“Ömürdən uzun gecə”dəki bəşəri
ağrı və yurd dərdi
HİDAYƏTİN
ƏSƏRİ ƏSASINDA HAZIRLANMIŞ TAMAŞANIN PREMYERASI
BARƏDƏ QEYDLƏR
Şahanə MÜŞFİQ
Təsəvvür
edin ki, adidən də adi günlərin birində həmişəki
kimi səhər oyanıb işinizə gedir, axşam isə həm
işinizin bir parçası kimi, həm də fürsətdən
istifadə edərək, mənasız informasiyayla,
qayğılarla dolan beyninizi boşaltmaq, yorğun ruhunuza
dinclik yaşatmaq üçün teatra üz tutursunuz.
Müəllifinin və adının əvvəlcədən
bizi gözəl bir əsərin gözlədiyinə
muştuluqçu olduğu bir tamaşanın
premyerasıdır. Necə deyərlər, həm ziyarət, həm ticarət
edəcəksiniz...
İşıqlar sönənə, pərdələr
açılana, tamaşa başlayana qədər hər
şey normaldır, hər zaman olduğu kimidir. Amma artıq neçənci
dəfədir tamaşa izlədiyin o tanış,
o doğma zal bu gün bir qəribə dəyir gözünə.
Sanki fərqli və gözlənilməz bir
hadisə baş verəcəkmiş kimi qeyri-müəyyən
hisslərin ağuşunda taparsan özünü. Səbəbini
bilmədən gah yorğunluğunla əlaqələndirər,
gah beynini məşğul edən fikirlərə göz
ağardar, gah da çöldə əsən küləyin
qarasınca deyinərsən “canıma üşütmə
saldı” - deyə... Nə biləsən ki, indi
qarşısında oturduğun pərdənin arxasında daha
böyük təlatüm, daha böyük qasırğa
gözləyir səni...
Elə gözlədiyin də baş verir. Guya dinclik
tapmaq üçün getdiyin tamaşa özünün dərin
fəlsəfi qatları sayəsində əksinə,
bütün dincliyini, rahatlığını əlindən
alır.
Birdən birə, heç gözləmədiyin,
ummadığın bir gecədə ömrünün o gecəyə
qədərki çağına aid bütün səhvlərin,
günahların başqa görkəmdə qarşına
çıxsa, “mən səninəm, səndənəm, nə
qədər qovsan, qaçsan belə, məni də getdiyin hər
yerə özünlə aparırsan. Çünki sən mənsən,
mən də sənəm. Mən sənin beyninin içərisindəyəm,
sənin düşüncələrinəm, vicdanınam”, -
desə, nə edərdiniz? Mən sadəcə
baxmaq və Allahın bəxş etdiyi düşünmək
qabiliyyətimdən istifadə etməklə kifayətləndim.
Çünki özümü tapmağıma,
özümü görməyimə (inanıram ki, o zaldakı
hər kəs həmin an səhnədə özünü
görürdü!) baxmayaraq, səhnədəki mən
deyildim, Təvəkkül idi. Varlı,
imkanlı, vəzifəli Təvəkkül. Artıq başqalarının taleyinə biganə
yanaşmaq qanımızdadır, təki bizə toxunmasın.
Etiraf edim ki, buna bənzər bir
düşüncədə idim.
Mayın
30-u Akademik Milli Dram Teatrının səhnəsində izlədiyim
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan
Dram Teatrının görkəmli şair, nasir və dramaturq
Hidayətin “Ömürdən uzun gecə” əsəri əsasında
hazırladığı tamaşanın premyerasından
danışıram sizə. O qəribə,
ağlasığmaz, mistik gecədən.
Tamaşanın
quruluşçu rejissoru Nicat Mirzəzadə (Qərib),
rejissoru Tural Xəlilzadə, bəstəkarı Əməkdar
incəsənət xadimi Cavanşir Quliyev, rəssamı Vahid
Mürsəliyevdir.
Rollarda Əməkdar
artistlər Vaqif Kərimov,
Esmiralda Şahbazova, Rəşid Rzayev, aktyorlar Niyaməddin Səfərəliyev,
Güney Əliyeva, Səmayə İsmayılova, Sevinc
Hüseynova, Ruhiyyə Eyvazova, Müdvər Nemətova, Xatirə
Süleymanova, Natiq Həziyev, Oktay Mehdiyev, Ceyhun Əliyev, Bəhruz
Hikmətoğlu və Rövşən Cəfərov
çıxış edirlər.
Pərdələr açılar-açılmaz ilk diqqətimi
cəlb edən səhnə dekorasiyası olur. Səhnənin ortasında boks rinqinə oxşar dörd tərəfdən
sərhədlənmiş dar bir qəfəs hazırlanıb.
Lap başda böyük saat var. Gecə 00:00-ı göstərir.
Qəfəsin ətrafında çoxlu kətillər
var və insan seli vahiməli musiqi sədaları altında mənasını
anlamadığımız hərəkətlər edirlər.
Bu, nə rəqsdir, nə etiraz, nə də
oyun. Onların hərəkətləri
hansısa ayin təsiri bağışlayır.
Yaşlı, cavan, kişi, qadınların
içərisində bir obraz var ki, nə olduğunu öncə
aydınlaşdıra bilmirik. Qara paltarlı,
ürkütücü görünüşə və hərəkətlərə
sahib bu varlıq şeytana oxşayır. Amma
qərar çıxarmaqda tələsmək olmaz.
Musiqi isə getdikcə ruhuma sanki iynələr
batırır.
Bütün zal bircə anın içərisində
boşalır elə bil. Səhnədəki
təlatümlə baş-başa qalırıq. Axı,
bu, nə iş idi mən düşdüm? Bu,
necə tamaşadır? Bu musiqi nədir
belə? Hətta bir anlıq durub ordan
qaçmaq fikrinə də düşürəm. Amma bura qədər gəlmişdim, geriyə
qayıda bilməzdim. Həm də hadisələrin
sonrakı gedişatı, daha doğrusu,
başlanğıcı (göstərilən bu qəribə hərəkətləri
tamaşadan hesab etmirdim) maraqlı idi. Qalıb
sona qədər tamaşanın, elə bu hərəkətlərin
də mahiyyətinə varmalıyam. Qalıram
da.
Musiqidən sonra hər kəs sakitləşib öz
yerində (kətillərdə) hərəkətsiz oturur. Sanki bircə
anın içərisində hamısı cansız heykələ
çevrilir. O qəfəsin içərisində bircə
nəfər qalır. Orta yaşlı, səliqəli, klassik
geyimdə ağ saçlı bir adam. Bir də onun ətrafında sürünən
şeytan.
Mistik dram janrında hazırlanmış bu əsər
insanı əhatə edir. Şüurun işləyə
bilmədiyi mücərrəd, naməlum ruhsal dünyadan bəhs
edərək içində olduğumuz, lakin
anlamadığımız tale proseslərini analiz edir.
Hiss olunur ki, məqsəd insanlara mənəvi təmizlənmə
üçün bir-birlərinə yardım etmələrini
aşılamaqdır. Mövzu və məzmun
dünənimiz, bu günümüz və
sabahımızdır ki, məkan və zaman
anlayışı bu tamaşada nisbidir.
O məkanın
hara olduğu sona qədər də açılmır. Obrazların versiyasına görə baş qəhrəman
Təvəkkülün beyninin içi, düşüncələr
aləmidir. Zaman isə gecənin bir
yarısıdır. Ərtafında
incitdiyi, maraqlanmadığı, hətta unutduğu, amma
hansısa izlərlə ruhunda, düşüncəsində
özünə əbədi yer etməyi bacarmış
bütün insanlar “Təvəkkülün beyninə
toplaşıb”.
O, yaşadığı
rayonun ən hörmətli, sayılıb-seçilən vəzifəli
bir məmurudur. Əlinin altında yüzlərlə
işçisi var. Tale üzünə gülüb. Bütün gün hansısa xarici səfərlərdə,
görüşlərdə, konfranslarda olduğundan xəstə
atasına, tək-tənha bacısına aylardan bəridir
gedib baş çəkə bilmir. 3-4
aydır atasının suallarına, “səni görmək istəyirəm,
oğul” - çağırışlarına məhəl
qoymur, işlərinin çoxluğunu bəhanə gətirib
getmir.
Ancaq bir gecə yarısı sanki qəflət yuxusundan
ayılır.
Aylardır onu axtaran atasına can atır və nəticədə
o, dəhşətli xəbərlə
qarşılaşır: sən demə, 3-4 aydır dayanmadan
oğlunu arzulayan ata amansız xəstəliyə
tutulubmuş, ömrünə az
qalıbmış, ona görə də oğlunu səsləyirmiş.
Amma oğlu onun bu
çağırışlarına məhz o öldüyü
gün cavab verir. Təəssüf ki,
gecdir.
Gecikmək...
Həyatımızdakı ən böyük
peşmanlıqlarımızın başında harasa, kiməsə
gecikməyimiz dayanmırmı?! Ən sadə
gecikməkdən, ən mürəkkəbinə qədər
hamısı insan həyatına amansız təsirlərini
göstərmədən ötüşmür.
İşə, evə, hansısa mühüm toplantıya,
görüşə, sevgiyə, sevdiyinə, insanlara,
yaşamağa, həyata, ölümə gecikmək...
Qəhrəmanımız da sevdiklərinə,
doğmalarına, ən əsası isə atasına
gecikmişdi. Və bu gecikmək onu qəflət yuxusundan
ayıldır. Tamaşa boyunca düşünürəm,
görəsən, onun həqiqətləri dərk etməsi
üçün mütləq atası ölməli idimi? Sonra
isə deyirəm, başqa kim öləcəkdi ki? Səndən,
səni sənə qaytarmaqdan ötrü ölə biləcək
yeganə varlıq atadır! Düşdüyün bu
ağır, təlatümlü vəziyyətdən səni
çiyinlərinə alıb çıxara biləcək tək
insan da Odur! Özü sənin çiyinlərində son mənzilinə
gedə bilməsə də... Amma eybi yox, atalar anlayar, atalar bağışlayar, atalar
görməməyi bacarar... Əsas odur ki, sən xilas ol!
Beyninin içində, ətrafında, nəfəsində
dolanan, sürünən cinssiz İblisdən canını
qurtar! Bir dəfə, ömründə bircə dəfə
özünlə üzləş! Bu üzləşmə sənə
ağrılar, əzablar yaşatsa da,
paklaşmağının, yenidən həyata
qayıtmağının tək yolu ondan keçir!
Ağrı demişkən, tamaşa başdan sona
ağrıdır. Bir insanın deyil, bütün
insanlığın ağrısı. Və
o ağrı aktyor Vaqif Kərimovun hər nəfəsi ilə
səhnədən böyük, qaranlıq zala - bizlərə
ötürülür. İndicə fərqinə
varıram ki, səhnə ilə zalın arasında qatı
duman var. Bəlkə də ağrıların buxar şəklidir.
Tamaşada
müəllif xalqın ümumi ağrısını da
unutmur: torpaq, Qarabağ! Təvəkkülün ölüm
yatağındakı atası da 25 ildən artıqdır can
verən bütün qarabağlı atalar, babalar kimi son dəfə
öz dədə-baba yurdunu - Zəngilanını
arzulayır. Ora ilə bağlı xatirələrini
bəlkə yüz dəfə oğluna danışsa da, hər
dəfəsində eyni həyəcan, eyni kövrəklik
qalır. İndi bunları
xatırladıqca ağrıdan olduğu yerdə
qıvrılan Təvəkkül isə vaxtilə buna da biganə
idi. Atasının doymadan
anlatdığı o xatirələri dinləmək onu sadəcə
bezdirirdi. Amma atasının
ölümü sanki Zəngilanı, Qarabağı yenidən
itirirmiş kimi onu incidir.
Sərhədlərlə çevrələnmiş o dar qəfəs
və onun ətrafındakı insanlar (Təvəkkülün
beynindəkilər) bir müddətdən sonra dəlixananı,
dəlixana sakinlərini xatırladırlar.
Bir əzabın, ağrının şiddətini ifadə
etmək üçün “elə ağrıyır ki, indi
ağrıdan dəli olacam” - deyirik ha, bax, bu ağrı
insanı dəli edən, şüurunu, ağlını
quzğun canavar kimi dişlərinin arasında çeynəyən
cinsdəndir.
Bəs ağrıdan xilas yolu nədi? Axı, insanlıq gözümüzün
önündəcə məhv olmaq üzrədir.
Bu yerdə müəllif və rejissorun birgə işi
gecəni örtən qaranlıq pərdəni
yavaş-yavaş, aramla açıb ordan işıq selinin
süzülməyinə imkan yaradır. “Nicat yolu yenə
də doğmalardadır” - deyir müəlliflər. Təvəkkülün beyninin içərisində
bacısı var. Atasına baxmaq, qulluq etmək
üçün qırx yaşına kimi ərə getməyən,
atasının ölümündən sonra tamamilə tək-tənha
qalan bacısı. Və atası ölərkən
onu qardaşına əmanət edir.
Təvəkkülün beyninin içərisində
qardaşı var, “sən ki məni çoxdan unutmusan, mənim
burda nə işim var?” - deyir.
O beynin
içərisində həyat yoldaşı, işçiləri,
katibəsi, hətta ev üçün yanına müraciət
edərkən kobudluqla rədd etdiyi süpürgəçi
qadın belə var. Hərəsi öz ağrıları,
öz problemləri və öz gileyləri ilə ora-bura var-gəl
edirlər, illərdən bəri şikayətçi
olduqları Təvəkküllə axır ki, üzləşmək,
şikayətlərini onun öz üzünə demək
şansı qazanıblar və bu şansı deyəsən,
çox yaxşı da dəyərləndirəcəklər.
Adi vaxtlarda qapısına gələnlərə
evdə olmadığını deyən, zənglərini
cavabsız qoyan, min bir bəhanələrlə onlardan
qaçan qəhrəmanımız isə bu dəfə o dar
qəfəsə elə pərçimlənib ki, ordan
qaçışı yoxdur. Bütün
bu giley-güzarları dinləməli, özü özünə
bir əncam çəkməlidir. Yoxsa ətəyində
sürünən, onu cənginə almaq üçün
fürsət gözləyən İblisə qurban getməyinə
sadəcə bir nəfəs qalıb.
Yenə də ondan küskün olan doğmalar onu bu
ağrıların cəngində yalnız qoymurlar. Məhz o
doğmalar Təvəkkülün ruhunu gəmirən
İblisi ondan ayırmağı və məhv etməyi
bacarırlar. Bundan sonra qəhrəmanımız
tədricən xilas olmağa başlayır.
Və müəllif bu ruhi paklanmanı, bu xilası azan səsi
ilə süsləyir. İblisin nifrət etdiyi, insanların isə
nicat tapdığı o səs ruhumuzu oxşayır. Bu dəfə
əli-ayağı bağlı, bir dar qutuya pərçimlənən
isə İblisdir!
“Ömürdən uzun gecə” bir insanın- Təvəkkülün
deyil, sürətlə inkişaf edən, elektronlaşan
dövrümüzdə bir-birinə elə eyni sürətlə
yadlaşan insanlığın dramıdır. Hələ
pul və vəzifə varsa, xarakterində kiçicik
boşluq olan hər kəsin üzləşdiyi, ya da üzləşə
biləcəyi bir faciədir. Əsas məsələ
gec olmadan yaxanı İblisin əlindən qurtarmaq, əllərini
doğmaların əllərinə bərk-bərk
sıxmaqdır. İşığı axtaran bir gün
o işığa mütləq çatacaqdır, yetər ki,
onu yanlış yollarda gəzməsin! Yolun yarısından
qayıtmağı da bacarmaq gərək!
525-ci qəzet 2018.- 2 iyun.- S.17.