da qondarma olur. Ən dəhşətlisi budur ki, bir müddət sonra gerçək kimlikləri ilə aralarında sıldırım qayalar, quraqlıqdan çatlayan çöllər, dağılmış yollar qədər məsafələr olur. Çıxarçılıq canlarına o qədər hopur ki, yeni bir şikar görən canavar kimi burunlarının pərləri qan iyi almışcasına titrəyir. Mənfəətləri üçün dünyanın bütün məşəqqətlərinə dözməyə hazırdılar: ilanla öpüşməyə, əqrəblə qucaqlaşmağa, goreşənlə yatmağa, nə olur-olsun, “uf” demirlər, bircə məqsədlərinə çatsınlar. Belələri hər insanın həndəvərində var, bu cür hisslər çox adamın içində yatıb, sadəcə, ölçüləri fərqlidir. Bəzilərində nöqtə boyda olduğu halda, başqalarında özündən də böyük yer tutur.

 

Beynimin bir küncündə yatan bu dağıdıcı gerçəklikləri dartaraq gün üzünə çıxaran yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Vəsiyyət” pyesi oldu. Yazıçının qara komediya janrında qələmə aldığı bu pyes, bir addımlığına belə yaxınlaşmağa icazə vermədiyin olayları iliyinə qədər hiss etdirərək, nitqini qurudur! Pyesi tamaşadan bir gün əvvəl oxudum. Oxuduqca ətrafdakı “qəhrəmanlar  bir-bir göz önündən keçir. Xəyanətləri, dəfələrlə sənin qalanı yerlə-yeksan edərək üzərində öz bayraqlarını ucaltmaqları, yüksəyə çıxmaq üçün çiyinlərini ayaqaltı etməkləri insanın üzünə çırpılır.

 

H. Mirələmovun pyesi əsasında səhnələşdirilən “Vəsiyyət” Dövran adlı zəngin şəxsin yaxınlarına vəsiyyətindən bəhs edir. Tamaşa insanlar arasında var-dövlət hərisliyini, mənəvi eybəcərliyi kəskin tənqid edir, insanı kamilliyə səsləyir!

 

Yazıçı min hoqqadan çıxan milyonçuları bu pyesdə 10 nəfərlə anladıb. Xalq artisti, quruluşcu rejissor Firudun Məhərrəmov isə həmin obrazlara 10 aktyorla can verib.

 

Dəbdəbəli interyeri olan, geniş və yaraşıqlı səhnədə puldan başqa müqəddəs heç nəyi olmayan obrazlar yavaş-yavaş görünür. Hadisələr milyonçu Dövran Əminbəylinin evində cərəyan edir. Röya (Münəvvər Əliyeva) başı daşdan-daşa dəymiş, bəxt ulduzu sönmüş, günəşi batmış, həyatın amansız sularına qərq olmuş, Dövranın sahilində dayanan yelkənli gəmidir. Dövranla sürdüyü həyat onu tamam dəyişib! Biganələşib... Laqeyd olub... İçindəki məhəbbət duyğuları ilk sevdiyi kişi ilə qeybə çəkilib. Ömrünün mənası tamam dəyişib. Həyatındakı daş-qaşın işığı çoxaldıqca, onun da qaranlığı böyüyüb. İndi heç bir aydınlıq onun zülmətinə işıq sala bilmir. Sevmədiyi kişi ilə yaşayır, sevmədiyi adamla  yenə də sevmədiyi kişiyə xəyanət edir. Arada çəkilir kənara xətalarının qüsursuzluğunu izləyir. Röya sadəcə səhnədə deyil, heç pyesdə də deyil, ondan bütün cəmiyyətlərdə var! Hər dövrdə yaşayıb, çox təəssüf ki, həmişə də olacaq! Hüseynbala Mirələmov Röyanın timsalında həm sevgini, həm sevgisizliyi, həm də ehtirasdan, şəhvətdən doğan məhəbbətin ömrünün qısa olduğunu göstərir. Özü də əzablı, ağrılı...

 

Dövran Əminbəyli (Əməkdar artist Abbas Qəhrəmanov) milyonçudur! Həyatda maddiyyatla ala biləcəyi hər şeyə sahibdir. Qohum-əqrabaya, dost-tanışa, gözəl və cavan həyat yoldaşına, ondan da gənc məşuqəyə... Hamı puluna görə ətrafında quyruq bulayır. Dediyi sözlərə, mənasız yumorlarına, boş söhbətlərinə puluna görə qulaq asıb, gülürlər. Eqoistdir. Arzuladığını əldə etmək hərisidir. Qarşı tərəfin istəkləri onu zərrə qədər maraqlandırmır. Yazıçı pyesdə qəhrəmanın bu xarakterini, “Kişi əkinçidir, qadın tarla! Tarlanın da əkinçini sevməyi vacib deyil” cümləsi ilə isbat edir. Hər şeyə dekor kimi baxan bu kişi, Röyanın gözəlliyini həyatının qələbəsi kimi görür, şahanə füsunkarlığını ömrünün təntənəsi olduğunu iddia edir. Həyat yoldaşına “Əgər sən olmasaydın, həyatımın beş qəpiklik mənası olmazdı” deməklə, qohumlarını layiq olmadıqları formada öyməklə bərbəzəkli sözlərə necə önəm verdiyini bir daha təsdiqləmiş olur!

 

Ceyran (Əməkdar artist Münəvvər Əliyeva) obrazını elə kitabdan oxuyarkən qəhqəhəm otağın pəncərələrini açıb çölə yayılmaq istəyirdi. Qadın sanki səhifələrdə hərəkət edir, nəfəs alır, elə bil insanı güldürmək və düşündürmək üçün dəridən-qabıqdan çıxır. Həmin an səhnədəki performansı seyr etmək üçün həyəcanlanmışdım. Sadə görkəminin altında, bəsit beyninin içərisində çirkli ruhlar daşıyan insanları xəyalıma gətirdim! Canımdan üşütmə keçdi. Ceyranlar daha təhlükəlidir, “qurban olum”ların, “qadan alım”ların altında, “qanını içərəm, heç tükün də tərpənməz”lər yatır!

 

Harın, şorgöz, bivec, kobud, qaynının kölgəsində qürrələnən, ondan qopartdığı qəpiyi qənimət bilən obraz isə Ceyranın həyat yoldaşı Pirimdir (Rüstəm Rüstəmov). Yaltaqlıq, boğazdan aşağı hərəkətlər onun da həyatının bəzəyidir. Əlinə fürsət keçsə, bütün bəlalara, çirkin əməllərə imza ata biləcək xarakterdir!

 

Bayram (Mirzə Ağabəylidir) Dövranın qardaşıdır. Qardaşın qardaşı kürəyindən vurduğu dövrdə onun obrazı lap yerinə düşüb. Dindar həyat yoldaşı Zəhranın təsirindən namaz qılmağa yenicə başlayıb. Dəyər anlayışı yerlə bir olan Bayram qardaşının israrı ilə içki içir. Yaltaqlığı, saxtalığı bütün inanclarına və müqəddəs bildiyi hər şeyə güc gəlir!

 

Zəhra (Əməkdar artist Almaz Amanova) təsbehi əlindən, “Allah” sözü dilindən düşməyən xarakterdir. Örtdüyü hicabı da, qıldığı namazı da, etdiyi duanı da, tutduğu orucu da məqsədləri uğrunda gerçəkləşdirir. Bu cür insanlarla gündəlik həyatda bəlkə dəfələrlə qarşılaşmaq mümkündür.

 

Gənc, yaraşıqlı, beyninin hər iki yarım kürəsi şəhvətə və istifadəçiliyə hesablanmış, günümüzdə bir çox qadınların həyatında at oynadan digər obraz isə Samirdir (Elçin Əfəndi)! Onun xəyanəti, bozluğu digərlərindən beş qat daha tünddür.

 

Elman müəllim (Əməkdar artist Kazım Həsənquliyev) Dövranın dostudur. Münasibətləri qarşılıqlı hörmət, səmimiyyət üzərində möhkəmlənib. O da pulu sevir, amma digərlərindən fərqli olaraq dəyərlərə tüpürmür. Dostunun ölümündə ürəyi yanan da o olur, onu xilas etmək üçün Dövranın doğmalarına yalvar-yaxar edən də... Duyğuların, vicdanın, sədaqətin, vəfanın insan üçün puldan daha vacib olduğunu tamaşaçıların qulağına əyilib tək-tək qışqırmaq istəyir. Əminəm ki, imkanı olsa həmin səsin o an bütün dünyaya yayılmasını da istəyərdi. Elə bunu hiss edən tamaşaçı onu iki dəfə ayaq üstə alqışlayır.

 

Səhnənin kilid obrazı, birinci hissədə səsi eşidilməyən filippinli xidmətçi Delisaydır (İlahə Həsənova)! Hərdən ortalıqda görünən, susan qız ikinci hissədə bülbül kimi ötməyə başlayır, özü də Azərbaycan dilində. Məlum olur ki, o, həm də Dövranın oğlunun anasıdır. Bu vaxt həm səhnədəkilər, həm də tamaşaçılar heyrət edirlər. Çünki birinci hissədə iddiası ətəyinin qısalığı qədər olan qızın, sonradan bu cür çevriliş edəcəyi heç kimin ağlına gəlmir.

 

Timur (Aslan Şirin) işini sevən, milyonlara aidiyyatı olmayan, gördüyü işindən zövq alan, milyoner xanımına xidmət etməklə fəxr edən obrazdır.

 

Hüseynbala Mirələmov insanların içini tək-tək açıb, onların yaltaqlığını mərtəbə-mərtəbə ucaldaraq sərgiləyib. Oxucuya və tamaşaçıya bir cümlədə iki şans verib: gülmək və düşünmək. Qələmi ilə xəyanətə toxunub, yalanı silkələyib, riyanı yerindən tərpədib!

 

 

Tamaşa bitir, hamı ayağa qalxır və alqış sədaları ucalır, dəqiqələrlə davam edir. Nəticə hər kəsin ürəyincə idi, çünki Dövran kəfənlə geri qayıdıb, yazdığı vəsiyyəti parça-parça etmişdi. Yaltaqlıq, mənfəətçilik ən sərt şəkildə ifşa olunmuşdu!

 

İşıqlar sönür, pərdə qapanır və SON!

 

525-ci qəzet  2018.- 2 iyun.- S.16.