Kamran Nəzirlinin 60 illik yubileyi qeyd olundu
Dünən Azərbaycan Yazıçılar
Birliyində (AYB) tanınmış
yazıçı, publisist
və tərcüməçi
Kamran Nəzirlinin 60 illik yubileyi münasibətilə tədbir
keçirilib.
Tədbirdə tanınmış yazıçılar,
şairlər, ictimai-siyasi
xadimlər, media nümayəndələri
iştirak ediblər.
Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid K.Nəzirli ilə ilk tanışlığından söz
açıb, deyib ki, həmin günlərdən 30 ilə
yaxın zaman keçməsinə baxmayaraq,
hələ də ilıq, şirin xatirə kimi xatırlanır. R.Məcid yubilyarın ədəbiyyat
və mətbuatımızın
inkişafındakı xidmətlərindən
danışıb. Vurğulayıb ki, yazıçının
fəaliyyəti və
humanitar əlaqələrimizin
daha da genişləndirilməsi
istiqamətində gördüyü
işlər təqdirəlayiqdir.
K.Nəzirli hekayə, povest,
pyes və oçerklərində müasirlərimizin
həyatını qələmə
alaraq mənəvi dəyərlərə, klassik
ənənələrə sadiq qalmaqla, maraqlı və yaddaqalan əsərlər
yaradıb. Onun
"Sevgi nağılı",
"Doğmalar arasında",
"Şeytan ışığı",
"Komada olan adam", "Qoca uşaq", "Ağ ev", "Miras",
"Dördüncü möhür",
"Qağayılar yuva
salanda", "Xoşbəxt
quşlar" və digər kitabları maraqla qarşılanıb.
Yazıçının Azərbaycanda
nəşr edilən bədii, elmi-publisistik əsərləri ilə yanaşı, ABŞ, Rusiya,
Türkiyə, Belarus, Hollandiya,
Ukrayna, Koreya, Moldova, Gürcüstan və Özbəkistanda çıxan
ədəbi almanax, jurnal və qəzetlərdə dərc
olunmuş pyesləri ayrı-ayrı ölkələrin
teatrlarında səhnəyə
qoyulub. Yazıçını yubileyi münasibətilə
təbrik edən R.Məcid ona yaradıcılıq uğurları
arzulayıb.
AYB-nin sədr müavini Nazim İbrahimov yazıçının
şəxsiyyəti və
əsərləri haqqında
düşüncələrini bölüşüb. Bildirib ki, K.Nəzirli
yaradıcılığı və şəxsiyyəti
bir-birini tamamlayan yazıçıdır. Onun əsərləri
dünyanın bir çox dillərinə tərcümə edilib.
K.Nəzirli Cek London,
Con Qolsuorsi, Herman Melvil,
Marqarit Midçell,
Oskar Uayld və digər yazıçıların
əsərlərini orijinaldan
dilimizə çevirən
peşəkar tərcüməçilərdən
biridir. Bu əsərlər
"Dünya ədəbiyyatı
kitabxanası" seriyasından
buraxılan kitablara daxil edilib. K.Nəzirli Azərbaycan ədəbiyyatının görkəmli
simalarının - Rəsul
Rza, Nigar Rəfibəyli, Söhrab Tahir, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Fikrət Qoca, Əli Kərim, Cabir Novruz, Nəbi Xəzri, Xəlil Rza, Musa Yaqub, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Sabir Rüstəmxanlı və digərlərinin şeirlərini ingilis dilinə tərcümə
edərək xarici ölkələrdə nəşri
və yayılması
istiqamətində böyük
işlər görüb.
O, Azərbaycan Yazıçılar
Birliyinin, Belarus Yazıçılar
İttifaqının, bir
sıra yaradıcı
beynəlxalq təşkilatların
üzvüdür. K.Nəzirlinin Azərbaycan-Belarus ədəbi
əlaqələrinin inkişafında
və möhkəmlənməsində
xüsusi xidmətləri
var.
Yaradıcı insanların çox
əzabkeş və ağır taleyə malik insanlar olduğunu deyən AYB-nin katibi İlqar
Fəhmi çıxışında
deyib ki, elə insanlar var, onların yubileyinə az
qala 10 il öncədən hazırlaşırsan:
"Çünki onların
şəxsiyyəti və
yaradıcılığı buna imkan yaradır.
Kamran Nəzirli məhz belə yaradıcı şəxslərdəndir. Biz Kamran
müəllimi gəncliyində
yazdığı kiçik
hekayələrindən tanıyıb
sevmişik. Onun əsərlərində
heç zaman yaşını müəyyən
etmək olmur".
Professor Qəzənfər Paşayev çıxışında
yubilyarın müxtəlif
hekayələrinin fonunda
onun yaradıcılığını
xarakterizə edib. Deyib ki, yazıçının
dünyası, mənəvi
aləmi onun yazılarında görünür:
"İstedad İlahidən
gələn bir paydır. Baxır, kim bu paydan necə istifadə edir. Kamran müəllim çox istedadlı və təvazökar insandır.
O, həm də ədəbi əlaqələr
yolunda işləyən
adamdır. Bu da özü böyük zəhmət tələb edən zəhmətli işdir".
Tanınmış şair Ramiz Rövşən çıxışında
Kamran Nəzirlinin çoxyönlü fəaliyyətinə
diqqət çəkib. Deyib ki, o, kifayət qədər dünya ədəbiyyatına bələddir
və bu bələdliyi Azərbaycan
ədəbiyyatına da
öz töhfəsini
verir: "Kamranın mövzuları bəzən
Azərbaycan sərhədlərindən
çıxır, milli
ilə dünyanın
qəribə çalarlarını
özündə birləşdirir.
Ancaq bu hekayələrinin hamısında yenə də tənhalıq var. Hətta bu tənhalıq
insanın tənhalığından
çıxıb şəhərin,
ölkənin millətin
tənhalığına çevrilir".
"Dünya ədəbiyyatı"
jurnalının baş
redaktoru Seyfəddin Hüseynli yubilyarın bədii tərcümə
və ədəbi əlaqələr sahəsindəki
fəaliyyətindən söz
açaraq, onun bu istiqamətdə çox ciddi uğurlar qazandığını
vurğulayıb. S.Hüseynli AYB-nin Bədii
Tərcümə və
Ədəbi Əlaqələr
Mərkəzinin sədri
Səlim Babullaoğlunun
adından bu qurumun "Ustad" fəxri diplomunu və xatirə hədiyyəsini yubilyara təqdim edib.
K.Nəzirlinin bütün yaradıcılığını
sistemli şəkildə
oxuduğunu deyən şair Vaqif Bəhmənli deyib ki, onun hekayələrində,
əsərlərində insanlar
milli mənsubiyyətindən
asılı olmayaraq, eyni səlahiyyətə malikdirlər və onların heç biri yamaq kimi
görünmür. Bu da
onun dünya ədəbiyyatına və
insanına dərindən bələd
olmağından irəli
gəlir.
Şair
Kəmalə Abıyeva
çıxışında deyib ki, K.Nəzirli
bir sıra yazıçı və şairlərimizin əsərlərinin
MDB üzrə beynəlxalq
ədəbiyyat portalında,
eləcə də Belarusda çıxan ədəbi jurnal və almanaxlarda dərc olunmasında fəal iştirak edir, həm də Belarus ədəbiyyatı
nümunələrini dilimizə
çevirərək nəşrinə
nail olur. Ölkəmizi elmi konfranslarda,
ədəbi festival və
simpoziumlarda layiqincə
təmsil edir.
Daha sonra tənqidçi Vaqif Yusifli, şairlər Xanım İsmayılqızı, Musa Ələkbərli,
Fərqanə Mehdiyeva,
rəssam Firudin Quliyev və başqaları çıxış
edərək yazıçının
yaradıcılığından, peşə fəaliyyətindən
danışıblar.
Bildirilib ki, K.Nəzirli publisist və jurnalist kimi uzun müddət Azərbaycan mətbuatında
uğurla çalışıb,
jurnalistikamızın inkişafına
öz töhfəsini
verib. "Cəmiyyət
siyasətin güzgüsüdür"
publisistik kitabına görə Həsən bəy Zərdabi Mükafatına layiq görülüb. Ədəbi
yaradıcılığına görə Mədəniyyət
Nazirliyinin "Qızıl
kəlmə" mükafatını,
"Mo Dik" romanının
tərcüməsinə görə
ABŞ-ın ölkəmizdəki
səfirliyinin xüsusi
ödülünü, Minsk şəhərində keçirilən
MDB üzrə beynəlxalq
"Rodnoy dom" ədəbiyyat müsabiqəsinin
"Qran-Pri" mükafatını
qazanıb.
Tədbir çərçivəsində K.Nəzirlinin "Babalar nağıl danışmırlar"
hekayələr kitabının
və "Dördüncü
möhür" romanın
təqdimatı olub.
Sonda yubilyar tədbirin təşkilatçlarına,
iştirakçılara və
onun haqqında fikir söyləyənlərə
təşəkkürünü bildirib.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 21 iyun.- S.7.