Ədəbi
proses hərəkatı: icmal tənqidindən monoqrafik dərinliyə
İsa HƏBİBBƏYLİ
Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin
Elm və Təhsil Komitəsinin sədri, akademik
Ədəbi
proses dedikdə ilk növbədə müəyyən
olunmuş ilin və ya illərin ədəbi mənzərəsi
təsəvvür olunur.
Ona
görə də “Ədəbi proses” yaradıcılıq
müşavirələri “İlin ədəbi mənzərəsi”
adlı ümumiləşdirilmiş elmi məruzələrlə
başlanır. Sovet hakimiyyəti illərindəki “Ədəbi
proses”lərdə “Ön söz”lər müstəqillik
dövründəki “İlin ədəbi mənzərələri”nin
mahiyyətini ifadə etmişdir. Doğrudur,
“Ön söz”lər və “İlin ədəbi mənzərəsi”ndə
yalnız ədəbi prosesin mövcud vəziyyətindən bəhs
edilməklə kifayətlənilməmiş, ədəbi
prosesin gedişatından, vəzifələrindən də
söz açılmışdır. Bu mənada
ədəbiyyatda gedən proseslərin mövcud vəziyyəti,
inkişaf meyilləri, yüksəliş ritmləri və
çətinlikləri ədəbi prosesin real mahiyyətini
ifadə edir. Ədəbi proses - ədəbi həyatın
inkişafda olan mənzərəsini təqdim edir. Ədəbi
proses - hərəkətdə olan yaradıcılıq prosesi
deməkdir. Bu mənada
“Ədəbi proses - 2013”, sonrakı “Ədəbi proses -
2014”ün start nöqtəsidir. Yaxud
“Ədəbi proses - 2016” özündən əvvəlki
“Ədəbi proses - 2015”in davamıdır. Ədəbi prosesin illəri və gedişatı
arasında daxili bir bağlılıq mövcud olur.
Ədəbi proses ədəbiyyatdakı yaradıcılıq
təkamülü proseslərinin gedişatının
mühitdəki əks-sədasıdır. Deməli, ədəbi
proses - hərəkətdə və inkişafda olan davamlı
bədii yaradıcılıq prosesləri deməkdir. Ona
görə də ən yaxşı halda ədəbi prosesin
illər üzrə təqdimatında bir əvvəlki il başlanğıc, mövcud vəziyyət
hərəkət prosesi, sonrakı il isə ümumiləşmiş
nəticə ola bilər. Lakin “sonrakı il”
özü də daha sonrakı ilin start vəziyyətini əks
etdirdiyi üçün ədəbi proses anlayışı
şərtidir. Buna görə də şərti
də olsa ədəbi prosesi müəyyən ədəbi-tarixi
hadisələr əsasında mərhələlər üzrə
ümumiləşdirmək mümkündür. Belə
olduqda ədəbi proses ədəbiyyatın bir inkişaf mərhələsi
ilə sonrakı başqa bir yüksəliş dövrü
arasındakı ideya-mənəvi bağlılığı,
yaradıcılıq təkamülü proseslərinin
varisliyini, nəticə etibarilə ədəbiyyatda
başlanan, sönən və ya yaşamaqda davam edən
proseslərin elmi cəhətdən real qiymətləndirilməsini
tələb edir. Bu mənada Ədəbi proses həm də məhək
daşı funksiyasını həyata keçirir. Ədəbi
proses - ələk rolunu yerinə yetirir. Ədəbi
prosesin ələyindən, süzgəcindən keçib,
yaradıcılıq dalğası kimi yaşamaqda davam edən
proseslər böyük ədəbiyyatı yaradan və daha
da inkişaf etdirən proseslərdir.
Bütün
bunları nəzərə alaraq, Azərbaycan Milli Elmlər
Akademiyası Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda müxtəlif tarixi mərhələlərdə
2 dəfə təşkil olunmuş ədəbi proses
yaradıcılıq müşavirəsi konkret olaraq
ayrı-ayrı ədəbi dövrlərin mahiyyətini və
gedişatını əks etdirir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda
keçmiş Sovet hakimiyyəti illərində 1976-cı ildən
başlanan, 1984-cü ildə başa çatan Ədəbi
proses tədbirlərinin başlanğıcı və
bünövrəsidir. Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu “Ədəbiyyat nəzəriyyəsi” şöbəsinin
müdiri, akademik Məmməd Cəfər Cəfərovun rəhbərliyi
və institutun “Müasir ədəbi proses” şöbəsinin
təşəbbüsü ilə keçirilmiş “Ədəbi
proses - 1976-1984” elmi sessiyaları və həmin elmi
sessiyaların materiallarından ibarət olan kitablar qeyd olunan
dövrün ədəbiyyatının janrlar üzrə
inkişafını, əsas problemlərini və
çatışmazlıqlarını, habelə vəzifələrini
tam halda, sistemli şəkildə əks etdirmişdir.
1977-1984-cü illərdə keçirilmiş Ədəbi
proses konfransları Azərbaycan ədəbi tənqidinin
oçerkləri kimi mühüm əhəmiyyətə
malikdir.
“Azərbaycan ədəbiyyatı tarixi” kitablarına
yazılmış xronoloji inkişafı göstərən
icmallardan sonra bu elmi sessiyaların məruzələrinin
icmalları dövrün ədəbi prosesinin vəziyyətini
və vəzifələrini işıqlandıran ciddi elmi-nəzəri
tezislərdən ibarətdir. Bunlar, Azərbaycan ədəbiyyatşünaslıq
elmində icmal tənqidinin mükəmməl nümunələridir.
Yazıçılar İttifaqının
qurultaylarında səslənən hesabat xarakterli məruzələrdən
fərqli olaraq, “Ədəbi proses” konfranslarının
icmallarında ayrı-ayrı aparıcı ədəbi
növlər və janrlar əsasında dövrün ədəbi
prosesi bütün yönləri ilə təsvir və təhlil
olunmuşdur. Görkəmli ədəbiyyatşünas
Yaşar Qarayevin “Ədəbi proses” icmallarının kitab
variantlarına yazdığı “Ön söz”lər həmin
icmalların mükəmməl elmi-nəzəri müqəddiməsidir.
Yaşar Qarayevin “Ədəbi proses” icmallarındakı
“Ön söz”ləri dövrün ədəbiyyatı və ədəbiyyatşünaslıq
elmi haqqında mənalı bir monoloqdur. Yaşar Qarayevin təqdimatında
həmin illərin ədəbiyyatının və ədəbiyyatşünaslıq
elminin ayrı-ayrı istiqamətlərinin obyektiv elmi qiyməti
verilmişdir: “Bütünlükdə ədəbi ilin janr və
üslub tendensiyalarını indi lirika daha qabarıq ifadə
etməyə başlayıb: həm şeirin və nəsrin,
həm də dramatik formaların estetik strukturunda lirik
ünsürün rolu daha da artıb. Realist
psixologizmə, konkret fəlsəfi ümumiləşdirməyə,
təbii monumentalizmə meyil qüvvətlənib. Ritorik təhkiyə ilə analitik təhlilin nisbəti
bunlardan ikincisinin xeyrinə xeyli dəyişib” (1976). Müasir, inkişaf etmiş “insan konsepsiyası ədəbi-bədii
janrlara özü ilə birlikdə həyatın,
ömrün və əbədiyyətin mənası, məhəbbət
və şəxsiyyət, fədakarlıq, ölüm və
mübarizə haqqında fəlsəfi düşüncələr
axarı gətirib gəlir” (1977); “Poeziya, dünya və şəxsiyyət”
- bu üç qütb və onlar arasında əlaqələr
bugünkü bədii və estetik fikirdə aktual ədəbi
problem kimi qaldırılır” (1979). “İlin
janrlar sistemində tənqid və ədəbiyyatşünaslıq
sahələri də mühüm və görkəmli yerlərdən
birini tutmuşdur” (1981-1982). Beləliklə, Yaşar
Qarayevin “Ön söz” formatında icmalları tam mənası
ilə “Ədəbi proses”lərin proqram xarakterli proloqu
funksiyasını yerinə yetirmişdir. Ümumiyyətlə,
Yaşar Qarayev XX əsr Azərbaycan “Ədəbi proses” hərəkatının
favoritidir.
“Ədəbi proses - 1976-1984” yaradıcılıq
müşavirələri Azərbaycan ədəbiyyatşünaslıq
elminin inkişafında mühüm mərhələ olmuş
XX əsrin həmin illərinin əhəmiyyətli ədəbi
hadisələridir. “Ədəbi proses” müşavirələrində
ardıcıl olaraq ədəbi növlər üzrə
çıxış etmiş elm adamları ölkə ədəbiyyatında
gedən proseslərə təkan verə bilən mütəxəssislər
kimi qəbul olunmuşlar. Yaşar Qarayev ədəbi tənqid,
Şamil Salmanov, Şirindil Alışanlı poeziya, Akif
Hüseynov, Vaqif Yusifli və Vilayət Quliyev nəsr, Arif Səfiyev
dramaturgiya sahəsində tanınmış mütəxəssislər
kimi ixtisaslaşmışlar. Azərbaycan ədəbiyyatında
bütün ədəbi növlər üzrə baş
vermiş inkişaf prosesləri əsas müddəaları və
perspektivləri ilə “Ədəbi proses” kitablarında öz
əksini tapmışdır. Dövrün
(hətta sonrakı mərhələlərin də) heç
bir nəşrində 1976-1984-cü illərin ədəbi
prosesi həmin illərin ədəbi gedişatına həsr
olunmuş ədəbi növlər üzrə icmallarda
olduğu qədər özünün real, geniş və
sistemli əksini tapa bilməmişdir. “Ədəbi
proses - 1976-1984” tənqid icmalları Azərbaycan ədəbiyyatşünaslıq
elminin orijinal elmi-nəzəri mətnləri və
mühüm yaradıcılıq nailiyyətidir.
Heç
şübhəsiz, sovet dövrü ədəbi proses
konfranslarında, yaxud nəşrlərində reallıqların təqdim
olunması ilə yanaşı, hakim ideologiyanın tələbləri
də nəzərə alınmışdır. Dövrün prinsiplərinə uyğun olaraq “Ədəbi
proses” icmallarında istər-istəməz partiyanın ədəbiyyatın
inkişafına qayğısından,
yazıçıların mövcud ideologiyanın inkişaf
etdirilməsindəki rolundan da söz açmalı
olmuşlar. Məsələn, 1976-cı ilin Ədəbi
prosesinə həsr olunmuş yaradıcılıq
müşavirəsinin materiallarında ədəbiyyatda hər
iki istiqamətin - bədii təcrübənin və
ideologiyanın yeri və mövqeyi aydın surətdə
görünməkdədir: “Ədəbi proses kitabının
və bu silsilədən davam etdiriləcək gələcək
kitabların qarşısında duran əsas məqsəd də
...diqqəti ən vacib məsələlərə - ədəbiyyatda
kommunist obrazına, fəhlə mövzusuna, müasir ədəbi
hərəkatın milli və beynəlmiləl təbiətinə,
sosialist millətləri arasında qarşılıqlı bədii
təsir və əlaqələrə, həyat və ədəbiyyat,
elmi-texniki tərəqqi və ədəbi-bədii proses
problemlərinə, poeziyanın monumentallıq və nəsrin
psixologizm axtarışlarına cəlb etməkdir;
bütün bu baxımdan milli bədii prosesin cari təcrübəsini,
onun istiqamət və meyillərini, qüvvətli və zəif
cəhətlərini mütəşəkkil və fasiləsiz
bir ardıcıllıqla ilbəil izləməyə
çalışmaqdır”.
Bununla belə,
XX əsrin yetmiş-səksəninci illərində meydana
çıxmış “Ədəbi proses” elmi sessiyaları və
nəşrləri müasir Azərbaycan ədəbiyyatını
klassik ədəbiyyat tarixlərində və dərsliklərdə
olduğu kimi dövrlər və mərhələlər
üzrə deyil, konkret illər üzrə
araşdırıb təhlil etməyin və ümumiləşdirməyin
əsasını qoymuşdur. Bu, Azərbaycan ədəbiyyatında
fərqli elmi hadisə və xüsusi elmi mərhələ
hesab olunmağa layiqdir.
“Ədəbi proses” konfranslarına 30 ildən sonra,
2014-cü ildə yenidən qayıdılmışdır. Belə ki, “Ədəbi
proses” dövrünün birinci mərhələsinin başa
çatdığı 1984-cü ildən sonra Nizami adına Ədəbiyyat İnstitutunda
ara-sıra ədəbi ilin yekunlarına həsr olunmuş elmi
sessiyalar təşkil olunsa da, bu iş ardıcıl xarakter
daşımamış və institut mühitindən kənara
çıxmamışdır. Lakin 2014-cü
ildən etibarən yeni formatda, yaradıcılıq
müşavirəsi miqyasında keçirilməyə
başlamış “Ədəbi proses” tədbirləri forma və
məzmunca yeni xarakter daşımışdır. İlk növbədə onu qeyd etmək
lazımdır ki, XXI əsrin “Ədəbi proses”
müşavirələrində ədəbi gedişatı hər
şeydən əvvəl ümummilli ideyalar və bəşəri
meyillər əsasında təhlil edib dəyərləndirmək
ön mövqeyə çəkilmişdir. Nizami adına Ədəbiyyat İnstitutunda
2014-cü ildə yenidən bərpa edilmiş və
2013-cü ilin “Ədəbi proses”ini əhatə edən
materiallarda həmin gerçəklik aşağıdakı
kimi öz əksini tapmışdır: “Bu
yaradıcılıq müşavirəsinin aparıcı
elmi-ideoloji istiqaməti azərbaycançılıq, millilik və
bəşərilik üstündə köklənmişdir. Azərbaycan
ədəbiyyatının müstəqillik dövrünün
əsas inkişaf meyilləri, estetik idealı, aparıcı
janrları, poetikası ədəbi proses təhlillərinin
ana xəttini təşkil edir. Cəmiyyət və
ədəbiyyat istiqamətində aparılan təhlillərdə
də sosioloji baxışlara deyil, elmi-nəzəri
yanaşmalara əsas yer verilir. Bu, həm də
milli maraqlarla dünyəvi elmi-nəzəri fikrin sintezi əsasında
sürətlə formalaşmaqda olan yeni tipli ədəbiyyatşünaslığın
inkişafına xidmət edən yaradıcılıq
müşavirəsi olaraq özünəməxsus əhəmiyyət
kəsb edir”.
Göründüyü
kimi, müstəqilik dövründə nəinki Ədəbi
proses tədbirlərinin formatı və ideologiyası, hətta
metodologiyası da dəyişmiş və yeniləşmişdir.
Ədəbi-tarixi proseslərin mövcud
reallıqlarının və gedişatının daxili məntiqi
və təkamülündən doğan yaradıcılıq
meyillərinin azərbaycançılıq məfkurəsi və
bəşəri ideyalar əsasında təhlil edilib qiymətləndirilməsi
yeni tarixi epoxanın “Ədəbi proses” icmallarının əsaslarını
təşkil edir. Eyni zamanda, Milli Elmlər Akademiyasının
humanitar yönlü digər elmi-tədqiqat institutlarından
başqa Azərbaycan Yazıçılar
İttifaqının, ali məktəblərin Ədəbiyyat
kafedralarının rəhbərlərinin və əməkdaşlarının,
tanınmış tənqidçi və ədəbiyyatşünasların,
ölkə ədəbi mətbuatının nümayəndələrinin
iştirakı ilə geniş müzakirələrin
keçirilməsi Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun təşkil etdiyi “Ədəbi proses”ləri XX əsrin
yetmiş-səksəninci illərindəki elmi sessiya səviyyəsindən
yaradıcılıq müşavirəsi miqyasına
çıxarmışdır. Bu, sözün əsl
mənasında ən yeni dövr Azərbaycan ədəbiyyatının
illər və janrlar üzrə yaradıcılq problemlərini
geniş müzakirə edib dəyərləndirən və gələcək
inkişafa işıq salan ciddi elmi-ədəbi forumdur. Bu, Azərbaycan ədəbiyyatını
ayrı-ayrı mövzular üzrə məruzələr əsasında
deyil, tam, bütöv halda, bütün inkişaf meyilləri
ilə birlikdə dərin və əsaslı təhlildən
keçirilən, proseslərə və hadisələrə
elmi qiymət verən, sonrakı inkişaf yoluna dair əsaslı
təkliflər irəli sürən çoxsəsli bir elmi
platformadır. Həcm məhdudluğu da
aradan qaldırıldığı üçün janrlar
üzrə icmallar yığcam tezislər əsasında yox,
geniş təhlillər və müqayisələr üzərində
qurulduğuna görə konkret bir monoqrafik tədqiqatın fəsilləri
təəssüratı yaradır. Yaradıcılıq
müşavirəsinin materialları isə tam halda Azərbaycan
ədəbiyyatının bir ilinə həsr edilmiş və
müəlliflər kollektivi tərəfindən
yazılmış monoqrafiya kimi görünür. Sadəcə, janrlar üzrə ilin ədəbi mənzərəsinin
yox, ədəbiyyatının o istiqamətinin inkişaf
xüsusiyyətlərinin, mühüm nailiyyətlərinin və
problemlərinin şərh olunması icmalları sistemli elmi-nəzəri
tədqiqat səviyyəsinə çatdırır. İcmallardan hər janr üzrə 2013-2017-ci illərin
Azərbaycan ədəbiyyatının inkişaf ritmlərini
rentgendə olduğu qədər aydın surətdə
görmək mümkündür.
Professionalizm,
yüksək nəzəri hazırlıq, dərin və
ardıcıl mütaliə əsasında təhlillərin
aparılması, səriştəli yazı tərzi yeni tarixi
dövrün “Ədəbi proses”inin özünəməxsus
elmi-nəzəri səviyyəsini müəyyən edir. Bundan başqa, janrlar üzrə 2013-cü-2017-ci illərə
dair 5 illik icmallardan hər biri də artıq müstəqil
bir iri həcmli tədqiqatdır. Bu mənada
“Ədəbi proses” yaradıcılıq müşavirəsinin
materialları 2013-2017-ci illərin poeziyası, nəsri,
dramaturgiyası, tənqid və ədəbiyyatşünaslığı
ayrılıqda hər biri müstəqil monoqrafik tədqiqata
çevrilmiş sistemli elmi araşdırmalardan ibarətdir.
“Ədəbi proses”lərdəki uşaq ədəbiyyatı
icmalları ilin ədəbiyyatını tam mənzərəsi
ilə göstərməyə xidmət etməklə bərabər,
həm də Nizami adına Ədəbiyyat
İnstitutunda aparılan tədqiqatlar sırasında illərdən
bəri arxa planda qalmış bu vacib sahənin yenidən
dirçəldilməsinə imkan yaratmışdır. Həmçinin, ədəbi əlaqələrin
müxtəlif istiqamətlərinə həsr olunmuş
araşdırmalar “Ədəbi proses” anlayışında
yenilik olub, ilin ədəbi mənzərəsini və
gedişatını tamamlayır. İlin
publisistika tədqiqatları da “Ədəbi proses”
materiallarını yeni əlavələrlə zənginləşdirir.
Əsası XX əsrin səksəninci illərində Sabir
Əmirovun “Cənubi Azərbaycanda ədəbi proses” məruzəsi
ilə qoyulmuş Cənub tədqiqatları XXI əsrin
“Ədəbi proses”lərində ardıcıl yer tutmaqla daha
da möhkəmləndirilmişdir. “Ədəbi
proses - 2015”də yazılmış satira icmalı Azərbaycan
ədəbiyyatını bütün rəngləri ilə
öyrənmək təşəbbüslərinin ifadəsidir.
“Ədəbi proses - 2015”dən meydana
çıxmış “Rusdilli Azərbaycan ədəbiyyatı”
məruzəsi - icmalları ilə yaradıcılıq
müşavirəsində yeni istiqamət
açılmışdır. Bu, azərbaycanlı qələm
sahiblərinin Avropa və Şərq dillərində
yaratdıqları ədəbiyyatlardan da elmi müstəvidə
söz açmağa perspektiv imkanlar yaradır. 2013-2018-ci illərdə
“Bədii tərcümə” haqqında ayrıca məruzənin
dinlənilib müzakirə olunması da xarakter etibarilə
yeni olub, “Ədəbi proses”in əhatə dairəsini
genişləndirir. XXI əsrdə ədəbiyyat
problemlərinin ədəbi növlər halında deyil, daha
çox konkret janrlar və istiqamətlər üzrə
araşdırmaların aparılması təhlilə cəlb
olunan problemləri “xırdalamaqdan” yox, dövlət müstəqilliyinin
ədəbi mühitdə və bədii yaradıcılıq
sahəsində yaratdığı geniş imkanlardan
doğmuşdur. Heç şübhəsiz, məsələyə
geniş baxış “Ədəbi proses”ləri ildən-ilə
inkişaf edərək bütün janrları və ədəbi
əlaqələrlə əlaqədar inkişafı əhatə
etməklə ilin (nəticədə 5 ilin) ədəbiyyatı
və yaradıcılıq əlaqələri, habelə tənqid
və ədəbiyyatşünaslığı haqqında dərin
və ümumiləşdirilmiş elmi təsəvvür
yaradan möhtəşəm elmi platformaya çevriləcəkdir.
Müraciət
olunan janrların dinamikası və əhatə dairəsi
baxımından keçilən yolun sovet dövrü və
müstəqillik mərhələsi üzrə müqayisəli
təhlili “Ədəbi proses” hərəkatının miqyasını
təsəvvür etməyə imkan verir. XX əsrin
“Ədəbi proses” nəşrlərində 1976, 1977, 1978, 1979
və 1981-ci illərdə Azərbaycan ədəbiyyatı
yalnız poeziya, nəsr, dramaturgiya və ədəbi tənqid
üzrə təhlil edilib qiymətləndirilmişdir. 1982 və 1984-cü illərdə bu sıraya “Cənubi
Azərbaycanda ədəbi proses” mövzusu əlavə
olunmuşdur. Bu, mövcud ədəbi
prosesi Azərbaycan ədəbi-elmi fikrini bütün əsas
istiqamətləri üzrə tədqiq edib ümumiləşdirmək
üçün münasib bir yanaşma olub, ilin ədəbi
gedişatının bütöv obrazını yaratmağa
xidmət etmişdir. Həmin vaxta qədər, elə
70-80-ci illərdə də ədəbiyyatda sosioloji təhlilin
üstünlük təşkil etdiyini nəzərə alsaq,
“Ədəbi proses” materiallarındakı ədəbi növlər
üzrə təhlillərin əhəmiyyəti bir daha
aydın ola bilər. Bu, Azərbaycan
ədəbiyyatında sosioloji təhlillə müqayisədə
nəzəri şərhləri və dəyərləndirmələri
əsas tədqiqat üsulu kimi önə çəkmək mənasında
əhəmiyyətli addım idi.
XXI əsrin “Ədəbi
proses” yaradıcılıq müşavirələrində isə
ədəbi növlər üzrə təhlilləri daha da dərinləşdirmək
üçün janrlar əsasında təhlillərə
keçidə start verilmişdir. Bu, tədrici proses olub, illər
üzrə daha da genişlənərək Azərbaycan ədəbiyyatının
demək olar ki, bütün aparıcı janrlarını əhatə
etmişdir. Belə ki, “Ədəbi proses-2013”də
ədəbi növlər üzrə təhlil (şeir, nəsr,
dramaturgiya və tənqid) qorunub saxlanılmaqla bu sıraya
ilin poema yaradıcılığı, bədii tərcümə
və bədii publisistika əlavə olunmuşdur. “Ədəbi proses-2014”də ədəbi növlər
və janrlar üzrə təhlillərdə ikihakimiyyətliyə
tam əməl etmək mümkün olmamışdır.
Azərbaycan poeziyasının lirika və poema,
epik növün hekayə, povest və romanlar üzrə təhlil
olunması ədəbi növlər üzrə klassik təhlil
formatını dağıtmışdır. Üstəlik,
bu il üzrə uşaq ədəbiyyatından
da ayrıca məruzənin - icmalın meydana
çıxması ədəbi növdən -
yaradıcılıq istiqamətinə doğru fərqli bir
yanaşmanı da ortaya qoymuşdur. Bundan
başqa, uzun illərdən bəri “Tənqid” adı ilə
ümumi şəkildə təqdim olunan məruzə
2014-cü ildə ilk dəfə parçalanaraq
ayrı-ayrılıqda tənqid və ədəbiyyatşünaslıq
sahələrini əhatə etməli olmuşdur. “Ədəbi gəncliyin yaradıcılıq
axtarışları” ilə “Ədəbi proses” hərəkatına
ədəbi gənclik mövzusu da qoşulmuşdur.
Beləliklə,
sovet dövrü “Ədəbi proses”lərindəki 4-5 məruzə,
hətta 2013-cü ilin “Ədəbi proses”indəki 6 məruzə
əvəzinə 2014-cü ildə Azərbaycan ədəbi-elmi
fikri 14 elmi məruzə əsasında təhlil edilib dəyərləndirilmişdir.
Janrlar əsasında təhlillərin üstünlük
qazanması “Ədəbi proses-2014” dədeyildiyi kimi, “Ədəbiyyatın
illik ümumi mənzərəsinin bütün genişliyi və
reallıqları ilə əks etdirilməsinə işıq salmışdır, ...ədəbi
gedişatın nəinki əsas ana xətlərini, hətta fərqli
özünəməxsusluqlarını, incə məqamlarını
da görüb-göstərməyə imkan
yaratmışdır. Beləliklə, “Ədəbi
proses -2014” yaradıcılıq müşavirəsi XX əsrin
yetmişinci illərinin sonlarından başlanan ədəbi
prosesin illik dəyərləndirilməsi hərəkatının
tarixində janrların genişliyi baxımından diqqəti
cəlb edən mühüm hadisədir. Məsuliyyətlə
hazırlanmış məruzələrdə Azərbaycan ədəbiyyatının
bütün janrlar üzrə hərəkətini dəqiq
şəkildə, uğurları və kəsirləri ilə
birlikdə tam olaraq təsəvvür etməyə real şərait
yaratmışdır. “Ədəbi
proses-2014” yaradıcılıq müşavirəsi elmiliyi, nəzəri
səviyyəsi, ən başlıcası isə yenilik ruhu ilə
yaddaqalan ədəbiyyatşünaslıq hadisəsinə
çevrilə bilmişdir”.
Həqiqətən də “Ədəbi proses-2014”
geniş mənada ədəbi proses hərəkatında
mühüm bir dönüş mərhələsi
olmuşdur. “Ədəbi proses-2014”dən
başlanan proseslər 2015 və 2016-2017-ci illərin ədəbiyyatının
təqdimatında daha da genişlənmiş və dərinləşdirilmiş,
sistemli xarakter almışdır. “Ədəbi
proses-2015”də janrlar üzrə təhlillərin marafonuna
satira, 2016-da uşaq şeiri ilə uşaq nəsrinin
ayrı-ayrılıqda təmsil olunması, ədəbiyyatşünaslığın
ədəbiyyat nəzəriyyəsi və ədəbi əlaqələr
sahələri də qoşulmuşdur. Necə deyərlər,
“Ədəbi proses-2017”də artıq “Ədəbi proses” qatarı 19 vaqonla (məruzə ilə) yola
çıxmışdır. Bu, ədəbi proses hərəkatının
inkişafında pik nöqtəsidir və ədəbiyyatın
dərinliklərinə və ən uzaq hədəflərinə
doğru yürüşün müzəffər marafonudur. Məruzələrin sayca çoxluğu
yaradıcılıq mühitində ədəbi növlərin
demək olar ki, bütün əsas janrlar üzrə
yaşadığı keyfiyyət dəyişikliklərini izləməyə
imkan açır.
“Ədəbi proses” tədqiqatlarında icmal tənqidindən
monoqrafik genişliyə və dərinliyə doğru meyil həmin
prosesin bütün inkişaf mərhələlərində
müşahidə olunmuş və təbii bir təkamül
prosesi keçirmişdir. XX əsrdə icmal tənqidinin
daxili enerjisi kimi müşahidə olunan elmi-nəzəri
yanaşmalar tədricən inkişaf edərək sistemli
problematik araşdırmalara çevrilmişdir. Hələ
1976-cı ilin “Ədəbi proses”ində təhlillərin, tədqiqatların
“klassikləri öyrətməkdən” - “klassik öyrənmək”
istiqamətində inkişaf etdirilməsinə
çağırış ilə ədəbi mühitdə
mövcud vəziyyətin təsviri və təqdimindən
mahiyyətin müəyyən olunmasına və şərhinə,
inkişaf ritmlərinə dəstək verilməsinə
işıq salmağa yönləndirilmişdir. “Ədəbi proses”çilər 1977-ci ilin
yekunlarına həsr olunmuş icmallarında hiss etdiklərini
bəyan etmişdilər ki, “yaxın gələcəkdə tənqidi
hərəkatda fundamental-akademik istiqamətin üfüqləri,
nüfuzu və mövqeyi daha da qüvvətlənəcəkdir”.
Artıq 1979-cu ildə “Ədəbi proses”də
“tənqidi işi yenidən qurmaq” zərurətinin
qapını döydüyü elan olunmuşdur. Məhz
belə təkamül proseslərinin nəticəsi idi ki,
1982-ci ilin “Ədəbi proses”i böyük cəsarətlə
“yeni elmi konsepsiyalara” yaranmış real ehtiyacı diqqət mərkəzinə
çəkmişdir. Bir sözlə, “Ədəbi
proses” hərəkatı icmal düşüncəsindən
monoqrafik tədqiqata doğru addımlamaqda davam etmişdir.
Deməli, icmal tənqidindən monoqrafik tədqiqata
doğru meyil 1976-1984-cü illər “Ədəbi proses”inin əsas
tezisləri səviyyəsində ardıcıl olaraq nəzəri
şəkildə inkişaf etdirilmişdir. Nəhayət,
2013-cü ilin “Ədəbi proses”inin elmi hesabatında “ənənənin
bərpası və yeni mərhələ”nin
başlanmasından söz açılarkən vaxtilə
Yaşar Qarayevin müdrikcəsinə söylədiyi
“müasir ədəbi proses həm də müasir ədəbi-nəzəri
proses deməkdir” - müddəasından çıxış
edilərək ədəbi gedişatın dərinliklərinə
və genişliyinə doğru istiqaməti əsas hədəf
kimi müəyyən etmişdir. Bu cəhətdən
2014-cü il “Ədəbi proses” hərəkatında
icmal tənqidindən monoqrafik tədqiqata keçid ili kimi səciyyələndirilə
bilər. Məhz bu ildə “Ədəbi prosesin
geniş elmi təqdimatına bəslənilən
marağın “real elmə” çevrilməsi prosesinin
başlanması elan olunmuş və buna əməl
edilmişdir. Müxtəli istiqamətlərdən axan
bulaqlar çaylara, dağ çayları isə nəhrlərə
çevrildiyi kimi, 2015-ci ilin “Ədəbi proses”i icmal
formatında deyil, tam halda konkret elmi problemlər əsasında
təqdim olunmuşdur. Uzun illər ərzində “Ədəbi
proses” toplularında “Poeziya”, “Nəsr”, “Dramaturgiya”, “Tənqid”
kimi təqdim olunan icmallar 2015-ci ildə bütövlükdə
ədəbi növlərin və janrların problemlərini əks
etdirən konkret mövzular əsasında aparılmış
araşdırma materialları səviyyəsinə
çatdırılmışdır. Bu yolla
icmal tənqidi inkişaf edərək monoqrafik genişliyə
və dərinliyə qovuşmuşdur. “Ədəbi
proses-2015”in “bələdçi”sindəki bəndlərdən
hər biri bütünlüklə ədəbi
gedişatın, yaradıcılıq proseslərinin konkret
janrlar üzrə problemlərinə həsr olunmuşdur.
“Janr zənginliyi və gənc qvardiya” (İsa Həbibbəyli),
“Səni axtarıram, poeziya” (Elnarə Akimova), “Zamanın
hökmü və janrın taleyi” (Nərgiz Cabbarlı),
“Tarixi janrın həqiqətləri” (Tehran
Əlişanoğlu), “Çağdaş dövrün roman
bumu” (Nərgiz Cabbarlı), “2015-ci ilin ədəbi mənzərəsində
povest janrı” (Aynur Xəlilova), “Hekayənin indiki zamanı”
(Mətanət Vahid), “Bölgələrdə ədəbi həyat”
(Vaqif Yusifli), “Dramaturgiya-2015” (Aynurə Mustafayeva), “2015-ci ilin ədəbi
mənzərəsində gənclik faktoru: problemlər,
axtarışlar” (Lalə Həsənova), “Uşaq ədəbiyyatı:
nəsr və dramaturgiya” (Günay Qarayeva), “Uşaq şeiri”
(Aygün Bağırlı), “Satira, yoxsa satirasızlıq:
müasir şəraitdə durğunluğun səbəbləri”
(Səadət Vahabova), “Bədii tərcümə və ədəbi
əlaqələr” (Cavanşir Yusifli), “2015-ci ilin ədəbi
tənqidi” (Qürbət Mirzəyev), “Ədəbiyyatşünaslıq.
Nəzəri problemlər” (Maral Yaqubova),
“Çağdaş Azərbaycan ədəbiyyatında ədəbi
dilin inkişafı özəllikləri və problemləri”
(Salidə Şərifova) və “Cənubi Azərbaycanda ədəbi
proses” (Pərvanə Məmmədli) kimi mövzulardan əksəriyyəti
ciddi və geniş elmi-nəzəri problemləri əhatə
edir. Hətta bu mövzulardan bir neçəsi var ki,
onlar ayrıca bir monoqrafiyanın obyekti ola
bilər.
İcmal tənqidindən monoqrafik tədqiqata keçid
“Ədəbi proses” problemə geniş baxış, nəzəri
dərinlik, elmi ümumiləşdirmə gətirmişdir. Bu, “Ədəbi
proses” hərəkatında keyfiyyətcə yeni mərhələdir.
Prodessionalizm, analitik təhlil, masştablı
baxış, nəzəri yanaşmalar “Ədəbi proses”in bu
fərqli mərhələsini xarakterizə edir. Ona görə də “Ədəbi proses-2015” toplusu məruzələr
- məqalələr məcmuəsi deyil, həmin ilin ədəbi
gedişatına həsr olunmuş monoqrafiya təəssüratı
yaradır.
Qeyd etmək lazımdır ki, 2016-cı ilin “Ədəbi proses”ində monoqrafik araşdırmalar daha da dərinləşdirilmiş, qarşıya qoyulan nəzəri problemlərin çəkisi xeyli dərəcədə artmışdır. Əvvəlki “Ədəbi proses”lərdə “İlin ədəbi mənzərəsi” kimi təqdim olunmuş giriş məruzəsinə 2016-cı ildə həmin formatdan sonuna qoyulmuş iki nöqtədən sonra “Gözləntilərimiz və reallıqlar” sözləri artırılmaqla “mənzərə”nin elmi çərçivəsi aydınlaşdırılmışdır (Elnarə Akimova). Yaxud “Ədəbi proses-2016”da ilin romanı “Müasir roman texnologiyası, kiçik roman” strukturunda doğulma” (Nərgiz Cabbarlı), hekayə janrı “2016-cı ilin hekayəsi və problemləri” (Nərmin Cahangirova), “Publisistika - hüdudsuz düşüncə imperiyası” (Asif Rüstəmli) kimi orijinal və müasir problemlər səviyyəsində təqdim edilmişdir. Monoqrafik tədqiqat formatı 2017-ci il üçün də “qayda” kimi qəbul olunmuşdur.
Beləliklə, təxminən 42 il əvvəl məruzələr kimi elmi mühitin gündəminə gəlmiş “Ədəbi proses” materialları tədricən, daxili təkamül prosesləri ilə inkişaf etdirilərək monoqrafik tədqiqatlar səviyyəsinədək inkişaf etmişdir. Buna görədir ki, “Ədəbi proses” konfranslarında janrlar üzrə ardıcıl olaraq səsləndirilən məruzələr elmlər doktorluğu və ya fəlsəfə doktorluğuna, monoqrafiyalara, ən azı ayrı-ayrı müəlliflərin məqalələr toplusuna doğru inkişaf etmişdir. Filologiya elmləri doktoru Vaqif Yusiflinin “Bölgələrdə ədəbi həyat” silsiləsi əsasında çap olunmuş kitabları “Ədəbi proses” müzakirələrindən doğmuşdur. “Ədəbi proses”in aparıcı simalarından biri olan Elnarə Akimovanın bu yaradıcılıq müşavirəsində etdiyi poeziya tədqiqatarına dair məruzələr onun uğurla müdafiə etdiyi doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. Nərgiz Cabbarlı nəsr üzrə məruzələrini monoqrafiyaya, Lalə Həsənova müxtəlif mövzularda səsləndirdiyi mətnləri məqalələr toplusuna çevirmişdir. Aynurə Mustafayeva “Ədəbi proses” yaradıcılıq müşavirələrindəki ardıcıl məruzələri ilə sanballı bir “Dramaturgiya” serialı yaratmışdır. Aygün Bağırlı və Günay Qarayevanın “Uşaq ədəbiyyatı”, Aynur Xəlilovanın “Povest” serialları da monoqrafiyaya çevrilmək prosesini yaşamaqdadır. Pərvanə Məmmədli “Cənubi Azərbaycanda müasir ədəbi proses” məsələlərinə həsr edilmiş doktorluq dissertasiyasını isə artıq AAK-a təqdim etmişdir.
Vüqar Əhmədin başladığı “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ədəbi proses” məruzələrində də monoqrafik tədqiqat perspektivi açıq-aşkar görünməkdədir. Bunlar “Ədəbi proses”lərin müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında hansı səviyyədə mühüm yer tutduğunu, böyük elmə ciddi töhfələr verdiyini əyani şəkildə nümayiş etdirir. Bütövlükdə isə 1976-1984-cü illərdə altı toplusu, 2014-2018-ci illərdə isə artıq beş kitabı nəşr edilmiş “Ədəbi proses” serialı müasir Azərbaycan ədəbiyyatının tarixi oçerklərinə çevrilmişdir. Bu sanballı nəşrlər silsiləsi 2016-cı ilin “Ədəbi proses” materiallarında deyildiyi kimi, “Ədəbi prosesin bütövlüyü və yetkinlik səviyyəsini” (İ.Həbibbəyli) əks etdirən çağdaş ədəbiyyatşünaslıq epopeyasıdır.
Doğrudan da bu ilin səviyyəsindən baxanda hazırkı mərhələdə “Ədəbi proses” yaradıcılıq müşavirələri əhatə dairəsinin və iştirakçılarının genişliyinə, müzakirələrin miqyasına, əks-sədasına və problemlərinin masştabına görə elmi-ədəbi hərəkat səviyyəsinə çatmışdır. Bu, müasir Azərbaycan ədəbiyyatını illər üzrə bütün yönləri ilə təhlil edib dəyərləndirən ardıcıl və sistemli bir elmi-ədəbi hərəkatdır. “Ədəbi proses” marafonu müstəqillik dövrü Azərbaycan ədəbiyyatının mahiyyətini açan, səciyyəsini müəyyən edən, modellərini meydana qoyan, gələcək inkişaf yollarını göstərən hərəkatdır. Bu hərəkat Azərbaycan ədəbiyyatşünaslıq elminin ayrı-ayrı nəsillərini və bütün elmi dərəcələrdən olan elm adamlarını vahid platforma ətrafında özündə birləşdirir.
“Ədəbi proses” Azərbaycan ədəbiyyatşünaslıq elminin cari ədəbi prosesi tədqiq və təbliğ edən elm adamlarını öz ətrafında cəmləşdirən kollektiv elmi-ədəbi prosesdir. Son illərdə Milli Elmlər Akademiyasında, xüsusən də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda elmi işçi kimi çalışıb, həm də bədii yaradıcılıqla məşğul olan çoxsaylı əməkdaşların şeir və hekayələrini də ayrıca elmi məruzədə müzakirəyə çıxaran “Ədəbi proses” real olaraq geniş mənada elmi-ədəbi hərəkat xarakteri almışdır. İlin ədəbiyyatının tədqiq və təhlil edilməsi ilə ilin alimlərinin bədii əsərlərini də təqdim edən “Ədəbi proses” elmi xarakteri ilə birlikdə, həm də ədəbi hərəkat xarakteri də daşıyır. “Ədəbi proses” hərəkatı özünün baş məqsədi olaraq müstəqillik dövrünün ən müasir ədəbiyyatşünaslıq elminin yaradılması və yeni elmi nəslin yetişdirilib formalaşdırılmasına inamla və uğurla xidmət edir. Beləliklə, “Ədəbi proses” materialları 2013-2018-ci illər Azərbaycan ədəbiyyatının sadəcə salnaməsi deyildir və əksinə, bu dövrün ədəbiyyatının janrları üzrə canlı mənzərəsini göstərən, inkişaf dialektikasının qanunauyğunluqlarını açan bir hərəkatdır. Ədəbiyyatın bir istiqamətini, məsələn realizmi və romantizmi özündə cəmləşdirən tədqiqatlardan fərqli olaraq, “Ədəbi proses” yaradıcılıq müşavirəsi ilin geniş ədəbi mənzərəsində müşayiət olunan bütün ədəbi cərəyanlardan və axınlardan, növlərdən və janrlardan hamısına kompleks elmi münasibət bəsləməsi ilə səciyyələnir. “Ədəbi proses”dəki poeziya icmallarında Azərbaycan ədəbiyyatının son dövrlərində müşahidə olunan dekadentizmə, bədii nəsrdə postmodernizmə, darmaturgiyada absurd axınlara dair araşdırmalar janrlar üzrə təhlilin içində özünə münasib geniş yer tutur. Tədqiqatçılar janrlar əsasında təhlillər apararkən janrın tiplogiyası və poetikası ilə yanaşı, həmin janr mühitində hərəkətverici amil olan ədəbi cərəyanların, metodların və üsulların da təhlilindən bəhs etməli olurlar. Bunlar ayrı-ayrı fərqli tədqiqatlar olmayıb, janrlar üzrə tədqiqatların üzvi tərkib hissəsindən ibarət olan, konkret janrın təkamül proseslərini bütün yönləri ilə göstərmək üçün mühüm əhəmiyyət kəsb edən arqumentlərdir. “Ədəbi proses” tənqidçiləri və tədqiqatçıları həmin vəzifələrin öhdəsindən yüksək elmi səviyyədə gəlməyi bacarmışlar.
“Ədəbi proses” yaradıcılıq hərəkatını təmsil edən məruzəçilər-müəlliflər heyətinin tərkibi fərqli və müxtəlifdir. Aşkar görünür ki, bu prosesdə ədəbiyyatşünaslıq elminin orta və cavan nəsli əsas aparıcı qüvvədir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Ədəbi tənqid” şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli “ədəbi proses”çi cavan nəslin müəllimi və elmi rəhbəri funksiyasını layiqincə yerinə yetirir. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Tehran Əlişanoğlu “Ədəbi proses” hərəkatının bələdçisi və elmi məsləhətçisidir. Asif Rüstəmli, Cavanşir Yusifli, Nizami Tağısoy, Elçin Mehrəliyev, Esmira Fuad, Pərvanə Məmmədli kimi orta nəslin nümayəndələri “Ədəbi proses” dalğasına dəstək verən alm adamlarıdır. Bütövlükdə isə “Ədəbi proses” hərəkatı özünün aparıcı qüvvəsi olan gənc qvardiyanı yetişdirib hazırlamışdır. Vaxtilə XX əsrin 70-80-ci illərində də “Ədəbi proses” layihəsi dövrün istedadlı ədəbi gəncliyi üzərində qurulmuşdur. “Ədəbi proses” silsiləsindən olan sonuncu elmi sessiyanın keçirildiyi 1984-cü ildə həmin layihənin əsas icraçılarından Yaşar Qarayev 48, Akif Hüseynov 33, Arif Səfiyev 50, Şamil Salmanov 51, Vaqif Yusifli 36, Şirindil Alışanlı 32, Vilayət Quliyev 32, Rəhim Əliyev 34 yaşında olan istedadlı elm adamları idi. Məhz yeni elmi nəsil böyük elmi ənənələri olan Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yeni formatda və yüksək elmi-nəzəri səviyyədə təqdim etdikləri “Ədəbi proses” icmalları ilə ustadları olan görkəmli müəllimləri qarşısında və ümumən elmi-ədəbi mühitdə özlərini bir daha isbat etməyə çalışmış və buna nail ola bilmişdilər.
XXI əsrin “Ədəbi proses” hərəkatı da əsasən yeni elmi nəslin sınaq meydanı və xitabət kürsüsündə “dünyaya gəlmişdir”. “Ədəbi proses-2013”dən etibarən yaradıcılıq müşavirələrində məruzəçi qismində cavan elmi nəslin yeri və mövqeyi artmaqda davam etmişdir. Dəqiq ifadə olunduğu kimi, 2013-cü ilin “yaradıcılıq müşavirəsi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu gəncliyinin debütü, 2014-cü ilin müşavirəsi onların imkanlarının geniş təqdimatı, “Ədəbi proses-2015” isə özünütəsdiqi olmuşdur”.Yaradıcı cavanlara etimad prosesi 2016-2017-ci illərin “Ədəbi proses” müşavirələrində də inkişaf etdirilmişdir. Belə ki, “Ədəbi proses-2015”də iştirak etmiş 17 məruzəçidən 12 nəfəri gənc olduğu halda, “Ədəbi proses-2016”da bu göstərici 19/13, 2017-ci ildə isə 20/13 nisbətinə çatmışdır. Kəmiyyət göstəriciləri keyfiyyətin səviyyəsinə də öz təsirini göstərmişdir. “Ədəbi proses” müşavirələrində cavan elmi nəslin arasında baş verən sağlam rəqabət mühiti nəticə etibarilə cavan elmi nəslin nümayəndələrindən ayrı-ayrılıqda hər birinin, bütövlükdə isə tənqid və ədəbiyyatşünaslıq elminin keyfiyyətcə inkişafına xidmət etmişdir.
Tərəddüd etmədən demək mümkündür ki, “Ədəbi proses” yaradıcılıq müşavirəsinin materialları müasir elmi-nəzəri səviyyədə yazılmış qiymətli ədəbi traktatlardır. “Ədəbi proses” bu yaradıcılıq müşavirəsinin materialları bu forumun bütün iştirakçılarının, xüsusən cavan elmi nəslin ədəbi-tənqidi əsərlərinin əhəmiyyətli bir çoxcildlik külliyyatıdır. ”Ədəbi proses” hərəkatının aparıcı simaları olan cavan elmi nəslin nümayəndələri – Elnarə Akimova, Maral Yaqubova, Aygün Bağırlı, Nərgiz Cabbarlı, Aynur Xəlilova, Lalə Həsənova, Eşqanə Babayeva, Mətanət Vahid, Aynurə Mustafayeva, Xanım Zairova, Günay Qarayeva, Nərmin Cahangirova, Mərcan Sofiyeva, Səadət vahabova, Nizami Hüseynov müasir Azərbaycan ədəbi tənqidinin və ədəbiyyatşünaslıq elminin hərəkətverici qüvvələri kimi fəaliyyət göstərməyin şərəfli məsuliyyətini yaşayırlar. “Ədəbi proses” yaradıcılıq müşavirəsində iştirak edənlərlə yanaşı, Ədəbiyyat İnstitutunda heç də az əhəmiyyətli olmayan ölkə miqyaslı digər elmi layihələri həyata keçirən cavan nəslin daha başqa nümayəndələri: Mehman Həsənov, Gülbəniz Babayeva, Ruhəngiz Əliyeva, Səadət Bayramova, Töhfə Talıbova, Gülnarə Qasımlı, Elnarə Zeynalova, Aynurə Paşayeva, Şəhla Qurbanovavə başqaları, habelə bu günlərdə uğurla magitr dissertasiyası müdafiə edib doğma elmi-tədqiqat institutunda işləməyə vəsiqə almış ən yeni nəslin təmsilçiləri Fərəh Həsənli və Könül Əliyeva Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunungənc qvardiyasını təşkil edir.
Ədəbiyyat İnstitutunun son illərdə elmi ictimaiyyətə təqdim etdiyi gənc qvardiya adlandırdığımız cavan elmi nəsil geniş mənada müasir dövrdə Azərbaycan ədəbiyyatşünaslıq elminin əsas arsenalından ibarətdir. Beynəlxalq səviyyəli ciddi elmi nəşrlərdə və ölkə mətbuatında yaddaqalan, sanballı, əhəmiyyətli, nəzəri səviyyəsi ilə seçilən məqalələrlə ardıcıl olaraq çıxış etməkdə davam eən gənc qvardiyaçılar müxtəlif elmi nəsillərin sıralarında öz yerlərini tutub möhkəmləndirirlər. Artıq onların sıralarından ölkə üzrə ən cavan elmlər doktorları (Elnarə Akimova) yetişib formalaşmışdır. Bu nəsil özlərinin böyük müəllimlərinin yüksək etimadını doğrultmaq üçün var qüvvə ilə çalışmaqdadırlar. Əlbəttə, cavan nəsil Azərbaycan və dünya ədəbiyyatını, elmi-nəzəri ədəbiyyatı daha çox və dərindən mütaliə edib öyrənməli, yazı vərdişlərini təkmilləşdirmək üçün öz üzərlərində işləməkdən, sağlam elmi diskussiyalarda fəal iştirak etməkdən yorulmamalıdırlar. Lakin elmi-ədəbi mühitdəki dayanıqlı mövqeləri və müşahidə olunan yaradıcılıq həvəsi və əzmləri onların “Ədəbi proses” hərəkatından ümumiyyətlə ölkə elmi-ədəbi proseslərinin ön cəbhəsinə doğru inamlı hərəkətdə olduqlarını diqqətə çatdırır. Və atrıq formalaşmış böyük elmi potensial və əldə olunmuş zəngin nəzəri təcrübə həm “Ədəbi proses” hərəkatının, həm də Azərbaycan ədəbiyyatşünaslıq elminin daha da inkişaf edəcəyinə, cavan elmi qüvvələrun yeni magistrallarda inamla irəli gedəcəyinə inkbin baxmağa tam əsas verir.
Bu il keçirilən “Ədəbi proses” yaradıcılıq müşavirəsi həm də bu böyük elmi hərəkatın müstəqillik dövründəki 5 illik yubiley hesabatı kimi də mühüm əhəmiyyətə malikdir. “Ədəbi proses” hərəkatının bugünkü inkişaf səviyyəsindən onun sonrakı gələcək üfüqləri də aydın şəkildə görünür.
31 may 2018-ci il
525-ci qəzet 2018.- 2 iyun.- S.10-11.